«Metamorfozlar» ilk dəfə səsləndi
Fevralın 5-də
M.Maqomayev adına Dövlət Filarmoniyasında adları
çoxdan dünya musiqi xəzinəsinə daxil olmuş
D.D.Şostakoviç və onun dahi yetirməsi Q.Qarayevin əsərlərindən
ibarət konsert keçirildi. Qeyd edək ki, Dövlət Kamera
Orkestri hər il fevralın 5-də - dahi bəstəkar Qara
Qarayevin doğum günü respublikanın xalq artisti Teymur
Göyçayevin dirijorluğu ilə möhtəşəm
musiqi əsərlərini səsləndirir.
Tədbiri giriş
sözü ilə sənətşünaslıq namizədi
Lalə Hüseynova açdı. O, D.D.Şostakoviçin
ümumilikdə Azərbaycan musiqisinə, xüsusilə də
Qara Qarayev və Firəngiz Əlizadə
yaradıcılığına göstərdiyi böyük təsirdən
söz açdı və qeyd etdi ki, Q.Qarayev
D.Şostakoviçin, Firəngiz xanım isə Q.Qarayevin tələbəsi
olub.
Konsert Şostakoviçin
kamera orkestri üçün yazdığı «Faşizm
qurbanlarının xatirəsinə» simfoniyası ilə
başladı. Orkestr tarixi qarşıdurmanı - faşizmin dəhşət
dolu ruhu ilə şəhid analarının duasını
skripkanın (Uran Seyidov) və violonçelin (Aleksey Miltıx)
möhtəşəm solo ifasını da bir daha təcəssüm
etdi.
Konsertdə Firəngiz Əlizadənin «Metamorfozlar»
əsəri də səsləndirildi. Yeri gəlmişkən, bu əsər Bakıda ilk dəfə ifa edilirdi. Təbiət
səslərinə bənzəyən
gözlənilməz effektlər
dinləyicidə təkrarolunmaz
duyğular oyadırdı.
«Metamorfozlar»da şüştər ladının
bütün gözəlliklərindən
istifadə olunub. Sonda
D.Şostakoviçin «Elegiya»
və «Skertso» əsərləri səsləndirildi.
Amma tamaşaçılar musiqiçiləri
uzun müddət səhnədən buraxmadılar:
iki bis - D.Şostakoviçin «Polka»sı və Qara Qarayevin fortepiano üçün
7-ci prelüdü (T.Göyçayevin
orkestr işləməsində)
ilə «İldırımlı
yollarla» baletindən “Qızlar rəqsi” ifa olundu.
Mədəniyyət.- 2009.- 7 fevral.- S. 2.