Yeni elmi texnologiya-müqayisəli ədəbiyyatşünaslıq
O bizdə hələ
təzə yaranır
Azərbaycan ədəbiyyatı dünya
ədəbiyyatının tərkib
hissəsi olaraq öz ənənələri
ilə yanaşı, inteqrasiyadan irəli gələn ədəbi texnologiyaları da özündə tətbiq
edir. Ədəbiyyat yalnız yaradıcılıq
sahəsi deyil, həm də nəzəri bilik və tədqiqatların obyektidir. Dünya ədəbiyyat nəzəriyyəçiləri
indi bu tədqiqatlarda
yeni elmi texnologiyadan - müqayisəli
ədəbiyyat metodundan
istifadə edir. Müsahibim bu sahə üzrə
mütəxəssis, Beynəlxalq
Müqayisəli Ədəbiyyatşünaslar
Cəmiyyətinin üzvü,
Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan ədəbiyyatı kafedrasının
müdiri, Belçika,
İngiltərə, Hollandiya
kimi bir çox ölkələrin
müvafiq dairələrində
məruzələrlə çıxış
etmiş professor Rahilə Qeybullayevadır.
- Rahilə
xanım, əvvəlcə üzvü
olduğunuz Beynəlxalq
Müqayisəli Ədəbiyyatşünaslar Cəmiyyəti haqqında bir qədər məlumat verərdiniz...
- Beynəlxalq Müqayisəli
Ədəbiyyatşünaslar Cəmiyyəti 1954-cü ildə
Böyük Britaniyanın
Oksford Universitetinin nəzdində yaradıldı. Xaricdə
ədəbi araşdırmalar
müqayisəli ədəbiyyat
anlamında qəbul edilir və bu formatda aparılır.
Bizdə ədəbiyyatşünaslıq
3 hissədən ibarət
olduğu kimi, orada da müqayisəli
ədəbiyyata üstünlük
verilir. Demək olar ki, bütün
ölkələrdə sözügedən
beynəlxalq elmi cəmiyyətin şöbələri
mövcuddur. Postsovet məkanında Tartudan sonra 2006-cı ildə belə bir cəmiyyət bizdə də yaradıldı və qeydiyyata alındı. Yerli cəmiyyətlərin
özəl iş metodu olsa da,
beynəlxalq cəmiyyətdən
gələn funksiyaları
da yerinə yetirir. Məsələn, iki ildən bir mütləq elmi konfrans keçirilməlidir.
- Deməli,
daha çox konfranslara üstünlük
verirsiniz...
- Qeyd edim ki, elmi
konfrans mütləq hansısa ali
təhsil ocağı
ilə birgə keçirilməlidir. Konfranslar
yeni dərsliklər yaranana qədər elmi yeniliklərin daha sürətli çatdırılması üçün
lazımdır. Elmi istiqamət, mövzu müəyyənləşir və
konfrans sonrası dəyirmi masalar, müzakirələr təşkil
olunur.
Ümumiyyətlə, elmdə
2 öyrənmə metodu
var: müqayisəli və sistemli metod. Dünyada belə bir qayda
qəbul edilib ki, tək universitet
elmi konfrans keçirmir. Mütləq elmi cəmiyyət
olur və o konfransın mövzusunu, formatını müəyyənləşdirir,
müxtəlif universitetləri
konfransa cəlb edir.
- Bir qədər aydınlaşdıraq,
müqayisəli ədəbiyyat
hansı anlamı verir?
- Müqayisəli
ədəbiyyat, ədəbiyyatı
qəbul etdiyimiz çərçivələrdən kənarda, müqayisədə
öyrənir. Məsələn, Slavyan Universiteti ilə bizim təşkil etdiyimiz ilk beynəlxalq elmi konfrans «Ədəbiyyat kontekstlərdə» adlanırdı.
Çünki ədəbiyyata fəlsəfi,
sosioloji, tarixi kontekstdən baxmadan hərtərəfli öyrənmək
mümkün deyil.
Bunsuz ədəbi tədqiqat ola
bilməz. Bir müqayisə aparaq.
Məsələn, ədəbiyyata texniki baxış nədir? Ədəbiyyat sözü ərəb
sözü olub «ədəb» anlayışı,
«ədəb külliyyatı»
mənalarını ifadə
edir. Qərb isə bu sözü «litera» - sənət və savad anlamında qəbul edir. Bu baxışlar texniki
fərqlərdir. Bu müqayisələr adi görünsə də, böyük elmi mübahisələrə yol
açır. Müqayisəli
ədəbiyyat ədəbiyyatı
müxtəlif elmlərin
kəsişməsində öyrənmə
metodudur.. bir də
konkret məfhumu ədəbi vasitə ilə öyrənirsən.
Britaniyada bir konfransda
iştirak etdim, mövzunun adı «Pul» idi. Molyerin «Xəsis», S.Rüşdinin «Ayıb»,
M.F.Axundovun «Hacı Qara» əsərlərində
və s. ədəbiyyatlarda
pul faktoru araşdırma mövzusu idi. Ədəbiyyat vasitəsi ilə
pul anlamını, pulun rolunu, insanların
pula baxışlarını öyrənirsən.
- Bəs
siz neçə elmi konfrans keçirmisiniz?
- Azərbaycanda
biz Slavyan Universitetinin
dəstəyi ilə iki beynəlxalq konfrans keçirmişik. Konfransın materialları Sarbanno universitetinin xətti ilə dünyanın ədəbi-elmi mərkəzlərinə
yayıldı. Son konfransımızın mövzusu
«Ədəbiyyatlarda və
mədəniyyətlərdə stereotiplər». Diqqət edin,
biz işimizi yalnız
ədəbiyyatla çərçivələmirik.
Çünki mədəniyyətlərdə
üzə çıxmış
stereotiplər ədəbi
yaradıcılıqda da
əks olunmuşdur, bu stereotipləri ədəbi yönümdən
də öyrənmək
vacibdir.
Konfransda dinlə, genderlə, etnos və millətlə
bağlı stereotiplərin
ədəbiyyatda əks
olunması da müzakirə mövzusu oldu.
- Konfranslararası
dövrdə konkret mövzuda müzakirələr
olubmu?
- Yox, biz
daha geniş mövzulu konfranslara üstünlük verdik ki, müqayisəli ədəbiyyat anlamı bizim elmi dairələrə
də aydınlaşsın.
Sonrakı mərhələlərdə konkret mövzuları müzakirə predmetinə
çevirəcəyik. Fransa nümayəndələri bizə
Nansi Universiteti ilə birgə «Millətin formalaşması
və milli mətbəx ədəbiyyat
kontekstində» mövzusunda
konfrans keçirməyi
təklif ediblər.
- Belə
çıxır ki, bizdə ədəbi-nəzəri
baxış Qərb sistemindən fərqli olub.
- Bizim dərsliklərdə nəzəriyyə
süjet, kompozisiya, mövzu, cərəyan və janr və
s. sadəcə nəzəri
anlayış kimi öyrənilir, Qərbdə
isə nəzəriyyə
sırf ədəbi cərəyanlarla bağlıdır.
Özü də müasir
cərəyanlar daha geniş şəkildə
tədqiq və tədris olunur.
- Ədəbi cərəyanlardan
söz düşmüşkən,
son 10 ildə biz postmodern bumunu
yaşayırıq.
- Postmodernizm
yalnızca bir ədəbi cərəyan
deyil, o həm də elmi biliklərə
əsaslanır. Ancaq ondan
şırma kimi faydalananlar da var. Özünə haqq qazandırmaq üsulu kimi.
- Biz bu şırmaya aldanırmalıyıq?
- Yox. Lakin bu da reallıqdır.
Əgər ədəbi cərəyan
kimi deyirsinizsə, o şırma yox, tamam başqa bir şeydir, postmodernizmin əsası dekonstruksiyadır. Əslində yaranan hər bir yeni cərəyan
insan cəmiyyətindəki
dəyişikliklərlə, dəyərlərin dağılıb
əvəzlənməsi ilə
bağlıdır. Bu əvəzlənmələri postmodernizmi
ehtiva etmir. Sadəcə
olaraq, dekonstruksiya konstruksiyanı, qurulanı
«de» edir, dağıdır.
Postmodernizmdə bu dağıtma
aydın görünür,
sadəcə olaraq, bu dağıtma mənəvi dəyərlərə
yönəldiyi üçün
ağrılı qəbul
edilir.
- Bu cərəyanın
mənəvi dəyərlərin
əleyhinə olması
elə postmodernizmi qəbul etməyənlərin
əsas arqumentidir.
- Deyilir ki, mənim azadlığım sənin
azadlığın başlayanda
bitir. Əslində bu baxış
bu və ya digər dərəcədə
həmişə olub.
Fextvangerin «İspan balladası»nda İbn Ezra surəti var. Bu surət milliyyətcə yəhudidir,
Səlib yürüşlərində
iştirak etməmək
üçün müsəlmançılığı
qəbul edib. Fakt odur ki, İbn
Ezra XII əsrdə yaşamışdır
və dekonstruksiyaçı
olmuşdur. Fextvanger də
ona haqq qazandırır.
- Sizcə,
postmodernizm süni şəkildə bizim ədəbiyyata gətirilən
texnologiya deyilmi?
- Texnoloji
dövrdə postmodernizm
gəlmədi, biz onun
axınına düşdük,
hazır adı götürdük. Sovet İttifaqı
bir qəlib olaraq dağıldı, kommunizmə inam puç oldu. Yəni dekonsturksiya baş verdi.
Bəs indi nəyə inanaq? Bu mənada
postmodernizm gəlib bizdə də öz yerini tutdu. Çünki boşluq yaranmışdı.
Mənəvi dəyərlərin dağılmasını sürətləndirdi.
Boşluqda nə yarandı
bu başqa məsələdir. Postmodernizmin gəlişinə
zəmin vardı.
- Bu gün
Orxan Pamuku postmodern yazıçı adlandırsalar
da, o bunu qəbul etmir.
- Bu belə
də olmalıdır.
Bütün dövrlərdə yazıçılar öz
əsərlərini yazmaqla
məşğul olublar.
O.Pamuk da öz dünyagörüşünü
yazır. Lakin bir şey var:
yazıçı yaşadığı
zamanda formalaşır
və yetişir.
- Azərbaycan
nəsrində yeni cərəyana müraciət
olunur?
- Azərbaycan
nəsrinə postmodern meyillər
ilə bərabər,
ənənəvi yanaşmalar
hələ də qalmaqdadır. Anarın «Ağ qoç,
qara qoç» əsərini postmodern mətn
saysalar da, belə deyil, əksinə, bu əsərdə dekonsturksiya
yox, konstruksiya mövcuddur. Kamal Abdullanın
«Yarımçıq əlyazma»
əsərində «Kitabi-Dədə
Qorqud»a yeni yanaşma var. Burada Bamsı Beyrəyə, qadın surətlərinə
dekonstruktiv nəzər
yetirilir. Amma bu əsərdə adi gözlə görünən
dekonstruksiyadan istifadə
edilib. Müəyyən mənada Ramiz
Rövşənin «Daş»
əsərini və İsa Hüseynovun «Tütək səsi» povestini də realist nəsrə aid edirlər.
Hər iki əsərdə qadına münasibət məsələsi var. «Daş»
əsərində qadına
münasibətdə dekonstruksiya
mövcuddur. Baxmayaraq ki,
«Daş» əsərini
və İsa Hüseynovun «Tütək səsi» povestini də realist nəsrə
aid edirlər, hər iki əsərdə qadına fərqli münasibət var. «Daş»
əsərində qadına
münasibət dekonstruksiyaya
meyillidir. «Tütək səsi»ndə isə qadına baxışda barışıq və humanizm önə çıxır. Etimad Başkeçidin
nəsrində dekonstruksiyaya
cəhd əksinə nəticələnir, nəyi
isə konstruksiya etmək istəyir. Bu baxımdan var
sırf postmodern çərçivədə
olan mətnlər, bir də meyil
və elementlər.
Bizdə hələ
ki, ikinci mövcuddur.
Sabutay
Mədəniyyət.- 2009.- 7 fevral.- S. 12.