Teatrın müqəddəsliyini
gənclər də qoruyur
Ramil Qasımov: «İstəyirəm
şou-biznes kimi, teatr sənəti də inkişaf etsin»
Müsahibimiz bu yaxınlarda Gənclər və
İdman Nazirliyinin 2008-ci ildə teatr sahəsində
qazandığı uğurlarına görə mükafata
layiq görülən, Musiqili Komediya Teatrının
istedadlı gənc aktyor-vokalçı Ramil Qasımovdur.
Ramil Qasımov
1984-cü ildə Bakı şəhərində anadan olub. 1995-ci
ildə Bakı şəhəri üzrə keçirilmiş
məktəblərarası müsabiqənin diplomantı,
1996-cı ildə “Pöhrə”, 1999-cu ildə isə Respublika
Gənc Vokalçılar müsabiqəsinin qalibi, 2001-ci ildə
hərbi-vətənpərvərlik mahnısına görə
ilin vətənpərvər ifaçısı adını
qazanıb. 2005-ci ildə Mədəniyyət və İncəsənət
Universitetində “solo oxuma” ixtisası üzrə kamera və
opera müğənnisi ixtisasına yiyələnib. 1999-cu ildən
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
çalışır. Teatrın səhnəsində
“Qızıl toy” (Azər), “Bir saatlıq xəlifəlik”
(Malik), “Hələlik” (Mürsəl), “O olmasın, bu olsun” (Sərvər),
”Qısqanc ürəklər” (Telman), “Şeytanın taleyi”
(Akif), “Milyonçunun dilənçi oğlu” (Yetim), “Aldın
payını, çağır dayını”
tamaşalarında uğurla çıxış edib. Hazırda
isə dünya klassikasından İ.Kalmanın “İddialı
qaraçı” əsərində Pali Rac rolu üzərində
işləyir.
- Öncə sizi mükafat almağınız münasibəti
ilə təbrik edirik. Gözləyirdinizmi?
- Qətiyyən. Amma
çox sevindim. Təqdimat Teatr Xadimləri
İttifaqından gedib. Ona görə başda Azərpaşa Nemətov
olmaqla hamıya dərin təşəkkürümü
bildirirəm. Bundan başqa, Səbail
rayonunda təşkilati işlərimə görə də
mükafat almışam.
- Səhnə fəaliyyətinə nə vaxt
başlamısınız?
- On bir yaşım var idi. “Bəxtiyar” filminə baxdıqdan sonra məndə
M.Müşfiq adına 18 saylı orta məktəbin
özfəaliyyət xorunda oxumağa həvəs yarandı. Musiqi müəlliməm Şəfiqə Həsənova
səsimin fərqliliyini görüb mənə solo oxumağı
təklif etdi. Bir gün dostum,
adaşım Ramil məni Dövlət Uşaq
Filarmoniyasında vokal müəllliminin yanına apardı.
Onu görəndə gözlərimə
inanmadım. Bu Mobil Əhmədov idi.
O, səsimə qulaq asıb bəyəndi və 15
yaşımda Musiqili Komediya Teatrına solist düzəltdi. İlk rolum “Qızıl toy” tamaşasında Azər
oldu.
- Bildiyim qədər, ixtisasca vokalçısınız,
amma teatrda çalışırsınız. Sizin
yaşıdlarınızın çoxu isə şou-biznesdə
məşhurlaşmaq haqda düşünür.
- Düz deyirsiniz, mən
əslində vokalçıyam, artist deyiləm. Amma teatr sənət
ocağıdır. 15 yaşımdan səhnədəyəm. Mənim
üçün səhnə müqəddəs yerdir. Səhnəni,
onun pərdələrini, qoxusunu sevirəm. Nə qədər
ictimai fəaliyyətim artsa da, səhnəyə
çıxıb Koroğlunun ariyasını ifa edəndə
və tamaşaçını özümə cəlb edəndə,
sevinirəm. Bu hissi heç nəyə dəyişmərəm.
Səmimi deyim, bir ara ruh düşkünlüyünə
qapılmışdım. Çox uzağa getməyəcəm...ötən
həftənin bazar günü “Milyonçunun dilənçi
oğlu” əsərini oynayırdım. Tamaşa vaxtı
öz ifama vuruldum. Bu məndə çox nadir hallarda baş
verir. Çünki özümə qarşı daha çox
mühafizəkaram. Mən həmin ifamın
qarşılığında tamam başqa reaksiya gözləyirdim.
Amma tamaşaçılar sanki candərdi əl
çaldılar. Teatr axı canlı sənətdir. Burada tək
mənə yox, Süleyman Ələsgərovun ruhuna,
tamaşaya əl çalırlar.
Bilirsinizmi, mən də
şou-biznesə gedə bilərəm, amma Ramiz Mirişli ilə
bir- iki estrada mahnısı yazmışam. Amma mənim ən
ümdə məqsədim milli musiqini qorumaq, milli vokal
antologiyasını yaratmaqdır. Bu yaxınlarda vətənpərvərlik
mahnılarından ibarət albomum işıq üzü
görəcək. Mən vətənpərvər insanam. Vətənimi,
millətimi sevirəm.
Uzun müddət radioda
“Klassik musiqi xəzinəmizdən” adlı verilişin müəllifi
və aparıcısı olmuşam. Bu illər ərzində
Azərbaycan mədəniyyətinin simalarını təbliğ
etmişəm. Amma deyə bilərsiniz ki, gündəmdə
yoxam. Bəli gündəmdə yoxam, çünki efirə
çıxmaq üçün kanallar məndən pul istəyir.
Özü də mən tək deyiləm, mənim kimi nezə
istedadlı gənclər var - Samir Cəfərov, Ülvi
Qılınc, Fərid Əliyev, Zaur Əmiraslanov və
başqaları.
Rusiyada vokal sənəti
də inkişaf edir, şou-biznes də, caz da və s. Amma bizdə
ancaq şou-biznes. Şou-biznes çiçəkləndiyi
kimi teatr sənəti də inkişaf etməlidir.
- Belə başa düşdüm ki, ruh
düşkünlüyünüz hələ də davam
edir...
- Yox, teatrımızda
yaradıcı heyət üçün hər cür şərait
yaradılıb. Teatrımız tez-tez xarici səfərlərdə
Azərbaycan mədəniyyətini təmsil edir. Bu
yaxınlarda teatrımız Yekaterinburqda təşkil olunan
“Dünya operettası bu gün” adlı festivaldan
qayıdıb. İnarə Babayeva ilə Üzeyir Hacıbəyovun
“O olmasın, bu olsun” tamaşasından Sərvərlə
Gülnazın bir partiyasını ifa etdik. Çıxışlarımızı
böyük rəğbətlə qarşıladılar.
- Teatr əlindən gələni edirsə,
çatışmayan nədir?
- Təbliğat
güclü olmalıdır. Efirdə teatrların pulsuz
anonsları getməlidir. Teleradio Şurasının buna nəzarəti
olmalıdır. Hər gün efirdə şou-biznes
adamlarını görən tamaşaçı əlbəttə
ki, özünün dahi sənətkarlarını
Ü.Hacıbəyovu, R.Behbudovu və b. tanımayacaqlar. Gənc
nəsil mədəniyyətimizin sütünlarından xəbərsiz
böyüyəcək. Mən həm də teatrda vokal müəllimi
işləyirəm. Çox istəyirəm ki, tələbələrim
Bülbül məktəbinin layiqli davamçıları
olsunlar. Bir şeyə təəssüflənirəm ki, musiqi
mərkəzlərində təhsil alan tələbələrin
repertuarında Avropa bəstəkarlarının əsərlərinin
hamısı var. Nəyə görə dünya səviyyəli
vokalçıların repertuarında Üzeyir Hacıbəylinin,
Fikrət Əmirovun musiqiləri yer almasın? Deməli, biz hələ
layiqincə musiqilərimizi təbliğ etmirik.
- Yəqin arzusunda olduğun obraz var...
- Opera və Balet
Teatrında Koroğlunu, Musiqili Komediya Teatrında isə Şəfiqə
Axundovanın “Ev bizim, sirr bizim” operettasında oynamaq istəyirəm.
- Opera Balet Teatrı
demişkən, sizi ora dəvət etməyiblər ki?
- Hələ ki, yox. Amma
düzünü desəm, daha ürəyim sınıb.
- Musiqidən, teatr məşqlərindən, təşkilati
işlərdən vaxt tapanda nəylə məşğul
olursunuz?
- Mütaliə etməyi
sevirəm, bir az rəssamlığım da var. Hərdən
bir də tələbələrimlə oturub diskussiya edirik.
Aylin
Mədəniyyət.- 2009.- 13 fevral.- S. 7.