Turizmin inkişafına
kompleks yanaşılmalıdır
Bahadur Bilalov: «Treninqlər dünya praktikasını öyrənmək baxımından
turizm sənayesində çalışan insanlara hava-su
kimi lazımdır»
Bu günlərdə Azərbaycanın turizm sahəsi
üzrə qarşılıqlı əməkdaşlıq
etdiyi Yunanıstan Respublikasından bir qrup mütəxəssis
“Qonaqpərvərlik və Turizm sənayeləri üzrə
yeni meyillər” mövzusunda seminar aparmaq üçün
Bakıya gəldi. “Hyatt Regency” mehmanxanasında baş tutan
seminar müxtəlif mövzuları əhatə edirdi.
Altı gün davam edən seminar iştirakçılara
nə verdi?
Ümumiyyətlə, bu cür kursların təşkilinin
ölkə turizmində mövcud olan problemlərin həllində
hansı rolu var? Bu və ya digər suallarla ATİ-nin turizm
biznesinin təşkili və idarə edilməsi
kafedrasının müdiri, eyni zamanda seminar iştirakçısı
Bahadur Bilalova müraciət etdik.
- İştirakçısı
olduğunuz seminar bir həftəyə qədər çəkdi.
Yunanıstanlı mütəxəssislərdən yeni nə
öyrəndiniz?
- Belə kursların əhəmiyyəti
böyükdür. Çünki ortada dünya standartı məsələsi
var. Azərbaycan turizminin hazırda ən böyük problemi qəbul
olunmuş standartlar səviyyəsində xidmət göstərən
personalın olmamasıdır. Bu nöqteyi-nəzərdən
təsadüfi deyil ki, Azərbaycan Turizm İnstitutu
yaradılıb. Buna qədər də digər ali məktəblərdə
turizm ixtisası tədris edilirdi, diplom verilirdi. Amma
hazırlanan kadrların peşəkarlığı lazımi
səviyyədə deyildi, standartlara cavab vermirdi. Bu səbəbdən
ayrıca yaradılan ATİ-nin qarşısında bir vəzifə
kimi qoyulub ki, dünyada qəbul edilmiş standartlara uyğun
peşəkarlar hazırlasın. Biz də işimizi bu istiqamətdə
qurmuşuq. Amma tələbələrimiz hələ 3-cü
kursdadırlar. Ən azı bir il gözləmək
lazımdır ki, onlar turizm sənayesinə getsinlər. Ona
görə də gələn qonaqlarla işləmək
üçün ən optimal üsul treninqlərdir. Təsadüfi
deyil ki, indiyə qədər Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü və türkiyəli
mütəxəssislərin iştirakı ilə müxtəlif
treninqlər həyata keçirilib. Yunanıstan Turizm
Nazirliyinin təşkil etdiyi bu kursların da çox
böyük əhəmiyyəti var. Biz suallarımıza
aldığımız cavablarda, təqdimatlarda Yunanıstanda
turizmin inkişaf tentensiyasını öyrəndik. Bu ölkədə
də turizm sahəsinin inkişafında müəyyən
çətinliklər olub. Bu, bütün dünyada baş
verən təbii bir prosesdir. 20 il bundan əvvəl Türkiyədə
də turizm o qədər inkişaf etməmişdi. Amma bu
gün Türkiyə dünyada ən çox turist qəbul edən
ölkələrin onluğuna daxildir.
Qeyd etmək istəyirəm
ki, bu treninqlər dünya praktikasını öyrənmək
baxımından Azərbaycan turizm sənayesində
çalışan insanlara hava-su kimi lazımdır. Məsələn,
elektron turizm Azərbaycan üçün tamamilə yeni bir məsələdir.
Bir il bundan öncə Avstriyada olarkən bizə bildirdilər
ki, elektron turizm anlayışı var. Biz onlardan xahiş etdik
ki, bizə bir təqdimat etsinlər. Doğrudan da
dünyanın qloballaşması, İnternetin sürətli
inkişafı ona gətirib çıxaracaq ki, insanların
turizm şirkətlərinə müraciət etməsinə
ehtiyac qalmayacaq. İnsanlar evində, ofisində oturub
İnternet vasitəsilə istədikləri ölkəyə
getmək üçün bilet əldə edə biləcəklər.
Gələcək elektron turizmin üzərində
olmalıdır. Kim bu işdə öncül olacaqsa, turizm
bazarında özünə layiqli yer tutacaq. Amma indiki qayda ilə
kim oturub işləyəcəksə, balaca bir ofis
açıb gözləyəcəksə ki, mən turist gətirəcəm,
qazanc əldə edəcəm, onda təbii ki, rəqabətə
davam gətirməyib sıradan çıxacaq. Bu baxımdan yeniliklər, biliklər həmin seminarlarda bizim turoperatorlara da çatdırıldı.
- Turoperatorların özləri
necə, belə treninqlərdə iştirakda
maraqlıdırlarmı?
- Məsələ burasındadır ki, ümumiyyətlə, bizim cəmiyyətdə son zamanlar nəyisə öyrənməyə həvəs azalıb. Bu, tələbələrə də aiddir. Haqqında danışdığımız seminarda bizim qrupda 60 nəfər iştirak edirdi. Onların 50 nəfəri müxtəlif turizm şirkətlərinin nümayəndələri idi. Azərbaycanda hazırda 234 turizm şirkəti lisenziyalı fəaliyyət göstərir. Mən çox arzu edərdim ki, bu şirkətlərin hamısının nümayəndəsi həmin treninqdə iştirak etsin. İkinci bir tərəfdən, o şirkətlərin əməkdaşlarının əksəriyyəti gənclərdir. Çox təəssüflər olsun ki, o gənclərin turizm sahəsi üzrə bilikləri yetərli deyil. Bu baxımdan da bu tipli treninqlərin əhəmiyyəti böyükdür. Mən orada iştirakçı şirkətlərin nümayəndələrinə təklif etdim ki, biz Turizm İnstitutu olaraq sizə turoperator, turagent fəaliyyəti haqqında 1 aylıq kurslar keçək. İnstitutumuz fəaliyyətə başlayandan bir az sonra müxtəlif mövzularda kurslar təşkil etdik. Amma təəssüflə qeyd edim ki, həmin kurslarda iştirak etmək üçün cəmi 2-3 nəfər müraciət etdi. Bundan əlavə, turoperator, turagent fəaliyyəti, bələdçi-tərcüməçi hazırlayan kurslarla bağlı da elanlar verdik. Amma təəssüflər olsun ki, bizə müraciət edən olmadı.
- Bugünlərdə Turizm Şirkətləri Assosiasiyasının yaranması ilə bağlı ilkin iclas keçirildi. Sizcə, bu qurumun yaranması ilə şirkətlərin işində hansısa bir irəliləyişə nail olunacaqmı?
- Mən sizə birmənalı şəkildə deyirəm ki, bəli, bu assosiasiyanın yaradılmasına çox böyük ehtiyac var. Mən həmin qurumun yaradılmasının təşəbbüsçülərindən biriyəm və təşəbbüs qrupunun da üzvüyəm. Hazırda assosiasiyanın təsis edilməsi ilə bağlı sənədlər hazırlanır, yəqin ki, bu yaxınlarda təqdim olunacaq. Əslində dünya praktikası da göstərir ki, inkişaf üçün mütləq şirkətlərin birliyinə ehtiyac var. Məsələn, Türkiyədə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRKSAB) adlı bir qurum var. O təşkilatın üzvü olmayan hər hansı bir turizm firması bu sahə ilə məşğul ola bilməz. Yəni şirkət əvvəlcə o assosiasiyanın üzvü olmalıdır. Lisenziyanı da bu qurum verir, özü də elə-belə yox. Onlar öz markalarını gözləyirlər. Lisenziya ilə bağlı qurumun öz şərtləri və parametrləri var. TÜRKSAB-ın icazəsi olmadan heç bir firma reklam işləri ilə məşğul ola bilməz. Bizdə isə hər hansı bir firmanın yaradılması və lisenziya alıb fəaliyyət göstərməsi üçün çox kiçik bir tələb var. Bu baxımdan assosiasiyanın yaradılmasına ehtiyac böyükdür.
- Bir mütəxəssis kimi, necə hesab edirsiniz, Azərbaycanda turizmi daha da inkişaf etdirmək üçün nə etmək lazımdır?
- Ümumiyyətlə, bu məsələyə
kompleks
şəkildə
yanaşılmalıdır. Biz bu problemi seminar zamanı Yunanıstan universitetlərinin birinin professoru, doktor Antonio ilə də müzakirə etdik. Burada ilk növbədə
kompleks yanaşma olmalıdır. Belə deyək
də, təkcə
hotel tikməklə xaricdən
turist axınına
nail olmaq olmaz. Bunun üçün nəqliyyat
məsələləri həll
edilməlidir. Bu gün avropalı turist Azərbaycana gəlmək üçün
biletə xeyli pul verir, hələ
başqa xərclər
o tərəfə qalsın.
Ona görə də təbii ki, o, Azərbaycanı yox, turizm xidmətinin ucuz olduğu Türkiyəni seçəcək.
Və yaxud, deyək ki, Amerikadan ölkəmizə gəlmək
istəyən müştəri
yenə də seçim qarşısında
qalanda bilet bahalığı səbəbindən
Azərbaycanı seçməyəcək.
Baxmayaraq
ki, Azərbaycan dünya ölkələri
üçün yeni və maraqlı bir marşrutdur. Azərbaycan turizminə güzəştli
vergi tətbiq edilməlidir. Çox təəssüflər
olsun ki, biz bu məsələni 5 ildir deyirik, amma eşidən yoxdur. Bu, çox
vacib şərtdir.
Yenə də Türkiyə təcrübəsindən misal
gətirim. Orada istirahət mərkəzi və yaxud mehmanxana
tikən hər hansı bir firmanı 10 il
müddətinə bütün
vergilərdən azad edirlər. Demirik ki, bizdə
də turizm obyektləri tamamilə vergi verməsinlər.
Amma verginin tətbiq edilməsinin də bir sistemi olmalıdır.
Kompleks yanaşma bu nöqteyi-nəzərdən olmalıdır.
Bir sahəyə diqqət yetirməklə turizmin istədiyimiz səviyyədə inkişafına
nail olmaq mümkün
olmayacaq. Bunun üçün uzunmüddətli bir strategiya tətbiq etmək, sonra isə kompleks tədbirlər həyata keçirmək lazımdır.
- Bahadur müəllim,
ötən ildən dünyanı maliyyə böhranı bürüyüb.
Sizcə,
böhranın Azərbaycan
turizminə təsiri nə dərəcədə
olacaq?
- Təbii
ki, bütün dünyanı ağuşuna
alan böhran
bütün sahələrdə
olduğu kimi, həssas sahə olan turizmə də öz təsirini göstərəcək.
Və heç də istisna deyil ki,
bu, Azərbaycan turizminə də təsir edəcək.
Çünki böhran xarici
ölkələrdə yaşayan
insanların maddi durumlarına ciddi təsir göstərib, ona görə də istər-istəməz
turist səyahətləri
məhdudlaşacaq. Mən
hesab edirəm ki, əvvəlki illərdə olduğu qədər olmasa da, gözlənilir ki, bu il də ötən illərlə müqayisədə müəyyən
qədər artım olacaq.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.-
2009.- 13 fevral.- S.4.