Filmlərimizdəki sevgi macəraları
Münasibətləri
maraqlı etmək üçün mütləq problem
olmalıdır?
Kinematoqrafiyamız bir çox mövzular kimi sevgiyə
də laqeyd qalmayıb. Filmin süjet xətti nə
olursa-olsun, əksər ekran əsərlərində sevgi
motivlərinə az-çox yer ayırıb. Komik sevgi
situasiyalarından tutmuş, qadağan əlaqələrə
kimi hər cür durumlar təqdim olunub.
«Ulduz»
Söhbət ki, komik
sevgi situasiyalarından düşdü, elə onlardan
başlayaq. Ağlımıza o dəqiqə məşhur
«Ulduz» filmindəki Möhsün gəldi. Ümumiyyətlə,
bu film başdan-ayağa «prikol» münasibətlərlə
doludu. Əvvəlcə, nəyin bahasına olur-olsun, təkliyin
daşını atmaq, özünə sevgili tapmağı
qarşısına məqsəd qoymuş Möhsünün məhəbbət
yolunda üzləşdiyi fiaskolar, sonra Qədirin sosial-ictimai
motivlərə köklənən sevgisi, arzusuna
çatmağın maraqlı üsulları və s.
Sözün açığı, «Ulduz»un ən yaddaqalan qəhrəmanı
elə Qədirdir. Səbəb: sovet ədəbi tənqidi
demişkən, hisslərin sadə dillə səmimi ifadəsi...
Hansına ki, film boyu, bütün sevgi situasiyalarında əməl
olunub. Burada heç nəfəs kəsən ehtiraslı
kadrlara ehtiyac da qalmayıb.
«Əhməd
haradadır?»
Təbii, komik sevgi situasiyaları zəngin olan «Əhməd haradadır?» filmini yada salmamaq heç insafdan deyil. Nişanlandığı qızdan imtina edərək şəhərə qaçan, sonradan elə ona vurulan baş qəhrəman Əhməddən tutmuş, sevgilisinin qısqanclığından təngə gəlmiş rəngsaz Əhmədə qədər… Doğrudur, bu filmdəki sevgi məsələlərinin komik olmağının məntiqi əsası var: film özü komediya janrındadır. Eynilə «Ulduz» kimi...
«Görüş»
Bu filmdə isə vəziyyət
komiklikdən daha çox, əttökən sevgi kadrları ilə
doludur. Ona görə əttökən deyirəm ki, gənc
bir qızın qarşısını kəsən qoca
kişi faktı nəinki o vaxt, heç indi də ağlabatan
deyil. Üstəlik pambıq tarlasındakı
görüşdən sonra münasibətlərini davam etdirən
iki gəncin əlaqələrində sevgidən daha çox
pambıq var. Təəssüf doğuran fakt budur ki, situasiya
komik görünmək üçün yaradılmayıb. Filmin
yaradıcıları tamaşaçıya ciddi sevgi dolu
kadrlar təqdim etdiklərini güman ediblər. Bu hal,
ümumiyyətlə, sevgi situasiyalarının mövcud
olduğu bütün filmlərdə müşahidə olunur.
Hətta bəzi filmlərin əsas süjet xətt sevgi olanda
belə kadrlardan səmimiyyət duyulmur.
«Onun bəlalı məhəbbəti»,
«Telefonçu qız» və s. kimi məhəbbət
dramlarında qadınla kişinin sevgisi mütləq ictimai
motivlərin fonunda təqdim olunur. Hətta intim, sıcaq
kadrlarda belə onların ünsiyyətində «bəşəri
problemlər» sevgi dialoqlarından daha çox yer tutur.
«Tütək səsi»
Adıçəkilən
filmdə bu daha inandırıcıdır. Bu ekran əsərində
yer almış qadın-kişi münasibətləri ona
görə maraqlıdır ki, filmin sonuna qədər
onların münasibətinə nə ssenaristin, nə də
rejissorun münasibəti aydın olur. Situasiyanın mahiyyəti
bundadır: Sayalını sevən Cəbrayıl onunla elə
bir vaxtda görüşür ki, qadının əri və ən
əsası Cəbrayılın dostu Muxtar cəbhədə
olur. Kənd camaatı belə hesab edir. Əslində
Muxtarın qara kağızı gəlib. Buna baxmayaraq,
camaatın ürəyində bir əminlik var ki, o
sağdır və mütləq qayıdacaq. Həm filmin təqdim
olunduğu dövrdə, həm indi cəmiyyətin
böyük bir hissəsi onların münasibətinə ikrahla
baxa bilər. Amma diqqət yetirməli nüanslar bunlardır:
dostuna xəyanət etmək, camaatın lənətini qazanmaq
Cəbrayıl üçün elə də asan deyil. Elə
oğullarının kənd əhlinin nifrətinə tuş
gələcəyini bilən qadın üçün də… Artıq
burada bütün sadalananları göz altına almaq
güclü hisslərin, ehtirasın əlamətidir.
Daha bir məqam
O filmlərdə ki,
sevgililərə ciddi mənada maneçilik törədən
nələrsə, kimlərsə yoxdur, belə situasiyalarda
sevgililərin münasibətlərində bir rəngsizlik
müşahidə olunur. Belə nəticə
çıxır ki, bu münasibətlərə hər
hansı bir maraq əlavə etmək üçün mütləq
problem olmalıdır. Bəlkə də bu doğrudur: axı
maneəsiz-filansız bir-birini sevənlərin
görüşləri, ünsiyyəti niyə və kimə
maraqlı olsun ki? Bu fikrin sübutu kimi qadağan olunmuş
münasibətlərin yer aldığı filmləri misal gətirmək
olar. «Təhminə», «Gün keçdi», «Ölsəm,
bağışla»… Lakin bu filmlərdə
çatışmayan cəhət həmin sevgi
situasiyalarının birmənalı qarşılanması, həm
rejissorun, həm tamaşaçıların qəhrəmanlara
haqq verməsidir. Necə deyərlər, tamaşaçı
ilə filmin arasına girmək və hər hansı bir qənaət
üçün tamaşaçının sərbəst
düşünmək hüququnu pozmaq!
Yuxarıda bəzi sevgi
kadrlarında səmimiyyətin olmadığını desəm
də, deyəsən, istisnaların olduğunu qeyd etmədim. Təbii
ki, söhbət bir -birilərinə layiq olduqlarını
sübut etmək üçün at sürüb, ox atıb,
güləş tutan sevgililərdən - Beyrəklə
Banuçiçəkdən gedir.. Bu gənclərin
münasibətlərinin əks olunduğu kadrlar özündə
heç bir açıq-saçıq elementlər əks
etdirmədiyi halda, həyəcanla izlənilir. Əlbəttə,
münasibətlər o səmimi alındıqda
inandırıcı görünür, onda da hər şey təsirli
olur.
İntiqam
Mədəniyyət.- 2009.- 13 fevral.- S.14.