Baltikyanı ölkədə ilk özəl kukla teatrı

 

Estoniyalı uşaqlar Azərbaycan nağıllarının heyranıdır

 

Ölkəmizin sınırlarından uzaqlarda yaşayan soydaşlarımızın Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği ilə bağlı gördüyü işlər böyük dəyərə, alqışa layiqdir. Mədəniyyətlərin qovuşması, incəsənətin müxtəlif sahələrinin sintezi tarixiliyin, milliliyin qorunması prinsiplərinə əsaslananda daha uğurlu alınır.

Təbii ki, bu sahədə əsas ağırlıq Azərbaycan mədəniyyətinin daşıyıcıları olan sənət, söz adamlarının, onlara hər zaman dəstək verən Mədəniyyət və Turizm Nazirliyinin üzərinə düşür. Odur ki, ayrı-ayrı sənət, peşə adamlarının bu sahədə fəaliyyəti barədə xoş söz eşidəndə adam qürur hissi keçirir. Üstəlik, xarici ölkələrdə yaşayan soydaşlarımızın daxili tələbatdan qaynaqlanan uğurları barədə soraqlar bu hissi bir qədər də dərinləşdirir.

Bu baxımdan 30 ilə yaxındır ki, Estoniyanın paytaxtı Tallinn şəhərində yaşayan həmyerlimiz, mərhum aktyorumuz Muxtar Avşarovun oğlu Rauf Avşarovun fəaliyyəti alqışa layiqdir. Rauf müəllim heç bir təmənna ummadan, dəstək, yardım gözləmədən Azərbaycan və dünya nağılları əsasında hazırlanmış kukla teatr tamaşaları ilə Baltikyanı ölkələrin kiçik yaşlı sakinlərinə xidmət edir. Bu, həm də Azərbaycan ədəbiyyatının, teatrının, bütünlükdə incəsənətimizin təbliği deməkdir.

Rauf Avşarov Gəncə şəhərində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun məzunudur. O, Baltikyanı ölkələrdə ilk özəl kukla teatrının yaradıcı, direktoru, bədii rəhbəri, rəssamı, aktyorudur. Teatr «Dream fabrik» adlanır. Dilimizə tərcümə olunanda «Arzu fabriki» anlamını verir. Əlbəttə, uzaq, yad məmləkətdə teatr açmaq, öz qüvvən hesabına onu araya-ərsəyə gətirmək, uzun müddət yaşatmaq çox çətindir. Amma Rauf müəllim «bu işdən xüsusi zövq aldığını, tallinli uşaqların heyrətini, təbəssümünü, qəhqəhəsini görəndə sevindiyini»-deyir.

Bu gözəl teatr tək Estoniyada deyil, Latviyada, Litvada yaşayan uşaqların dünya mədəniyyətlərilə tanış olmaq arzusuna qovuşduğu sirli-sehrli məkandır. Qonşu respublikalardan Tallinnə gələnlər şöhrəti çoxlarına bəlli «Dream fabrik» kukla teatrına baş çəkməkdən, atalar-analar övladlarını möcüzəri «Azərbaycan dünyası» ilə tanış etməkdən ayrıca zövq alırlar. Teatrın repertuarına sevilən nağıllar əsasında hazırlanmış tamaşalarla yanaşı, dramaturqların xüsusi olaraq «Dream fabrik» üçün yazdıqları əsərlər də daxildir. Bəzi nağılları, hekayələri Rauf müəllim özü səhnələşdirir, eston dilinə tərcümə edir. Tamaşaların, o tamaşalardakı obrazların sayı çoxdur. Hər obraza uyğun kukla tapmaq, kuklaların dizaynında müxtəlif xalqlara xas milli elementləri əks etdirmək bir qədər çətindir. Böyük zəhmət, xərc tələb edir. Bu işdə Rauf müəllimə estoniyalı dostları, orda yaşayan soydaşlarımız, eləcə də Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyi yaxından kömək edir.

Tamaşalardakı kişi obrazlarını Rauf Avşarov, qadın obrazlarını onun həyat yoldaşı Xatirə Avşarova canlandırır. Xatirə xanım Azərbaycan dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib. Sumqayıt Dövlət Universitetində müəllim işləyib. 10 ildir Tallinn şəhərində yaşayır. Tallinndə yaşayan azərbaycanlı uşaqlar uçün açılmış «Bazar günü» məktəbində dərs deyir, eyni zamanda «Dream fabrik» kukla teatrında çalışır. Dərs dediyi uşaqların istedadına, aktyorluq qabiliyyətinə yaxşı bələddir. Həvəsi olanlara teatr tamaşalarında kiçik rollar tapşırır, bəzən onların yerli eston dostlarını da bu işə qoşur.

Tallinnli uşaqlar yaxşı bilirlər, hər həftə teatrda gözəl tamaşalar oynanılır, repertuar tez-tez təzələnir. Amma ən çox tamaşaçı axını mart ayında olur. Çünki martda teatrın yaradıcı kollektivi mütləq gözəl bir Novruz tamaşası hazırlayır. Milli adət-ənənələrimiz, musiqilərimiz, xalq mahnıları, xalq oyunları nağıl qəhrəmanlarının dilində gözəl səslənir. Üstəlik tamaşaçılara Bakıdan göndərilmiş hədiyyələr-səməni, şəkərbura, paxlava, qoğal da paylanır. Onda az qala bütün Tallinn «Dream fabrik»ə axışır.

Rauf müəllim deyir ki, «Bura bizim üçün Azərbaycanımızın bir parçasıdır». Hərdən öz uşaqlarımız üçün doğma dilimizdə tamaşalar verəndə uşaqlardan çox valideynlər maraq göstərirlər. «Arzu fabrik»i bizi vətənlə bağlı arzulara qovuşdurur. Biz burdan Azərbaycanın ətrini alır, Baltik ölkələrində Azərbaycan mədəniyyətini təmsil və təbliğ etməkdən şərəf duyuruq».

 

 

Fimar

 

Mədəniyyət.- 2009.- 13 fevral.- S. 7.