Muğam
Dünənin,
bu günün və gələcəyin musiqisi
Muğam - Azərbaycan xalqının bədii
yaradıcılığının zəngin bir hissəsi, əsrlərdən
bəri şifahi şəkildə inkişaf edərək
dövrümüzə gəlib çatmış unikal sənət
nümunəsi, Şərq xalqlarının şifahi ənənəli
professional musiqisi (ənənəvi musiqi) sistemində
özünəməxsus janrdır.
Dahi Azərbaycan bəstəkarı
Ü.Hacıbəyov Yaxın və Orta Şərq
xalqlarının 14-cü əsrdə inkişafın zirvə
nöqtəsinə çatmış musiqi mədəniyyətini
12 sütunlu və 6 bürclü (qülləli) bir binaya bənzədir.
14-cü əsrin sonuna yaxın baş verən ictimai, iqtisadi və
siyasi dəyişikliklərlə əlaqədar olaraq bu
binanın divarları çatlayaraq, uçub
dağılmış və Üzeyir bəyin təbirincə
desək, Şərq xalqlarından hər biri bu musiqi
binasının qiymətli parçalarından istifadə edərək,
özünün yeni musiqi barigahını tikmişdir. Üzeyir
Hacıbəyovun qeyd etdiyi 12 klassik muğam Şərq
xalqlarının ümumi yaradıcılığının
bəhrəsi olmuşdur. Azərbaycan muğamları məhz
orta əsrin bu 12 muğamı əsasında təşəkkül
tapıb inkişaf etmişdir.
Muğamın yaranması
haqda müxtəlif fərziyyələr var. Bəzi alimlərin
fikrincə, muğam melodiyalarının meydana gəlməsi
orta əsr poeziyası ilə bağlı olmuş və
şeirlərin sözlərinin uzadılaraq oxunması
muğam reçitasiyasının yaranmasını şərtləndirmişdir.
Digər tədqiqatçıların fikrincə,
reçitativ üslublu muğam melodiyalarının meydana gəlməsində
Quran mətnlərinin uzadılaraq avazla oxunmasının
mühüm rolu olmuşdur. Tarixən ilkin olaraq vokal, daha sonra
instrumental muğamın meydana gəlməsi şübhəsizdir.
Muğamlar - xalq
çalğı alətlərinin (tar, kamança)
müşayiəti ilə xanəndə tərəfindən,
yaxud musiqi alətlərinin birində ifa olunan çoxhissəli
kompozisiyalardır. Muğam kanonikləşdirilmiş incəsənət
növlərinə aiddir və burada klassik kanon ilə
improvizasiya üzvi vəhdət təşkil edir. Muğamdakı
improvizasiya ciddi normalaşdırılmışdır və
ifaçı bu improvizasiyanı yalnız müəyyən
qanunlar çərçivəsində edə bilər. Muğamlardan
hər birinin əsasını müəyyən bir lad (məqam,
modus) təşkil edir. Muğamdakı şöbə və
guşə adlanan bölmələr bunun əsasını təşkil
edən ladın müəyyən pillələri ətrafında
gəzişmələrdən ibarət melodiyalardan yaranır.
Şöbə və guşələrin növbələşməsi
müəyyən ladın qanunauyğunluqlarına tabe
olduğuna görə ifa zamanı bunların
ardıcıllığı pozulmamalıdır. Muğamın
hər şöbəsi ladın getdikcə daha yüksək
pilləsi ətrafında gəzişdiyinə görə
muğamdakı inkişaf dramaturgiyasının ibtidaidən
aliyə doğru olduğunu görürük; bu inkişaf
maye adlanan nöqtədən başlayaraq muğamın zilinə,
kulminasiyasınadək davam edir. Kulminasiyadan sonra sürətli
«enmə» mərhələsi və əvvəlki nöqtədə
- mayedə yekunlaşma baş verir.
Muğamda fazalarla gedən
bu inkişafı tədqiqatçılar çox zaman müxtəlif
emosional vəziyyətlərdən, əhval-ruhiyyələrdən
keçərək zirvəyə ucalması, «ekstatik vəziyyətə
çatan ruhun inkişafı, yüksəlişi»
(S.Bağırova), «etiraf yolu, həqiqətin ekstatik dərk
olunması yolu» (G.Abdullazadə) kimi səciyyələndirirlər.
Muğam fəlsəfəsinin sufilik, yəni müxtəlif dərviş
təriqətləri və s. ideyalar məcrasında təşəkkül
tapıb inkişaf etməsi fikri (G.Abdullazadə) geniş
yayılmışdır. Muğama aid olan bütün
şöbə, guşə, təsnif, rəng və s.
bölmələrin məntiqi qayda üzrə
düzülüşündən yaranan böyük
kompozisiyalar - dəstgahlar Azərbaycanın şifahi ənənəli
professional musiqi sənətinin klassik formasıdır. Muğamların
mətni klassik Şərq poeziya janrı olan qəzəllərdən
ibarətdir ki, bu janr müstəsna olaraq əruz vəzninə
əsaslanır. Muğamlar ən çox Nizami, Füzuli,
Vaqif, Seyid Əzim Şirvani, Natəvan, Əliağa Vahid kimi
şairlərin qəzəllərinə oxunur.
Muğamı yaşadan,
bu klassik sənəti nəsildən nəsilə ötürən
və inkişaf etdirərək təkmilləşdirənlər
- ifaçılar - xanəndə və sazəndələrdir.
Muğamın görkəmli ifaçıları olan
yaradıcı sənətkarlar müəyyən qanunlar
çərçivəsində muğam kompazisiyalarına
yeni nəfəs gətirmiş, məzmununu zənginləşdirmişlər.
Xanəndə və sazəndə sənətinin
inkişafı nəticəsində 19-20-ci əsrlərdə
Azərbaycanın muğam sənəti özünün zirvə
nöqtəsinə çatmışdır. 19-cu əsrdə
Azərbaycanın muğam sənətkarlarının
şöhrəti nəinki bütün Qafqazda, həmçinin
Türkiyədə, İranda, Orta Asiyada geniş
yayılmışdı. Muğam sənətinin
inkişafı nəticəsində Azərbaycanın bir
sıra yerlərində, o cümlədən Qarabağda,
Şirvanda, Bakıda ifaçılıq məktəbləri
meydana gəlmişdir. 19-cu əsrdə Şuşada Xarrat
Qulunun yaratdığı xanəndəlik məktəbini misal
göstərmək olar ki, Azərbaycanın bir çox
görkəmli ifaçıları - Hacı Hüsü, Məşədi
İsi, Əbdülbağı Zülalov (Bülbülcan),
Keçəçioğlu Məhəmməd, Cabbar
Qaryağdıoğlu, tarzən Mirzə Sadıq Əsəd
oğlu (Sadıqcan) bu məktəbin yetirmələri
olmuşlar. Muğam ifaçılığının
inkişafında bu məktəblərlə yanaşı
Şuşada, Bakıda və Şamaxıda fəaliyyət
göstərən «məclislərin» - şair və
musiqiçilərin çıxış və sənət
haqda söhbətləri, qızğın diskussiyalarla
keçən yığıncaqlarının müstəsna
rolu olmuşdur. Azərbaycana səfər edən fransız
yazıçısı Aleksandr Düma özünün
«Qafqaza səyahət»ində belə məclislərdən biri
haqqında təəssüratlarını qələmə
almışdır.
Əsrlərdən bəri
zəngin mədəni ənənələri ilə
şöhrət qazanmış Qarabağ torpağı sənətkarlar,
şair və yazıçılar, musiqiçilər yurdu
kimi Azərbaycandan çox uzaqlarda tanınmış,
Qarabağın tacı sayılan Şuşa şəhəri
isə «Şərqin konservatoriyası»
adlandırılmışdır. Qarabağ muğam
ifaçılığı məktəbinin ən görkəmli
nümayəndələri içərisində yuxarıda
adlarını çəkdiyimiz sənətkarlarla
yanaşı Seyid Şuşinski, Məcid Behbudov, Məşədi
Cəmil Əmirov, Zülfü Adıgözəlov, İslam
Abdullayev, Xan Şuşinski kimi görkəmli musiqiçilər,
20-ci əsrin ikinci yarısında Sara Qədimova, Arif Babayev
kimi xanəndələr, Qurban Pirimov, Məşədi Zeynal
kimi tarzənlər olmuşdur. Şamaxıda yetişmiş
muğam sənətkarları içərisində Mirzə Məhəmmədhəsən,
Mehdi, Əbdül Məbud, Şükür, Davud Səfiyarov
kimi xanəndələr, Məhəmmədqulu və Hümayi
kimi tarzənlər olmuşdur. Bakı məclisinin rəhbəri
olan görkəmli musiqiçi Məşədi Məlik
Mansurovun İçərişəhərdəki evində
toplaşan musiqiçilər içərisində İrandan,
Qarabağdan, Şirvandan gələn muğam biliciləri də
iştirak edirdi. Məşədi Məlikin oğlanları
Mirzə Mansur və Məşədi Süleyman tarzən
olmuşlar. Bakı məktəbinin yetişdirmələri
arasında tarzən Mirzə Fərəc, Ağa Səid
oğlu Ağabala və Seyid Mirbabayev kimi xanəndələri,
20-ci əsrin ortalarında tarzənlərdən Bəhram
Mansurovu, Əhməd Bakıxanovu, ifaçılardan
Hacıbaba Hüseynovu, bir qədər sonra Əlibaba Məmmədovu
qeyd etməliyik. Xanəndə və sazəndələrdən
bilik, bacarıq, zövq, böyük emosional və fiziki
qüvvə tələb edən dəstgahlar əvvəllər
kişi xanəndələr tərəfindən oxunmuşsa,
20-ci əsrdə Həqiqət Rzayeva, Yavər Kələntərli,
Şövkət Ələkbərova, Rübabə Muradova,
Sara Qədimova, Fatma Mehrəliyeva, Zeynəb Xanlarova kimi
qadın xanəndələr də mahir dəstgah
ifaçıları kimi tanınmışlar.
Muğam sənətinin
inkişafında yeni mərhələ olan 20-ci əsr həm
də Azərbaycan muğamının yeni bədii sistemə
daxil olması ilə səciyyələnir. Bir tərəfdən
bu janr əvvəlki dövrlərdə olduğu kimi, muğam
sənətkarlarının yaradıcılığında
yaşayaraq, təkmilləşməkdə davam edir; digər
tərəfdən isə milli musiqimizdə yaranmış yeni
istiqamət - bəstəkar yaradıcılığı
muğamın yeni müstəviyə
çıxarılmasını şərtləndirir. Muğamın
bəstəkar yaradıcılığına təsiri,
buradakı rolundan danışarkən belə bir maraqlı
halla qarşılaşırıq ki, ənənənin
özü nəinki yeniliyə mane olmur, əksinə, bu yeniləşməyə
təkan verir. 20-ci əsrdə dahi Üzeyir Hacıbəyov -
Avropa ənənəsinə əsaslanan bəstəkar
yaradıcılığının təməlini
qoymuşdur. Və muğamın yeni musiqi sisteminə, daha
doğrusu, yeni bədii sistemə daxil olması, əsrlərdən
bəri Avropa musiqisi məcrasında yaranıb inkişaf edən
janrlarla sintezləşdirilməsi də Üzeyir Hacıbəyovdan
başlanır. Bəstəkarın ilk əsəri -
bütün müsəlman Şərqində ilk opera olan
«Leyli və Məcnun»un musiqisi bütünlüklə
muğamlardan ibarət idi. Bundan sonra milli bəstəkalıq məktəbimizin
nümayəndələri içərisində elə bir sənətkar
olmayıb ki, muğamdan bəhrələnməsin, hansı
bir müstəvidə isə muğama əsaslanmasın. Məhz
Azərbaycan musiqisində Şərqin ənənəvi
professional musiqi sənəti ilə Avropanın professional
musiqi yaradıcılığının sintezi baş
tutmuş və bu qovuşuq zəminində tamamilə yeni bir
üslub yaranmışdır. Muğamın Avropa simfonizmi ilə
qovuşuğundan yeni janr - simfonik muğam janrı meydana gəlmişdir
- bunun yaradıcısı Fikrət Əmirov idi («Şur»,
«Kürd-Ovşarı», «Gülüstan-Bayatı Şiraz»). İlk
dəfə xor muğamını yaradan Cahangir Cahangirov
olmuşdur («Azad» operası). Qara Qarayev, Cövdət
Hacıyev, Soltan Hacıbəyov, Arif Məlikov, Xəyyam Mirzəzadə,
Aqşin Əlizadə, Firəngiz Əlizadə kimi bəstəkarların
yaradıcılığında muğamdan irəli gələn
bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə,
aleatorika və sonoristika ilə, «yeni musiqi»ni səciyyələndirən
vasitələrlə üzvi vəhdətdə qovuşur. Azərbaycan
bəstəkarları muğam prinsiplərini estrada musiqisinə
(Tofiq Quliyev), caz sənətinə (Vaqif Mustafazadə) gətirirlər.
Bir sözlə, muğam tamamilə yeni bədii sistemlərə
daxil olur.
20-ci əsrdə Azərbaycan
musiqisinin parlaq simalarından olan Vaqif Mustafazadə muğam və
caz sənətini çarpazlaşdırmış, Azərbaycan
cazının özünəməxsusluğunu şərtləndirmişdir.
Müəyyən, reqlamentləşdirilmiş qurumlar çərçivəsində
melodik modellərin variant şəklində inkişafında
improvizə amilinin olması muğam ilə caz arasında bir
körpü salınmasını
asanlaşdırmışdır. Ümumiyyətlə, 20-ci əsrin
ortalarından başlayaraq Qərb dünyasında əvvəllər
onun üçün yalnız uzaqdan seyr edilə biləcək
bir ekzotik musiqi aləmi olan muğam tipli ənənəvi
musiqi növlərinin mahiyyətinə varmaq meyli güclənməyə
başlamışdır.
Şərq
xalqlarının ənənəvi musiqisinin unikal janrları,
o cümlədən Azərbaycan muğamının qorunub saxlanması
son onilliklərdə ümumdünya miqyasında diqqət mərkəzinə
gətirilmişdir. Bu sənət növlərinin müasir
elmin nailiyyətləri səviyyəsində tədqiqi və
inkişaf etdirilməsilə bağlı problemlər
dünyanın ən nüfuzlu musiqiçiləri və alimlərinin
qarşılıqlı əməkdaşlığı və
fikir mübadiləsi zərurətini yaratmış, 20-ci əsrin
70-ci illərindən başlayaraq keçirilən mötəbər
simpozium və konfranslarda müzakirə edilmişdir.
Bu gün Azərbaycanın
muğam sənətinin inkişafı yolunda dövlət səviyyəsində
aparılan böyük işlər, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun xoş məramlı səfiri Mehriban
xanım Əliyevanın şəxsi təşəbbüsü
və dəstəyi sayəsində həyata keçirilən
muğam layihələri, 2003-cü ildə Azərbaycan
muğamının YUNESKO tərəfindən bəşəriyyətin
şifahi ənənəli mənəvi şedevrləri siyahısına
daxil edilməsi bu unikal sənət növünün misilsiz bədii
dəyərə malik olduğunu, beynəlxalq miqyasda mədəniyyətlərarası
əhəmiyyətini bir daha təsdiq edir.
Şəhla HƏSƏNOVA,
əməkdar incəsənət xadimi,
sənətşünaslıq namizədi,
Bakı Musiqi Akademiyasının
professoru
Mədəniyyət.- 2009.- 18 fevral.- S. 8.