Pyer Karden:«Moda - güclü
lokomotivdir»
Ötən ilin noyabr ayında məşhur rəssam Tahir Salahovun yubiley günlərində iştirak
etmək üçün
Bakıya təşrif
buyuranlar arasında dünyaşöhrətli fransalı
modelyer Pyer Karden də var idi. Böyük
«imperiya»ya başçılıq
edən tanınmış
kutrye Pyer Kardenin lisenziyası ilə 170 ölkədə
fəaliyyət göstərən
800 şirkət məhsul
buraxır.
Bu gün
Kardenin «imperiyası» təkcə moda ilə kifayətlənmir.
O, restoran, ətriyyat,
hotel biznesi, habelə ticarət mərkəzləri
və sarayların dizaynı ilə məşğuldur. 87 yaşlı sahibkarın müəssisələrində 200 min işçi çalışır.
Onun şirkətlərinin illik
maliyyə dövriyyəsi
12 milyard dollar təşkil
edir. Yaşının çox olmasına
baxmayaraq, o, indi aktiv fəaliyyətdədir.
Teatr həvəskarı olan Karden Yelisey yollarında «Espas Karden» adlı mədəniyyət mərkəzinə
də rəhbərlik
edir. Kardenin qərargah-mənzili isə mərkəzin iki addımlığında,
Qabriel küçəsində,
ölkə prezidentinin
iqamətgahı sayılan
Yelisey sarayının
qarşısında yerləşir.
Pyer Kardenin patentləşdirdiyi
500-dən artıq dizayner
kəşfi sırasında
geyim modasından əlavə memarlıq, nəqliyyat, müxtəlif
çeşidli malların
və hər cürə əyləncə
müəssisələrinin reklamı durur. Müsyö Karden yaratdıqlarının orijinal
nüsxələrini Sen-Uanedə
yerləşən, 3500 kv. metrlik
sahəni əhatə
edən şəxsi muzeyində saxlayır.
- Siz demisiz ki, moda
- narkotikdir. Bəs teatr sizin üçün nədir?
- Mənim teatrla dostluğum Jan Kokta ilə tanışlıqdan sonra başladı. O, ilk dəfə
dekorasiya hazırlamağı
mənə sifariş
etdi. Sonra Parisdə Kristian
Diorun və Paken Skiaparellinin prestijli modalar evində işlədiyim zaman məşhurlaşdım.
Ardınca Lukino Viskontinin
tamaşasına tərtibat
verdim. Moskvadakı Bolşoy Teatrda
məşhur balerina
Maya Plisetskayanın oynadığı
balet əsərinin geyim eskizlərini hazırladım. Rusiyada çoxlu
dostlarım var. Rəssam
Tahir Salahov, şair Andrey Voznesenski və teatr aktyorlarından
bəziləri ilə
yaxın əlaqə saxlayıram. Mən həmişə
teatrı sevmişəm.
O, daim məni özünə cəlb edir.
- Müasir modanı necə qiymətləndirirsiniz?
- İndi
bu sahədə başdan-başa xaosdur.
Müharibədən sonra edilən
kəşflər daha
gözə dəymir.
Vaxtilə mən xüsusi
olaraq «Bitlz» qrupu üçün dar şalvarlar, hündür uzunboğaz ayaqqabılar, yaxalıqsız
pencəklər və
rəngarəng qadın
corabları hazırlamışdım.
Bu gün kim
isə, haradasa, nə isə ortalığa atır. Onlar yalnız bir saatlıq sehrbazlardır.
Gənc modelyerlər çox vaxt keçmişə baxırlar, onlar yalnız müzik-hollun pərdəsi arxasında ilhama gəlirlər.
Modanın yaradıcılarından biri kimi mən
daim nəzərlərimi
gələcəyə yönəldirəm.
Onlardan fərqli olaraq mən qadınları geyindirməyə çalışıram.
- Müsyö Karden, çoxlarını
belə bir sual düşündürür:
bu boyda imperiyaya rəhbərlik etməyə necə müyəssər olursuz? Hamı yaxşı bilir ki, hakimiyyəti möhkəm saxlamaq böyük enerji tələb edir.
- Doğrudur. Bütün strateji qərarları şəxsən özüm
verirəm. Mən yeganə
modelyerəm ki, hər hansı bir problemin həlli
yüz faiz mənim üzərimə
düşür. Heç
bir auksioner və ya sponsor mənə rəhbərlik
etmir. Əlbəttə, bu, asan olmur. Cari işləri icra
etmək isə konkret sektora cavabdeh olan təcrübəli
və işini bilən köməkçilərimin
öhdəsinə düşür.
İstehsal etdiyimiz məhsulların
keyfiyyətinə ciddi
nəzarət olunur.
Bu sahədə heç bir kompromisə yol vermirik. Düzdür, bəzi ölkələrdə
«Pyer Karden» markası altında saxta paltar tikilir.
Lakin nə etmək olar, bu, populyarlığın
«mükafatıdır».
- Əgər
ötən illərə
nəzər salsaq, fikrinizcə, daha çox qazandığınız
nə olub?
- Mən iynə və sapla işləməyə
başlamışam. İndi Milli
İncəsənət Akademiyasının
üzvüyəm. Mən bu
ada layiq görülən birinci rəssam-modelyerəm. Bütün varlığımla
bağlı olduğum
moda hazırda rəsmi olaraq incəsənətin bir növü hesab edilir. Çox şadam ki,
başladığım hər
bir işi müvəffəqiyyətlə axıra çatdıra bilmişəm. Böyük zəhmət
hesabına arzularımı
reallaşdırmışam. İndi insanlar tikdiyim paltarları geyinməkdən
əlavə, mənim
mehmanxanalarımda yaşamağa,
restoranlarımda qidalanmağa,
mənzillərini eskizlərim
əsasında hazırlanan
mebellərlə bəzəməyə
üstünlük verirlər.
İnanın, bu siyahını
artırmaq da olar. Elə buna görə də özümü xoşbəxt adam
sayıram. Gəncliyimdə aktyor və
rəqqas olmağı
arzulasam da, Allah o istedadı mənə verməyib. Buna baxmayaraq, teatrda işləyənlərə köməyimi
əsirgəməmişəm.
- Hazırda moda aləmindəki qarşıdurmada bir tərəfdə Parisin, digərində isə Nyu-Yorkun və Milanın hökmranlıq
etmək uğrunda mübarizə apardığını
söyləyirlər. Siz bu barədə nə deyə bilərsiz?
- Paris dünya
modasının mərkəzi
olub və həmişə də olacaq. Necə ki, Kann - dünya kinematoqrafiyasının
sinonimidir. Modanı milli
mənsubiyyətə görə
ayırmaq düzgün
deyil. Parisdə əcnəbi modelyerlər
çoxdur. Mən özüm
Venesiyada doğulmuşam,
Unqaro da İtaliyadandır, Karl Lagerfeld - alman, Kenzo - yaponiyalıdır. Sənətdə başlıca meyar doğum yeri yox, istedad olmalıdır.
Moda aləmində çalışan
müxtəlif sənaye
qruplarının maraqları
toqquşursa, bu, təəccüblü deyil.
Axı moda bir neçə qatarı ardınca
apara bilən güclü lokomotivdir. Bu, təkcə toxuculuq
istehsalı və paltar tikmək deyil, eyni zamanda
parfümeriya, ayaqqabı,
çanta, bijuteriya və sairə aksessuarlardır. Demək lazımdır
ki, moda ərzaq istehsalından sonra ən sərfəli
biznesdir, hətta avtomobildən də artıq.
- Bəs gələcək modanı
necə təsəvvür
edirsiniz?
- Moda həmişə olub. İnsanlar bütün dövrlərdə
başqalarından paltar
və bəzək əşyaları ilə fərqlənməyə çalışıblar.
Gələcək modanı isə
həyat şəraiti
özü göstərəcək.
Fərz etsək ki, XXI əsr təzə və ucuz enerji
mənbəyinə çevriləcəksə,
belə halda şəhərlərdə yay
və qış fəsilləri arasındakı
fərq olmayacaq.
Bu da, şübhəsiz,
öz təsirini paltarda göstərəcək.
Hazırda yeni xüsusiyyətə
malik parçalar ərsəyə gəlir.
Misal üçün
«nəfəs alan», elastik parçalar və yaxud pambığa və yuna əlavə
edilən süni saplardan hazırlanan dartılan, lakin formasını saxlayan parçalar. Qırx il əvvəl
hazırladığım modellərdə
sintetikadan - neylon və vinildən istifadə etməyə başlayanda, nədənsə,
çoxları dəhşətə
gəlirdi. Hazırda nələr baş
verdiyini bilirsinizmi?
Gənclər vinildən tikilmiş
paltarları çox sevirlər. O zamankı
«kəşfim» indi müasir moda sayılır. Bax, belə.
Qocaman modelyer yorulmaq
bilmədən çalışır.
Yenicə başlamış XXI əsrdə Pyer Karden müxtəlif layihələr üzərində
düşünür. Ən başlıcası - İsgəndəriyyə
mayakının təzə
layihəsidir. Məlumdur ki,
Misirdə tikilən mayak I əsrdə, sonra isə XV əsrdə zəlzələ
nəticəsində dağılıb.
Yeni layihə üzrə ucaldılacaq 150 metrlik hündürlükdə olan
mayakın işığı
50 kilometr məsafədən
görünəcək. Kardenin sözlərinə
görə, orada açılacaq tarix muzeyində bir neçə il
əvvəl arxeoloqların
dəniz dibindən tapdıqları əşyalar
nümayiş olunacaq.
Bunun üçün lazım olan vəsaiti müsyö Karden fəxri səfiri olduğu, beynəlxalq
YUNESKO təşkilatının köməyi ilə toplayacağı yardımla
həyata keçirmək
fikrindədir.
Xatırladaq ki, Pyer Karden 24 nüfuzlu beynəlxalq və Fransanın mükafatlarına
layiq görülüb.
O, 1974-cü ildə Fransa
dövlətinin ən
ali mükafatı
olan - «Fəxri legion» ordeni, 1988-ci ildə isə İtaliyanın «Göstərilən xidmətlərə
görə» və Vatikanın «Müqəddəs
xəzinə» ordenləri
ilə təltif edilib.
1985-ci ildə Pyer Karden Fransa Milli
İncəsənət Akademiyasının
fəxri akademiki seçilib.
Hazırladı:
Həsən Tağıyev
Mədəniyyət. - 2009.- 11 fevral.- S. 14.