Mədəniyyətlərarası dialoq bəşərin yaşamı
üçün şansdır
Mədəniyyətlər daima bir-birinə
təsir göstərir. Onların təbiəti belədir.
Çünki əlaqə olmasa, nə varlığını
qoruyub saxlayar, nə də inkişaf edərlər. Zaman-zaman
mövcud olan yaradıcı qüvvələr qapalı
inkişafın nə qədər məhdud olduğunu biliblər.
Axı incəsənət daima başqaları ilə
qaynayıb-qarışmalı, yeni axınlardan
qidalanmalıdır. Beləliklə, onlar bəşərin
yaratdığı mədəni irsin zənginliyindən
istifadə edərək qurub-yaratmışlar. Fərqli bədii
formaların üzvü birləşmə yolu bir qayda olaraq
böyük proseslərdən keçir. Bütün bunlardan əlavə,
həqiqi yüksək sənət ruhi-mənəvi dəyərlər
yaradaraq insanların ünsiyyət qurmağına, birləşməyinə
xidmət edir. Bu, sənət adamının
missiyasıdır.
Amma bu gün mən mədəniyyətlərarası dialoq haqqında kulturoloji nöqteyi-nəzərdən danışmaq istəməzdim. Praktiki olaraq demək lazımdır ki, artıq başlamış növbəti dünya müharibəsi ilə üz-üzə durduğumuz üçün biz bu fəlakəti dəf etməyin yolları haqqında düşünməliyik. Hesab edirəm ki, baş verənlərin əsas səbəbi həm insanların bir-birini sonadək anlamamağında, həm də kütləvi informasiya vasitələri tərəfindən öz yerini möhkəmləndirən stereotiplərdədir. Bu təbliğat tilovuna düşmək çox asandır. Belə ki, hər hansı bir biliyi olmayan avam qəzetdə oxuduğuna, televiziyada gördüyünə tam inanır. Beləcə, kütləvi şüur ilə manupulyasiya edilir.
Xalqlar arasında antiqonizmin formalaşmasında
tarixşünaslıq da
böyük rol oynayır. Hərdən heyrət edirsən. Bu elm necə
də ustalıqla bəşər tarixini ardı-arası kəsilməyən müharibələr,
çevrilişlər, edamlar
kimi təqdim edə bilir. Mədəniyyətə, ümumiyyətlə,
işıqlı nə
varsa ona ayrılan səhifələr
nə qədər xəsis və bombozdur. Düşmənçiliyin
səbəbi necə də əsaslı şəkildə təhlil
edilir. Mehriban qonşuluq münasibətləri
isə ötəri şəkildə xatırlanır.
Yaxşı yadımdadır, məşhur qazax şairi Oljas Süleymenovun «AZ i Ya» kitabı nə böyük səs-küyə səbəb olmuşdu. Əsərin ideyası bu idi ki,
çoxəsrlik qədim
Rusiyanın tarixi münasibətləri türk
xalqları ilə dostluq və qan qohumluğu üzərində qurulub.
«İqor alayı haqqında dastan» əsərinin filoloji analizi timsalında aşkar edilir ki, sonradan dəyişən
siyasət xatirinə mətnə əlavələr,
düzəlişlər olunmuşdur.
Xristian Qərbi ilə
İslam Şərqi arasındakı münasibətlər təkcə
hamı tərəfindən qəbul edilən
qarşıdurmalar tarixi deyil. Hər halda Səlib
yürüşlərinə qədər. Bu,
qanunauyğunluqdur, çünki İbrahim dininin bu iki qolu
qarşıya bir məqsəd qoyub - ruhi-mənəvi maariflənmə.
Əgər qərəzçilikdən ayrılıb
onları diqqətlə təhlil və müqayisə etsək,
görərik ki, hər iki dinin oxşar cəhətləri fərqli
tərəflərindən çoxdur. Ümumiyyətlə,
qeyd etmək lazımdır ki, İslam ənənəvi olaraq
bütün monoteist dinlərə hörmətlə
yanaşır. Quranda müqəddəs yazıya inanan xalqlar
haqqında xüsusi surələr var. Hətta belə bir
termin var: Əhli-kitab. Ona görə ərəb xilafəti və
ondan sonrakı müsəlman dövlətləri yəhudi və
xristian icmalarına qarşı tolerant siyasəti
yürüdüblər. İslam təkcə cahilliyə və
bütpərəstliyə qarşı sərt idi. Müsəlman
hakimlərin idarəçiliyi dövrü xristian məbədlərinin
tikintisinə nəinki məhdudiyyət qoyulmamış, hətta
onların sayı get-gedə artmışdı. Bəzən
kilsələrin tikintisinə müsəlmanlar da ianə
toplamışdır. Buna misal kimi, XIX əsrdə
ucaldılmış qızıl qülləli «Müqəddəs
A.Nevski kilsəsi»ni göstərmək olar. Bu məbəd
Qafqazda ən iri sayılan Bibiheybət məscidi və
Lüteran kafedral kilsəsi ilə birlikdə ateizmin
tüğyan etdiyi illərdə bolşeviklər tərəfindən
partladılıb. Ümumiyyətlə, Azərbaycan tarixən
bir çox xalqların və dini icmaların
yaşadığı yer olub, bu və ya digər səbəbdən
təqib edilənlər də bu torpaqda sığınacaq
tapıblar. XVIII-XIX əsrlərdə «köhnə ənənəçi
ruslar» bütöv kəndləri ilə Azərbaycana
köçüb gəliblər. XX əsrin əvvəllərində
isə on min yəhudi kütləvi qətllərdən xilas
olmaq üçün bu torpağa pənah gətirib. Ərazi
iddiası ilə çıxış edənlərdən
başqa bu torpaqda məskunlaşan bütün xalqlar
tolerantlıq ab-havasında yaşamışlar.
Bu iki mədəniyyətin
qarşılıqlı ünsiyyətinə dəlalət edən
ən işıqlı misallara isə incəsənətdə
və ədəbiyyatda rast gəlmək olar. İndi dəqiqliklə
müəyyən edilib ki, «Trubadur nəğmələri»
müsəlman mənşəlidir. Trubadur sözü ilə
trobar (tapmaq) sözü arasında heç bir əlaqə
yoxdur. Sadəcə olaraq, ərəb mənşəli olaraq
ud çalan deməkdir. Baxmayaraq ki, Don Kixot ən tipik
ispaniyalı kimi təqdim edilir. Servantes özü etiraf edirdi
ki, bu obrazı yaradanda hansısa ərəb mətnlərindən
istifadə edib. Alimlər bunu Don Kixotun (Provansaldan və
Araqondan olanların ləhcəsində Kişot səslənir)
zarafatı kimi qəbul edir və ona ciddi yanaşmırlar. Amma
Servantesin qələmə aldıqları əfsanəvi sufi
mürşidi Sidi Kişarın həyatındakı hadisələri
xatırladır. Hətta mürşidin su dəyirmanlarını
nəhənglərə bənzətməyi kimi məşhur
hekayətləri də misal çəkmək olar.
XIII əsrin məşhur
humanist alimi, rahibi və uzun illər Oksfordda fəlsəfədən
mühazirələr oxuyan və orada da dəfn edilən Rodcer
Bekon müsəlman İspaniyasında təhsil alıb.
İndi müəyyən
edilib ki, Frantsisk təriqətinin (Bekon bir az gec onlara
qoşulub) banisi Frantsisk Assiski böyük sufi mürşidi
Süleyman ibn Yəhyadan təsirlənib (Avitsebron).
Düzü, məni həqiqətin
ən son həddinə iddialı adam kimi başa düşməyin.
Amma böyük dramaturq Vilyam Şekspirin adının
etimologiyası haqqında fikirlərimi sizinlə
bölüşmək istəyirəm. Bilirəm ki, hələ
indiyə qədər alimlərin arasında şairin
soy-kökü haqqında yekdil fikir yoxdu. Cəsarət edib
diqqətinizə növbəti bir mülahizəni
çatdırmaq istəyirəm. Ad iki hecadan ibarətdir:
Şeks və Pir. Maraqlıdır ki, ərəb dilində
şeyx və fars dilində pir sözü eyni məna
daşıyır - yəni müdrik şəxs, biz adamlar
üçün təbliğ mənbəyi. Əgər
şairin sufi poeziyasının gözəl bilicisi olduğunu
nəzərə alsaq, onun adının gizlin mənalardan ibarət
olduğunu anlayarıq.
Yəqin mədəniyyətlərin
bir-birinə təsirinin qarşılıqlı olduğunu
söyləmək artıq olardı. Eyni ilə Şərqə
də Qərb sivilizasiyasının təsiri var. Bunu isbat edən
bir çox məlum həqiqətələri sadalamaqla
vaxtınızı almaq istəmirəm. Bir neçə
söz isə İslam mədəniyyətinin məğzi
haqqında deməyə çalışacağam. Quranda
deyilir: «Allahın əli bütün əllərdən
yüksəkdir». Hətta sənətkar öz həyatını
kamil sənət əsərinə çevirməlidir. İslam
incəsənətinin sirri ondadır ki, sənətkar tam
şəkildə özündən imtina edərək ali
başlanğıca qovuşmalı, varlığını
ona təslim etməlidir. «Şair neydir, onun köməyi ilə
Tanrının nəfəsini eşidirlər». İncəsənətin
mahiyyəti insanı və onu əhatə edən hər bir
varlığın təbiətini üstələmək
deyil, çünki onlar teomorfdur - sadəcə olaraq, onun
daxili mahiyyətini üzə çıxarmaqdır. Başqa bir tərəfdən, İslam incəsənətinin
məqsədi təbii
formaları imitasiya etmək yox, onların prinsipini əks etdirməkdir. İslam, ümumiyyətlə,
yüksəyin aşağı
endirilməyinə, intellektin
cisim səviyyəsinə
düşməyinə, müqəddəsliyin
dünyəviliyə qarışmağına
yol vermir. İslam iyerarxik harmoniyanı təsdiqləyir.
Harmoniya əzəldən
kainatda mövcuddur. Amma o çox
vaxt maddi dünyada əks olunmur. Harmoniya materialı və ya sözü özünə tabe edəndə poeziya yaranır. Kainatın təməl harmoniyasına
əks-səda verən poeziya insana kömək etmək istəyir. O nə vaxtsa insanda mövcud olmuş, sonra dünyanın qarmaqarışıqlığında
itirilmiş yüksək
aydınlanma məqamına
yetişir və bu, onu yenidən
yaranışa çağırır.
Bir neçə söz
də peşəkarlığımdan doğan maraqlar haqda demək
istəyirəm. Birgə layihələrin sənətdə əhəmiyyətini
qiymətləndirməmək qeyri-mümkündür. Bu, mədəniyyətlərin
yaxınlaşması üçün ən real yoldur. Özünün
sintetikliyi və yaradıcılarının çoxluğu ilə
film istehsalı bu yolun gerçəkləşməsi
üçün şərait yaradır. Birgə layihə gələcək
filmin prokatını iştirakçı ölkələrin ərazisində
həyata keçirməyi nəzərdə tutur. Təbii ki, əsərin
ideyası, bədii forması özündə bu ölkələrin
mədəni irsini əks etdirir. Müəyyən mənada mədəni
körpü yaradılır. Bir çox hallarda isə,
kütləvi informasiya vasitələri tərəfindən təlqin
edilən və get-gedə vərdişə çevrilən
neqativ stereotiplər uçulur.
Öz
çıxışımı bir pritça ilə tamamlamaq
istəyirəm. «Bir kənd yolunda dörd səyyah dayanmışdı.
Onlar yol-yoldaşları idi. Hansısa uzaq bir məmləkətə
getmək istəyirdilər. Səyyahların arasında əllərində
qalmış yeganə dirhəmi necə xərcləmək
haqqında mübahisə gedirdi:
- Mən ənqur almaq istəyirəm
- dedi fars.
- Mən üzüm istəyirəm
- dedi türk.
- Mən
isə innab alacam - dedi ərəb.
- Yox! - yunan etiraz
etdi: - Biz stafil alacağıq.
Yaxınlıqdan keçən
bir adam bu söhbəti eşitdi. O, çox dil bildiyi
üçün mübahisənin mahiyyətini anladı və
yaxınlaşıb öz köməyini təklif etdi. Səyyahlara
dedi ki, bir dirhəmi versələr, dördünün də
arzusu həyata keçirə bilər. Bir az düşünəndən
sonra səyyahlar pulu ona verdilər. Bilici yaxınlıqdakı
dükana gedib dörd salxım üzüm aldı.
- Bu mənim
ənqurum - dedi fars.
- Bu elə
mən deyən üzümdü - dedi türk.
- Siz mənə innab gətirmisiniz - dedi ərəb.
- Yox - dedi yunan. - Bizim
dildə buna stafil deyirlər.
Mübahisə ona görə yaranmışdı ki, bu adamlar bir-birini
başa düşmürdülər».
Qarşılıqlı
anlaşma dünyanı xilas edə bilər. Quranda deyilir:
«Allah sizin dilinizi, dərinizin rəngini fərqli yaratdı ki,
bir-birinizi dərk edərək yaşayasınız. Ona
görə xeyir əməllər etməkdə bir-birinizlə
yarışın». Belə ki, fərqli mədəniyyətlərin
nümayəndələri bir-birilərini öyrənib
başa düşməli, ilk növbədə orada olan ən
yaxşını axtarıb tapmalıdır. Bu, incəsənət
adamının missiyasıdır.
Şamil Nəcəfzadə
rejissor-rəssam,
əməkdar incəsənət
xadimi, Azərbaycan
Kinematoqrafçılar
İttifaqının katibi
Mədəniyyət.- 2009.- 18 fevral.- S. 10.