Ürəklərə işləyən
səs
S.İmanova: ”Mən
ifamı bəyənənlərə təşəkkür, bəyənməyənlərdən üzrxahlıq
edirəm”..
Simarə xanımın ifa səsi nə qədər
zildirsə, danışıq səs-səmiri o qədər bəmdi.
Mahnı-muğam avazı “yeddi oba o yan”lıqdan eşidilən
bu qızın söhbət-sədası bir addımlıqdan
da mənzillənmir qulaqda. Xüsusilə müsahibə nitqi.
Bunun səbəbini də soruşduq sorğu zamanı, o isəkonkret
cavab əvəzinə, bir gün bizim “günümüzə”
saldığı bir şəfqət bacısı haqda
söhbət açdı...
- Simarə xanım, ifaçılıqda ilk söz
musiqinin, qəzetçilikdə isə elə sözün
özünündür. İndi deyin görək, oxucuların
sevə-sevə dinlədiyi bu Simarə xanım İmanova
kimdir?
- Əvvəla, məni
yad etdiyinizə görə təşəkkür edirəm. Qaldı
kimliyim, - mən 1976-cı ildə İmişli rayonunun Əliqulular
kəndində anadan olmuşam. Sonra orta məktəb, daha sonra
Bakı - Asəf Zeynallı adına Musiqi Məktəbi. Vəssalam.
- Hələ “südtamam” da var. “niyyətin hara, mənzilin
ora” “marşrutu” üzrə davam edin. Sizi sənət aləminə
səsiniz gətirdi, ya həvəsiniz?
- Anamın təsiri ilə
musiqiyə böyük maraq yaranmışdı məndə. Bu
səs də mənə elə ana tərəfdən
keçib; ustad Yaqub Məmmədov anamın yaxın qohumudur.
Məktəb
vaxtlarından konsertlərdə, mədəni tədbirlərdə
iştirak etməyə həvəsim olub.
Üçüncü sinifdəykən, necə deyərlər,
adım qulağıma dəyib.
- Haçan, hansı məqamda hiss etdiniz ki, gələcəkdə
muğam ifaçısı olacaqsınız?
- Müəllimlərimdən
bir neçəsinin səsimə verdikləri “5”lərdən
sonra qərara aldım bunu. O şifahi “5”lər içimdə
bir səs yaratmışdı. “Sən müğənni
olacaqsan, Simarə!”
- O qaibanə səs hansı muğam üstdə deyirdi
bu sözləri?..
- O cür həzin
pıçıltıları, kövrək
ismarışları «Segah» edər, əlbəttə...Bilirsiz,
valideynlərim razı deyildilər mənim bu sənətə
yönəlməyimə. Onlar məni həkim kimi görmək
istəyirdilər. Lakin mən sənədlərimi gizlincə
A.Zeynallı adına Musiqi Kollecinə verdim. Baxmayaraq ki,
yüksək bal toplamışdım - mən konservatoriyaya da
qəbul oluna bilərdim Mədəniyyət və İncəsənət
Universitetinə də.
Nədən ki istəyirdim
muğamı sıfırdan başlayıb öyrənim. Kollecdə
muğam müəllimim böyük sənətkarımız,
xalq artisti Ağaxan Abdullayev idi. Mən muğamları onun sayəsində
öyrənib oxuyurdum. Birinci kursdaykən düzənlənən
müəllim-tələbə konsertində mənim
adımı da siyahıya Ağaxan müəllim
yazmışdı.
- Deyəsən, xaricə qastrol səfərlərinə
də erkən yaşlardan başlamısız?
- Mənim ilk səfərim
1995-ci ildə Paris şəhərinə olub. O da müəllim-tələbə formatlı
konsert idi. Peşəkar səhnəyə ilk addımlarımda xalq artisti Zamiq Əliyevin
də çox böyük köməkliyi
olub. Biz o vaxt dünya sənət “kəşfiyyatımızla”
Parisi də fəth etdik.
- Bütün ifaçılar tez-tez belə bir trafaret
sualla da qarşılaşırlar: «Ən çox hansı
muğamı, hansı mahnını sevirsiz?»
- Muğamları, xalq
mahnılarını bir-birindən ayırmaq çətindir,
daha doğrusu, insafsızlıqdı. Hərəsinin
özünəməxsus gözəlliyi var. Nəsildən-nəslə
keçən xalq mahnılarımıza,
muğamlarımıza hərə yeni bir nəfəs gətirir.
- Hərə «bir nəfəs» sözünüz məndə
«növbətçi» bir sual doğurdu: bugünkü gəncliyimiz
bu qədər çalıb-oxumağa ki meyillidir, sabah ölkəmiz
intellektləşmədən qopub müğənniləşmə
təhlükəsilə üzləşməzmi?
- Bəli, hamı deyir
kaş mən də müğənni olaydım; səsi,
qabiliyyəti olan da, olmayan da. “Kaş gözəl səsim
olaydı” başqa sözdü, “kaş müğənni
olaydım” başqa. Kaş hərbçi olaydım,
inşaatçı, rəssam, ixtiraçı və s. olmaq
istəyən çox azdı. Heç kim Koroğluya
oxşamaq istəmir. İndi mənəm-mənəmlik,
özünü öyha-öylük baş alıb gedir.
- Və bu qarmaqarışıqlıqda daha çox əsl
sənət və sənətkarlar itirir...
- Əlbəttə. Hələ
yaxşı ki, əsl sənət və sənətkarların
hamisi tapıldı! YUNESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyeva müdrik xalq sənətimizin məna-mayasına,
muğamımıza , bu təkrarsız irsimizin
davamçılarına böyük qayğı göstərir.
Hazırda mən Mədəniyyət və İncəsənət
Universitetində muğamdan dərs deyirəm. Görürəm
ki, muğamımıza xüsusi bir hörmət-izzət
yaranıb, anlaşıqlı bir axın yaranıb. Amma bəzi
valideynlər bu ciddi məsələyə gərəyincə
yanaşmırlar: səsi oldu olmadı, istəyirlər ki,
övladları oxusun, «məşhur olsun». Belələri
düşünmür ki, hər hansı miyanə bir müəllimin
saqqalı altından keçirdiyi o övladı
xalqının zövq imtahanından çıxa biləcəkmi?
Allah vergisi, istedad ayrı şeydi. Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın sənətimizin
inkişafı naminə hədəflərində
«istedadlıya kömək etmək lazımdır,
istedadsızlar özlərinə onsuz da yol tapacaqlar»- deyimi
çox aydın sezilir. Bilirsiz, yaxşı səs, avaz,
istedadlı ifa eşidən neçə-neçə oğul
Qarabağa bir az da ürəknən, qəlbnən gedər. Özünü
Vətən yolunda fəda edar. Səslər var ruh gətirər,
səslər var - ah. Məsələn, Bülbülü, Rəşid
Behbudovu eşidəndə adamın yadına öz yarı ilə
bahəm, şal-şəlaləli, çeşməli-bulaqlı,
dağlı-aranlı Vətən sevgisi də
düşür!..
- Bir vaxt cəbhənin Füzuli səmtindən yaralı
bir əsgər sizin “Yar bu gecə, bu gecə” mahnınızla
sağaldığını yazıb. Sizin həkimliyiniz də
var?
- Sualınız həm
də cavab kimi səsləndiyindən susmağa üstünlük
verirəm.
- Hansı muğamda özünüzü daha rahat, daha
gümrah, belə demək mümkünsə, daha vətəndaş
hiss edirsiniz?
- Ümumiyyətlə,
özümə qulaq asmaqdan xoşum gəlmir. Amma
saf-çürük etmək üçün hərdən
özüm də özümün tamaşaçım, dinləyicim
olur və görürəm ki, «Segah»... Bu muğam
yaxşı günlərimi də, çətin günlərimi
də yada salır.
- İndi mənim sualım sənətçi Simarə
İmanovaya yox, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin müəllimi Simarə
İmanovayadır. Əksər marşrut avtobuslarında Mir
Möhsüm Ağanın şəkli, əksər
ifaçılarımızın sevgi «menyu»sunda «Segah»... Nədən
Azərbaycan xalqı bədbinliyə, ağlamağa, zəlil-əlilliyə
bu qədər meyillidir?
- Mən bu suala belə cavab verərdim: birincisi, uşaqlıqda analarımız bizə laylanı «Segah» üstündə deyir. Yəni bu həzinlik bizim qanımıza elə körpəlikdən hopur. Bəlkə elə buna görə, bizim millət bu qədər gövrəkdir. Məncə, əgər ana ona döyüşkənlik ruhunda layla çalsaydı, bəlkə uşaqlar valideynə bu qədər hörmətlə yanaşmazdı. O uşağın içində tamam başqa ruh yaranar, başqa ruhda böyüyərdi. Avropada uşaq tərbiyəsi tamam başqadır. Müəyyən yaşdan sonra valideyn ona söz deyə bilməz. Bizdə isə elə deyil, böyük-kiçik yeri bilinir.
- Bəs dost-düşmən
yerini də bilirikmi? Fərqinə varaq ki, bir vaxt başqa
motivlərdə böyüyən
Avropa uşaqları indi daha böyük
işlər görür,
“layla” ilə böyüyənləri İnternet
və s. “knopkalarla” idarə edirlər.
-Bilirsiz, bu mövzu haqda
illərlə, aylarla danışmaq olar. Bizim peyğəmbərimiz
deyib ki, beşikdən qəbir evinə kimi oxumaq
lazımdır. Əgər insanın savadı olarsa,
bütün mərhələləri keçə bilər. Bu
gün bizim uşaqların savadlı böyümələri
elə hər şey deməkdir.
- Siz həm sənətçi, həm ana, həm də
müəllimsiniz. Pərəstişkarlarınızın,
övladlarınızın, tələbələrinizin
zövq, mərifət və intellektual tərbiyəsində
bayaqdan toxunduğumuz elementlərdən xilas yolunu nədə
görürsünüz?
- Övladlarıma da, tələbələrimə
də deyirəm ki, layiq olduğunuz işin qulpundan
yapışın, layiq olduğunuz məsələdə sonadək
gedin, çalışın. İstedada da körpə
uşaq kimi baxın. Onu düzgün yönəltməsən,
sənin üçün əngələ çevriləcək.
Valideyn uşağı necə yönəldirsə, o da elə
gedir: düz yönəltsən düz, əyri yönəltsən
əyri.
- Bu qədər gur səsi olan müsahibim niyə bu qədər
bəm danışır?
- Bu sualı mənə
bir-neçə il əvvəl xəstəxanada yatarkən bir
tibb bacısı da vermişdi. “Oxuyanda o nə gurultu,
danışanda bu nə pıçıltı?!”-demişdi.
- Nə cavab vermişdiniz?
- Demişdim
orda muğənniyəm,
burda qadın...
- Son sözünüz..
- Mənim ilk
sözüm də, son sözüm də ümummilli liderimiz
Heydər Əliyevə alqış olub həmişə. Mənim
bu sənətdə xeyir-duamı ulu öndərimiz verib.
- Hansı məqamda?
- Bir zaman dedilər ki, gənclər
prezidentin qarşısında çıxış etməlidirlər.
Mən də çıxış etdim. Birinci dəfə H.Əliyev
orada dedi ki, sənin yaxşı səsin, istedadın
var.1997-ci ildə Özbəkistanın “Səmərqənd”
şəhərində 46 ölkənin iştirak etdiyi “Şərq
təranələri” festivalı keçirilirdi. Hər ölkə
öz folklorunu nümayiş etdirirdi. Orada mən “Qran-pri”
mükafatı qazandım. Oradan qayıdanda mənim 19
yaşım tamam olurdu. H.Əliyev bizi qəbul edəndə
dedi: “Mən bilirdim ki, sən birinci yeri yox, məhz “Qran-pri”ni
qazanacaqsan. Nə xoşdur ki, Azərbaycan muğamı bu
mükafata layiq görüldü!”
- Söhbətimizin bu məqamında nə
ovqatdasınız, bax bu an oxucularımız üçün
hansı muğamı oxuyardınız?
-
“Mirzə Hüseyn segahı”nı oxuyardım.
- Yenə “Segah”?..
- Hə. Sonra da
“Heyratı”.
- Gəlin elə “Heyratı” üstündə
sağollaşaq.
T.Abbaslı
Mədəniyyət.-
2009.- 13 fevral.- S.8.