Kitab oxucunun qan yaddaşını oyadır
Nizami
Mirzənin "Qatil" kitabı haqqında
«Qatil» kitabı 2006-cı ildə nəşr olunduğu
«Araz» nəşriyyatının münsiflər heyəti tərəfindən
«İlin ən yaxşı kitabı» adına layiq
görülüb, «Sarıca» povesti isə «İlin ən
yaxşı əsəri» adını alıb. Kitab müəllifə
«Məmməd Araz» mükafatı qazandırıb və Azər.KİVİHİ.
RH-nin qərarı ilə «Qızıl qələm»
mükafatına layiq görülüb.
Bu gün kitab
çıxarmaq adi hala çevrilib. Kimin əlində imkan var
bu fürsətdən eninə-boluna istifadə etməyə
çalışır, ailəsinin, hətta bütün
şəcərəsinin şəkillərini bir yerə
toplayıb kitab çıxaranlar nə qədər də
çoxdur. Əslində buna kitab yox şəkil albomu desək,
daha doğru olar. Amma nə yaxşı ki, bu kitab bolluğunda
qan yaddaşımızı oyadan, milli-mənəvi dəyərlərimizi
yaşadan kitablara da rast gəlmək olur. Ən son oxuduğum
belə kitablardan biri Nizami Mirzənin «Qatil» adlı
kitabıdır ki, məni bir oxucu kimi çox təsirləndirdi.
Müəllif kitaba daxil etdiyi povest və hekayələrdə
Qarabağ hadisələrini, Ermənistandan zorla qovulan həmyerlilərimizin
başına gətirilən müsibətləri, 1990-cı
ilin 20 Yanvar hadisələrini tutarlı boyalarla təsvir edir.
Başlayaq «Sarıca»
adlı povestdən. Qeyd edək ki, N.Mirzə bu povesti
Xocalı soyqırımında vəhşicəsinə qətlə
yetirilmiş soydaşlarımızın xatirəsinə ithaf
edib. Əsər xəbis qonşumuz olan ermənilərin bu
müharibəyə çox-çox əvvəllər
başladığından, Daşnaksütyun
partiyasının bu işə cidd-cəhdlə
hazırlaşdığından, dünyada alçaq sifətlərlə
özünə havadarlar toplamış, «Suren» kimi sadiq nökərlərin
köməyi ilə erməni birləşmələrinin hər
cürə misilsiz cinayətlər törətməsindən
bəhs edilir. Böyük Ermənistan xülyası ilə
yaşayan erməni birləşmələri bütün
pisliklərini həyata keçirmək üçün hər
an fürsət axtarır, dünən süfrəsinin
başında oturduğu, həmişə hörmət
gördüyü azərbaycanlılara divan tutmağa
hazırlaşırlar. Bizimkilər isə qəlbinin təmizliyindən
eşitdiklərini düşmən fitnəsi hesab edir
onları nələr gözlədiyini hələ təfsilatı
ilə anlaya bilmirdilər. Nəticə isə göz
qabağındadır.
«Sarıca» povesti mənim
də yaramı təzələdi. Düşmən əvvəlcə
dağ kimi atamı aldı əlimdən, sonra ailəmizə
başqa yaralar vurdu və sonra ən dəhşətlisi,
doğma ev-eşiyimzdən, elimizdən-obamızdan elədi
bizi. Anam deyirdi ki, evin bərəsini pozmayın, yəni evdən
ayrılmaq istəmirdi, kənd alınan gün
çıxmışıq kəndimizdən, az qala əsir
düşəcəkdik. Diri-diri yandırılanlar,
başlarına olmazın müsibətləri gətirilənlər,
əsir götürülənlər azmı oldu məgər?..
Əsərin adı
Sarıca adlı bir itin adından götürülüb. Elə
bir itin ki, yediyi tikəni, gördüyü hörməti, məhəbbəti
unutmur və fürsət düşdükcə bu hörməti
sahibinə qaytarmağa çalışır. Adi bir
heyvandakı bu sifət düşmənə ibrət
olaydı kaş... Beləliklə, sarıca ağır
döyüşdə yaralanmış bir gənc əsgərin
müdafiəçisi olur, onu öldürmək istəyən
Sureni parça-parça edir. İtin də yaddaşı var
və sarıca bir vaxt onun anasını, kiçik
küçükləri ilə bir yerdə diri-diri torpağa
gömən bu alçağı dərhal tanıyır və
əcgəri xilas etməklə həm də öz heyfini
almış olur.
Müəllifin
Qarabağ mövzusunda qələmə aldığı
«Qatil» adlı hekayəsi də böyük təsir
gücünə malikdir. Doğma ata-baba yurdundan, isti
ocağından ayrılmaq məcburiyyətində qalan ata
öz övladının qatilinə çevrilir, təki
namusumuz düşmən əlinə keçməsin deyə.
Ata hər şeyə dözər, amma bu, ata ürəyidir,
dözərmi, bu qədər ağır yükə və
atanın ürəyi belə bir yükə tab gətirmir...
«Sonuncu güllə»
hekayəsində isə Ermənistandan, doğma
yurd-yuvasından vəhşicəsinə qovulan həmyerlilərimizin
başına gətirilən müsibətlərdən bəhs
edilir. Bir yerdə yaşayan, qohumluq əlaqələri quran,
mehriban qonşuların arasına nifaq toxumu səpilsə də
illərlə bir-birinə hörmət bəsləyən bu
adamlar ən çətin anlarda da bir-birinin köməyinə
gəlir. Amma bu da heç nəyə yaramır və
düşmən istədiyinə nail olur. Atasından ayrı
evlərini tərk etməyən gənc Süsən nəhayət
atası ilə birgə düşmən əhatəsinə
düşür. Ata doğma balasının düşmən
caynağına keçməsin deyə, sonuncu gülləsini
doğma övladının sinəsinə sıxır. «...Mərdan
donuq gözləriylə qızının yerə
uzanmış meyitinə baxırdı. «Haradasa
«Vağzalı» çalınırdı, ata qızına
xeyir-dua verib yola salırdı.
Haradasa bir
ağbirçək qarının meyiti
basdırılmadığından iylənirdi.
Haradasa ixtiyar bir qoca
qaçanlarla ayaqlaşa bilməyib yol qırağında
donurdu.
Haradasa gənc bir ana düşməni duyuq
salmasın deyə qucağında ağlayan körpəsini
boğurdu.
Haradasa...
Haradasa...»
«Qanlı qərənfil»
hekayəsində müəllif 1990-cı ilin 20 Yanvar faciəsindən
bəhs edir. Vəhşiliklə, güc ilə hər şeyə
nail olacağını düşünən, əslində isə
içindən çürüyən sovetin ordusu
günahsız millətimizin üstünə tanklar yeridir,
evində dinc oturmuş insanlarımızı qanına qəltan
edir. Fəqət xalqın azadlıq eşqi, güclü iradəsini
heç nə sarsıda bilmir və Şəhidlər
Xiyabanı millətimizin and yerinə çevrilir...
Cavid nişanlısı
Bənövşənin görüşünə tələsir.
Amma bu vaxt xalqın başı üzərində qara buludlar
dolaşırdı. Gözləri ilə nə qədər vəhşiliklər
görən Cavid nəhayət ki, Bənövşəgilin
qapısına yaxınlaşır. Elə bu zaman kürəyindən
vurulur. Güllə kürəyindən keçib sinəsindən
çıxır. Hər gün nişanlısına
üç qərənfil bağışlayan Cavid neçə
saat idi ki, gülləri pencəyinin döş cibində gəzdirmişdi.
Qərənfillərdən biri yaralı itin başına
sığal çəkərkən düşmüş qalan
bir cüt qərənfil isə onun al qırmızı
qanına boyanmışdı.
Nizami Mirzə kitaba
Qarabağ hadisələrini əks etdirən yuxarıda az da
olsa haqqında söhbət açdığımız əsərlərilə
yanaşı digər mövzularda olan yazılarını da
daxil edib. «Mavi gözlər» povesti barədə bir oxucu kimi onu
deyə bilərəm ki, çox oxunaqlı, cəlbedici əsərdi.
Hadisələrin uzun-uzadı təsvirindən çox burada
konkret məsələlər qoyulmaqla onların cavabı
axtarılır. Əsərdə həyatın əsl mənasından,
vəfa, etibar, saf sevgidən söhbət açılır,
enişli-yoxuşlu yollarda kiminsə nəfsinin qurbanı olan
adamların acınacaqlı həyatından bəhs edilir. Amma
gec də olsa doğmalarına qovuşan adamların sevinci
sonda oxucunu da sevindirir.
Müəllif
«Açılan gözlər» hekayəsində də
maraqlı həyati məsələlər qoyur. Gec də olsa
haqq-ədalətin öz yerini tutduğunu oxucusuna
çatdıran müəllif insanı onun iç
gözünün daim açıq olmasına
çağırır.
«Yanıq Kərəmi»
hekayəsində insanlığın, sevginin, səmimiyyətin
qorxaqlıq, saxtalıq üzərindəki qələbəsindən
bəhs edilir.
«Qönçə
qızılgül» hekayəsi isə adı Vətən kimi
müqəddəs olan analarımıza həsr edilib. Oğul
həyatın eniş-yoxuşlu yollarında çox büdrəyir,
amma nə yaxşı ki, sonda ürəyində qüvvət,
dizlərində taqət tapır, onu min bir əziyyətlə
boya-başa çatdıran anasına doğru yol almaq
üçün. Və dünyanın ən gözəl
güllərini ona bağışlamaq, ən xoş sözlərini
doğma anasına söyləmək üçün...
...Nazlı-qəmzəli
qayınanasına məcburiyyət qarşısında
qalıb qızılgüllər almaq üçün Azad nə
qədər əziyyət çəkir. Amma nə
yaxşı ki, bu qönçə qızılgüllər
bir təsadüf nəticəsində doğma, xeyirxah
anasına qismət olur.
« - Ana, qurban olum, ay ana. Nə yaxşı
burdasan, fikirləşirdim
indi evdə təksən, darıxırsan..,
yolumu gözləyirsən,
nə yaxşı bu adamların arasındasan, nə yaxşı... Al, al bu gülləri...
...bayramını təbrik
edirəm, ay ana - dedi və gülləri anasının
qucağına qoydu, əyilib üz-gözündən
öpdü».
Müəllifin kitaba
daxil etdiyi yumoristik hekayələri, «Soldış
olmağın böyük bəlası» adlı yumoristik
novellası və «Səninləyəm hər an» adlı mənsur
şeirini də maraqla oxudum. Və düşünürəm
ki, belə bir imzanı oxumağa dəyər.
Mina Rəşid
Mədəniyyət.- 2009.- 13 fevral.- S. 11.