İnsanlıq və humanizm
Bir dəfə qədim dövrün “əxlaq peyğəmbəri”
hesab edilən Sokratdan soruşdular: İnsanda ən çox nəyi
qiymətləndirirsiniz? Filosof tərəddüd etmədən
cavab verir: İnsanlığı. Bəs insanlıq dedikdə
nəyi başa düşmək olar? - sualına isə
mütəfəkkir: - İnsana layiq olan keyfiyyətləri -
deyə cavab vermişdir.
Bəli, insanlıq bəşəriyyətin
əxlaqi sərvətlərinin qızıl fondunu təşkil
edir. İnsan cəmiyyətinin yarandığı ilk gündən
başlayaraq dövrümüzə qədər bu fond daim zənginləşmiş
və zənginləşməkdə davam edir.
İndi insanların
insanlığa və xeyirxahlığa olan ehtiyacı daha
aktual məna kəsb edir. Başqa sözlə desək, indiki
bəşəriyyət üçün ən zəruri
islahat məhz insanlıq və xeyirxahlıq islahatıdır.
Xeyirxahlıq əxlaqi sərvətlərin əsası və
insanların birgə yaşayışının təməl
daşıdır. İnsanlara yaxşılıq etməyə
çalışmaq, onlarla münasibətdə xeyirxah olmaq
insanlığın ən vacib şərtidir. İnsanlıq
və humanizm prinsipi ailə tərbiyəsinin və ictimai tərbiyənin
bütün sisteminin əsasını təşkil edir. İnsanlıqla
humanizm “qohum” məfhumlardır. Humanizm latınca “insanpərvər”,
“insanı fərqləndirən” mənasını verən
“humanus” sözündəndir.
Humanizm nəcib prinsiplərin
təkcə ictimai səhnədə gözlənilməsi ilə
kifayətlənməklə qalmır. Humanizm məsələləri
həm də hər bir adamın fərdi həyat amalı olmalıdır.
Humanist olmaq-adamları sevmək, onların ləyaqətinə
hörmət etmək deməkdir. Əsl humanist idealların həyata
keçirilməsi üçün insana quru söz, sentimental
coşqunluq gərək deyildir. Bunun üçün əməli
iş görmək, məhrumiyyətlərə tab gətirmək,
gələcək naminə bu günü qurban vermək kimi mərdlik
nümunəsi göstərmək lazımdır.
İnsanlıq və
humanizm prinsiplərinə xidmət edən xeyirxah əməllərə
çox şahid olmuşuq. Yadımızdadır, 1998-ci il
fevralın 10-da Azərbaycanda ölüm hökmü cəzasının
birdəfəlik ləğvi ulu öndər Heydər Əliyevin
yüksək humanizminin və mərhəmətinin nəticəsində
mümkün olmuşdur. Sonrakı illərdə də
prezident fərmanı ilə yüzlərlə məhbus əfv
edilmiş, sağlam həyat fəaliyyətinə
başlamışdır.
Məlumdur ki, humanizm
prinsiplərinə söykənən Heydər Əliyev Fondu
da bu gün kimsəsiz, köməyə ehtiyacı olan
insanların maddi-mənəvi hamisi kimi çıxış
edir. Fondun prezidenti YUNESKO və İSESKO-nun xoş məramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyeva
insanların himayədarı, onların yaxın
qayğıkeşi kimi çıxış edir, xeyirxahlıq
nümunəsi göstərir. Bu fonda üz tutan hər bir vətəndaşın
müraciətinə həssas münasibət bəslənilir,
onların problemlərinin həllinə yardım göstərilir.
Fondun xətti ilə yeni məktəblər, səhiyyə
ocaqları, müxtəlif sosial binalar tikilir, kitablar nəşr
olunur, yeni layihələr həyata keçirilir. Yaxşı
xatırlayırıq, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın 2007-ci ilin may ayında amnistiya təşəbbüsü
ilə çıxış etməsi yüksək dərəcəli
və insanpərvərliyin əyani təcəssümü
idi. İrəli sürülən bu nəcib təşəbbüs
əsasında gerçəkləşən amnistiya aktı
yüzlərlə azərbaycanlı ailəsinə hədsiz
sevinc bəxş etmişdir. Əsl insan üçün ən
dəyərli xəzinə məhz başqalarına təmənnasız
olaraq yaxşılıq etmək bacarığıdır. Humanist,
xeyirxah insanların həyat amalı belədir.
Böyük Vətən
müharibəsinin ağır illərində Azərbaycan
ziyalılarının, vətəndaşlarının
xeyirxalılıq, insanpərvərlik və humanizmlə
müşayiət olunan hamilik səciyyəli əməllər
heç vaxt unudulmayacaq. II Dünya müharibəsi illərində
Üzeyir Hacıbəyovun rəhbərliyi altında 12 mindən
artıq hərbi-hamilik konserti təşkil olunmuşdu. Bülbül
əsgər uşaqlarına yardım üçün
Müdafiə Fonduna 200 min manat pul
köçürmüşdü. O vaxt Azərbaycan vətəndaşları
döyüşən əsgərlərə sovqat yola
salırdılar. Onlar qızıl-zinət əşyalarını,
yorğan-döşəklərinin yununu, pul vəsaitlərini
cəbhə üçün göndərirdilər. Azərbaycan
vətəndaşları Müdafiə Fonduna 15 kq
qızıl, 952 kq gümüş, 320 milyon rubl pul
vermişdilər.
Keçən əsrin
80-ci illərinin sonu və 90-ci illərin əvvəllərində
ölkəmizə erməni təcavüzü başlayanda
heç kəsin göstərişi və
çağırışı olmadan qız və gəlinlərimiz,
qeyrətli övladlarımız torpaqlarımızın geri
alınmasını təmin etmək və azğın erməni
faşizmi üzərində qələbəni
yaxınlaşdırmaq üçün Müdafiə Fonduna
pul vəsaiti, zinət əşyaları, qızıl məmulatları
verirdilər.
Qurban bayramı ərəfəsində
yüzlərlə vətəndaş humanist prinsiplərə
sadiq qalaraq, imkansızlara yardım etmiş, talassemiyalı
uşaqlara təmənnasız olaraq qan vermişlər.Yüzlərlə
xeyirxah insan imkansızlara əl tutur, qaçqın və məcburi
köçkünlərə maddi və mənəvi
yardım göstərir. Xeyriyyəçi insanlar məktəblər,
məscidlər tikdirir, yollar, körpülər salır, su
çəkdirirlər. Bütün bunlar humanizm, insanpərvərlik
nümunəsidir. Belə misalların sayını artırmaq
da olar.
İnsanlıq, humanizm,
hər şeydən əvvəl, insana qayğı, ona həssas
münasibət bəsləmək, insan ləyaqətinə
hörmət etmək deməkdir. Lakin bəşər tarixi bu
insanlığa zidd faktlar sarıdan da kasadlıq çəkmir.
Yaxın tarixə nəzər salaq: milyonlarla insanın həyatına
son qoyan, yüzlərlə şəhəri, minlərlə kəndi
viran qoyan sovet-alman müharibəsinin yaraları bu gün də
göynəməkdədir. Təəssüf ki, bəşəriyyət
tarixin ilkin çağlarından bu günümüzə qədər
- zaman-zaman qətllərə, qırğınlara,
insanlığa qarşı törədilmiş qanlı cinayətlərə
şahid olmuşdur. Elə son yüz ildə erməni
daşnaklarının azərbaycanlılara qarşı məqsədyönlü
və mütəşəkkil surətdə həyata
keçirdikləri qətliamları yada salaq, 1992-ci ilin
Xocalı faciəsini xatırlayaq.
Türk
xalqlarının düşməni, insanlıq adına ləkə
gətirən daşnak yazıçı Zori Balayanın
“Ruhumuzun canlanması” adlı kitabında yazdıqlarına
diqqət yetirək: “Biz Xaçaturla ələ
keçirdiyimiz evə girərkən əsgərlərimiz 13
yaşlı bir türk uşağını pəncərəyə
mismarlamışdılar. Türk uşağı çox
hay-küy salmasın deyə, Xaçatur uşağın
anasının kəsilmiş döşünü onun
ağzına soxdu. Daha sonra 13 yaşdakı türkün
başından, sinəsindən və qarnından dərisini
soydum. Saata baxdım, türk uşağı yeddi dəqiqə
sonra qan itirməkdən öldü. İlk sənətim həkimlik
olduğuna görə humanist idim, buna görə də
türk uşağına etdiklərimə görə ruhum
sevincdən qürurlanırdı. Xaçatur daha sonra
ölmüş türk uşağının cəsədini
hissə-hissə doğradı və türklə eyni kökdən
olan itlərə atdı. Axşam eyni şeyi daha üç
türk uşağına etdik”... Bax, budur vəhşi xislətli
dırnaqarası erməni humanizmi, erməni əxlaqı!
Əfsus ki,
insanlıqdan uzaq olan bədnam, qəddar,
işğalçı ermənilərin vəhşi hərəkətlərinə
Dünya Birliyi hələ də göz yumur. Bu isə nə
humanizm, nə də beynəlxalq hüquq prinsipləri ilə
bir araya sığmır.
...Humanist əməllər
insanın qəlbinə təsir edir, onu həlimləşdirir
və mülayimləşdirir. Əksinə olaraq, insan
özünə qarşı heç bir hörmət görmədikdə
o, daha da sərtləşir, özündə tənhalıq,
kimsəsizlik hiss edir. İnsanın naqis, əxlaqsız hərəkətlərinə
ətrafdakılar göz yumanda o, daha da vəhşiləşir,
bütün insani keyfiyyətlərini itirir. İnsanın
şəxsiyyətini düzgün qiymətləndirmək
onun qüvvə və imkanlarını artırır, ona həyat
eşqi verir. Özünə qarşı hörmət görən,
öz nöqsanlarını anlayan insan sahibi olduğu şərəf
və ləyaqətin mənasını daha dərindən dərk
edib qiymətləndirir və qoruyur.
Əgər insanda
yüksək mənəvi keyfiyyətləri inkişaf etdirmək,
onu əqidəli humanist kimi yetişdirmək istəyiriksə,
onda gərək “xeyirxahlıq əlifbasını” dərindən
mənimsəyək.
Canalı Mirzəliyev
Mədəniyyət.- 2009.- 13 fevral.- S. 10.