Mirzə Cəlil yaradıcılığı kinoda
Dahi
ədibin ekran üçün uğurlu olan əsərləri
o qədərdir ki…
Mirzə Cəlilin əsərlərində
dərin ironiya, sarkazm var. Bunu ekrana gətirmək o qədər
də asan deyil. Bəlkə, buna görə rejissorlar Mirzə
Cəlilin yaradıcılığına çox müraciət
etmək istəməyiblər.
Mirzə Cəlil əvəzsiz nəsr, dram əsərləri,
publisistikası, naşiri və rəhbəri olduğu «Molla Nəsrəddin»
məcmuəsi, əsərlərinə çəkilmiş
filmlər və tamaşalarda yaşayır. Mirzə Cəlilin
ekrana gətirilmiş əsərləri haqda danışmaq
istərdik. Təəssüf ki, onlar o qədər də
çox deyil. Cəmi bir neçə əsəri
ekranlaşdırılıb. Onların hamısını
uğurlu hesab etmək olmaz.
«Ölülər» -
filmdə tamaşa estetikası,
tamaşadakı keçidlər daha çoxdur
Mərhum rejissor Tofiq Tağızadə uzun illər M.Cəlilin «Ölülər» əsərini ekranlaşdırmaq ideyası ilə yaşayıb. Ancaq onu ekranlaşdırmaq rejissora bir az gec nəsib olub. Sovetlər Birliyi hələ dağılmamışdı və kinematoqrafımız Türkiyə ilə əlaqələr qurmaq istəyirdi. Bəlkə də elə buna görə Kefli İsgəndər roluna türk aktyoru dəvət olundu. Nəticədə Kefli İsgəndər nəinki türk-azərbaycanlı, heç fransız kimi də alınmadı. Filmin qüsuru təkcə bu deyil. Tofiq Tağızadə bu filmə çoxlu teatr elementləri daxil eləmişdi. Həddindən çox jestikulyasiya, həddən çox parlaq maneralar...
Üstəlik filmdə Mirzə Cəlilin dili də qorunmayıb.
Daha doğrusu, Mirzə Cəlilin obrazlarının işlətdikləri
qəliz ifadələri
aktyorlar daha çox dil-dodaq əyməklə ifadə
edirdilər. Bu, ona görə idi ki, filmdə
oynayan aktyorların çoxu teatrdan gəlmişdi və onlar «Ölülər»i tamaşa kimi
oynamışdılar. Ona
görə də filmdə tamaşa estetikası, tamaşadakı
keçidlər daha çox idi.
Mirzə Cəlilin demək
istədiyi fikirlərin ekran həlli doğru deyildi. Məsələn
Şeyx Nəsrullah... Filmdə elə bir detal yoxdur ki,
tamaşaçı onun camaatdan aralanandan sonra necə
fırıldaqçı, savadsız adam olduğunu
görsün. Həmçinin, Mirzə Cəlil Kefli İsgəndəri
xalqın xaricə gedib, atasının pulu ilə təhsil
alan və elm öyrənməkdən daha çox, içməyi
öyrənən azərbaycanlı kimi təqdim eləmək
istəyirdi. Kefli İsgəndər Fransadan qayıdandan sonra
öz öyrəndikləri ilə xalqa xidmət etmək əvəzinə,
içkiyə qurşanmışdı və Mirzə Cəlil
bunu qəsdən etmişdi. Fikir verin, Kefli İsgəndərin
xaricdə hansı peşəyə yiyələndiyi bilinmir.
Çünki Mirzə Cəlilə onun elmi yox, dili lazım
idi ki, İsgəndərin dili ilə demək istədiyini
çatdırsın. Lakin filmdə bütün bunlar
açılmayıb.
Ümumiyyətlə,
Mirzə Cəlilin əsərlərinin kinoya niyə az gəlməsi
onun əsərlərində özünə, öz xalqına
qarşı dərin ironiya, sarkazm var. Bunu ekrana gətirmək
o qədər də asan deyil. Bəlkə buna görə
rejissorlar Mirzə Cəlilin yaradıcılığına
çox müraciət etməyiblər.
«Qəm pəncərəsi»
və «Pirverdinin xoruzu» - bunlar hələ ki, Mirzə Cəlilin
əsərlərinə çəkilmiş az sayda filmlərdir
Mirzə Cəlil haqda
çəkilən avtobioqrafik «Qəm pəncərəsi»
filmində ədibin həyatının bəzi məqamları
canlandırılıb. Ssenaridə «Danabaş kəndinin əhvalatları»
povestinin motivlərindən istifadə edilib. Ədibin digər
ekranlaşdırılan əsəri «Pirverdinin xoruzu» oldu.
Bu film rejissor
kimi Ramiz Əzizbəylinin debütüdür. 1987-ci ildə
özünü rejissor kimi sınamaq və təsdiq etmək
üçün rejissor Ramiz Əzizbəyli Eldar Quliyevin
yaratdığı «Debüt» studiyasında film çəkmək
istəyir. Uğurlu bir iş təqdim etmək
üçün o, ya ən məşhur, müasir bir ssenaristə
müraciət etməli, ya da ki, klassikadan nəsə seçməli
idi. Bu zaman ssenarist Eldəniz Quliyev ona «Pirverdinin
xoruzu» hekayəsi əsasında yazdığı «Arvadımla
bacara bilmirəm» qısametrajlı film ssenarisini təklif edir.
Ramiz Əzizbəyli ruhən də Mirzə Cəlilə
yaxın adamdı.
Rejissorun fikrinə
görə, bu film kinoda yeni bir şey idi. Hətta sonralar ona təklif
olunub ki, bunu növbəti filmlərdə davam etdirsin. Amma
Ramiz Əzizbəyli «təkrarlanmağı xoşlamıram»-
deyərək bu işi davam etdirməyib. Bu ekran əsəri
1988-ci ildə Kiyevdə keçirilən gənc
rejissorların film festivalının baş
mükafatını qazanıb. Qeyd edək ki, Mirzə Cəlilin
əsərləri «Pirverdinin xoruzu» ilə ilk dəfə ekrana
gətirilib.
Bunlar hələ ki, Mirzə
Cəlil əsərlərinə çəkilmiş az sayda
filmlərdir. Dahi ədibin ekran üçün uğurlu olan əsərləri
isə o qədərdir ki... Ümidvarıq ki, ilk
addımlarını atan rejissorlar yeni yanaşma tərzi,
müasir baxışla onun əsərlərinə müraciət
edəcəklər.
İntiqam
Mədəniyyət.- 2009.- 13 fevral.- S.6.