Soltan və İsmayıl Hacıbəyovlar
anıldı
Fevralın 11-də Maestro Niyazinin ev-muzeyində SSRİ
xalq artisti, Dövlət mükafatları laureatı Soltan
Hacıbəyovun 90, onun oğlu, əməkdar incəsənət
xadimi İsmayıl Hacıbəyovun 60 illik yubileyləri qeyd
olundu. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar
mədəniyyət işçisi Alla Bayramova və
musiqişünas Zümrüd Dadaşzadə Üzeyir
Hacıbəylinin tələbəsi və nəslinin
davamçısı olan S.Hacıbəyov, habelə onun
övladı İ.Hacıbəyovun həyat və
yaradıcılıqlarından bəhs etdilər.
Məlumat
üçün bildirək ki, Soltan Hacıbəyov 1919-cu ildə
Şuşa şəhərində anadan olub. Sənətkarın
gəncliyi xalq musiqi sənətinin böyük sərvətləri
ilə bilavasitə ünsiyyətdə keçib. İkisinifli
ibtidai məktəbi bitirdikdən sonra S. Hacıbəyov 1930-cu
ildə Bakıya köçmüşdür. 1936-cı ildən
etibarən burada əmisi Ü.Hacıbəyovla şəxsi
ünsiyyəti, onun əsərləri ilə yaxından
tanışlığı S.Hacıbəyovda musiqiyə,
musiqi yaradıcılığına maraq oyatmışdır.
S.Hacıbəyov orta məktəbi bitirdikdən sonra orta
ixtisas musiqi məktəbinin truba sinfində oxumuş (müəllim
A.L. Kolpinski), məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Konservatoriyasının bəstəkarlıq
fakultəsinə, professor B.İ.Zeydmanın sinfinə daxil
olur. Hələ konservatoriyaya daxil olmamışdan qabaq
“Qızıl gül” musiqili komediyasını yazır və
bu əsər 1940-cı ildə Azərbaycan Musiqili Komediya
Teatrının səhnəsində tamaşaya qoyulur. Xatırladaq
ki, həmin vaxt bəstəkar teatrda orkestrin rəhbəri
işləyirdi. Konservatoriyada ilk təhsil illərində S.
Hacıbəyov fortepiano üçün iki prelüd, uşaq
kantatası yazır. Bundan əlavə Azərbaycan Dövlət
Filarmoniyasının nəzdindəki sazçı qızlar
ansamblının bədii rəhbəri vəzifəsində
çalışır. Bir qədər sonra Azərbaycan teatr
məktəbində musiqi nəzəriyyəsindən dərs
deməyə başlayır. Bu illərdə o, skripka ilə
orkestr üçün konsert, birinci kvartet, simfonik variasiyalar,
kantata və s. yazmışdır.
Böyük Vətən
müharibəsi illərində digər bəstəkarlar kimi,
S.Hacıbəyov yaradıcılığında da vətənpərvərlik
və faşizmə qarşı mübarizə mövzusu
mühüm yer tuturdu. Həmin illərdə
yazdığı «Birinci simfoniya»sı Q.Qarayevin, C.Hacıyevin
simfoniyaları ilə yanaşı, musiqi tariximizə Azərbaycanda
simfoniya janrının ciddi inkişafı faktı kimi daxil
olub. 1941-45-ci illərdə S. Hacıbəyov, başqa Azərbaycan
bəstəkarları kimi, hərbi-vətənpərvərlik
mövzusunda bir sıra kütləvi mahnılar yazıb. II
Dünya müharibəsi qurtardıqdan sonra S. Hacıbəyov
diplom işi kimi «İkinci simfoniya»sını (c-moll) təqdim
edib, konservatoriyanı bitirir. «Birinci simfoniya» kimi, «İkinci simfoniya»
da hərbi-vətənpərvərlik mövzusu ilə
bağlıdır və bəstəkarın bədii fikri
dörd hissəli silsilədə ardıcıl olaraq
açılır. Konservatoriyanı bitirdikdən sonra bəstəkar
bir ilə yaxın Moskvada olur, D.Şostakoviçdən
yaradıcılıq məsələləri üzrə xeyli
məsləhət alır. Bu canlı söhbətlər bəstəkarın
dünyagörüşünün zənginləşməsində
mühüm rol oynayır. 40-cı illərin ortasında bəstəkar
Türkmənistan Dövlət Opera və Balet teatrının
sifarışı ilə “Kəminə və Qazı”
operasını yazır. Təəssüf ki, opera başa
çatdırılmamışdır. Bu əsər
üçün yazılmış musiqi parçaları
içərisində Orta Asiya mənzərələrinin
obrazlarını təsvir edən orkestr lövhəsi var idi.
1945-ci ildə S.Hacıbəyov onun əsasında “Karvan”
simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar
“Karvan”ın yeni redaksiyasını işləmiş və bu əsər
hazırda həmin redaksiyada ifa olunur. 1950-ci ildə M.F.Axundov
adına Opera və Balet Teatrının səhnəsində
S.Hacıbəyovun müasir mövzuda yazdığı ilk Azərbaycan
baleti - “Gülşən” tamaşaya qoyulur. 1952-ci ildə
SSRİ Dövlət mükafatına layiq görülür.
1953-cü ildə “Gülşən” baleti Ə.Nəvai
adına Daşkənd Böyük Teatrının səhnəsində
tamaşaya qoyulur. Müəllif baletə yazdığı
musiqi üzrə tərtib etdiyi “Gülşən”
süitası böyük tirajla “Bruno” (Amerika) firması tərəfindən
buraxılmış və geniş yayılmışdır. S.Hacıbəyov
Azərbaycan Dövlət Dram Teatrının bir sıra
tamaşalarına da tərtibatını vermişdir. 1947-ci
ildən başlayaraq Azərbaycan Dövlət
Konservatoriyasında dərs demiş, M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında bədii rəhbər, sonra
direktor işləmiş, 1969-74-cü illərdə
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasının rektoru olmuşdur. Bu böyük bəstəkar
1974-cü il sentyabrın 19-da vəfat etmişdir. Tədbirdə
xalq artistləri Sevda İbrahimova və Musa Mirzəyev Soltan
Hacıbəyovun bir sənətkar və insan kimi təvazökarlığından,
gənclərə qayğısından danışdılar, bəstəkarın
oğlu və sənətinin davamçısı
İsmayıl Hacıbəyovun öz sənətinə, mənsub
olduğu xalqa məhəbbətini, dostlarına qarşı səmimiyyətini
yada salan xatirələri dilə gətirdilər.
Çıxış edənlər
bildirdilər ki, Soltan Hacıbəyovun oğlu İsmayıl
Hacıbəyov da Azərbaycan musiqi mədəniyyətinə
öz töhfələrini verib. Belə ki, onun
yazdığı piano üçün "Albomdan səhifələr"
süitası (1991); Piano üçün "Üç
idilliya" 1992); Fleyta və simli orkestr üçün
"Konsertştük" (1993); Oktet üçün
"Divertisment" (1993); Dantenin söz. 4 Romans (1996);
"Füruzə" operası /libretto - müəllifindir/
(1997); Fleyta, klarnet və piano üçün "İstəklər"
triosu (1998); Nəfəsli alətlər üçün
Kvintet (1999); Kapella xoru üçün 3 Vokaliz (2000) bu gün
də musiqisevərlər tərəfindən həvəslə
ifa olunur. İ.Hacıbəyov həm də bir çox məqalələrin,
araşdırma yazılarının da müəllifidir. Yubiley
tədbirində əməkdar incəsənət xadimi
Ülviyyə Hacıbəyovanın, Beynəlxalq müsabiqələr
laureatı, Azərbaycan Dövlət Opera və Balet
Teatrının solisti Fəridə Məmmədovanın, Səbinə
Əsədovanın, həmçinin Bülbül adına
Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin
ifasında S.Hacıbəyovun “Lay-lay”, “Bakının
işıqları”, “Adajio”, İ.Hacıbəyovun "Albomdan
səhifələr", “Sevməcə”, “Menuet”, “Kiçik
pyes” əsərləri səsləndi.
Mərasimin sonunda
Hacıbəyovlar ailəsinin nümayəndəsi, əməkdar
incəsənət xadimi Ülviyyə Hacıbəyova tədbirin
təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirdi.
Turan
Mədəniyyət.- 2009.- 13 fevral.- S. 3.