Bakı, gözəl
şəhər, mehriban
diyar...
Bakı
bütün dövrlərdə mədəniyyətlər və
sivilizasiyalar arasında körpü olub
Misir fironlarının
yaşıdı
Bakı haqqında ilk məlumata
eramızdan 3500 il əvvələ aid edilən, Misir fironu I
Menesanın dövründə yazılmış
"Ölülər Kitabı” adlı tarixi mənbədə
rast gəlinir. Bakının adı antik dövrün
tarixçisi Herodotun “Tarix” kitabında da çəkilir. Şərq
alimlərinin, Avropa səyyahlarının və
islamşünaslarının Bakı haqqında məlumatları
da elmi cəhətdən maraq doğurur. Abşeronun bu
günümüzədək gəlib çatmış qədim
abidələri isə tədqiqatçıların zaman-zaman
istinad etdikləri qiymətli maddi-mədəniyyət nümunələridir.
Bakının keşməkeşlərlə,
mübarizələrlə dolu keçmişindən
danışarkən eramizdan əvvəl I əsrdə, Roma
imperatoru Pompeyin və Lukullun Azərbaycana hərbi
yürüşlərini xatırlamamaq mümkün deyildir. Qədim
romalıların Bakı ətrafında məskunlaşaraq
uzun müddət bu yerləri işğal altında
saxlamaları barədə müxtəlif mənbələrdə
olduqca maraqlı materiallar mövcuddur.
Qobustandakı
qayaüstü yazılar da qeyd olunan tarixi faktları təsdiqləyir.
Dünya arxivlərinin bir çoxunda Azərbaycanla
bağlı qaynaqlarda Bakı haqqında da kifayət qədər
informasiyaya rast gəlmək olar. Bu məlumatlarda romalı
işğalçıların Bakının ətrafında
saldıqları hərbi düşərgələr və
koloniyalar təsvir olunur. Roma imperatoru Avqust Qay Oktavianın
göstərişi ilə Qobustandakı qaya daşı üzərində
latın əlifbası ilə yazılmış mətn də
deyilənləri təsdiqləyir.
Müxtəlif vaxtlarda
bu ərazidə aparılan arxeoloji qazıntı işlərinin
nəticələri bir daha sübut edir ki, Bakı tarixin
bütün dövrlərində və mərhələlərində
yaşayış məntəqəsi olmuşdur. Ərazidə
tapılan V-VII əsrlərə aid Sasani dəfinəsi isə
o dövrdə Bakının inkişaf etmiş böyük
ticarət məntəqəsi, Şərqin məşhur şəhərlərindən
biri olduğunu göstərir. Əldə olan orta əsr
yazılı mənbələrində Bakının
adının “Bağavan” və ya “Atəşi Baquan” şəklində
işlədildiyini də görmək olar. Erkən orta əsrlərə
aid qaynaqlarda Bakının iqtisadiyyatının əsasını
neft və duz təşkil etdiyi barədə məlumatlara rast
gəlinir. Bakı və Abşeron bölgəsində becərilən
boyaqotu və zəfəran bitkisinin bütün Şərqdə
və Avropa ölkələrində məşhur olduğu
bildirilir. Bakının orta əsrlərdə Şərqin iri
şəhərlərindən biri olmasını,
iqtisadiyyatinda neft və duzun əsas yer tutmasını X əsrdə
yaşamış ərəb səyyahı Əbu Düləfinin
də təsdiq edir ki, hələ 1100 il əvvəl
Bakıdakı iki neft mənbəyindən ildə təqribən
720 min dirhəm gəlir götürülürmüş. Feodal
münasibətlərinin, ticarət və sənətkarlığın
inkişafı şəhərin tərəqqi etməsinə
imkan yaradirdi. Bakı Şərq və Qərb ölkələri
arasındakı ticarətdə mühüm əhəmiyyətə
malik idi. Bakıya slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya,
Venesiya, İran, Hindistan tacirləri gəlirdi. Eləcə də
Bakıdan həmin ölkələrə neft ixrac olunurdu.
Yollar burda kəsişir...
X əsrin sonu və XI əsrin
əvvəllərində Abbasilər xilafətinin tənəzzülü
ilə əlaqədar bir sıra vilayətlərin və
ölkələrin hakimləri, o cümlədən
Şirvanşahlar müstəqillik əldə edirlər. Bakının
inkişafı da məhz bu vaxtdan etibarən başlayır. X əsrin
sonlarında Şirvanşahlar şəhərin
inkişafında mühüm rol oynayan irimiqyaslı quruculuq
işləri həyata keçirirlər.Sonrakı əsrlərdə
isə Bakı tədricən Şərqin inkişaf etmiş
şəhərləri sırasına yüksəlməyə
başlayır. Şirvanşah I Xəlilüllahın
dövründə (1417-62) Bakıda mühüm tikinti işləri
aparıldı. Şirvanşahlar sarayı kompleksi də məhz
bu dövrün yadigarlarındandır.
Təsadüfi deyil ki,
Bakı artıq X əsrdən başlayaraq, həm də
dünyanın məşhur liman şəhərlərindən
birinə çevrilir. XI əsrin əvvəllərində
Bakı tərəqqi dövrünü yaşıyır. XII-
XIII əsrlərdə isə Şirvanşahlar şəhərdə
bir sıra binalar tikdirərək şəhərin müdafiə
qüdrətinin möhkəmləndirilməsi
qayğısına qalırlar. XII əsrin birinci
yarısında şəhərin qala divarları tikilir. O
dövrün müdafiə sisteminə daxil olan Qız
qalası isə Bakının qüdrət və güc rəmzinə
çevrilir. XII əsrin 30-cu illərində monqollar Azərbaycana
hücum edərək bir çox şəhərləri
işğal edirlər. Bu zaman böyük yoldan kənarda yerləşən
Bakı isə, görünür, elə bu səbəbdən
də başqa şəhərlərə nisbətən daha
az zərər çəkmişdir.
Qədim karvansaralar
Bakı bütün zamanlarda
Şərqlə Qərb arasında körpü rolunu
oynamış, müxtəlif mədəniyyətlərin və
sivilizasiyaların qovuşuğunda, təmas xəttində
yerləşən unikal bir məkan kimi dünyanın diqqət
mərkəzində olmuşdur. Təsadüfi deyil ki, Bakı
bu gün də bir müsəlman-islam şəhəri olmaqla
yanaşı, həm də müxtəlif xalqların, müxtəlif
zamanlarda yaratdıqları tarixi adidələr şəhəridir.
Bakı dünyanın bütün dinlərinə və
xalqlarına böyük hörmətlə yanaşan, beynəlmiləl
və tolerant bir şəhər olması ilə də fərqlənir.
Bu şəhərdə müsəlman məscidləri ilə
yanaşı, qədim hind atəşpərəstlərinin Od
Məbədinə, alman kirxasına, yəhudi sinaqoquna, xristian
pravoslav və ya katolik kilsəsinə də böyük
hörmətlə yanaşılır, digər xalqların
dini etiqadlarına ehtiram göstərilir. Bu həqiqəti XIX əsrin
böyük şairi Hacı Seyid Əzim Şirvani oğlu Cəfərə
yazdığı vəsiyyətində belə qələmə
alıb:
Demə, «ol kafər, bu
müsəlmandır»,
Hər kimin elmi
var, o insandır...
Müxtəlif dinlərə
sitayiş edən, müxtəlif ölkə və iqlimlərdən
gəlmiş tacirlərin, səyyahların, alimlərin bir
araya gəldikləri qədim Bakı, həm də tarixən
böyük bir mədəniyyətin - İslam mədəniyyətinin
beşiyi olub. Bu şəhərə təşrif gətirən
hər bir əcnəbi, buradan təkcə var-dövlət, sərvət
yox, həm də mədəniyyət və elm aparıb. Bura
ticarətə gələnlər, həm də ziyarət
sahibi olublar. Ziyarətə gələnlər isə ticarətdən
bəhrələniblər.
XIV əsrdən
başlayaraq Bakıdan Şərq ölkələrinə,
Qızıl Ordaya, Moskva knyazlığına, Avropaya müxtəlif
çeşiddə mallar, xüsusən ipək, xalça,
atlas, duz, neft və sair ixrac edilirdi. Bakıdan Həştərxana,
Orta Asiyaya və Xəzərsahili dövlətlərə də
mal daşınırdı. 1350-1370-cı illərdə
Bakının iqtisadi və siyasi qüdrətinin yüksəlməsi
xeyli dərəcədə bu şəhərin dəniz
sahilində yerləşməsi ilə əlaqədardır. O
dövrün yazılı mənbələrində Xəzər
dənizinin adı bəzən “Bakı dənizi” də
adlanırdı, Bu barədə məlumata 1375-ci ildə,
katalon dilində hazırlanmış atlasda rast gəlinir.
Bakı, dünyanın
uzaq-yaxın ölkələrindən təşrif gətirmiş
tacirlərin, sənətkarların, dəllalların,
işbazların, səyyahların, zəvvarların
üz-üzə gəldikləri, alış-veriş etdikləri,
ünsiyyətdə olduqları beynəlmiləl bir məkan
olub. Bakıda indiyədək qalan tarixi-memarliq abidələri,
o cümlədən, - “Buxara karvansarası” (XIVəsr), Qız
Qalası yaxinliğındakı “Multan karvansarası” (XIV-XVI əsrlər),
“Hind karvansarası” (XV əsr), “Rus karvansarası” (XVI əsr)
və digər karvansaralar Şərq və Qərb ölkələri
ilə geniş ticarət əlaqələrinin
mövcudluğunu sübut edir. Şirvanşahlar Saray Kompleksi
də bu dövrdə tikilmişdir. Tolerantlıq Bakıda
ticarətin, sənətkarlığın inkişaf etməsinə,
iqtisadi və mədəni həyatın yüksəlməsinə
nəinki mane olmayıb, əksinə, bu şəhərə əlvan
rənglər və çalarlar gətirib.
Dünyanın ilk neft
paytaxtı...
Bakı haqqında
danışarkən neftdən söz açmamaq
mümkünsüzdür. Neft Uca Tanrının bu torpağa bəxş
etdyi ən bol və şöhrətli təbii sərvətdir.
Qədim zamanlardan çağdaş zəmanəmizədək
Bakı neftinin şöhrəti dillər əzbəri
olmuş, dünyanın diqqətini özünə cəlb
etmişdir.
Bakının “qara
qızıl” adlandırılan nefti, zəngin təbii sərvətləri,
geosiyası cəhətdən əlverişli məkanda yerləşməsi,
habelə Xəzər dənizi sahillərində mühüm
hərbi - strateji əhəmiyyətə malik olması XVIII əsrin
əvvəllərindən başlayaraq, Rusiyanın diqqətini
cəlb edirdi. Bu məkana yiyələnməyə
çalışan I Pyotr xüsusi hərbi dəniz
ekspedisiyası yaradaraq, 1723-cü il iyunun 26-da Bakıya ordu
yeridir. Lakin burda möhkəmlənə bilmir, geri
qayıtmalı olur. Bakı yenidən İranın hakimiyyəti
altına keçir.
Bu zamandan etibarən Azərbaycanda
bir sıra xanlıqlar, o cümlədən Bakı
xanlığı yaranır. Bakının feodal
inkişafı XVII əsrin sonlarınadək davam etmişdir.
Bundan sonra nəinki təkcə Azərbaycanda, eləcə də
bütün Ön Asiya ölkələrində mövcud olan
şəhər həyatının tənəzzülü
müşahidə edilir. XVIII əsrin II yarısında
Bakıda şəhər həyatının və ticarətin
bir qədər dirçəlməsi müşahidə olunur.
Bakı xanlığı 1806-cı ildə çarizm tərəfindən
işğal olunduqdan sonra Bakıda kapitalist münasibətlərinin
inkişaf dövrü başlanır.
Tarixi mənbələrdən
məlum olur ki, 1807-ci ildə Bakıda 500 ev, 3000-ə
yaxın əhali olub. 1813-cü ildə Rusiya ilə İran
arasında bağlanmış “Gülüstan müqaviləsi”
isə vahid Azərbaycanı iki yerə parçalayır. Bakı
da daxil olmaqla, Şimali Azərbaycan Rusiyaya birləşdirilir.
Bundan sonra Bakı, əsasən neft sənayesi mərkəzinə
çevrilir. 1848-ci ildə Bakıda ilk neft quyusu
qazılır. 1863-cü ildə Suraxanıda ağ neft zavodu
tikilir. 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə
olaraq ərazidə neft-qaz çıxarılmasına
başlanmışdır.
1859-cu il mayın 29-30-da
Bakıdan 120 kilometr qərbdə yerləşən və o
vaxta kimi quberniya mərkəzi olan Şamaxı şəhərində
güclü zəlzələ baş verir. Bundan sonra Quberniya mərkəzi
Bakıya köçürülür və Bakı paytaxta
çevrilir.
Az qala hər
qarış torpağında neft qaynayan Abşeronda XIX əsrin
sonlarından sənaye üsulu ilə qazılan neft
quyularının sayı artır. Rusiya və Avropa ölkələrindən
«qara qızıl»ın işığına üz tutan xarici
iş adamlarının sayı ildən-ilə artır, şəhər
ətrafında yeni neft zavodları tikilirdi. XX əsrin əvvəllərində
neft sənayesinin sürətli inkişafı Bakının
sosial-iqtisadi və mədəni həyatına böyük təkan
verdi. Bakıda ilk istirahət parkı salındı, teatr
binası tikildi, şəhərin mərkəzindəki evlərə
elektrik işığı çəkildi. Rusiya, İtaliya və
Polşadan dəvət olunmuş memarların layihələri
əsasında qotika və barokko üslubunda müasir binalar
inşa olunmağa başladı.
Cəlal
Mədəniyyət.- 2009.- 18 fevral.- S.5.