Durna qatarımız Əlisiz qaldı...

 

Biz bir durna qatarıyıq. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunları kimi səf-səf düzülüb havaya qalxmışıq. Düz otuz ildir ki, uçuruq. Aramızda Elşad Həsənov, Bəhruzər Rüstəmov kimi dövlət məmurları da var, Afaq Məsud, Flora Sadıqlı kimi yazıçılar da. Tofiq Yusifov kimi professor da var, Şamil Abdullayev kimi adamı da. Gövhər Rzayeva kimi polis mayoru da var, Abdulla Məcidov, Elmira Mehdiyeva, Habil Ələkbərov, Həqiqət Cabbarlı, Rəhman Həsənov, Zemfira Ələkbərova, İsaməddin Əhmədov kimi qələm sahibləri ...

Bizim durna qatarında - tələbə yoldaşlarım arasında şairimiz daha çox idi. Nəslimizin yarpaq tökümü elə onlardan başlandı. Əzrayıl əvvəlcə Qismətin şeirlərini oxudu. Xoşu gəldi, özü ilə apardı. Sonra Ağalar Mirzəni aramızdan qopardı. Ötən həftə eşitdik ki, durna qatarımız Əli Səfəroğlusuz qaldı...

Ucardan gəlib xoşbəxtliyi Bakıda axtaran Fərəcov Əli Səfər oğlu ilk gündən hamımızın qəlbinə yol tapmış, qrupumuzun liderinə, ağsaqqalına çevrilmişdi. Onun özünəməxsus zarafatları, qara bığları, yerişi, gülüşü, oturuşu, duruşu o qədər səmimiydi ki, müəllimləri əfsunlamışdı: o qədər dərs oxuyan olmasa da qiymət sarıdan çətinliyə düşməzdi. Bir dəfə müəllimlərimdən biri Əliyə demişdi ki, sənin qiymətini Allah verib, mən onu necə kəsə bilərəm.
   Əli Səfəroğlu, doğrudan da, Allahın sevib-seçdiyi bəndələrdən idi. Əlinin neçə kitabı çıxıb, hansına baxırsan, vərəqləri saralıb, cırılıb, nimdaş əskiyə dönüb. Çünki bu kitablar heç vaxt rəflərin bəzəyinə çevrilməyib, əllərdə gəzib, vərəqlənib, oxunub.

Şair üçün bundan da böyük xoşbəxtlik ola bilərmi?

Tələbəlik dostlarının bütün həyatı Əli Səfəroğlunun şeirlərindədir. O, bizim görə bilmədiyimizi görürdü, duya bilmədiyimizi duyurdu, yaza bilmədiyimizi yazırdı. Əlinin şerləri məclislərin bəzəyidir, aşıqların, xanəndələrin dilinin əzbəridir. Həmişə belə olacaq, onu sevəcəklər, xatırlayacaqlar. Bizim kimi - unudulmaz Əli Səfəroğlunun sədaqətli tələbə yoldaşları kimi...

Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. , Əlini başqalarından fərqləndirən bir cəhət var idi. O, bizim durna qatarından qopacağı günü görürdü. İnanmırsınız? Onda Əli Səfəroğlunun şerlərini oxuyun...

 

 

Məzahir Süleymanzadə

 

Mədəniyyət.- 2009.- 13 fevral.- S. 14.