Kulturologiya elmi cəmiyyətə lazımdırmı?...

 

“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərin ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

 

H.Əliyev

 

İlqar Həsrət oğlu Hüseynov 1965-ci ildə Lerik rayonunda anadan olmuşdur.

1994-cü ildə Sankt-Peterburq şəhərində kulturologiya üzrə namizədlik dissertasiyası, 2004-cü ildə isə Bakı şəhərində “Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

2002-ci ildən ADMİU-nun Tətbiqi kulturologiya kafedrasının müdiridir. “Qızıl qələm” mükafatı laureatıdır. İlqar Hüseynov bir çox dərslik, dərs vəsaiti, monoqrafiya (”Dünya muzeyləri və tarixi mədəniyyət abidələri”, “Muzeyşünaslıq”, “Tətbiqi kulturologiya”, “Kulturologiya və onun əsas istiqamətləri”, “Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti”, “Adət və ənənələr mənəvi-əxlaqi dəyərlər kimi” , “ABŞ-da asudə vaxt”, “İngiltərə və Fransada mədəni fəaliyyətin təşkili”, “Turizmin əsasları”, “Xarici ölkələrdə mədəni fəaliyyətin təşkili” və s.) və 200-dən çox elmi məqalə, metodik tövsiyə və göstərişlərin müəllifidir. “XX əsrin gənc alimidiplomuna layiq görülmüşdür.

Müasir cəmiyyətin inkişafında insanın kamil bir şəxsiyyət kimi formalaşmasında kulturologiya elminin böyük əhəmiyyəti vardır. Kulturologiya - ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin yaradılması, artırılması, qorunub gələcək nəsillərə ötürülməsini həyata keçirir. Bu elmi zamanın özü yaratmışdır. Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etika, estetika və. s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən keçirmişdir. Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir sahədir.

Kulturologiya müxtəlif cəmiyyətlərdə mədəni həyatı öyrənir və bununla da əsas mədəni-tarixi tiplərin nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm vəzifəsi qloballaşan müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir. Qeyd edək ki, kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı və daşıyıcıları, həmçinin mədəni hadisələr, proseslər və müəssisələrdir.

Kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir. Kulturologiya bir elm kimi XX əsrin əvvəllərində meydana gəlmişdir. Onun yaranmasında ABŞ alimi Lesli Uayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Uayt öz nəzəriyyəsini “Kulturologiya” adlandırmışdır. Lesli Uaytın bu elmi tədqiqatı “insan və mədəniyyət” anlayışlarını əhatə etdiyindən kulturologiya dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir.

Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır. Universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiyanın elmi mənası bundan ibarətdir ki, o, mədəniyyəti dərindən və hərtərəfli şəkildə öyrənir, onun məzmun və mahiyyətini üzə çıxarır, hansı səviyyələrdə və formalarda mövcud olduğunu müəyyən edir.
   Kulturologiya dünyada gedən prosesləri, həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılmasını, inkişaf etdirilməsini və gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir vəzifə kimi qoyur. Kulturologiya həm də müxtəlif sivilizasiyaların biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala, ətraf mühitə və s. amillərlə qarşılıqlı əlaqəsini araşdırır və onun inkişaf meyillərini öyrənir. Bu baxımdan informasiya-kommunikasiya və rəqəmsal texnologiyaların tətbiqi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdəki mədəniyyət sənayesinin təşəkkülü kulturoloji prosesləri qloballaşan dünyada ön plana çəkir. Dünyada gedən bu tendensiyalardan baş çıxara bilən kultoroloq kadrların hazırlanması ölkəmiz üçün böyük aktuallıq kəsb edir.

Kulturologiya bəşəriyyətin min illərlə yığıb saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və gələcək nəsillərə çatdırdığı mənəvi sərvətlərin və dəyərlərin öyrənilməsi və mənimsənilməsi üsulları haqqında bir elm olub, bu mənəvi dəyərlərin quruluşu, ondan istifadə olunması, inkişafı, fəaliyyəti və. s. məsələləri öyrənir. Bu gün insan tərəfindən mədəniyyət fenomeninin kəşfi, onun mexanizminin açılması, cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsini tələb edir. Bu həm də insanın özünün cəmiyyətdəki yerinin və rolunun müəyyən edilməsinə, bir mədəniyyətin digərindən fərqlənməsinə kömək edir. Kulturologiya insanın mənəvi aləmini, şəxsiyyətin müəyyən sosio-kultur rolunu, insanın mədəni təkmilləşməsi, həyat tərzini, mentalitetini, əxlaqi-mənəvi keyfiyyətlərini və dəyərlərini, insanla elmin qarşılıqlı münasibətini və. s. öyrənir. Bu mənada qloballaşan dünyada kulturologiya Azərbaycan cəmiyyəti üçün olduqca lazımlı bir elmdir. Bu elm mövcud cəmiyyətdə yeridilən mədəniyyət siyasətinin əsas prioritetlərini müəyyən edir. Lakin çox təəssüflər olsun ki, “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 saylı qərarında ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısının mədəniyyət və incəsənət ixtisasları bölümündən 21 ixtisasdan mədəniyyətə aid yalnız bir ixtisas - “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası təsdiq edilmişdir. Cəmiyyət üçün zəruriliyi son dərəcə vacib olan kulturologiya ixtisası isə diqqətdən kənarda qalmış, bölümə salınmamışdır. Mədəniyyət sahəsi üçün prioritet olan kulturologiya ixtisası isə bu gün bəşəriyyətin min illərlə yığıb saxladığı, zənginləşdirdiyi və gələcək nəsillərə layiqli səviyyədə çatdırdığı mənəvi sərvətlər toplusudur ki, bu toplunu qorumağa isə biz hamımız borcluyuq. Bu gün kulturoloq kadrların hazırlanmasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinin müstəsna xidmətləri vardır. Bu fakültədə böyük elmi potensiala malik kulturologiya elmləri doktorları, elmlər namizədləri, professor-müəllim heyəti fəaliyyət göstərir. Fakültədə mədəniyyətin inkişafında böyük xidməti olan tətbiqi kulturologiya və mədəniyyətşünaslıq kafedraları vardır. Bu kafedralar kulturologiya sahəsi üzrə həm bakalavr, həm də magistr pillələrində mütəxəssis hazırlığı aparır. Universitetimizdə bu sahədə respublikamızın görkəmli pedaqoq və alimləri tərəfindən fundamental elmi-tədqiqat işləri, çoxlu sayda unikal dərslik və dərs vəsaitləri, monoqrafiyalar, metodiki göstərişlər, elmi məcmuələr, proqramlar hazırlanıb çap edilmişdir. Bunlardan “Kulturologiya”, “Tətbiqi kulturologiya”, “Sosial kulturologiya”, “Diferensial kulturologiya”, “Müqayisəli kulturologiya”, “Mədəniyyət tarixi və nəzəriyyəsi”, “Beynəlxalq mədəni əlaqələr”, “Xarici mədəniyyətşünaslıq”, “Bədii xalq yaradıcılığı”, “Kulturologiya və onun əsas istiqamətləri”, “Milli adət və ənənələr”, “Xarici ölkələrdə mədəni fəaliyyətin təşkili”, “Turizmin əsasları”, “Uşaq və yeniyetmələrlə mədəni fəaliyyətin təşkili”, “Dünya muzeyləri və tarixi mədəniyyət abidələri”, “Mədəniyyət dünyası” adlı elmi-nəzəri məcmuə və s. xüsusi qeyd etmək olar. Eyni zamanda universitetimizin xarici, qabaqcıl, bədii təmayüllü ali məktəbləri ilə bağladığı müqavilələrdə kulturologiya sahəsində beynəlxalq elmi-nəzəri konfransların və simpoziumların keçirilməsi, müəllim və tələbə kontingentinin mübadiləsinin aparılması əsas prioritet kimi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, mədəniyyətə ən layiqli qiyməti məhz ümummilli lider Heydər Əliyev vermişdir. Ümummilli lider mədəniyyəti yüksək qiymətləndirərək demişdir: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərin ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

Kulturologiya insanşünaslığa xidmət edən və qloballaşan dünyada cəmiyyətimizin gələcək inkişafı üçün son dərəcə aktual olan elmlərdən ən vacibidir. Son illərdə respublikamızda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən kulturologiya üzrə forumlar, həmçinin dövlət tərəfindən verilən fəxri adlar, qəbul edilən mədəniyyət qanunu və konsepsiyaları, qlobal layihələrin həyata keçirilməsi, Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin Bakıda bir araya gəlib beynəlxalq konfransda iştirak etməsi bu elmin əhatə dairəsini genişləndirir, kulturologiyanın prioritet sahələrdən biri olmasını bir daha təsdiqləyir.

Kulturologiya sahəsində dövlətin və cəmiyyətin qarşıya qoyduğu vəzifələri müvəffəqiyyətlə həyata keçirən yüksək ixtisaslı kadrların hazırlanmasında ADMİU-nun rolu əvəzsizdir. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın qərarı ilə ADMİU-da kulturologiya üzrə həm namizədlik, həm doktorluq müdafiə şurası fəaliyyət göstərir.Kulturologiya elminin inkişafı və təşəkkülündə, xarici ölkələrin ali məktəbləri ilə müştərək müqavilələrin bağlanmasında, beynəlxalq əməkdaşlıq və mədəni əlaqələrin yaradılmasında ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyevin xidmətlərini xüsusi qeyd etmək olar. Göstərilən bu faktlar kulturologiya ixtisasının respublikamız üçün son dərəcə zəruri olduğunu bir daha təsdiq edir və respublikamızın dövlət maraqlarına və həmçinin ümummilli lider Heydər Əliyevin qoyduğu ənənələrə tam cavab verir.

 

 

İlqar Hüseynov,

ADMIU-nun tətbiqi

kulturologiya kafedrasının

müdiri, kulturologiya

elmləri doktoru

 

Mədəniyyət.- 2009.- 13 fevral.- S. 5.