Bilgi ilə duyğunun qovşağında
Həmsöhbətim əməkdar
incəsənət xadimi, sənətşünaslıq
doktoru, professor Məryəm Əlizadədir. Bu
yaxınlarda beynəlxalq simpoziumdan qayıdıb. Ondan
aldığımız informasiyanı necə var
oxucularımıza çatdırırıq...
«Xalq
kültüründə teatr» beynəlxalq simpoziumu. 24-28 dekabr 2008/
İstanbul. Təşkilatçı - Yedditəpə
Universiteti ilə «Motif» Xalq Oyunları Eğitim və
Öğretim Vakfı. İştirakçılar - 30-a
yaxın ölkənin, Amerikanın, Kanadanın, Avropa ölkələrinin,
Rusiyanın, Orta Asiya respublikalarının, Baltikyanı
ölkələrin, Ukraynanın, Belarusun və s. alimləri
idi. «Motif» vakfı 9-cu ildir ki, simpozium keçirir və onun
amacı xalqın yaratdığı ənənəvi, gələnəksəl
mədəniyyəti araşdırmaq, öyrənmək,
yaymaq və nəyin bahasına olursa-olsun yaşatmaqdır. Gün ərzində eyni zamanda 3 salonda fəaliyyət
göstərən simpozium iştirakçılarını təntənəli
açılışda Yedditəpə Universitetinin rektoru,
professor-doktor Əhməd Serpil və “Motif” Xalq Oyunları
Eğitim və Öğretim Vakfının yönətim
kurulu başqanı M.Zəki Baykal salamladılar və 20 il
əvvəl dərnək kimi fəaliyyətə başlayan
“Motif”in bu illər ərzində gördüyü möhtəşəm
işləri sərgiləyən filmlər nümayiş
etdirildi. Azərbaycanı Azərbaycan Dövlət
Konservatoriyasının prorektoru, professor-doktor Gülnaz
Abdullazadə (Mövzu: «Ü.Hacıbəylinin
operettalarında xalq rəqslərinin təzahürü»),
professor-doktor Kubra Əliyeva (Mövzu: «Xalq komediyaları və
onların təsviri, dekorativ-tətbiqi sənətdə əksi»)
və mən (Mövzu: «Yuğ mərasimi: faciəni
ram edən ayin») təmsil edirdik.
- Məryəm xanım, Sizin çıxışınız Yuğ mərasiminə
həsr olunub. Mənim üçün çox
maraqlıdır, çıxışınız necə qəbul
olunub? Bu sualımın səbəbi var. Axı Mirəli
Seyidovun iki kitabında dərin və təfsilatlı məlumat
verildiyinə baxmayaraq, bizdə də bu mərasim haqqında
geniş bilgi yoxdur. Yəni deyirəm, simpoziumun
iştirakçıları üçün sizin
çıxışınız ekzotik xarakter
daşımadı ki?
- Ekzotik deməzdim, amma
müəyyən mənada sensasiyaya yaxın bir təəssürat
yaratdı. Simpozium iştirakçılarının
çoxunun bu mərasim haqqında məlumatı yox idi, bilənlərə
isə azəri türklərinin də belə bir mərasiminin
olması əməlli-başlı bir yenilik oldu. Amma bunu da mən önəmli bir məqam hesab etmirəm.
Əsas məsələ onda idi ki, bu mərasimin mənim tərəfimdən
açıqlanması və ona olan reaksiya yalnız türklər
üçün deyil, Amerika və avropalılar
üçün də ənənəvi mədəniyyətin
daxili əlaqəsini, oxşarlıqlarını və
vahid strukturlarını bariz şəkildə bir daha göstərdi.
Bax buradaca getdiyim simpoziumun əhəmiyyətini vurğulamaq
istəyirəm. Belə mötəbər elmi məclislərdə
millətləri ayıran özəlliklər arxa plana
keçir, insanları birləşdirən məqamlar, amillər
ortaya çıxır, daha aydın görünür.
Bilgilər bir yana,
iştirak etdiyim simpoziumda biz elm adamları həm də
özümüzü böyük, vahid, parçalanmaz, dini,
siyasi, irqi, coğrafi sərhədləri olmayan ulu mədəniyyətin
daşıyıcıları, mənəvi bir məkanın
sakinləri kimi duyduq.
- Bu çox gözəl,
amma yenə də, axı bu simpozium elmi məsələlərin
həllinə, intellektual mübadiləyə həsr olunub. Belə
demək olarsa, qazandığınız nə oldu?
-
Yaxşı sualdır. Ona dəqiq cavab vermək
üçün sənətşünaslığın, belə
deyək də, modelini təsəvvür etmək
lazımdır. Mənə görə,
ümumiyyətlə, sənətşünaslıq və onun
konkret növü olan teatrşünaslıq bilgi ilə,
diskursla, yəni məntiqi zəncirbəndlə
ötürülən mətləblərlə, duyğularla
qavranılanların qovşağında dayanan mediatordur,
ötürücüdür. Bu modelin tərkib
hissəsinin biri olmayanda emosionallıq dominant olur, digəri
olmayanda quru, mücərrəd, ruhsuz qurğular
ortalığa çıxır. Üçüncüsü,
yəni ötürücü faktoru yoxdursa, sözügedən
model mənasız bir qurğu kimi işlək olmur.
- Çox sağ
olun, Məryəm xanım. Açıqladığınız
modeli çox aydın təsəvvür etdim. Amma bu modeli, elə
sizin iştirak etdiyiniz simpoziuma şamil edəndə suallar
yaranır.
- Buyurun.
- Təşəkkür edirəm.
Mənim üçün qaranlıq olan məsələ
ənənəvi, gələnəksəl mədəniyyətin
faktları olan xalq teatrının, xalq oyunlarının təsisatlı
mədəniyyətin
faktı olan professional teatrla əlaqəsidir.
Axı istər Azərbaycanda, istər Türkiyədə fəaliyyətdə
bulunan teatrlar Avropa modeli üzərində qurulub. Və onun əsas
konseptual göstəriciləri xalq teatrı praktikası ilə
üst-üstə düşmür. Sanki hərəsi müxtəlif,
fərqli bir məkanlarda mövcuddur və bir-birinə təsiri
yoxdur. Belə olan halda iştirakçısı olduğunuz
bu simpoziumun bir teatrşünas-alim kimi sizin üçün nə
əhəmiyyəti oldu?
- Suala görə çox sağ olun. Düzdür, xalq
teatrı problemləriylə həm teatrşünaslıq, həm
folklorşünaslıq və həm də etnoqrafiya məşğul
olur, peşəkar teatrla isə bəlli olduğu kimi, sırf
teatrşünaslıq məşğul olur. Amma bunların qovşağında duraraq, hər
birinə nəzər salanda bu elm sahələri haqqında
bilgilərimiz xeyli zənginləşir və beləliklə
də biz teatrşünaslar çağdaş peşəkar
teatrın arxaik strukturlarını, milli-etnik sənət
düşüncəsinin dəyərlərini aşkarlaya
bilirik. Milli xalq oyun-tamaşa sahəsinə
nəzər salanda orada dünya mədəniyyətinin ortaq
universal tərəflərini görə bilirik. Beləliklə, ilk baxışdan fərqli,
ayrılmış, parçalanmış görünən
bir sahə müəyyən qatda birləşir, mədəniyyətin
vəhdəti bərpa olunur.
- Deyəsən, başa
düşdüm. Bu kontekstdə ikinci sualım
da var. Bu sual daha konkret, daha praqmatikdir. Götürək
Azərbaycan milli teatrının indiki vəziyyətini. Mənə elə gəlir ki, bu gün
teatrımızın çox kəskin, obyektiv, cəsarətli
tənqidə ehtiyacı var. Onu da deyim ki, teatr xadimlərimiz,
bir qayda olaraq, tənqidçilərdən yalnız tərif
gözləyirlər. Və ən
kiçicik bir tənqidə qeyri-adekvat reaksiya verirlər.
Siz isə - mən konkret olaraq təkcə sizi nəzərdə
tutmuram - yəni teatrşünaslar daha çox fundamental,
akademik, tarixi mövzulara meyillisiniz. Deyirlər,
canavar meşədə sanitar funksiyasını yerinə
yetirir. İndi mən tənqidçiləri
canavar olmağa çağırmıram. Amma
teatrımız üçün, məncə, bu gün məhz
tənqidçilərin faydası daha çox olardı.
Buna necə baxırsınız?
- Məsələnin
qoyuluşunu çox aktual və faydalı görürəm,
amma gəl xatırlayaq ki, «tənqid» sözünün (yunanca
«kritika») etimoloji mənası «analiz»dir. Sonrakı tarixi
inkişaf prosesində, ələlxüsus da sovet dönəmində
«tənqid» və «özünütənqid» terminləri
başqa məna qazanaraq daha çox «ifşa», «təftiş»,
«normativ göstəriş» və «inzibati amirlik» anlamına gətirilirdi.
Konkret olaraq, teatr sahəsində bu hal çox
eybəcər şəkillər aldı və teatr sənətkarlarının
yaradıcı özgürlüyünü,
azadlığını, demək olar ki, sıfıra endirdi.
Onun qalıqları indi də müşahidə
olunur. Etiraf edək ki, tamaşaya baxan
peşəkar və qeyri-peşəkar «tənqidçi» birmənalı
olaraq analizlə duyğuların qovşağında durmaqdan
imtina edir və tamaşa başlamamış artıq «səhvlər»i,
«çatışmamazlıqlar»ı, «iradlar»ı axtarıb,
onları tamaşanın müəlliflərinə bəyan etməyə
köklənir. Bu şərtləndirmə
teatrşünasla teatr kollektivi arasında canlı, obyektiv,
tolerant, hər iki tərəf üçün faydalı
dialoqun yaranmasına əsas vermir. Münasibətlər
daha çox «prokuror-müttəhim»
qarşıdurmasını andırır. Əsl
tənqid isə hər iki tərəfin obyektiv və subyektiv
başlanğıcların qovşağında durduğu halda
faydalı və səmərəli olur. Etiraf
edək ki, söylədiyim mövqe bu gün romantik-idealist xəyal
kimi görünür. Və bu durumda hər iki tərəfin
kifayət qədər günah payı, suçu var. Belə
ki, gənc bir jurnalist bəzən heç
teatrşünaslıq təhsili almadan görkəmli sənətkarların
çox ciddi bir işini, sərt çıxmasın, yeniyetmə
hikkəsi və şıltaqlığı ilə «analiz» edir
və əslində, təhqiramiz bir yazı ilə yalnız
özünə «reytinq» qazanır. Əks tərəfin
də sanballı və tutarlı, tolerant, vahid məqsədə
yönəlmiş müzakirə-mübahisə səriştəsi
olmadığına görə onun üçün (sənətkar
üçün) daha çox ambisiyalar mövqeyindən
çıxış etməyə əsas yaradır. Nə deyim, məsələ çox mürəkkəbdir.
Necə deyərlər, «bu xəmir çox su
aparacaq». Amma bəyan etdiyimiz məqsəd
- dünya teatr məkanına inteqrasiya məqsədi hər
iki tərəfin sözügedən məkanın şərt
və tələblərini qəbul edərək ona riayət
etməsini tələb edir. Digər tərəfdən
teatrşünaslığın fundamental və akademik məqsədlərini
də unutmaq olmaz. Misal üçün, mənim
həmkarım professor-doktor İlham Rəhimli neçə
illərdir ki, mədəniyyət və incəsənətin
çox vacib olan bir tələbini - memorial funksiyasını
təkbaşına icra etməkdədir. Onun
yorulmaz fəaliyyətinin sayəsində bu gün Azərbaycan
teatr tariximizin «ağ ləkələr»i, demək olar,
qalmayıb. Elə İlham Rəhimlinin rəhmətlik Cəlil
Vəzirovla birgə yazdığı və bugünlərdə
çapdan çıxan «Naxçıvan teatrı»
monoqrafiyasını götürək: müəlliflər
milli teatrımızın tarixində mühüm rol oynayan
Naxçıvan Dövlət Teatrının tarixçəsini
mükəmməl şəkildə təqdim edirlər. Və ya teatrşünas-alim Aydın Talıbzadənin
«İslamda teatr və teatrallıq» monoqrafiyası (rusca) sənətşünaslıq,
fəlsəfə, kulturologiya elmlərinin qovşağında
yazılaraq bugünkü teatrımızın bir çox
gözəgörünməz elmi-nəzəri məsələlərini
gündəmə gətirir və teatrşünaslığa
tam yeni baxışlar və imkanlar qazandırır.
Özümü reklam kimi çıxmasın, amma güman
edirəm ki, üzərində uzun müddət işlədiyim
ustad rejissor Tofiq Kazımova həsr olunmuş
«Dördüncü ölçünün rəngləri»
adlı monoqrafiyamın - onun təqdimat mərasimi bu
yaxınlarda, inşaallah, keçiriləcək - milli
teatrşünaslıqda «özəl çəkisi» az
olmayacaqdır.
- Çox gözəl. Bunları layiqincə dəyərləndiririk.
Bəs tənqidlə kim məşğul
olacaq?
- Ən birinci
və ən səlahiyyətli tənqidçi
tamaşaçıdır. Ruslarda belə bir deyim var: «Zritel
qolosuyet noqami» - «Tamaşaçı ayaqları ilə səs
verir», yəni teatra ya gəlir, ya da ki, gəlmir. Çağdaş teatrda da, misal üçün, mənim
və ya həmkarlarımın rəyi əsas deyil, əsas
meyar dolu, ya boş tamaşaçı salonudur.
- Bəs bizə, jurnalistlərə
nə qalır?
- Doğru, obyektiv və
mümkün qədər maraqlı informasiya məkanını
yaratmaq.
- Yəni deyirsiz ki, bu kifayətdir?
- Canlı teatr prosesində
iştirak edən bütün «maraqlı tərəflər»in
öz funksiyaları çoxdan, lap çoxdan müəyyənləşdirilib.
Hər iştirakçı öz
funksiyasını tam həcmdə yerinə yetirdikdə mənzərə
aydın və obyektiv görünür. Proses - hərəkət
deməkdir. Hamımızın dəyərləndirilməsi də
məhz bu aspektdən, bu baxım bucağından korrekt ola bilir, yəni mən... sən... filankəs
bu hərəkətə, onun dinamikasına, onun keyfiyyətinə
xidmət edir, ya yox. Şəxsən mən
bütün başqa meyarları qeyri-korrekt hesab edirəm.
Çünki onlar qanqaraçılıqdan,
skandaldan, qarşıdurmadan başqa heç nə gətirmir.
- Bu da aydın oldu. İcazə
versəniz, bir qədər problemli məsələyə
toxunum...
- Elə bayaqdan problemlərlə
uğraşmırıqmı?
- Onda ifadəmi redaktə
edim: «ağrılı məsələ»yə toxunum. Bu gün teatrşünaslardan söz düşəndə
hər dəfə sizin və yuxarıda adlarını çəkdiyiniz
həmkarlarınızın adları hallandırılır.
Bəs hanı gənc və orta yaşlı
teatrşünasların imzaları? Axı Mədəniyyət
və İncəsənət Universitetinin
teatrşünaslıq fakültəsini, bildiyimə görə,
hər il çox səviyyəli məzunlar
bitirir.
- Mən də sizin ifadənizi
redaktə edib, onu «ağrılı» yox, «yaralı məsələ»
adlandırıram. Özü də əlavə edərdim
ki, bu durum yalnız istedadlı gənc teatrşünas
kadrları ilə məhdudlaşmır. Misal
üçün, istedadlı gənc rejissorlar, istedadlı gənc
teatr rəssamları ali məktəbi bitirdikdən sonra
seçdikləri peşə sahəsində
çalışmaqdan yayınırlar. Bunun bir
neçə səbəbi var ki, onlardan ən
başlıcası çağdaş teatr sistemimizin təşkilati
və - ən ümdəsi! - iqtisadi amilləridir.
İstedadlı, bacarıqlı gənclər bu sahələrə
göstərdiyim səbəbdən gəlmədiyinə
görə qaçılmaz olaraq boşluqlar yaranır və
bu boşluqların gələcəkdə daha
böyük boşluqlar yaratması da qaçılmazdır.
Amma mən bu məsələ ilə bağlı bədgüman
deyiləm, çünki son illərdə dövlətin və
hökumətin teatr sahəsinə göstərdiyi diqqət
göz qabağındadır. Görülən
tədbirlərin müsbət nəticəsini məhz bu
gün gözləmək sadəlövhlük olar.
Çünki sovetdən bizə miras qalmış teatr sistemi
köklü, sistemli, uzunmüddətli islahatlar sayəsində
arzuladığımız səviyyəyə mütləq
yüksələcək. Buna mənim şübhəm
yoxdur. Başqa məsələ ki, burada itkilərimiz də
qaçılmazdır. Bununla barışmaqdan başqa
çarəmiz yoxdur.
- Məryəm xanım,
çox dəyərli və məzmunlu söhbətə
görə Sizə təşəkkür edirəm.
- Mənə
də bu imkanı yaratdığınız üçün
sizə minnətdaram.
Aliyə
Mədəniyyət.- 2009.- 7 fevral.- S. 5.