Ulu tariximizin yadigarları...

 

İçərişəhər -keçmişimizin gələcəyə əmanəti

 

Evləri dəcəl uşaqlar kimi bir-birinin belinə dırmaşan, dar-dolanbac küçələri labirinti xatırladan, hər daşı min bir xatirə danışan İçərişəhər! Bu məkan haqqında bir çox tarixi mənbələrdə olduqca maraqlı məlumatlara rast gəlmək mümkündür. Tarixi məlumatlara görə İçərişəhərin “yaşı” eramızdan əvvəllərə gedib çıxır. Hətta, bəzi qaynaqlarda İşərişəhərin 4 min ildən artıq yaşı olduğu göstərilir.

Qədim İpək yolunun üstündə salınmış bu məkan bütün əsrlərdə Şərqlə Qərb arasında mühüm körpü rolunu oynamış, iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb etmişdir. Əcnəbi səyyahlar, tarixçilər, şərqşünaslar öz əlyazmalarında, yol qeydlərində, gündəliklərində İçərişəhər haqqında rəngarəng məlumatlar, fikirlər, mülahizələr söyləmişlər.

Hazırda 22 hektara yaxın ərazini əhatə edən İçərişəhərin arxitektura baxımından diqqətçəkən tikililəri sırasında Qala divarları, Şirvanşahlar Saray Kompleksi, Qız Qalası, qədim bazar, məscid, karvansara, hamam, habelə ötən əsrlərdə tikilmiş evlər və binalar diqqəti xüsusilə cəlb edir. Bəzi tarixçilər İçərişəhərin Qala divarlarının Dəmirqapı Dərbəndin qala divarları ilə oxşar arxitekturaya malik olduğunu söyləyirlər.

Tarixçilərin, arxeoloqların və etnoqrafların tədqiqatlarından və aparılan araşdırmalardan məlum olur ki, İçərişəhər zaman-zaman yadelli qəsbkarların, işğalçıların dagıdıcı hücumlarına məruz qalib. Bu müharibələr, qarət və soyğunçuluq xarakteri daşıyan hərbi yürüşlər İçərişəhərin “taleyinə” təsirsiz ötüşməyib. XVII-XIX əsrlərdə, o cümlədən XX əsrin əvvəllərində yadelli işğalçıların qurudan və dənizdən Bakıya olan hücumları intensiv xarakter almış, daha böyük tarixi itkilərlə nəticələnmişdir.

Deyilənlərə görə, vaxtilə İçərişəhərdə 28 məhəllə olub. Burada Şərq memarlıq üslubunda tikilmiş məscidlər, karvansaralar, hamamlar və digər abidələr avropalı səyyahlarıın, şərqşünasların, alimlərin böyük marağına səbəb olmuş, onları zaman-zaman heyrətləndirmişdir. Təsadüfi deyil ki, orta əsrlərin məşhur səyyahları Cenkinsonun, Marko Polonun, Afanasi Nikitinin, fransız yazarı Aleksandr Dümanın (ata) və başqalarının səyahətnamələrində, yol qeydlərində, gündəliklərində bu məkan haqqında maraqlı məlumatlara rast gəlmək olur.

İçərişəhərin bərpası və təmirinə ilk dəfə olaraq 1924-1925-ci illərdə başlanılıb. İkinci Cahan savaşından sonra, 1945-ci ildə bərpa işləri davam etdirilmişdir. Hazırda İçərişəhər Dövlət Tarixi Qoruğu YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmişdir.

 

Şirvanşahlar sarayı - dövlətçiliyimizin, özgürlüyümüzün möhtəşəm rəmzi

 

İçərişəhərin memarlıq tacı sayılan Şirvanşahlar Saray Kompleksi Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin möhtəşəm rəmzidir.

Tarixi mənbələrdə qeyd olunur ki, 1191-ci ildə Şamaxıda baş vermiş güclü zəlzələdən sonra Şirvanşah Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürür. Bu zamandan etibarən, yəni XII əsrin sonu - XIII əsrin əvvəllərində Şirvanşahlar Bakının inkişafına qüvvətli təkan verir, böyük quruculuq işlərinə başlanılır. Həmin dövrün məhsulu olan binaların, qala divarlarının, müdafiə xarakterli hərbi tikililərin və digər arxitektura nümunələrinin az bir hissəsi çağdaş zəmanəmizədək gəlib çatmışdır. Bu abidələrin içərisində ən möhtəşəmi, heç şübhəsiz ki, Şirvanşahlar Saray Kompleksidir. Tarixi mənbələrin verdiyi məlumatlara görə, bu saray Şirvanşah I Xəlilüllahın zamanında, 1420-ci ildə inşa olunmuşdur. Sarayın tam tikilişi isə 30 il ərzində tədricən, hissə-hissə davam etdirilmiş və nəhayət, 1585-ci ildə “Şimal darvazası”nın inşası ilə başa çatmışdır. Müasir tarix kitablarında bu tikili “Şirvanşahlar Saray Kompleksi” adlanır. Kompleksə 1420-ci illərdə tikilmiş Şah sarayı, ona bitişik olan və 1450-ci ildə tamamlanmış divanxana binası, 1442-ci ildə ucaldılmış minarəli məscid, 1435-ci ildə Şirvanşahlar ailəsinin şərəfinə salınmış türbə, habelə 1450-ci ildə saray alimi Seyid Yəhya Bakuvinin şərəfinə tikilmiş türbə daxildir.

Şirvanşahlar saray ansamblına daxil olan tikililər ərazinin relyefinə uyğun olaraq 3 səviyyədə - aşağı yarusda, orta hissədə və lap yüksək təpəlikdə qruplaşdırılmışdır. Saray binası 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə 27 otaq, ikinci mərtəbə isə 25 otaq vardır.

İçərişəhərin ən hündür nöqtəsində yerləşən Şirvanşahlar sarayı, hündür portalı, minarəli, günbəzlə tamamlanan binaları, ornament və kitabələrinin təkraredilməz incə oyma təsvirləri, yüksək bədii zövq və ustalıqla yaradılmış detalları, son dərəcə zərif və qüsursuz daş hörgüsü, əsrlər boyu öz təravətini saxlayaraq zəmanəmizədək gəlib çatmış memarlıq texnikası, interyer və eksteryer dizaynı baxımından da diqqəti cəlb edir. Sarayın klassik Şərq arxitekturasının nadir incilərindən sayıla biləcək nəbati və həndəsi ornamentlərlə süslənmiş əzəmətli portalını çox zaman donmuş musiqi də adlandırırlar. Saray kompleksin maraqlı tikililərindən biri də divanxanadır. Buradakı giriş qapısının uzərindəki yazı da binanın təyinatından xəbər verir. Divanxana təyinatına gorə dövlət işlərinin kecirildiyi yerdir. Divanxana binası, həmçinin şahın öz əshabələri və saray əhli ilə müxtəlif məsləhət və məşvərətlər keçirdiyi, mühüm qərarlar qəbul edilən məkan olmuşdur. Divanxanaya daxil olan yerdə, qapının üstündə Qurani-Kərimdən götürülmüş yazıda deyilir: “Allah öz istədiyi insanları düz yolla aparır”.

Şirvanşahlar sarayının bir çox sirlərini özündə gizləmiş tikililərdən biri də Şirvanşah I Xəlilüllahın anasının və oğlunun dəfn olunduğu türbədir.Türbənin giriş qapısının sağ və sol tərəfindəki daş medalyonların üzərində ərəb əlifbası ilə “Allah, Məhəmməd, Əli” sözləri və memarın adı həkk olunub. Bu sözlər iki dəfə təkrar olunur. Türbənin giriş qapısında daha bir yazı var: “Mərhəmətli Böyük sultan Xəlilüllah hicri tarixlə 839-( miladi tarixlə 1436) ildə bu müqəddəs türbəni anasının və oğlunun xatirəsinə tikdirimişdir.” Yuxarı hissəsini Qurani-Kərimdən götürülmüş sözlər bəzəyən portalin sağ və sol tərəfində damcışəkilli iki daş medalyonun hər birində isə iki dəfə təkrar olunan “Memar Əli” sözləri həkk olunub. Maraqlıdır ki, bu yazılar uzun illər boyu gizlin qalmışdır. Memarın daş medalyonların üzərində həkk olunmuş adını heç kəs oxuya bilməmiş, yalnız 1945-ci ildə sarayda tədqiqat işləri aparan Azərbaycan alimləri bu gizlin yazını oxumağın sirrini tapmış və oradakı sözləri oxumuşlar.

Xüsusi maraq doğuran və xalq arasında “Dərvis türbəsi” kimi tanınmış Seyid Yəhya Bakuvinin məqbərəsi isə sarayın cənub hissəsindədir.

Orta əsrlər İslam mədəniyyətinin nadir nümunələrindən olan hamamxana binası isə Şirvanşahlar sarayının xüsusi maraq doğuran tikililərindəndir. Hamamxana sarayın ən aşağı hissəsindəki həyətdə, demək olar ki, yerin altında yerləşir. Bu tikili Şərq hamamlarına xas olan bütün spesifik cəhətlər nəzərə alınmaqla heyrətamiz bir ustalıq və texnika ilə inşa edilmişdir. Digər tikililərə nisbətən daha çox dağıntıya məruz qalmış hamamxanada hovuz, suyun qızdırılması üçün külxana, təklikdə çimmək üçün xəlvətxana, nəhəng su tutumu olan yeraltı kəhriz və sair diqqəti cəlb edir. 1733-cu ildə Şirvanşahlar sarayında olmuş avropalı səyyah Lerx hamamxanaya heyran qaldığını bildirib.

Şirvanşahlar sarayı 1964-cü ildən qoruq-abidə elan olunmuş, 1997-ci ildə isə Şirvanşahlar Saray Kompleksi YUNESKO tərəfindən qorunan abidələr siyahısına daxil edilmişdir.

 

Qız Qalası - ərən qalaların “Qız balası”...

 

İçərişəhərin ən mükəmməl və sirri bu günədək tam açılmamış nadir abidələrindən biri də Qız qalasıdır. Bu unikal tarixi tikili haqqında müxtəlif mənbələrdə, fərqli məlumatlara rast gəlmək mümkündür. Əsasən sovet dövrü tarixçilərinin fərziyyələrinə görə, Qız Qalası XII əsrin əvvəllərində, monqol istilaları dövründə inşa edilib.(?!) Bu fikrin tam əksini söyləyən tədqiqatçılar isə Qız Qalasının 13,7 metr hündürlüyü olan aşağı əsas hissəsinin eramızdan əvvələ, təqribən VII-VI əsrlərə aid olduğunu təsdiqləyirlər. Bu versiya müəlliflərinin qənaətinə görə, qalanın yuxarı hissəsi müxtəlif zamanlarda və dövrlərdə dağıdılmış, sonradan əsas hissənin üzərində yenidən bərpa olunmuşdur. Bu bərpalar zamanı qalanın həm ilkin görkəmi dəyişikliklərə uğramış, həm də onun xarici divarlarına qalanın ilkin görkəmi ilə səsləşməyən daşlar hörülmüşdür. Məsələn, Qız Qalasının bayır tərəfində, cənub-şərq səmtindəki divarında kufi xətlə yazılmış və tarixçilərin qənaətinə görə, sonrakı dövrlərdə qoyulmuş kitabə diqqəti cəlb edir. Kitabədə “Məsud ibn Davud” adı aydın oxunur. Bəzi mütəxəssislər bu adın qalanı inşa etmiş memarın adı olduğunu söyləyirlər.Tarixi faktlar isə bunun doğru olmadığını sübut edir. Maraqlıdır ki, elmi tədqiqatların ümumi nəticəsi, habelə qalanın tikintisində istifadə olunmuş daşların növü, keyfiyyəti, geokimyəvi tərkibi daş kitabənin qala divarlarına çox-çox sonralar hörüldüyünü göstərir.

Qız Qalasının eradan əvvələ aid olduğunu təsdiqləyən tarixçilər, hətta bu qalanın bir vaxtlar dənizin içərisində tikildiyini söyləyirlər. Qalanın İçərişəhərə doğru 250-300 metr uzanaraq qapalı liman əmələ gətirdiyi indi də aydın hiss olunmaqdadır. Maraq doğuran digər cəhət isə qalanın tikildiyi yerin relyefidir. Qız Qalası şəhərin cənub-şərq hissəsində, sərt qayalığın üzərində, eramızdan əvvəlki sivilizasiyaya məxsus mükəmməl memarlıq bilgiləri əsasında tikilib.

Qala həm də memarlıq forması və üslubuna görə dünyada bu tipli yeganə tikilidir. Nəhəng qayalıq üzərində salınmış qalanın hündürlüyü 29.5 metr, diametri 16 metrdir. Orijinal quruluşa malik 8 mərtəbəli qalanın divarlarının qalınlığı aşağı mərtəbələrdə 5 metrə, yuxarı mərtəbələrə qalxdıqca isə tədricən azalaraq 4 metrə çatır. Qala öz həcminə görə eyni vaxtda təqribən 250 -300 döyüşçünün müdafiəsini təşkil etməyə imkan verir.

Qız Qalasının interyeri də olduqca orijinal biçimli, bənzərsiz quruluşa malikdir. Burada mərtəbələr divarlara hörülmüş daş pilləkənlərlə tamamlanır və bu pilləkənlər qalanın lap başınadək davam edir. Birinci mərtəbənin tavan hissəsinin tən ortasından başlayan dairəvi deşik yuxarıya doğru tədricən daralaraq, qalanın zirvəsində tamamlanır. Qala iki hissədən ibarətdir. Əsas hissə silindr formasında, digər hissə isə dəniz tərəfə uzanmış uzunsov dayaq divar şəklindədir. Bu cür formaya əsasən orta əsr müdafiə tikililərində və istehkamlarında rast gəlinir.

Qalanın içərisinin işıqlanma sistemi də memarın orijinal istedad sahibi olmasından xəbər verir. Maraqlıdır ki, qalaya gündüzlər təbii işıq divarlardakı enli dəliklərdən düşdüyü halda, gecələr tikilinin içərisi təbii yağla, (ola bilsin ki, neftlə) dolu xüsusi çıraqların vasitəsilə işıqlandırılırmış. Burada uzun müddətli mühasirə zamanı keşikçilərin qidalanması və hətta su ilə təminatı üçün də şərait yaradılıbmış. Qalanın içərisindəki dərinliyi 21 metr olan su quyusu bunu təsdiq edir. Bir sıra mənbələrdəki məlumatlara görə, qalada hətta müxtəlif səmtlərə aparan gizlin yeraltı yollar da olub. Təəssüf ki, bu yollar dağılmış, itib-batmışdır.

Əslində Qız Qalasının hər kəsi heyrətə gətirən “sirləri” çoxdur. Bu “sirlərdən” biri də onun birinci mərtəbəsində yuxarıya doğru qalxmaq üçün daş pilləkənlərin qoyulmamasıdır. Bəzi tədqiqatçıların qənaətinə görə, qalaya qalxmaq üçün asma pilləkəndən istifadə edən keşikçilər sonradan onu yuxarı qaldırırmışlar. Məqsəd düşmənin qalaya girəcəyi təqdirdə yuxarı mərtəbələrə qalxa bilməsinin qarşısını əngəlləmək olub. Lakin bu məsələdə də alimlər arasında yekdil fikir yoxdur. Çünki dünya ölkələrinin tarixində birinci mərtəbəsində başlanğıc pilləkəni olmayan qalalara rast gəlinmir. Qız Qalasının açılmayan sirlərindən biri də onun yan tərəfinə bitişik tikilidir. Bəziləri bu nəhəng sütunvarı tikilinin guya qalanı saxlayan, ona dayaq verən köməkçi vasitə olduğunu güman edirlər. Digərləri isə sütunun içərisinin boş olduğunu və oradan bizə məlum olmayan məqsədlər üçün istifadı edildiyi fikrindədirlər. Maraqlıdır ki, bu məsələdə də alimlər indiyə kimi qəti bir rəy söyləyə bilmirlər.

Bu unikal tikilinin nə üçün məhz Qız Qalası adlandırılması da dürüst məlum deyildir. Bəzi tarixçilər bu adın rəmzi xarakter daşıdığını, qalanın olduqca möhkəm, təslimolmaz, ələkeçməz, bakirə qız kimi pak və toxunulmaz olması faktı ilə əlaqələndirilər. Digər versiya müəllifləri isə Qız Qalası adı altında ümumiyyətlə Azərbaycanda çoxlu qalalar, tikililər, hətta dağ olduğunu və bu toponimin dəqiq izahının hələ də tam aydın olmadığını bildirirlər.

Hazırda YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil olunmuş Qız Qalası təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir sənət incilərindən sayılır.

 

 

Cəlal Tağıyev

 

Mədəniyyət.- 2009.- 18 fevral.- S. 6-7.