«İslam ölkələrində Azərbaycanın
yaxından tanınması
vacibdir»
Gövhər
Baxşəliyeva: «İslam dini Azərbaycan həqiqətinin
ayrılmaz tərkib hissəsidir»
Azərbaycan mütəfəkkirlərinin İslam mədəniyyətinə
verdikləri dəyərlər və bu günə qədər
ölkəmizdə İslam mədəniyyətinin qorunub
saxlanması ilə bağlı fikirlərini öyrənmək
üçün millət vəkili, AMEA-nın Şərqşünaslıq
İnstitutunun direktoru Gövhər Baxşəliyeva ilə
söhbətləşdik.
- Azərbaycan Qərblə Şərqin qovuşuğunda
yerləşir. Belə deyək ki, Qərb dəyərləri
ilə Şərq sivilizasiyası məhz burada qovuşur. Necə
düşünürsünüz, bu gün Bakı İslam
dünyasının bir parçası kimi necə
görünür?
- Geosiyasi vəziyyətinə
yəni Qərblə Şərqin qovuşuğunda yerləşdiyinə
görə Azərbaycan mədəniyyəti həm Qərb, həm
də Şərq mədəniyyətinin harmonik sintezindən
yaranmış bir mədəniyyətdir. Tarixdən məlum
olduğu kimi, Azərbaycan VII əsrin ikinci yarısından Ərəb
xilafəti tərəfindən istila olunaraq bu dövlətin tərkibinə
daxil olub. O vaxtlar ərəb mədəniyyəti bir intibah
dövrünü yaşayırdı. Xüsusilə də X əsrə
doğru bir ərəb-müsəlman mədəniyyəti
yaranmışdı ki, bu mədəniyyətin yaranması və
inkişafında Azərbaycan xalqının da böyük
rolu olmuşdu. Öncə ondan başlayaq ki, Azərbaycanda o
dövrdə ərəb dili geniş yayılmışdı,
Azərbaycan xalqı ortaq İslam dinini qəbul etmişdi. Bunun
nəticəsində də Azərbaycanda o zaman bütün
elmlər, xüsusən ilahiyyat elmi və onun tərkib hissələri
olan fiqh, kəlam və s. məhz ərəb dilində tədris
edilirdi. Orta əsrlər Azərbaycan poeziyası dilinin farsca
olduğunu söyləyiriksə, eyni zamanda cəsarətlə
deyə bilərik ki, həmin dövrkü Azərbaycan elminin
dili ərəb dilidir.
- Dediniz ki, İslam mədəniyyəti Azərbaycana VII əsrdən
sonra gəlib. Ərəb işğalı ilə bərabər,
Azərbaycana İslam mədəniyyəti gəldi. Bəs Azərbaycan
öz növbəsində İslam mədəniyyətinə
hansı töhfələri verib ki, bu günədək onlar mədəni-mənəvi
dəyərlər kimi qiymətləndirilməkdədir?
- Azərbaycan xalqı həm
ərəb dilini mənimsədi, həm ərəb mədəniyyətinin
müəyyən cəhətləri ilə yaxından
tanış oldu, həm də bu mədəniyyətin
formalaşmasında yaxından iştirak etdi. Bu baxımdan bizə
məlum olan faktlara nəzər salaq. Məsələn, VII əsrin
ikinci yarısında yazılmış bir neçə ərəb
təzkirəsində müəlliflər yazır ki, Mədinə
və Məkkədə bir çox şairlər
yaşayırdı ki, onlar əslən Azərbaycandan idilər.
İnn Kuteybə əd-Dinavəri adlı ərəb filoloqu
«Kitab-əş-şiar-uaş-şüəra» adlı əsərində,
Əbül Fərəc əl-İsfahani «Kitabül-Ağanni»
adlı 24 cildlik antologiyasında azərbaycanlı məvali
şairlər haqqında çox yazıblar. Onlar ona görə
«məvali» adlandırılırdılar ki, bir zaman qul kimi Azərbaycandan
Ərəb xilafətinin mərkəzinə
aparılmışdılar. Ərəblərdə bir qayda var
idi: hər hansı bir qul tədricən bir ərəb qəbiləsinin
himayəsini qazanaraq qulluqdan azad edilə bilərdi. Amma «məvali»
adı onun üzərində qalmaqla, həmin qəbilədə
azad yaşayırdı. Həmin şairlərin şeirləri
yuxarıda adlarını çəkdiyim təzkirələr
vasitəsilə bu günümüzə qədər gəlib
çıxıb.
Bundan başqa, XI əsr
ərəb dilli azərbaycanlı müəllif Xətib Təbrizi
haqqında geniş məlumatlar var. Həm ərəb nəsrinin,
həm də müsəlman ədəbiyyatşünaslıq
elminin yaranmasında onun böyük rolu olub. Eyni zamanda, digər
alimlər, ədiblər, şairlər olub ki, onların əsərləri
Şərq kitaxanalarında yayılıb. Həmin əsərlərdən
bəziləri bizim Əlyazmalar Fondunda da var. Ümumiyyətlə,
o dövrdə yaşayıb-yaradan Bərdəi, Bakuvi,
Naxçıvani soyadlı alimlər çoxdur. Bakuvilər nəslinin
bir nümayəndəsinin - Seyid Yəhya Bakuvinin qəbri
hazırda İçərişəhərdədir. O, xəlvətilik
təriqətinin banilərindən hesab edilir.
Bütün bunlar bir
daha sübut edir ki, azərbaycanlılar İslam mədəniyyətinin
formalaşmasında yaxından iştirak ediblər. Bizim
milli-mənəvi dəyərlərimizdə İslam amili
öz əksini güclü şəkildə tapıb. Əksər
şairlərimiz, məsələn, Füzuli üç dildə
yazıb yaradıb - ərəb, fars və Azərbaycan dillərində.
Füzulinin ölməzliyinin bir səbəbi də onun yaradıcılığında
üç müxtəlif mənşəli mədəniyyətin
tam şəkildə öz əksini tapmasıdır. Onun
yaradıcılığı həm ideya-məzmun, həm də
bədii-estetik baxımından hər üç mədəniyyətin
kamil nümunəsidir. Nizami farsca yaşayıb-yaratsa da,
bütün əsərlərində biz onun ərəb mənbələrindən
bəhrələnməsinin şahidi oluruq. Nizaminin
böyüklüyü ondan ibarətdir ki, o, hər hansı
mövzuda yazarkən həmin mövzuya dair özündən əvvəl
mövcud olmuş bütün ədəbiyyatları oxuyur və
yazısında bu mənbələrə söykənirdi. Eyni
vəziyyət ərəb təzkirələrinə, rəvayətlərinə
də aiddir. Məsələn, «Leyli və Məcnun» əsərinin
mövzusu ərəb qəbilələri arasında
yayılmış bir rəvayətdən
götürülüb.
- Gövhər xanım, bildiyiniz kimi, Bakı 2009-cu ildə
İslam mədəniyyətinin paytaxtı elan edilib. Sizcə,
bu, Azərbaycana nə verəcək?
- İslam aləmi tərəfindən
Azərbaycan daha çox tanınacaq… Mən özüm
parlament xətti ilə İslam Konfransı ölkələrinin
Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin
rəhbəriyəm. Mütəmadi olaraq bu qurumun
sessiyalarında iştirak edirəm. Bildiyiniz kimi, indi 50-dən
çox ölkə İKT-nin üzvüdür. Amma
onların heç də hamısında Azərbaycan kifayət
qədər tanınmır. Qarabağ məsələsi ilə
bağlı mən orada bir çox məruzələr də
etmişəm. Maraqlıdır ki, çıxışım
bitdikdən sonra mənə yaxınlaşıb Qarabağ məsələsi
ilə bağlı suallar veriblər. Hətta onların bəziləri
münaqişənin səbəbini belə bilmirdilər. Bir dəfə
mən Misirin məşhur «Əl-Əhram» qəzetinə
müsahibə vermişdim. Müsahibəni oxuyanda
gördüm ki, jurnalist yazıb ki, Azərbaycan bir Orta Asiya
respublikasıdır. Odur ki, Azərbaycanın İslam aləmində
daha ciddi şəkildə tanınması vacibdir. İslam dini
özü-özlüyündə Azərbaycan həqiqətinin
ayrılmaz tərkib hissəsidir. İslam ölkələrinin
əksəriyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Sonuncu dəfə Birləşmiş Millətlər Təşkilatında
Qarabağla bağlı qətnamə çıxarılanda
biz orada yalnız müsəlman ölkələrinin lehimizə
səsverməsi hesabına üstünlük əldə edə
bildik. Bu baxımdan İslam ölkələri ilə bizim hərtərəfli
yaxınlaşmamız vacibdir.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 18 fevral.- S. 3.