Mədəniyyətlər savaşında
qalib olacaqmı?
İSESKO-nun
baş direktoru Əbdüləziz Osman əl-Tuveycri: «İslam
dini bütün insanları daim mədəniyyətlərarası, dinlərarası
dialoqa, qarşılıqlı barışa dəvət etməkdədir»
Mədəniyyətlərarası və
sivilizasiyalararası dialoq. Son illər tez-tez işlənən
bu ifadələr qloballaşdıqca mədəni, dini, etnik
müxtəlifliyi qabarıq şəkildə göstərib
bu məsələnin sivil formada nizamlanmasına
çalışılsa da, hələ ki, uğurlu bir nəticə
hasil olmayıb. Son onillikdə mədəniyyətlərarası
dialoq bu məsələlərə məsul olan nazirlərin
gündəmində prioritet kimi meydana çıxıb. Mədəniyyət
və inkişaf haqqında iki mühüm sənəddə də
- «Bizim yaradıcı fərqliliyimiz» (YUNESKO, 1996-cı il) və
«Hüdudlardan kənara çıxanlar» (Avropa Şurası,
1997-ci il) yeni mədəni müxtəliflik
konsepsiyalarını ifadə edən bir sıra bəyannamə
və strategiyalarda mədəniyyətlərarası dialoq
mövzusuna toxunulur.
2003-cü ilin oktyabr
ayında isə mədəniyyət məsələlərində
məsul olan Avropa ölkələri nazirləri Opatjia Bəyannaməsini
qəbul etdilər. Beləliklə, mədəniyyətlərarası
dialoqun inkişafı vəzifə olaraq Avropada mədəniyyət
siyasətini formalaşdıran şəxslər
qarşısında ilk dəfə gündəmə gətirildi.
Bu öhdəlik 2005-ci ildə nazirlərin
görüşü zamanı bir daha təsdiqləndi. Nəticə
etibarilə qəbul edilən Faro Bəyannaməsində
hökumətlərarası və regional əməkdaşlıq,
həmçinin mədəniyyətlərarası dialoqa rəvac
vermək üçün müvafiq strategiyaların
yaranmasına olan ehtiyac xüsusilə vurğulandı.
Paralel olaraq İSESKO-ya
üzv dövlətlər Mədəni müxtəliflik
haqqında bəyannamə (2004) də qəbul etdilər. Burada
«zorakılıq və başqalarının
sıxışdırılması»nın
qarşısının alınması üzrə yeganə
alternativ vasitə kimi mədəniyyətlərarası dialoq
xüsusi olaraq qeyd edilir və mədəni müxtəliflik
prinsipinə əsaslanan konstruktiv əməkdaşlıq və
dialoqa çağırışlar səsləndirilirdi. Həqiqətən
də İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının
(İSESKO) əsas mədəniyyət və əlaqə
proqramlarından biri olan «Mədəniyyətlər arasında
mədəni plüralizm və dialoq: Nəzəriyyədən
təcrübəyə» İslam mədəniyyətinin «birliyi
və müxtəlifliyinə», müsəlmanlar arasında
dialoq və həmrəyliklə yanaşı, mədəniyyətlər
və sivilizasiyalar arasında dialoq və müttəfiqliyin
inkişafı üçün mədəni mübadiləyə
çağırışlar səsləndirildi.
2008-ci ilin sonlarında
paytaxtımızda baş tutan «Mədəniyyətlərarası
dialoq Avropa və ona qonşu regionlarda sülhün və
davamlı inkişafın təməli kimi» adlı Avropa
Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin konfransı da bu problemə həsr edilmişdi. Tədbirdə
təkcə Avropa dövlətləri deyil, eyni zamanda
TÜRKSOY, İSESKO, ALESKO, İRSİKA kimi İslam
dünyasını təmsil edən beynəlxalq təşkilatların
rəhbərləri də iştirak edirdi. Bu da səbəbsiz
deyildi. Çünki Azərbaycan Avropa Şurası və
İSESKO-ya üzv olan yeganə dövlətdir. Bakı getdikcə mədəniyyətlərarası dialoqun mərkəzinə
çevrilir. Beləliklə,
bu gün dünyanın mədəniyyətlərarası
anlaşmaya ehtiyac hiss etdiyi bir
vaxtda, Bakı toplantısından gözlənilənlər
çoxdur. Görəsən
paytaxtımız bu missiyanın öhdəsindən
gəlib, Şərqlə
Qərbi yaxınlaşdıra
biləcəkmi? İKT-yə üzv olan dövlətlərin mədəniyyət nazirlərinin
Bakı konfransı, Şərq-Qərb mədəni dialoqunun hazırkı səviyyəsi
ilə bağlı bu və digər
məqamlara İSESKO-nun
baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə söhbətdə aydınlıq gətirməyə
çalışdıq.
Təşkilat rəhbərindən
ilk olaraq İSESKO ilə Azərbaycan arasındakı əlaqələrin
yetərli olub-olmadığını soruşduq.
- Mən İSESKO-nun
baş direktoru seçiləndən bir neçə gün
sonra Azərbaycan təşkilata üzv olan ilk ölkədir. Cənab
prezident İlham Əliyevin sayəsində bizim Azərbaycanla
çox gözəl əlaqələrimiz mövcuddur. O,
İSESKO-nun sivilizasiyalı və bəşəri
missiyasına böyük etimad göstərir, hər dəfə
bu gözəl ölkəyə səfərimizdə bizi
açıq ürəklə qarşılayır. Təşkilat
olaraq yaxın gələcəkdə ölkənizlə
pedaqoji, elmi və mədəni sahələrdə də əlaqələrimizi
genişləndirmək niyyətindəyik. Bu günə qədər
Bakıda mühüm konfranslar keçirmişik və gələcəkdə
bu işləri davam etdirəcəyik. Heydər Əliyev Fondu
ilə birgə əməkdaşlıq proqramları üzərində
çalışırıq. Bildiyiniz kimi, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva bizim təşkilatın xoşməramlı
səfiridir. Bu baxımdan mən fondla İSESKO arasında
bağlanmış əməkdaşlıq haqqında
müqavilədən şərəf duyuram. İSESKO ilə
Azərbaycan arasında əlaqələr ən müxtəlif
sahələdə inkişaf edir və bu əlaqələrin
qurulmasında, inkişafında Mehriban xanımın
böyük əməyi var. Yaxın gələcəkdə qədim
mədəniyyət mərkəzi olan Azərbaycanla əməkdaşlığı
ən müxtəlif sahələrdə genişləndirməyi
planlaşdırırıq.
Bu ölkə hələ
qədim dövrlərdən dünyanın elmi və mədəni
inkişafında fəal iştirak edib, ədəbi, incəsənət,
sosial və sivlizasiyada tərəqqi əldə edib. Nəticədə
elm, ədəbiyyat, poeziya, tədqiqat sahəsində 10-larla
parlaq adlar meydana çıxıb. Tanınmış alim,
filosof, şair və sufilərin çoxu İslam
dünyasının bu regionunda yaşayb-yaradıblar. Avropada
intibah müjdəçiləri XVII əsrdə yetişiblər.
Amma Azərbaycanda hələ orta əsrlərdə
bütün sahələrdə elmin, sənətin pionerləri
olub.
- Ötən ilin sonlarında Bakıda Avropa
Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin toplantısı keçirildi. Bildiyiniz kimi,
konfransın məqsədi Şərqlə Qərb arasında
mədəni dialoqun yaranmasına nail olmaq idi. Rəhbərlik
etdiyiniz təşkilatın Şərq-Qərb mədəni
dialoquna münasibətini bilmək maraqlı olardı...
- Yeni dövr yeni
addımlar və yeni təşəbbüslər tələb
edir. İndi dialoqun aktivləşməsinə, sivilizasiyalar
arasında qarşılıqlı əlaqələrin
stimullaşdırılmasına, davamlı inkişaf
üçün konkret hərəkətlərə
başlamağın vaxtıdır. Bu, İSESKO-nun və onun
tərəfdaşlarının fəaliyyətinin əsas məqsədidir.
Biz Şərq dövlətləri qədim mədəniyyətə
sahib olduğumuzdan mədəni dialoqa dəvət aldıqda
da fəal oluruq. Qərb isə daim dünya müharibələrinin,
imperializmin mənəvi beşiyi olub. Təəssüf ki,
Avropa belə bir ağır yükü öz üzərində
hələ də daşıyır. Düşünürəm
ki, onlar mənəviyyatın maddiyyatı üstələdiyi
Şərqdən çox şey öyrənməlidir. Dialoq
rəqabət tələb edir. Biz qəbul edirik ki, Qərblə
bəzi səviyyələrdə rəqabət apara bilmərik.
Lakin bizim fəaliyyətimiz öz mənbəyini mədəni
və sivilizasiyalı fonda tapır. Biz müasir bəşəri
sivilizasiyada uzaq məqsədli təsirə malik olan mədəniyyətə
və sivilizasiyaya məxsusuq, bütün müasir mədəniyyətlər
və sivilizasiyalarla dialoq aparmağa hazırıq. Unutmayaq ki,
mədəniyyətlər və sivilizasiyalar arasında
İslam dünyası ilk dəfə dialoqa dəvət edən
tərəf olub.
Konfransa gəlincə,
bu, dünyanın ehtiyacı olan dialoqa əsaslanır. İSESKO
olaraq biz də belə tədbirlərin təşkilinə
çalışacağıq. Azərbaycanın 2009-cu il
İslam dünyasının mədəniyyət mərkəzi
seçilməsi də bununla əlaqədardır. Bakı qədim
tarixə malik şəhərlərdəndir və biz
çalışacağıq ki, burada bir çox simpozium və
tədbirlər keçirək.
- O halda mədəniyyətlərin sintezinə yanaşma
necə olacaq? Məsələn, sivilizasiyanın beşiyi
Şərqdir, amma bu gün bütün dünyanın
faydlandığı və faydalanmağa
çalışdığı Qərb dəyərləri də
mövcuddur. Necə düşünürsünüz,
sivilizasiya və dəyərləri qovuşdurmaq
mümkündürmü və belə olarsa,
üstünlük hansı tərəfdə olacaq?
- Bunu yalnız
qarşılıqlı ehtiram və bəşəriyyətə
xidmət yolu ilə həyata keçirə bilərik. Lakin
bu, hegemonluq, hökmranlıq, özündənmüştəbehlik,
başqalarını inkar etməklə
qeyri-mümkündür. Fələstin, Əfqanıstan,
Dağlıq Qarabağ kimi münaqişə ocaqlarında Qərbin
göstərdiyi ikili, yanlış siyasət nəticəsində
milyonlarla insanımız əziyyət çəkir. Hər
zaman demokratiya, insan azadlığı, sülh-əminamanlıq,
açıq səmadan dəm vuran Qərb nədənsə,
bu gerçəkləri - əzilən, tapdanan millətləri,
topluları, onlara qarşı haqsızlığı, mənəvi
məhrumiyyətləri sanki «görmür», öz
hegemonluqundan, imperializm siyasətindən əl çəkmir.
Bunun üçün mütləq ortaq məxrəcə gəlmək
lazımdır. Doğrudur, Avropada da müdrik,
ağıllı insanlar çoxdur və onlar da Qərb və
Şərq arasında bu kimi dialoqların keçirilməsinə
dəvət edirlər. Lakin bu cəhdlər yetərli deyil. Bu
problem və çətinliklərə baxmayaraq, dialoq öz
işini davam etdirəcək; bu, müdriklərə məxsus
xüsusiyyətdir. Döyüş isə heç bir
arqumenti, faktı olmayan ağılsız insanların yoludur.
Mədəniyyətlərarası
dialoq və dinc yanaşı yaşamanı bəşəri
qismətimiz kimi qəbul etməliyik və sözdən
çox real iş görməliyik. Biz buna çox möhkəm
inanırıq. Təhsil, ünsiyyət, insan haqları və
demokratiya bu sahənin əsasını təşkil edir. Məktəblərin
tədris planlarında, dərsliklərində müxtəlif
mədəniyyətlər və sivilizasiyalar haqqında
yanlışlığa yol verilib. Biz isə, İSESKO olaraq,
müxtəlif elmi toplantılar keçirməklə,
konsepsiyaların yanlış olduğunu sübut edirik. İSESKO
konstruktiv dialoqa möhkəm inanır və bütün bəşəriyyətə
fayda vermək üçün ciddi işləyir. Biz gərək
mədəni müxtəlifliyi tanıyaq və buna yardım
etməyə cəhd edək. Öz avropalı tərəfdaşlarımıza
cəhdlərimizi birləşdirməyi və fəaliyyətimizi
birgə yerinə yetirməyi təklif edirik. Bəzi Avropa mədəniyyət
nazirlərini 2009-cu ildə İslam Konfransı Təşkilatı
mədəniyyət nazirlərinin Bakıda keçiriləcək
toplantısına dəvət olunmalarını istərdim. Bu,
bəşəriyyətin inkişafı və çiçəklənməsinə
nail olmaq üçün ümumi təcrübə və
vasitələrin başlanğıcı olar.
- Cənab Tuveycri, yeri gəlmişkən, haqqında
danışdığımız konfransda AŞ-a üzv
dövlətlərin mədəniyyət nazirləri ilə
yanaşı, ilk dəfə İslam, Ərəb ölkələrinin
də mədəniyyət nazirləri və eləcə də
digər səviyyələrdə olan nümayəndələr
təmsil olunurdu. İndi isə siz öz tərəfdaşlarınızı
Bakı konfransına dəvət edirsiniz? Sizcə bu addım
Şərqlə Qərb arasında mədəniyyətlərarası
əlaqələrin sonrakı inkişafına necə təsir
edəcək?
- Əvvəlcə
ötən ilin sonlarında AŞ-a üzv olan dövlətlərin
Mədəniyyət Nazirlərinin Bakı Konfransı
haqqında deyim ki, bu, qarşılıqlı ehtiram və
barışığa gətirib çıxaran toplantı
idi. İnanıram ki, toplantının nəticələri gələcəkdə
yeni nəsillərin arasında qarşılıqlı
anlaşmanın yaranmasına gətirib çıxaracaq. Və
bizim də cəhdlərimiz Qərb ilə Şərq
arasında bu anlaşmanın meydana gəlməsidir. Yeni nəsil
bu düşüncədə olmalıdır. İnşallah,
bu cəhdlərimiz öz gözəl nəticəsini verəcək.
Çünki bu təhlükəli dünyada bəşəriyyəti
əmin-amanlığa aparan yol yalnız dialoqdur.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2009.- 18 fevral.- S. 4.