Məktəbimiz mədəniyyət
ocağıdır
Ölkə rəhbəri İlham Əliyevin sərəncamı
ilə 2009-cu il respublikamızda “Uşaq ili” elan olundu. Əlbəttə,
sərəncamla bağlı fikir və diqqətimiz bir daha
uşaq musiqi məktəblərinə, uşaq
bağçalarına və müxtəlif fiziki məhdudiyyətli
uşaq evlərinə yönəldi... Bugünlərdə isə
Tofiq Quliyev adına 12 saylı Uşaq Musiqi Məktəbində
olduq. Məktəbin direktoru, Azərbaycan Musiqisinin
İnkişafı və Tədrisi İctimai Birliyinin sədri,
Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinin pedaqoqika
və psixologiya müəllimi Gülnarə Səfərova ilə
görüşdük...
- Gülarə xanım, ölkə rəhbərinin
2009-cu ili “Uşaq ili “ elan etməsi ilə bağlı sərəncamını
necə xarakterizə edərdiniz?
- Bilirsiz, uşaqlar
haqqında dünyada bir çox siyasi xadimlər, filosoflar,
alimlər və görkəmli sənət adamları
bir-birindən gözəl fikirlər söyləyib. Həmin
fikirlərdən biri belədi: “Uşaqlar bizim gələcəyimizdir”.
Doğrudan da, uşaqlara qayğı və diqqət
dünyanın hər yerində birmənalıdı. Əlbəttə,
bu bizim ölkədə də belədi. Məlum sərəncam
da bu fikrin yüksək səviyyədə bir daha təsdiqidi.
- Uşaq musiqi məktəblərinə göstərilən
diqqət və qayğını, rəhbərlik etdiyiniz məktəbin
timsalında qənaətbəxş hesab etmək olarmı?
- Əlbəttə, olar. Əvvəlcə onu deyim ki, 2007-2008-ci tədrisi ili başa çatdıqdan sonra bizim məktəbdə təmir-bərpa işlərinə başlandı. Üç ay müddətində işlər Avropa standartları səviyyəsində başa çatdırıldı. Məktəb zəruri olan bütün mebel və texniki avadanlıqla təmin edildi. Dərs vəsaiti - dərsliklər və yeni musiqi alətləri alındı. Bütün bunlar məktəbdə müəllim kollektivi və şagirdlər arasında yeni bir ab-hava yaratdı. İndi şagirdlərin valideynləri tez-tez məktəbə gəlirlər. Bizimlə əlaqə saxlayır, ünsiyyət yaradırlar. Mövcud şəraitimizdən çox razılıq edirlər... Onu da qeyd edim ki, məktəbin sosial bazası əsasında “Xalq çalğı alətləri ansamblı” yaratmışıq. Bu imkanımızdan istifadə edərək ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirdik. Belə ki, Xətai rayonu ərazisində yerləşən 3 saylı uşaq evində, Qaradağ rayonu ərazisindəki müxtəlif fiziki məhdudiyyətli uşaq evində xeyriyyə konsertləri verdik. 2008-2009-cu tədris ilində dərsdən kənar müxtəlif səpkili 14 tədbir keçirdik. Filarmoniyada görkəmli bəstəkar Q.Qarayev adına Dövlət Kamera Orkestrinin yekun konsertində beş şagirdimiz: Aida Əmirova, Rəşidə Əliyeva, Gülsüm Xəlilova (fortopianoda) və başqaları çıxış etdilər...
- İndi respublikamızda milli musiqiyə münasibət
dəyişib. Daha doğrusu, milli musiqiyə maraq, həvəs
artıb. Sizcə, bu, nə ilə bağlıdı?
- Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO- nun
respublikamızdakı xoşməramlı səfiri , millət
vəkili Mehriban xanım Əliyevanın xüsusi
qayğısı nəticəsində milli musiqimizə
münasibət çox dəyişdi. Nəticədə də
bir-birinin ardınca “Muğam”, “Xalq ulduzu”, “Yeni ulduz” müsabiqələri
keçirildi. Qaliblər müəyyənləşdirildi.
Onlara qiymətli hədiyyələr və pul
mükafatları verildi. Biz də məktəbimizdə “Xalq
çalğı alətləri ansamblı” yaratdıq... Onu
da qeyd edim ki, Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin bir sözü var: “Musiqi məktəbləri eyni
zamanda mədəniyyət ocağı olmalıdı”. Biz həqiqətən
bütün səylərimizi bu istiqamətə yönəltmişik.
Bu tezisi əldə rəhbər tutaraq bir ictimai birlik də
yaratdıq... Bütün bunların nəticəsi olaraq məktəbimizin
V sinif şagirdi Mirəhməd Əhmədzadə ötən
il ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr
edilmiş I Respublika müsabiqəsinin laureatı oldu. Elə
həmin il məktəbimizin IV sinif şagirdi Rəşidə
Əliyeva görkəmli və dünya şöhrətli bəstəkar
Q. Qarayevin anadan olmasının 90 illik yubileyinə həsir
edilən “Gənc musiqiçilər təhlil və ifa edir”
elmi-ifaçılıq müsabiqəsinin qalibi oldu. Bir
şagirdimiz - Aida Əmirova da həmin müsabiqədə III
dərəcəli diplom aldı. Həmin il Mədəniyyət
və Turizm Nazirliyinin Fəxri Fərmanını aldıq.
Bakı şəhəri üzrə məktəbimizin müəllimi
Nazilə Yaqubova Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin “Ən yaxşı müəllim” diplomu
ilə təltif edildi.
Sonda onu da deyim ki,
ölkə rəhbərinin məlum sərəncamı təqdirəlayiqdir.
Doğrudan da, sağlam və savadlı uşaqlar mənsub
olduğu xalqın xoşbəxt gələcəyidir. Bu
gün böyük inamla qeyd edə bilərəm ki, şəhərimizin
bütün məktəblərində uşaqlar
üçün gözəl şərait yaradılıb. Çünki
bütün bunları rəhbərlik etdiyim məktəbin
timsalında görürəm. Onu da qeyd edim ki, məktəbimizin
müəllim kollektivi böyük ruh yüksəkliyi ilə
uşaqlara milli musiqimizin elmi əsaslarını öyrətmək
üçün əlindən gələni edir. Eyni zamanda
onlarda milli-mənəvi dəyərlərimiz haqqında
geniş təsəvvür yaratmağa böyük səy
göstərirlər. Əldə etdiyimiz uğurlara əsasən
deyə bilərəm ki, üzərimizə düşən
işi ən yükək səviyyədə yerinə
yetiririk...
Savalan Fərəcov
Mədəniyyət.- 2009.- 13 fevral.- S. 10.