Müsəlman abidələri
barədə yeni kitab
AMEA-nın
Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor
Hacıfəxrəddin Səfərlinin «Ordubad şəhərinin
müsəlman epiqrafikası abidələri» adlı yeni
kitabı nəşr olunub. Ordubad şəhərində qeydə alınmış
XIV-XX əsrlərə aid
müsəlman kitabələrinin
tədqiqindən bəhs
edən müəllif
bu şəhərin tarixinə qısa nəzər salaraq, Azərbaycanın orta əsrlər dövrü tarix və mədəniyyətinin
müxtəlif problemlərinin
öyrənilməsində bu abidələrin əhəmiyyətini
açıqlayıb. Kitabda İslamdan
sonra meydana gələn müsəlman
epiqrafikası abidələrinin
regionumuzun ayrı-ayrı bölgələrində
müxtəlif səviyyədə
yayılması, müsəlman
epiqrafikası abidələrinin
zənginliyi cəhətdən
Ordubad şəhərinin
xüsusilə seçildiyi,
Came məscidinin ətrafında, şəhər
qəbiristanlığında və digər bölgələrdən
tapılan kitabələrin
müsəlmanlara aid olduğu bildirlir.
Müsəlman abidələri
haqqında xeyli məlumat toplanılmış monoqrafiyada
inşaat və xatirə kitabələri tarixinə də nəzər
salınır, inşaat kitabələrindən
tarixi-memarlıq abidələrinin təyinatı, inşa
tarixi, sifarişçisi, memarı haqqında ətraflı məlumat
verilir.
Qəbiristanlıqlarda tədqiq
olunan məzarüstü kitabələrin məlumatları əsasında
həmin məzarlıqların mənsub olduqları bir sıra
yaşayış məskənlərinin yaşı, təxmini
də olsa, təyin olunub, elmi dövriyyəyə daxil edilib. Kitabda
kitabələrin köməkliyi ilə bir neçə
yaşayış məntəqəsinin adlarının da dəqiqləşdirildiyi
göstərilir.
Məlumat
üçün qeyd edək ki, kitabələrin fotoşəkilləri
və qrafik təsvirlərinin də yer aldığı
monoqrafiyada 176 kitabə haqqında ümumi məlumat
toplanılıb.
Mədəniyyət.- 2009.- 7 fevral.- S. 10.