Nəcibliyin cizgiləri
Onların ailəsinin həyat yolu XX əsrin taleyi kimi
mürəkkəb və ziddiyyətli olub. Sonralar o,
dünyanın müxtəlif tribunalarından insanlıq və
əmin-amanlıq haqqında danışanda adamlar onun dediklərinə
diqqət kəsilirdilər. Çünki təlatümlü zamanın
bütün sınaqları bu ziyalı ailənin taleyində
dərin izlər qoymuşdu. Babası Mir Cəlal Paşayev Təbriz
yaxınlığındakı doğma kəndlərindən
Gəncəyə gələndə böyük Azərbaycan
faciəsinin bir parçasını da ürəyində gətirmişdi.
Bu ağrıda işıqlı bir ümid də var idi. O, bu
ümidi övladlarına, qələm dostlarına, tələbələrinə
yeganə sığınacaq yeri kimi gətirmişdi. Hətta
şöhrətin zirvəsində olanda da bu bir azca
işıq onun dünyagörüşünün üzərindən
çəkilmirdi.
«İnsanı sevmək
və qorumaq lazımdır». Hamının
çığır-bağırla dediyi bu sözü o, həmişə
pıçıltı ilə dilə gətirərdi,
heç vaxt şüara çevirməzdi. Sonralar onun
övladları bu işığı və təmkini ali insan
dəyəri olduğunu həyatda, elmdə, mədəniyyətdə
həmişə təsdiq etməyə
çalışdılar. Qəribədir, Mir Cəlal
Paşayevin tələbələrində də bu istək və
iradə var idi. Bəlkə də heç vaxt ağlına gəlməzdi
ki, onun Azərbaycan ideyası, ziyalı dostları ilə
bütün-tükənməyən mübahisələri,
düşüncələri nə vaxtsa nəvəsi Mehriban
xanım Əliyevanın dili ilə dünyanın
böyük tribunalarından səslənəcək. Tariximizin
çətin məqamlarında bu qətiyyətli qadın vətənin
taleyi, həqiqətin sarsılmazlığı, mədəniyyətin
silahdan qüdrətli olduğu haqda danışanda auditoriya
onu alqışlarla qarşılayırdı. Çünki o,
öz çıxışları ilə azadlıq, bərabərlik,
sülh və ədalətin böyük mədəniyyətin
gücü ilə bərqərar olacağına inam
yaradır.
Mehriban Arif qızı Əliyeva
1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində
dünyaya göz açıb. O zamanın Bakısını
bir anlığa göz qabağına gətirsək, əlvan
bir palitradakı rənglərin harmoniyasını görərik.
Sonra isə soyuq xəzrisi, ilıq gilavarı ilə nəfəs
alan bir Bakı tablosu gələcək gözümüzün
qabağına. Burada - Şərqlə Qərbin
qovuşduğu torpaqda həyat eşqi ilə dolu bir ovqat var
idi. Ziyalı ailələrində intellektual söhbətlərlə
yanaşı, elm adamlarına xas olan lirik bir ab-hava da hökm
sürürdü. Anası Aida xanım şərqşünas-
alim kimi nəhəng mədəni irsin incəlikləri
haqqında söhbət salanda, ailədə hamı ona diqqət
kəsilərdi. Bu, sirli-sehrli Şərq, onun simvolları,
hikmətləri ailə üzvlərini elə bil
ovsunlayırdı. Həyatda isə XX əsrin uğultusu
nikbinlik, xoş gələcək vəd edirdi.
Hətta Tibb Universitetində
də bu istedadlı və qətiyyətli tələbə
qızı Şərq və Qərb mədəniyyətinin
gözəl bilicisi kimi tanıyırdılar. Sonra o, elmin dərinliklərinə
yiyələnmək üçün Moskvaya yollanır.
Seçenov adına Moskva Tibb Akademiyasında təhsilini davam
etdirir. Nəhəng bir dövlətin paytaxtı öz tarixi,
Şərqə və Qərbə açılmış
qapıları, keçmiş və gələcək
haqqındakı mülahizələri ilə gənc tələbə
qızın həyatında həlledici bir məqama
çevrilir. O, Şimaldan boylanır Azərbaycana. Tez-tez
babası Mir Cəlal Paşayevin keçdiyi ömür yolu
haqqında düşünür. Kitabxanaların və muzeylərin
qoruduğu tarixin məqsədi və mənası ilə
bağlı özünə suallar verir. Bu sualların
cavabları isə azad və firavan görmək istədiyi Azərbaycanın
qisməti ilə bağlı idi.
Zaman isə haqqın
xeyrinə işləyirdi. Çünki zamanın mahiyyəti
budur. XX əsrin sonunda dünyanı ideologiyalara təriqətlərə,
irqlərə bölən divarlar uçuldu. Azərbaycan
öz azadlığını qanlı köynəyi və
iradəsi ilə əldə etdi. Artıq xalqımızın
tarixində yeni bir zaman başlayırdı. O, bu zamanın
mahiyyəti, dəyərləri haqqındakı
düşüncələrini öz işi ilə gerçəkləşdirmək
istəyirdi.
1995-ci ildə Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin
Dostları Fondu təsis olunur. 1996-cı ildə Mehriban
xanım Azərbaycan mədəniyyətinin geniş təbliğ
edilməsi məqsədi ilə üç dildə (Azərbaycan,
ingilis və rus) çap olunan «Azərbaycan - İrs»
jurnalını təsis edir. Bu, dənizin və
dağların əhatəsində yaşayan nəhəng
küləklərlə üzbəüz qalan bu xalqın
yaratdığı mədəni kodların, işarələrin
dünyaya açılması üçün bir addım
idi. Dəniz, dağ, külək, ilmə, misra, insan müəyyən
mənada həm doğma, həm də fərqli obrazlardı. Onlarda
mədəniyyətin dramatik uçuşu ilə
yanaşı, həm də praqmatik bir sakitlik var. Əkilən
torpaqlarımızda, süfrəyə gələn ruzumuzda,
bir neçə nəslin simasını cəmləyən
kitablarda, hərb ilə sülhün arasında yanmayan səhifələrdə
həyat dərsi almış xalqın taleyi var. Yəqin Azərbaycan
ideyası da elə bu qüvvənin təsiri ilə
yaşayır. Və bəlkə də «Azərbaycan - İrs»
jurnalı bu həqiqətin ilk müjdəçisi idi.
2004-cü ildə ulu
öndərimizin irsini tədqiq edən Heydər Əliyev
Fondu yaradıldı. Bu, xalqımızın gələcəyinə,
mənəvi sərvətlərimizin qorunmasına, folklor və
musiqi ənənələrin təbliğinə hesablanmış
bir addım idi. 2008-ci ilin dekabrında Bakıda Şərqdə
ilk dəfə olaraq açılan Muğam Mərkəzi H.Əliyev
Fondunun reallaşdırdığı ən möhtəşəm
layihələrdən biri oldu.
İnsan
özünü xeyirxah işi ilə təsdiq edir. Bu
özünütəsdiqdə xalqın keçdiyi mənəvi
yolun işığı var. Alimlər, siyasətçilər,
yazıçılar bu yolun yüksəlişi ilə
yanaşı, sakit bir axarda inkişaf imkanlarına müxtəlif
yozumlar veriblər - onların hər birində Azərbaycanın
bir parça həqiqəti var. Bu həqiqət bizimlə birgə
böyüyür, ruhi, mənəvi ölçülərdən
keçib, inqilablar, mübarizələr, mühacirətlər
görüb. Əlyazmalarımızın,
muğamlarımızın qorunması, mədəniyyətimizin
dünyada təbliği, əslində tarix
qarşısında verilən böyük bir hesabatdır.
2005-ci ilin parlament seçkilərində M.Əliyeva
Milli Məclisin deputatı seçilir.
Mehriban xanım Əliyeva «Yüzilliyin mesenatları»
Beynəlxalq Xeyriyyə
Fondunun «Yaqut Xaç» ordeninə layiq görüləndə
bir vaxtlar Moskvada oxuduğu illərdə onu dərindən düşündürən
insan və cəmiyyət haqqındakı
mülahizələrini və
arzularını dilə
gətirdi.
«İnsanı sevmək və qorumaq lazımdır». Bu, onun
babası Mir Cəlal Paşayevin yadigar qoyduğu dəyər idi. Elə bu dəyərlə
bağlı fəlsəfi
düşüncələri, elmi araşdırmaları
2005-ci ildə onu fəlsəfə elmləri
namizədi, alimlik dərəcəsinə yüksəldir.
2004-cü ildə
Mehriban xanım Əliyeva YUNESKO-nun, 2006-cı ildə
isə İSESKO-nun xoşməramlı
səfiri adına
layiq görülüb.
Dünya miqyasında
tanınan və dəfələrlə beynəlxalq
təşkilatlar tərəfindən
mükafatlandırılan Mehriban
xanım Əliyevanın
həyatda ən böyük mükafatı
ali ideallara
ləyaqətlə xidmətidir.
Qorxmaz Şıxalıoğlu
Mədəniyyət.- 2009.- 18 fevral.-
S. 3.