Zamanın təsviri

 

Onun simasında XX əsr gerçəkliyindən doğan cizgilər vardı. Diqqətini toplayıb sanki vaxtın çərçivəsindən qırağa baxmaq istəyir. Onun yaradıcılığını tədqiq edənlər milli düşüncə və ümumbəşəri fikirlərin sintezindən danışırdılar.

Bu haqda özü belə deyirdi: «Bəzən yaradıcılıqla milli ənənələr sövq-təbii meydana çıxır. Mən ispan, Vyetnam, bolqar mövzuları əsasında musiqi yazıram. Mənə isə deyirlər ki, bu əsərlərdə mənim millətimin, mənim azərbaycanlı əllərimin izi qalır. Mən bunun necə baş verdiyini aydınlaşdıra bilmirəm və bu barədə düşünmürəm». Bu fikirlər böyük bəstəkarın bəlkə də həyat, kainat, sənət haqqındakı düşüncələrinin bir fraqmentidir. Amma bircə naxışa baxmaq kifayət edər ki, bütöv xalça haqqında təsəvvürün olsun.

 

I təsvir. Həyat naxışları

 

O, dünyaya 1918-ci ilin soyuq fevral günü göz açıb. Bu vaxt siyasi təriqətlər tərəfindən dəmir pərdələr arasında səhnələşdirilən «Yeni tarix» tamaşası başlanırdı. Dekorasiyalar və mənzərələr sürətlə bir-birini əvəz edirdi. Keçmiş, köhnə lövhədə həlli tapılmayan məsələ kimi silinib təzədən yazılmalı idi. Bu səssiz filmlərin musiqinin müşayiəti ilə göstərildiyi bir dövrə təsadüf edirdi. Nə vaxtsa o, öz əzəmətini ifa edə bilməyən «səssiz əsr»in musiqisini yaradacaq. Amma bu musiqi də labirintdən çıxmaq istəyən zamanın obrazı olacaq. Təkcə yaddaşındakı əksləri - qalaları, ağacları, dağları, islanmış ot tayalarını, kəndli komalarının kasıb, bərəkətli işığını qoruyub saxlamaq istəyən idilliya yox, həm də əlyazmaların külünü göyə sovurmaq istəyən Kafkanın «Qəsr»i, Sartrın «Divar»ı, Pikassonun «Gernika»sı, Pasternakın «Hamlet»i ilə mübhəm bir dildə danışan obraz. Bu dilin sirlərinə yiyələnmək üçün Qara Qarayevin iki böyük ustadı vardı. Ü.Hacıbəyov D.Şostakoviç.

Uzun illərin kəsişdiyi nöqtədə, özünün ustad kimi sevildiyi vaxt o, müəllimlərini hörmətlə yad edərək, onlardan aldığı bilgini dilə gətirəcək. 1961-ci ildə Qara Qarayev «Oqonyok» jurnalında belə yazıb: «Mən düşünürəm ki, insana əlifba ilə yanaşı, həm də göy qurşağının rənglərini, qammadakı səsləri öyrətmək lazımdır. Bu insanı zənginləşdirər, müxtəlif dünyagörüşləri, nöqteyi-nəzərlərə alışdırar. Sonra o, anlayır ki, rənglərin sehri ona koloriti başa saldığı kimi, səslərin sehri harmoniya ahəng melodiya aşılayır». Bu məqalədə Q.Qarayev insanı zamana və musiqiyə alışdırmaq istəyir, onun qəlbində humanizm ideyalarının işığını, toxumlarını səpməyə çalışır. Çünki bu sirrin başlanğıcında onun ustadları dayanmışdı. Böyük Üzeyir bəy filosof təbiətli şagirdinin timsalında vaxtla əsər arasındakı məsafəni qısa yolla keçmək istəyən dahinin çırpıntılarını görmüşdür. Bir tərəfdən o, tələbəsinə qoca, müdrik Şərqin sirrinə yiyələnməyi, milli musiqi ənənələrinə bələd olmağı tövsiyə edirdi, digər tərəfdən ümumbəşəri xəzinəyə sarı yeni cığırlar, yeni kəşflər ilə getməyin yolunu öyrədirdi. Çox-çox sonralar ustadının üfürüb alova çevirdiyi bilgini belə dilə gətirirdi: «Mən dərindən inanıram ki, milli kolorit folklor nümunələrindən sitat gətirməkdən yox, sənətkarın mahiyyətindən doğur». Bu təcrübədən irəli gələn həqiqətdir; hardakı sənətkar özününkünü ümumidən ayırmağı bacarır.

Moskvada dahi bəstəkar D.Şostakoviçdən kompozisiya dərsləri alanda da, o, bu həqiqətin dərinliyinə sirayət edə bilmişdi. Şostakoviç tələbəsinin dünyagörüşündə böyük çevrilişlərin baş verdiyini hiss edirdi. Bir tərəfdən də qaranlıq əsrin uğultusu dünyanı lərzəyə gətirir, orduların bir qayda ilə yeri döyəcləyən çəkmələri daş səkiləri, meydanları diksindirirdi. Digər tərəfdən, Sotan Məhəmmədin «Kitab oxuyan gənc»i, Leonardonun «Mono Liza»sı işaran qaranlıqdan boylanırdı. Ustadı Şostakoviçin musiqisi bu soluxmuş, çat vermiş gözəl təsvirlərin üzərində dövrə vururdu, ona sənətlə müdrikliyin birləşə biləcəkləri nöqtələri göstərirdi.

 

 II təsvir. İrəli - klassiklərə tərəf qayıdış

 

Zamanı məhvərindən oynadıb, insanın və tarixin cizgilərini dəyişə biləcəyi hadisələr uzaqlaşdıqca, insan dönüb keçmişə sarı baxmağa cəhd edir. İkinci Dünya müharibəsinin vahiməli surətləri arxada qaldıqca, Q.Qarayev bu dəhşətin çiyinləri arxasından boylanaraq keçmiş əsərlərin pak, ülvi qəhrəmanlarını görmək istəyirdi. 800 il uzaqdan universal təfəkkürü ilə kainat, əbədiyyət adlı yozulmaz metaforaların sirrini açmağa çalışan böyük Nizaminin əksi görünürdü.

1947-ci ildə Q.Qarayev Nizaminin əsərlərinin motivləri əsasında «Leyli və Məcnun» simfonik poemasını yaradır. Bu simfonik əsər dünya mədəniyyəti xəzinəsinə bir inci kimi daxil olaraq, ABŞ-da, Avropada qramofon vallarına yazılır.

Bir müddət sonra Qara Qarayev bir daha Nizamiyə tərəf üz tutur. Artıq bu, iki böyük sənətkarın arasında dialoqdur. İlahi eşq, insan mənəviyyatı, vaxt adlı sirrin hüdudlarından çıxmaq istəyi və buna bənzər əbədi suallar bu dialoqun mövzusu olur. Bəlkə də bu dirilik bulağından əyilib su içmək istəyidir. Təkcə Xızır peyğəmbərə nəsib olan və insan övladı üçün qadağada qalan bu əbədiyyət sirri heç cür açılmaq bilmir. Bəstəkar bu dəfə yeddi müdriklik zirvəsini aşaraq «Yeddi gözəl» əsərini yaradır. Yaradıcılığının dönüş nöqtəsində, elə bil dünyanın yeddi şah əsərinə baxaraq, hind, bizans, xarəzm, slavyan, məğrib, Çin, İran gözəllərinin surətini üzə çıxarır bəşəri düşündürən əzəli problemləri, dərin qatlarda gizlənən mənaları onların obrazları ilə açıqlayır. Bu başqa-başqa qütblərdə yaşayan insanları sevməyə, inanmağa, ali mənaları dərk etməyə çağıran əsər yeni traktovka, yeni ifadə vasitələri ilə sənətsevərlərin diqqətini cəlb edir. Sanki bəstəkar eşq, mərhəmət, «fələk çərxi» simvollarını sındırmaqla, onlara yeni bir şərh, yeni bir ruh gətirmək istəyir. Amma bu mümkündürmü? XX əsrin qana bulaşmış qarı postsənaye, postmodern dünyasının «hay-küy və hiddət»i bu sualı işaran köz kimi külün içində saxlayır. Alovun sonuncu arqumenti közərən sükutdur. Ötən yüz ilin filosofu deyirdi ki, sükutdan gələn şimşək də elə sükutdur. D.Şostakoviçin «XX əsr»i sükutdur. V.Vendersin «Berlin üzərində səma», T.Manın «Venesiyada ölüm», Q.Qarayevin «İldırımlı yollarla» əsəri həqiqi mənada sükutdur. Hamı onu dinləməyə can atdığı vaxt özünü eşitməyə çalışan insanın sükutu. «İldırımlı yollarla» əsərində qara qitənin ağ qızı Sari ilə mulat oğlan Lenni arasında mümkün olmayan «lal məhəbbət»in faciəsi yaşanır, lirika ilə intellektual ənginlik birləşərək musiqinin strukturunu təşkil edir. Bu ecazkar musiqi dünyadakı ədalətsizliyin qarşısında məğlubedilməz məhəbbətə həsr edilib. Sonda qəhrəmanlar «dəmir əsr»in yanmış dekorasiyaları, külün altında qalan çiçəkləri, kitabları və bütün bunların üzərində işaran ulduzları ilə heçliyə yuvarlansa da, insanlar bundan ibrət alır, ədaləti və sevgini qorumaq üçün irqi, sosial sərhədləri qırıb birləşirlər. Sənətkar başqa insanın faciəsində bəşər üçün çalınan zəngləri eşidir. «Bir insanın ölümü məni də azaldır. Əgər dalğa sahili yuyursa torpaq da azalır. Ona görə heç vaxt soruşmayın, kimin üçün çalınır bu zənglər» - deyir D.Donn.

1958-ci il yanvarın 4-də Sankt-Peterburq Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş «İldırımlı yollarla» əsəri az zamanda bir çox böyük ölkələrin səhnəsinə çıxır.

 

III təsvir. Miflə söhbət

 

Klassikaya qayıdışı 1960-cı ildə Q.Qarayev «Don Kixot simfonik qravüralarını» yaratmağı ilə davam etdirir. Pikassonun bir neçə cizgi ilə canlandırdığı və Borxesin qısa bir miniatür ilə ifadə etdiyi «Don Kixot» dahi bəstəkarın musiqisinə köçərək daha bir rəmzi aşkarlayır.

Borxes bu rəmz haqqında təxminən belə deyir: «İspaniyada darıxan qoca əsgər ruhunu Aristonun nəhayətsizliyi ilə ovudur - hardakı hətta zaman boz yuxularda, ay işıqlı vadilərdə yaşayır. Özü ilə zarafat edərək o, hər şeyi aldanan adamın obrazını uydurur. Bu adam qeyri-gerçək romanların oxucusudur və igidlik, möcüzə göstərmək üçün çox adi yerlərdə - Monteldə, Tabassoda gəzib dolaşır. İspaniyanın gerçəkliyində məğlub olan Don Kixot 1614-cü ildə öz doğma kəndində ölür. Migel de Servantes ondan cəmi bir neçə il çox yaşayır. Hər iki şəxs, yuxularda yaşayan yuxu görən adam üçün bircə süjet var - iki dünyanın müqayisəsi. Biri cəngavər romanlarının yalançı dünyası, bir XVII əsrin gerçəkliyi. Onlar bilmirdilər ki, tarix bu fərqi aradan götürəcək, tənha cəngavərin siması Sindibadın səyahəti, Aristonun aylı vadiləri kimi gələcək nəsillərin pozisiyasına çevriləcək. Çünki ədəbiyyat miflə başlayır miflə tamamlanır».

Q.Qarayev min illərin sərgərdan dolaşan miflərini qəribə bir şəkildə yaradıcılığına gətirirdi. Bu, artıq sadə zaman çərçivəsində ucalan musiqi yox, insan tarixinin başlanğıc nöqtəsi ilə əbədiyyət işarələri arasında körpü salan rəmz idi.

 

IV təsvir. İşıq notları

 

Qara Qarayevi tanıyan adamlar onun qəribəliklərindən danışırdılar. O, rahatlıq tapa bilmirdi. Hətta şöhrətin zirvəsində yeni ifadə vasitələri axtarmaqdan yorulmurdu. Onun düşüncələrini, kəşflərini, axtarışlarını, bəlkə «dəyərləri təftiş etmək» istəyən filosofun bir sözü ilə cəmləşdirmək olar: «İncəsənət alovun üşüməyidir».

1965-ci ildə Q.Qarayev 3-cü simfoniyasını yazır. Bu, yeni bir mərhələdir. 3-cü simfoniya yeni bir üslubun, texnikanın tətbiqidir. Bu mürəkkəb əsərin hüdudlarında yeni estetik bədii kodlar dayanır. Müsahibələrinin birində bəstəkar bu haqda deyir: «Əgər insan yaşadığı dövrün hissləri idealları ilə nəfəs alırsa, öz zamanının həqiqəti ilə ifadə vasitələrini birləşdirirsə, bu, yenilikdir. Bütün bunlar ancaq fikri ifadə etmək üçün vacibdir». Amma həyat belə qurulub ki, fikir bitmir. Hətta böyük bir şairin dili ilə desək, insan doğulanda kimsə lampa gətirir, beləcə onun üzü işıqlanır kainatda. Bitməyən fikrin kainatda işığı var. Bəlkə işıqlı notu.

 

V təsvir. Əbədiyyət düyünü

 

Düz 65 il bu «üşüyən alovu» ürəyində gəzdirən sənətkar öz məqsədinə sarı yol getdi. 1982-ci ilin may ayının 13-ə qədər. Sonra bəşər övladı üçün bir xəzinə qaldı. Onun mədəni irsi dünyanın bir çox yerlərində araşdırılır, öyrənilir. Bu gün Azərbaycanda yaşayan şöhrəti sərhədlər keçən bəstəkarların çoxu bu nəhəng sənətkarın irsindən bəhrələnir. Qara Qarayev onlar üçün bir dahi surəti yadigar qoymaqla yanaşı, həm tələbələrini ata məhəbbəti ilə sevən ustad odrazı yaratmışdır. O, həqiqətən tələbələrini sevirdi - elmini, işığını, ümidlərini onlarla bağlayırdı. Çünki vaxtın gözə görünməyən ipləri ilə toxunan bu bağlılıq ardıcıllığı saxlayır. Dünyanın böyük şəhərlərində , balaca ucqar qəsəbədə royal arxasına əyləşəndə yaxud not vərəqlərində yazanda bu iplər gərilir. Ustad ilə şagirdin arasında bir əbədiyyət düyünü vurulduğu bilinir.

Bir rəvayətdə deyilir ki, məşhur filosofu cəmiyyət içində tərif edib, onun ali keyfiyyətlərini sadalayan adam söhbətin sonunda ehtiyatla bu alimdən soruşur: «Səni heç müəllimin bu qədər tərif edibmi Filosof deyir: «Heç vaxt. Amma indi sadaladığın o ali keyfiyyətlərin çoxunu mənə müəllimim öyrədib».

 

 

Vəli Novruzov

 

Mədəniyyət.- 2009.- 18 fevral.- S. 13.