Bakı - mədəniyyət paytaxtı və
paytaxt mədəniyyəti
Əbülfəs
Qarayev:
"Azərbaycan, xüsusilə
Bakı şəhəri
İslam mədəniyyətinə
müasir dövrdə
də öz töhfələrini verməkdədir"
Bu gündən etibarən
“Bakı - İslam Mədəniyyəti
Paytaxtı-2009” mədəniyyət ilinə start
verilir. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Heydər Əliyev Sarayında baş tutacaq təntənəli
açılış mərasimi və qala-konsert,
eləcə də ümumilikdə il ərzində
tədbirlər barədə keçirdiyi
mətbuat konfransında geniş məlumat
verdi.
İSESKO-ya üzv dövlətlərin Mədəniyyət
nazirlərinin 21-23 noyabr 2007-ci il Liviyanın Tripoli şəhərində
keçirilmiş V konfransının nəticələrinə
görə Bakı şəhərinin 2009-cu ildə İslam Mədəniyyəti Paytaxtı elan edilməsini xatırladan nazir,
ölkəmizin İslam dünyasına böyük töhfələr verdiyini və elə bu
seçilmə şansının da ondan qaynaqlandığını bildirdi: «Azərbaycanın İslam
mədəniyyətində oynadığı rol
vacib və mühümdür.
Ölkəmizin tanınmış din və
elm xadimləri əsrlər boyu İslam mədəniyyətinin
inkişafına əvəzsiz töhfələr veriblər.
Bakuvidən Tusiyədək ən müxtəlif sahələrdə
dərin izlər qoymuş, İslam dünyasında ilkliklərə imza atmış alim və
mütəfəkkirlərimiz olub. Elmin və incəsənətin əksər
sahələrini təmsil edən dühalarımız İslam maddi-mədəni irs
xəzinəsinə dəyərli incilər bəxş
etmişlər. Azərbaycan, xüsusilə Bakı şəhəri
İslam mədəniyyətinə müasir dövrdə də öz
töhfələrini verməkdədir. Burada
öz dini, milli-mənəvi
dəyərlərilə bərabər, digər xalqlar və dinlərin nümayəndələrinə
də tarixən böyük hörmətlə
yanaşılıb. Məncə, İslamın ən əsas
tələblərindən biri də elə
bu bərabərlik və humanizmdir.
Digər tərəfdən, xalqımızın böyük, zəngin, qədim və
çoxşaxəli mədəniyyəti var.
Bu da bizə öz maddi-mədəni
varlığımızı nümayiş
baxımından böyük imkanlar verir. Azərbaycanın Asiya və
Avropanın qovşağı olması nəticəsində
yaranmış fərqli mədəni incilər və ondan öncəki minilliklərə söykənən
mədəniyyəti və müasir durumu bu ölkənin İslam mədəniyyətinin vacib hissəsi olmasını göstərir və
hesab edirəm ki,
«İslam Mədəniyyəti Paytaxtı»
anlayışı bu şəhərə
elə-belədən verilməyib. Mütəxəssislər,
alimlər bunu şəhərimizə layiq bilərək veriblər».
«Bakı - İslam Mədəniyyəti
Paytaxtı - 2009» çərçivəsində və
açılış münasibətilə keçirilən
tədbirlərdə xalqımızın maddi-mədəni irsi, onun sahib
olduğu zəngin mədəniyyət
nümunələrini yüksək səviyyədə təbliğ
ediləcəyini də əlavə edən nazir, fevralın 18 və 19-da keçiriləcək
açılış tədbirlərini də diqqətə
çatdırdı: «Hesab edirik
ki, iki gün
müddətində biz olduqca
maraqlı proqramla çıxış edəcəyik.
Bu münasibətlə ölkəmizə
təşrif buyuracaq qonaqlar
mədəniyyətimizin zənginliyinin və çoxşaxəliliyinin
şahidi olacaqlar. Qonaqlarımıza gəlincə, bu
sırada İSESKO-nun baş
katibi Əbdüləziz Osman
Əl-Tuveycrinin, İKT baş direktoru müavininin, 4
ölkənin nazir və nazir
müavinlərinin, Avropanın mədəniyyət
paytaxtları olan Lins
və Vilnüs şəhərlərinin
nümayəndə heyətlərinin, Bakı ilə
qardaşlaşmış Hyuston şəhərindən
nümayəndə heyətinin adlarını saya
bilərəm.
Şəhərimizə gələn rəsmi nümayəndə
heyətləri Fəxri və Şəhidlər
xiyabanlarını ziyarət edəcəklər. Sonra Heydər Əliyev Sarayında təntənəli
açılış olacaq. Rəsmi hissədən
sonra qala konsert keçiriləcək. Asiya
ilə Avropanın qovuşağında yerləşən
ölkəmizin mədəniyyəti də bu
sintez kontekstində təqdim olunacaq. Konsertdə Vilnüs
şəhərindən gəlmiş musiqiçilər də
iştirak edəcək. Dərhal sonra (saat 16.00) «Bakı
şəhəri» adlı foto və rəsm
sərgilərinin açılışı olacaq.
Burada təkcə Azərbaycan rəssamları
yox, digər Avropa
ölkələri rəssamlarının əsərləri də
sərgilənəcək. Bununla da Bakını digər yaradıcı
insanların gözü ilə görəcəyik.
Ardınca (saat 18.00) «Bakı - İslam Mədəniyyəti Paytaxtı - 2009»
İnternet saytının və Azərbaycan
mədəniyyətinə həsr olunmuş
sənədli filmlərin nümayişi olacaq. Sonra saat
19.00-da N.Gəncəvi adına Dövlət Ədəbiyyat Muzeyinin və A.Şaiq
adına Dövlət Kukla Teatrının
qarşısında incəsənət ustalarının
iştirakı ilə konsert proqramı təşkil
olunacaq. Bakı sakinlərinə yönələn
konsertin ardınca (saat
21.00-da) maraqlı atəşfəşanlıq təşkil
ediləcək. Növbəti gün rəsmi
görüşlər və Azərbaycan Milli
Kitabxanasında ingilis dilində çap olunan «Qədim
Bakı» kitabının təqdimatı olacaq.
Sonra qonaqlar Heydər
Əliyev Fondunu ziyarət edəcəklər.
Axşam
isə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan
Dövlət Rəqs Ansamblının konserti
olacaq. Ümumilikdə Bakının bütün muzeyləri, qoruq
və mədəniyyət ocaqları qərara gəliblər ki, həftənin sonunadək muzeylərlə
açıq qapı günləri təşkil etsinlər.
Odur ki, istəyənlər
təmənnasız olaraq o
ekspozisiyalarla tanış ola
biləcəklər. Bu, bizim
şəhər sakinlərinə təqdim olunan
hədiyyədir. Sözsüz ki, bu yalnız
başlanğıcdır. Bir il müddətində bizi
olduqca maraqlı və zəngin proqram gözləyir. Bu tədbirlərdə
İslam mədəniyyətinin
Bakısını müasir şəkildə
təqdim edəcəyik».
Nazir həmçinin bu
ilin noyabrında dünyanın məşhur
Viktoriya və Albert
muzeyində İslam mədəniyyətinə
aid nümunələrdən ibarət sərginin
də paytaxt sakinlərinin ixtiyarına
veriləcəyini dedi: «Azərbaycan
Dövlət İncəsənət Muzeyinin
yeni binasında İslam
üst geyimləri Viktoriya
və Albert Muzeyində» adlı sərgi
açılacaq. Böyük Britaniya muzeyinin belə səyyar
sərgiləri nadir hallarda
təşkil etdiyini nəzərə alsaq, bu, böyük
hadisədir. Onu da qeyd edim ki,
mədəniyyət ili təkcə Azərbaycanda
keçirilən tədbirlərlə məhdudlaşmayacaq.
Belə ki, 5 ölkədə mədəniyyət
günlərimizi təşkil edəcək, eləcə də
beynəlxalq turizm sərgilərində
iştirakımızı davam etdirəcəyik.
Onu da deyim
ki, artıq mədəniyyət və turizmin birləşməsi gözəl əks-səda
verdi. Belə ki, Türkiyədə keçirilən ən böyük və nüfuzlu
turizm fuarında bizim
nümayəndə heyətimiz də iştirak
edərək uğura imza
atdı. Onlar «Ən yaxşı şou və mədəniyyət
proqramının təqdimatına görə» xüsusi
diploma layiq
görüldülər».
Ə.Qarayev artıq
Bakının mədəniyyət paytaxtı olması ilə
bağlı reklamın CNN və «Əl Cəzirə»
kanallarında yerləşdirildiyini də diqqətə
çatdırdı. Açılış mərasiminə həm
İslam, həm də Qərbin
aparıcı mətbu orqanlarının dəvət edildiyini də bildirən natiq,
İslam dünyası
tarixində cəmi 30 ölkənin İslam
mədəniyyətinin paytaxtı olmasını və
Bakının da bu
şəhərlərin sırasına daxil
edilməsini özü-özlüyündə ölkəmizə
və onun mədəniyyətinə
hörmətin təzahürü kimi dəyərləndirdi:
«Bu tədbir mədəniyyətimizlə
yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması
baxımından da önəmlidir. Bununla Azərbaycan mədəniyyəti və onun yaradıcısı olan
xalqımız barədə dünyaya geniş şəkildə xəbər verilmiş olur. Bakıda bu möhtəşəm tədbirin
keçirilməsini bayraq edərək xarici dövlətlərdə mədəni irsimizin təbliğini də davam
etdirəcəyik. Bu il
5 ölkədə mədəniyyət günlərinin
keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, ölkəmizdə
bir sıra beynəlxalq tədbirlər baş tutacaq, eyni zamanda biz
də mədəniyyətlə bağlı beynəlxalq konfranslara qatılacağıq».
Ötən il Almaniyada keçirilən mədəniyyət ilinin böyük marağa səbəb olduğunu
diqqətə çatdıran nazir ilk dəfə olaraq bu ilin iyunundan
etibarən 4 ay müddətində
İsveçrədə Azərbaycan İli
çərçivəsində rəngarəng mədəniyyət
tədbirlərinin keçiriləcəyini
vurğuladı: «Çalışırıq ki,
Azərbaycanda və onun
hüdudlarından kənarda keçirilən tədbirlər
mədəni potensialımızın nümayişinə xidmət
etsin.
Ötən il bir
çox teatr və konsert müəssisələrimiz təmir-bərpa
olunaraq əhalinin istifadəsinə verildi. Bundan başqa, Beynəlxalq Muğam
Mərkəzi inşa olundu.
Eləcə də regionlarda muzey və kitabxanaların bərpası həyata
keçirildi. Bu proses bu il
də davam edəcək. Mart
ayında Gənc Tamaşaçılar Teatrı
binasının təmir-bərpadan sonra
açılışı olacaq. May ayına qədər Dövlət İncəsənət
Muzeyinin birinci
binasının bərpasını tamamlayacağıq. Çox maraqlı bir muzey təqdimatı nəzərdə tutulub. Biz orada
xüsusi anbarların qurulmasına önəm
verdik. Artıq Finlandiyadan
xüsusi avadanlıqlar gəlib ki, onlarda rəsm əsərləri
və tarixi əhəmiyyət
daşıyan incəsənət nümunələri xüsusi saxlama şəraitində
qorunacaq. Bakıda inşası davam etdirilən Xalça
Muzeyi ən müasir
memarlıq abidəsinə çevriləcək. Yəqin ki, bu bina
öz qapılarını ziyarətçilərin
üzünə 2010-cu ildə açacaq».
Turizm sahəsindəki məlumatları
rəqəmlər vasitəsilə diqqətə
çatdıran nazir, dünya
turizm bazarında ilin sonunun mənfi göstəricilərinə toxundu, lakin bunun ölkəmizin turizm
imkanlarına o qədər də təsir
etmədiyini dedi: «Hesablamalar
ölkəyə gələn turist
sayını 2006-cı ildə 903 min 889 nəfər,
2007-ci ildə 1 milyon 10 min
792 nəfər, 2008-ci ildə isə 1 milyon
408 min 988 nəfər nəfər
olduğunu göstərir. Bununla
da Azərbaycana gələn turistlərin
sayında 39,4% artım olub. Mənə elə
gəlir ki, ÜTT bunu
nəzərə alacaq və ölkəmiz
bu sahədə məşhurlaşmış
5-10 ölkə sırasına daxil olacaq. Bu çox
vacib rəqəmlərdir və ölkədə
siyasi, iqtisadi sabitlik və tanıtımımızın
yüksək səviyyədə olduğunu,
eləcə də beynəlxalq aləmdə imicimizin
artmasını göstərir».
Keçən il 52 yeni turizm
ocağının tikilib istifadəyə verildiyini deyən Ə.Qarayev,
Bakının özündə də 2 ilə tam
yeni infrastrukturun, nəqliyyat
vasitələrinin və xidmətin səviyyəsinin
yaxşılaşdırılacağının hədəfləndiyindən
danışdı: «Turist
axını baxımından əsas artımın
müşahidə olunduğu ölkələr
sırasında Ukrayna,
Qırğızıstan, Belarus, Körfəz
ölkələri arasında İran, Bəhreyn,
Birləşmiş Ərəb Əmirliyi, İordaniya
və Omanın, Avropa ölkələri
arasında Almaniya, Avstriya,
Bolqarıstan, Bosniya Hersoqavina,
İtaliya, Finlandiya,
Lüksemburq və Belçikanın
adını çəkmək olar. Digər
ölkələrdən də turistlərin marağı
artıb. Asiyadan ən böyük
artım Hindistan, Filippin,
eləcə də Avstraliyanın payına düşür.
ABŞ və Afrika ölkələri də
bu artım sırasındadır.
Coğrafiyanın genişlənməsi sərgilərdə
iştirakımız və təbliğatımızın geniş arealı əhatə etməsi sayəsində
olub».
Nazir həmçinin mart
ayında I Beynəlxalq Muğam Festivalının
keçiriləcəyini də dedi.
Festivalın təşkilindən məqsəd Azərbaycanda muğam sənətinin inkişafına
kömək etməkdir. Festival Heydər
Əliyev Fondunun və Mədəniyyət
və Turizm Nazirliyinin
birgə təşkilatçılığı ilə baş tutacaq.
Həmidə
Nizamiqızı
Mədəniyyət. - 2009.- 18 fevral.- S. 2.