Dövlət Film Fondu yeni ünvanda

 

Cəmil Quliyev: "Bu gün qurum üçün tikilən bina dövlətimizin kinomuza olan qayğısının göstəricisidir" 

 

Ölkəmizin iqtisadi qüdrəti artdıqca mədəniyyətimizin inkişafına da xüsusi diqqət yetirilir. Təmirə ehtiyacı olan mədəniyyət ocaqları əsaslı təmir olunur, müasir tələblərə cavab verən səviyyəyə çatdırılır, yeni-yeni mədəniyyət müəssisələri tikilir. Belə bir mədəniyyət ocaqlarından biri də yenicə tikilib istifadəyə verilmiş Azərbaycan Dövlət Film Fondunun binasıdır. Müasir tələblərə cavab verən və 5 mərtəbəli binada kinomuzun qorunub saxlanılması və gələcək nəslə çatdırılması üçün hər cür şərait var. Elə müsahibimiz də Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevdir.  

- Cəmil müəllim, müasir tələblərə cavab verən bir binaya köçmüsünüz. Bu münasibətlə kollektivinizi təbrik edirik.

- Təbrik üçün çox sağ olun. Bildiyiniz kimi, Azərbaycan hökuməti xalqın hər bir sərvətinə, mədəni abidəsinə çox diqqətlə yanaşır və onun qorunub saxlanması üçün hər cür şərait yaradır. Bu gün film fondu üçün tikilən bina da dövlətimizin kinomuza olan qayğısının göstəricisidir. İndi artıq mənəvi cəhətdən çox rahatam. Təzə, yaraşıqlı kabinetdə oturduğumuz üçün yox, illərlə hamımızı düşündürən kinomuzun qorunması və saxlanması problemlərini həll etmək imkanı əldə etdiyimizdən özümüzü rahat hiss edirik.

- Kino xalqın keçmişini gələcək nəslə çatdıran əvəzsiz bir sənətdir. Bu vəzifəni yerinə yetirmək isə böyük şərəfdir. Bu gün bu vəzifə sizə həvalə edilib.Yeni şərait sizə hansı imkanları verib?

- Hər cür lazımi şəraiti olan yeni bina Dövlət Film Fonduna geniş imkanlar verəcək. Binanın özəllikləri çoxdur. Bina spesifik avadanlıqlarla təchiz olunub. Filmlərin xüsusi temperatur rejimində qalması, yenidən bərpa olunması üçün Fransadan təzə avadanlıqlar gətiriləcək. Filmlərin təmizlənməsi, müxtəlif kimyəvi maddələrlə yuyulması üçün imkanlar olacaq. Bu da filmlərin ömrünü uzadacaq. Bundan başqa, ayrıca bokslarda xüsusi temperatur rejimi olacaq. Sənədlərin uzun müddət saxlanılması, kağız arxivi üçün ayrıca otaqlar, qutular var. Dövlət Film Fondunda müxtəlif tədbirlər keçirmək üçün böyük kiçik konfrans zalı var. Burada kino-filmlər nümayiş etdirmək üçün müasir tipli kino avadanlıqları quraşdırılacaq. Eyni zamanda filmlərin qəbulu, yoxlanması texniki nəzarətdən keçməsi üçün müvafiq şöbə fəaliyyət göstərəcək. Dövlət Film Fondunun binası 24 saat ərzində xüsusi mühafizə xidməti tərəfindən mühafizə olunacaq. Hər bir sahə üzrə mühəndislər var ki, onlar avadanlıqların normal işlənməsinə nəzarət edəcəklər. Hər bir film üçün xüsusi rejim nəzərdə tutulub öz təyinatına görə yerləşdirilmişdir. Bütün bunlar filmləri korlanmaqdan qoruyacaq gələcək nəsilə qiymətli milli sərvət kimi catdıracaq.

- Cəmil müəllim, film fondunda qədər film saxlanılır?

- Film fondunun 64304 ədəd saxlanma vahidi var. Burda Azərbaycanda istehsal olunmuş bədii, sənədli, elmi-kütləvi, cizgi filmləri, "Mozalan" kino jurnalları, səssiz materallar fimlərimizin ilkin materialları, müxtəlif növ filmlər saxlanılır. Fondumuzda Rusiyanın, keçmiş SSRİ respublikalarının başqa xarici ölkələrin istehsalı olan filmlər yer alır.

- Azərbaycanın elə bir filmi var ki, başqa bir ölkədə olsun?

- Gələcəkdə bu məsələyə diqqət yetiriləcək. Yeni avadanlıqlar gətirildikdən sonra dünyanın hər hansı bir ölkəsində Azərbaycan filmləri Azərbaycanın həyatını əks etdirən filmlər olacaqsa, həmin filmləri xalqımızın ən qiymətli sərvəti kimi fondumuza gətirəcəyik.

- 2009-cu ildə hansı isləri həyata keçirməyi nəzərdə tutmusunuz?

- Ümumiyyətlə, film fondu geniş tədbirlər planı hazırlayıb. Tədbirlər planında bir çox görkəmli kino xadimlərinin yubileyləri, xatirə gecələri, müxtəlif fotosərgilərin keçirilməsi nəzərdə tutulub. Yaxın vaxtlarda xalq artisti, görkəmli kino bəstəkarımız Tofiq Quliyevin fotosərgisi keçiriləcək. Bu sərgi foto sənədlər arxivi ilə birgə təşkil ediləcək. Həmin sərgidə bu yaxınlarda Gürcüstan Respublikasından gətirilmiş qiymətli foto-şəkillər nümayiş etdiriləcək. Bundan başqa, görkəmli rejissorlarımız Tofiq Tağızadənin, Əjdər İbrahimovun, Şamil Mahmudbəyovun Kamil Rüstəmbəyovun yubileyləri keçiriləcək. İlk kinorejissorumuz Səməd Mərdanovun, ilk sənədli filmin rejissorlarından biri olan Niyazi Bədəlovun yubileyləri, görkəmli kino sənətkarlarımız Məmmədrza Şeyxzamanovun, Məlik Dadaşovun xatirə gecələri, görkəmli operator Xan Babayevin yubileyini qeyd edəcəyik... Həmçinin, bu il Misir kino həftəsinin keçirilməsi planlaşdırılıb. Hindistanın məşhur kino aktyoru Rac Kapurun yaradıçılığına aid tədbirin keçirilməsini nəzərdə tuturuq... Bununla əlaqədar Hindistan səfirliyi ilə danışıqlar aparılmışdır.

Avqustun 2-də Kino Günü ilə bağlı geniş miqyaslı tədbirlər keçiriləcək.

- Bəs uşaq ili ilə əlaqədar hansı işləri görəcəksiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə 2009-ci il Uşaq ili elan olunmuşdur. Buna görə biz uşaqları da yaddan çıxarmamışıq. Uşaq Kino Evi yaratmağı nəzərdə tutmuşuq. Avadanlıqlar gətirildikdən sonra uşaqlar üçün kinofilmlər nümayiş etdiriləcək.

- Cəmil Quliyevin öz yaradıcılığında nə kimi yeniliklər olacaq?

- Hələlik təşkilati işlərlə məşğulam. Elə bilirəm ki, bu da ilin sonuna kimi çəkəcək. Film fondunun işlərini qaydaya salandan sonra yaradıcılıqla məşğul olacam.

- Müsahibə üçün sağ olun. Sizə həm təşkilati işinizdə, həm yaradıcılığınızda uğurlar arzulayırıq.

 

 

Fərahim Dünyamalıoğlu

 

Mədəniyyət.- 2009.- 7 fevral.- S. 8.