“Qonaqpərvərlik
və Turizm sənayeləri üzrə yeni meyillər”
Bakıda mehmanxana işçiləri
üçün bu mövzuda 6 günlük seminar
başladı
Azərbaycan turizm sahəsindən
külli miqdarda gəlir götürən ölkələrlə
əməkdaşlığı getdikcə genişləndirir.
Belə ölkələrdən biri də Yunanıstan
Respublikasıdır. Məlum olduğu kimi, 2005-ci ilin aprel
ayında Azərbaycanla bu ölkə arasında turizm sahəsində
əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu sazişin şərtlərinə uyğun olaraq Yunanıstanın turizm sahəsində qazandığı təcrübədən yararlanmaq məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Yunanıstan Respublikasının Turizm Nazirliyi ilə birgə əməkdaşlığı, həmçinin Yunanıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə fevralın 2-dən 6-na qədər “Qonaqpərvərlik və Turizm sənayeləri üzrə yeni meyillər” mövzusunda keçiriləcək seminarın açılış mərasimi oldu.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Yunanıstan Respublikası Turizm Nazirliyinin Turizm üzrə Təhsil və Treninq Təşkilatının Beynəlxalq ictimai əlaqələr ofisinin müdiri Spiros Qasparinatos, Yunanıstanın ölkəmizdəki səfiri İoannis Metaxas, eyni zamanda səfirliyin iqtisadi və ticarət işləri üzrə birinci katibi Olqa Mezeridou, ölkəmizdə fəaliyyət göstərən mehmanxanaların rəhbərləri iştirak edirdilər.
Seminarın açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, fevralın 6-dək davam edəcək seminarın keçirilməsində əsas məqsəd mehmanxana sahəsində çalışan işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, turizm şirkətlərində işi düzgün qurmaq üçün lazımi bacarıqlara yiyələnməkdir: «Yunanıstanla Azərbaycan arasında 4 il əvvəl bu ölkənin turizm nazirinin Bakıya səfəri zamanı qarşılıqlı əməkdaşlıqla bağlı saziş imzalanıb. Bu saziş turizm sahəsi üzrə müxtəlif proqramların həyata keçirilməsini nəzərdə tutur. Sazişin şərtlərinə uyğun olaraq iki ölkənin turizm mütəxəssisləri də qarşılıqlı əməkdaşlıq edirlər».
Son iki il müddətində Azərbaycan Turizm İnstitutunun tələbələrinin və bir neçə turizm şirkətinin nümayəndələrinin Yunanıstanda təcrübə kurslarında olduğunu deyən nazir qeyd etdi ki, budəfəki proqram başqa bir mövzunu əhatə edir: «Yunanıstanın Turizm Nazirliyinin dəstəyi ilə 6 gün müddətində həm müəllimlər, həm də turizm şirkətlərinin və hotellərin əməkdaşları iki auditoriyaya bölünərək müxtəlif mövzularda kurslar həyata keçirəcəklər. Yunanıstanlı mütəxəssislər öz bilgilərini seminar iştirakçıları ilə bölüşəcəklər. Kurslar ingilis dilində aparılacaq».
Bunun çox vacib amil olduğunu deyən nazir bildirdi ki, növbəti mərhələdə Azərbaycanın bir neçə turizm şirkəti Yunanıstana infotur həyata keçirəcək. Öz növbəsində Yunanıstanın mətbuat nümayəndələri və turizm şirkətlərinin əməkdaşları da Azərbaycana gələrək ölkəmizin turizm potensialı ilə tanış olacaqlar.
Tədbirdə iştirak edən Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İoannis Metaxas isə Azərbaycanla turizm sahəsində əməkdaşlığa böyük önəm verdiklərini söylədi: “İki ölkə arasında tarixi bağlantılar var. Məqsədimiz xalqlar arasında dostluq əlaqələrini daha da möhkəmləndirməkdir. Bu seminar da məhz bu məqsədə xidmət edir”.
Səfirin dediyinə görə, bu tədbirdə söhbət daha çox təlimdən gedir. Amma Yunanıstan Azərbaycanla digər biznes layihələrə də hazırdır: «Eyni zamanda ölkəmiz Azərbaycan tərəfdən xarici investisiyalar qəbul etmək, öz növbəsində turizm sahəsi üzrə ölkənizə investisiya qoymaq niyyətindədir». Qeyd edək ki, mehmanxana və restoran menecerləri, turizm şirkətlərinin rəhbər işçiləri, Azərbaycan Turizm İnstitutunun müəllim və tələbələri də daxil olmaqla, 120 nəfər üçün təşkil olunan seminarı Yunanıstan Turizm Nazirliyinin 10 mütəxəssisi aparır. Seminarın keçirilməsində əsas məqsəd isə mehmanxana sahələrində çalışan işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin turizm şirkətlərində işin düzgün qurulmasından ibarətdir.
Seminarın sonuncu günü iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.
Mədəniyyət.-2009.-5 fevral.-S.9.