Vətənpərvər ifaçı
Şəmistan Əlizamanlı 20 ildən çoxdur ki,
öz vətənpərvər mahnıları ilə
milyonların sevimlisinə çevrilib. Vətənə, millətə
sevgisini mahnılarında əks etdirən sənətçi
özü də vaxtilə Qarabağ müharibəsinin
iştirakçısı olub.
Bugünlərdə
Şəmistan Əlizamanlının 50 illik yubileyini qeyd etmək
üçün onun sənətinin vurğunları,
dostları və yaxınları bir oraya toplanıblar. Tədbiri
giriş sözü ilə açan professor Nizaməddin Şəmsizadə
ifaçının yaradıcılığı haqqında məlumat
verib. Bu dəfə də müğənni pərəstişkarlarının
qarşısına yeni disklə - «Yol ver türkün
bayrağına» mahnısının klipi ilə
çıxıb.
Müəllif deyib ki,
ilk dəfə bu mahnını orijinalda olduğu kimi - Əhməd
Cavad necə yazıbsa, Üzeyir bəy necə bəstələyibsə,
o cür də təqdim etdik, yəni mahnıya heç nə
əlavə edilməyib.
Sonra vətənpərvər
ifaçını mahnılarının sədaları
altında balaca uşaqlar rəqs etdilər.
Anadolu liseyində
Türkiyə səfirliyinin və Azərbaycan diasporunun birgə
səyi ilə ərsəyə gələn yubiley mərasiminə
toplaşanlar, xalq şairləri Söhrab Tahir, Musa Yaqub, millət
vəkili Gülər Əhmədova, Prezident Aparatının
bölmə müdiri Qafar Əliyev və başqaları
Ş.Əlizamanlı haqqında öz ürək sözlərini
söyləyiblər. Tədbirin sonunda yubilyar qonaqlara öz təşəkkürünü
bildirib və bundan sonra da öz vətənpərvər
mahnıları ilə vətənin keşiyini çəkən
əsgərlər qarşısında çıxış
edəcəyinə və onlarda yüksək əhval-ruhiyyə
yaratmaqla öz borcunu yerinə yetirəcəyinə söz
verib.
Fərahim
Şükürov
Mədəniyyət.-
2009.- 13 fevral.- S. 3.