Tolerant tamaşaçı

 

Artıq yetər!

 

Şou-biznes kütləvi mədəniyyətdir. Kütləvi mədəniyyət isə antimədəniyyətdir. Bəzi nəzəriyyəçilər bu fikirdədir.

Bu gün Azərbaycanda şou-biznes adı altında bizə sırıdılan bu nəsnələr isə insanlarımıza zövqsüzlük aşılamaqla kifayətlənmir. Bu nəsnə həmçinin bizi, mədəniyyətimizi xaricdə təmsil etməyə can atır çox vaxt buna nail olur. Azərbaycanda gözümüzün önündə baş verən bu mədəniyyətsizlik gündən-günə çiçəklənir, qol-budaq atır. Bir-iki telekanal istisna olmaqla, hansı telekanalı açırsan, şou-biznes aləmindən söhbət gedir. Bu isə tamaşaçılar arasında ciddi mədəniyyət nümunələrinin unudulmasına gətirib çıxarır. Ucuz kliplər, bayağı musiqilər, mahnıların şit çeynənmiş mətnləri, kommersiya kinosu adı altında tamaşaçılara sırınan axmaq şouların əlindən adam televiziyaya baxmaq istəmir. Həm gördükləri işin mənasızlığını anlamadan "böyük-böyük" danışırlar da (ifadəmə görə üzr istəyirəm). Vaxtilə "Adam ol" filminin (bilmirəm, ona film deməkdə dərəcədə haqlıyam) reklam çarxında "Azərbaycanda ilk musiqili-komediya" ifadəsini işlətməklə yaradıcı heyətini demək istədiyini anlamaq çətindir. Məgər Azərbaycanda "Arşın mal alan", "O olmasın, bu olsun", "Qayınana", "Sonuncu məhəbbət" b. filmlər öldümü, meydan "Adam ol"a qaldı?! Bu cür kommersiya filmləri tamaşaçıların film haqqında təsəvvürlərini alt-üst edir. Öz aramızdır, ya bu film dediklərinə başqa ad tapsınlar, ya da oturub ağıllı-başlı film çəksinlər... Artıq Azərbaycan tamaşaçısı əsl kino sənətinin deyil, məhz bu tipli qondarma filmlərin sifarişçisinə çevrilib. Məgər Azərbaycan tamaşaçısı bu qədər aşağı səviyyəyə enib, yoxsa onun zövqünün korlanması hesabına para qazanmaqda maraqlı olanlar var?! Vəziyyət o həddə çatıb ki, bəzi kino adamları da iş-gücünü atıb bu tipli filmlər çəkməyə məcbur olurlar... Bu sahənin inkişafında xüsusi rolu olan "Məhəllə" filmini misal çəkmək kifayətdir.

Bəla burasındadır ki, hamı görür və eyni zamanda da susqunluq nümayiş etdirir. Teleməkanda yerli klipləri təhlil tənqid edən yeganə "Tanıdım" verilişi idi ki, o da öz mövqeyini sətiraltı olaraq meydana qoyurdu. Təəssüf ki, bu verilişə mütəxəssislər çağırılmırdı. Mahnı mətnlərini analiz etmək üçün bu proqrama Vüqar Əhməd təşrif buyururdu (Elə o səbəbdən bu proyekt çox çəkmədi). Müğənnilərin peşəkarlığı, ifa tərzi bir yana, oxuduqları mətnlərin bayağılığı adamın ətini tökür.

Axı niyə biz gözümüz görə-görə aldanmalı, mədəniyyətsizliyi mədəniyyət, şounu film, səviyyəsiz şou-biznesi sənət kimi qəbul etməliyik. Sizə elə gəlmirmi ki, biz həddən artıq tolerantlıq və dözümlülük nümayiş etdiririk?!

Nədənsə tarixin bəzi dönəmlərində əsl sənət zirzəmilərdə, qaranlıqda yaşamağa məhkum olub. Amma sonda mütləq bir alatoranlıq var!

 

 

İntiqam.

 

Mədəniyyət.- 2009.- 11 fevral.- S. 14.