İslam Konfransı Gənclər Forumunun fəaliyyəti çoxşaxəlidir
Qurumun baş
katibi Elşad İsgəndərov: «Azərbaycan
gəncləri ölkəmizlə
bağlı reallıqları
dünya ictimaiyyətinə
çatdıra bilirlər»
İslam Konfransı Təşkilatı
(İKT) yanında üzv-qurum
statusuna malik İslam Konfransı Gənclər Forumu
2004-cü ildə Azərbaycan
gənclərinin təşəbbüsü
ilə yaradılıb. Eyni
zamanda təşkilat
35 İKT ölkəsindən olan gənclər təşkilatlarının iştirakı
ilə təsis edilib. Təşkilatın baş katibi
Elşad İsgəndərovla
Azərbaycan gənclərinin
beynəlxalq aləmdə
göstərdiyi fəaliyyət,
sivilizasiyalararası dialoqda
oynadıqları rol, eləcə də gənclərimizin hökumətlərarası
beynəlxalq təşkilatlarla
əməkdaşlıq sahəsində
əldə etdikləri
nailiyyətlər barədə
söhbət etdik.
- Elşad müəllim, İslam Konfransı
Gənclər Forumunun baş katibi kimi Azərbaycan gənclərinin
bugünkü
fəaliyyəti, onların beynəlxalq
təşkilatlarla əməkdaşlığı
barədə
fikirlərinizi bilmək maraqlı olardı...
- Əvvəlcə qeyd edim ki, bildiyiniz
kimi, 2 fevral Gənclər Günü
1996-ci ildə ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
təsis olunub. Qeyd
etmək istərdim ki, gənclər gününun təsis edilməsi təsadüfi xarakter daşımır. Məhz Azərbaycan gənclərinin ölkəmizin
ictimai həyatında
aktiv rol oynadığını görən
və bunu qiymətləndirən ulu
öndər belə bir günün təsis edilməsi ilə bağlı fərman verdi.
Bildiyiniz kimi, bu gün
artıq Azərbaycanda
onlarla gənclər təşkilatı var ki, onlar dünyanın
müxtəlif ölkələrindən
olan aparıcı gənclər, o cümlədən
hökumətlərarası beynəlxalq təşkilatlarla
birbaşa əməkdaşlıq
edirlər. Bu hal
ona görə təqdirəlayiqdir ki, Azərbaycan gəncləri
ölkəmizlə bağlı
reallıqları, xüsusilə
Dağlıq Qarabağ
probleminin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdıra
bilirlər.
- İslam Konfransı Gənclər Forumu Azərbaycanda, eləcə
də ölkəmizdən
kənarda kifayət qədər tanınan təşkilatlardandır. Xüsusilə
Xocalı soyqırımına
hüquqi qiymət verilməsi ilə bağlı təşkilatın
son illərdə göstərdiyi fəaliyyətin
nəticələri göz
qabağındadır. Forumun
fəaliyyəti ilə
bağlı daha nələri demək olar?
- Bildiyiniz
kimi, Rusiya Azərbaycanlı Gənclər
Təşkilatlarının sədri və İKGF mədəniyyətələrarası dialoq üzrə koordinatoru Leyla Əliyevanın təşəbbüsü
ilə “Qarabağa Azadlıq - Xocalıya Ədalət” kampaniyasına
start verilib. Məhz bu
kampaniya çərçivəsində
Azərbaycan hökumətinin
İKGF ilə birgə
apardığı fəaliyyət
nəticəsində 2008-ci ildə Uqandanın paytaxtı Kampala şəhərində İKT XİN-lərinin 35-ci sessiyası,
eyni ildə Seneqalın paytaxtı Dakarda İKT Dövlət
Başçılarının Zirvə Görüşündə
Xocalı faciəsi kütləvi qırğın kimi qiymətləndirilmiş,
o cümlədən keçən il İKT Təhsil Nazirlərinin Bakıda keçirilən
sessiyasında qəbul
edilən qətnamədə
bu faciə ilə bağlı həqiqətlərin İKT ölkələrində
ali məktəb dərsliklərinə salınması
məsələsi də
öz əksini tapmışdır ki, bu İKGF-nin Azərbaycan diplomatiyasına
verdiyi töhfə sayıla bilər. Bu kampaniya çərçivəsində
yaxın dövrdə
silsilə tədbirlərin
həyata keçirilməsi
planlaşdırılır ki, bu barədə
KİV məlumatlandırılacaq.
- Adətən,
ili başa
vurduqda ötən ilə nəzər salınır, görülən
işlər müzakirə
olunur. Bu baxımdan,
İKGF-nin 2008-ci ildəki
fəaliyyətini necə
qiymətləndirirsiniz?
- Mübaliğəsiz
demək istərdim ki, 2004-cü ildə təsis olunmuş İKGF
həmin dövrdən
etibarən bu günə qədər bir çox işlər görüb. Təbii ki, bu barədə
çox danışmaq
olar. Qeyd etmək istərdim
ki, bizim forumun əsas fəaliyyət istiqamətlərindən
biri də son illər ərzində, xüsusilə Qərb ölkələrində
yayılan islamafobiya hallarına qarşı mübarizə aparmaqdır.
Keçən il
İKGF Avropa Şurası,
İSESKO, Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi ilə birgə “İslamafobiyaya qarşı
mübarizədə gənclərin
fəaliyyəti” mövzusunda
4 günlük təlim
və beynəlxalq konfrans keçirdi. Avropa və İKT ölkələrindən
olan 100-ə yaxın gənc liderin iştirak etdiyi bu cür
tədbirin Bakıda keçirilməsi də uğur sayıla bilər. Ümumiyyətlə,
biz davamlı əsaslarda islamafobiyaya qarşı mübarizədə
istər İKT, İSESKO, istərsə
də Avropa məkanında yerləşən
aparıcı beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq
edirik.
- Məlum
olduğu kimi, İKGF
BMT-nin irəli sürdüyü “Sivilizasiyaların
İttifaqı” prosesinin
mühüm iştirakçılarındandır.
Bu sahədə forumun fəaliyyəti haqqında nə deyərdiniz?
- 2007-ci ilin
payızında Bakı
şəhərində İKGF-nin Heydər Əliyev Fondu, İSESKO,
AŞ və Avropa Gənclər Forumu ilə birgə keçirilən beynəlxalq
konfransda “Gənclər
Sivilizasiyaların İttifaqı
Uğrunda” hərəkatını
təsis etdikdən sonra bizim təşkilat
faktiki olaraq gənclərin bu prosesin institutlaşması
istiqamətində mühüm
addım atmış oldu. Həmin dövrdən etibarən,
biz BMT Sivilizasiyaların İttifaqı
Uğrunda illik forumlarında iştirak edirik. Hazırda biz bu ilin aprel ayında İstanbulda keçiriləcək
növbəti forumun işində yuxarıda adıçəkilən hərəkatın
fəaliyyəti və
gələcək planları
ilə bağlı məruzə ilə çıxış etməyə
və bu prosesin daha da
effektiv olması ilə bağlı təkliflərlə çıxış
etməyə hazırlaşırıq.
- Bu il hansı tədbirləri keçirməyi
planlaşdırırsınız?
- Yuxarıda
qeyd etdiyim kimi, forum bu ildən etibarən “Qarabağa Azadlıq - Xocalıya Ədalət” beynəlxalq kampaniyasını
həyata keçirmək
niyyətindədir. Bu
istiqamətdə biz hazırda ölkəmizin bir sıra xarici
ölkələrdə akkreditə
olunmuş səfirlikləri
ilə əməkdaşlıq
etməkdəyik. Qısaca olaraq
onu deyim ki, kampaniya çərçivəsində
dünyanın müxtəlif
ölkələrində Xocalı
faciəsi ilə bağlı həqiqətlərin
gənclər vasitəsi
ilə dünya ictimaiyyətinə çatdırılması,
son nəticə olaraq bu faciəyə
aparıcı beynəlxalq
təşkilatlar tərəfindən
müvafiq siyasi qiymət verilməsi nəzərdə
tutulur. Biz təbii ki, Azərbaycan gənclərini
də unutmuruq. Fevral ayından başlayaraq, Azərbaycanın
savadlı gəncləri
üçün 6 aylıq
effektiv liderlik kurslarının keçirilməsi
planlaşdırılır. Məlumat üçün bildirim ki, bu kursun
əsas məqsədi
azərbaycanlı gənclərin
ümumi nəzəri
biliklərini artırmaq,
onları dünyanın
müasir ideoloji-siyasi
nəzəriyyələri ilə
tanış etmək,
ölkənin milli maraqlarına zidd olan missionerliyə və sektaçılığa
qarşı mübarizə
üsullarına öyrətmək,
İslam dini ilə bağlı önəmli və müasir aktual problemlərin açıqlanması,
o cümlədən gənclərdə praktik keyfiyyətlərin (Media-PR
işi, təşkilatçılıq,
nitq qabiliyyəti və s.) aşılanmasıdır.
Artıq
forum tərəfindən
müsabiqə yolu ilə bu kursda
iştirak etmək üçün Azərbaycanın
müxtəlif universitetlərində
təhsil alan savadlı gənclər seçiliblər. Öncə
qeyd etdiyim kimi, biz bu
il “Gənclər Sivilizasiyaların İttifaqı
Uğrunda” prosesini də davam etdirmək
niyyətindəyik. Həmçinin,
bildiyiniz kimi, 2009-cu il Bakı İslam
Mədəniyyəti Paytaxtı
elan edilib. Bu istiqamətdə də İKGF istər Azərbaycan hökuməti,
istərsə də beynəlxalq təşkilatlarla
birgə tədbirlər
həyata keçirmək
niyyətindədir. Qeyd etmək
istərdim ki, respublikamızın prezidenti
İlham Əliyev
2006-cı ildə forumun İstanbuldakı qərargahının açılışında
Türkiyə Cümhuriyyətinin
baş naziri Rəcəb Tayyib Ərdoğanla bərabər
iştirak edib və hər zaman fəaliyyətlərimizə
dəstək olub, diqqətini əsirgəməyib.
Gənclərə qayğının
bir təzahürü
olaraq bizə daim diqqət göstərdiyi üçün
fürsətdən istifadə
edib dövlətimizin
başçısına forum
adından təşəkkürümü
bildiririk.
ZÜMRÜD
Mədəniyyət.- 2009.- 7 fevral.- S.4.