...Beş arşın ağdı xələt
Aşıq şeirində
İslam
Azərbaycan aşıq sənətinin incisi olan Tikmədaşlı
Xəstə Qasımın aşıqların dilindən
düşməyən, quzeyli, güneyli Azərbaycanı
ev-ev, ocaq-ocaq dolaşan məşhur “Dünya” rədifli gəraylısının
ikinci bəndi bu misralarla başlayır:
De görüm nəyə talibsən,
Dərsini kimdən alıbsan?!.
Gəlin, bu
üç-dörd kəlmənin baş vurduğu məna dərinliyinə
səfər edək, görək ustad aşıq dünyaya
xitabən söylədiyi bu misralarla nə demək istəyir.
Nəyə talibsən,
ey dünya?! İstəyin, arzun nədir? Bu boyda səltənət,
ulduzlar, planetlər, fəsillər, təbiət, sonsuz kəhkəşanlar...
bütün bunlar nə üçündür, nə məqsəd
daşıyır? Bu qurğu, bu nizam, bu yaradılış,
bu əvvəl, bu axır hardandır, kimdəndir? Sən bu
mükəmməl varlığınla, mizanlı və daimi hərəkətinlə
kimdən aldın dərsini?
Məşhur rəvayətdə
belə nəql olunur:
Mələklərdən
biri Allah-Təaladan soruşur ki, insanı nə
üçün yaratdın? Allah-Təala buyurur: “Gizli xəzinə
idim, bilinmək istədim”.
İslam fəlsəfəsinə
görə, Ulu Yaradan özündən kənarda bir
şüur, bir düşüncə yaratdı ki, onu sevsin,
ona səcdə etsin, həmd-səna qılsın. Yerdə
qalan bütün varlıqlar isə yaradılışın əşrəfi
olan insana xidmət etmək üçündür. Adi həşəratlardan
tutmuş ozon qatına, kainatın gözlə görünməyən
makro və mikroaləminə qədər hər şey
dolayısı ilə və ya birbaşa insana xidmət edir.
Bütün bu mürəkkəb,
anlaşılması o qədər də asan olmayan məsələlər
barədə ustad aşıq cəmi 6 söz işlədib.
Dərsini kimdən
alıbsan? Sual Yaradanı nişan verir, insanları
düşünərək, Onu tanımağa, Ona şərik
qoşmamağa, Onun qüdrətini anlamağa
çağırır.
Məhəmməd
Füzulinin yazdıqlarından anlaşılır ki, onun əsas
amalı heç də gözəl şeir yazmaq olmayıb. Əksinə,
Füzuli sözün gücündən, qüdrətindən,
insanları təsirləndirmək imkanlarından istifadə
edib oxucunu İslama doğru aparır.
Füzulini dərindən
oxumaq niyyətində olan istənilən gənc oxucu bir zaman
hökmən başa düşəcək ki, onu anlamır,
yazdıqlarının əsl mahiyyətinə vara bilmir. Əgər
həmin gənc bu ilkin maneəni dəf edib, inad göstərməkdə
davam etsə, ondan sanki kimsə soruşacaq: “Quranı
oxumusan?”.
Füzuli onu təzəcə
oxumağa başlayan insanla öz arasında keçilməz
bir çənbər yaradır. Bu çənbəri
keçmək üçün ən vacib şərt
Quranı oxumaqdır. Oxucu Füzulini oxuya-oxuya İslama gəldiyinin
fərqinə varmır və bir də onda ayılır ki, artıq
həmin çənbərin içindədir.
Füzuli Bağdad kimi
şəhərdə, İslamın kifayət qədər
inkişaf etdiyi bir mühitdə yetişmişdi. Bəs ondan
400 il sonra Göyçə dağlarının qoynunda
yetişən Dədə Ələsgər haradan əxz eləmişdi
bu möhtəşəmliyi?!
Tanrı insanın fitrətindədir
- deyirlər. Ən vəhşi qəbilələr arasında
belə uşağa sevgi, qocalara hörmət hissi olur. Ancaq bu, dini-mənəvi dünyagörüşünün
formalaşması üçün
yetərli deyil.
Azərbaycanda hələ
İslama qədər el-elat mədəniyyəti olub. Bu mədəniyyət,
folklorumuzdan anlaşıldığı kimi, sevgiyə sədaqət,
dosta səmimiyyət, düşmənə amansızlıq,
böyüyə hörmət, uşağa sevgi, ata-silaha
hörmət və s. kimi yüksək əxlaqi dəyərləri
ilə xarakterizə olunur. Hansı ki, İslam bu dəyərli
keyfiyyətlərin heç birini inkar etmədi. Ancaq
bütün müsbət hisslərin, insani duyğuların
vahid bir mərkəzini, şüurumuzun, düşüncəmizin,
mənəviyyatımızın həm mənbəyini, həm
mənsəbini, eyni zamanda istinad nöqtəsini göstərdi.
Bu zamana qədər yazılan və ya deyilən şeirlərdə
pərakəndəlik mövcuddur. İslamdan sonra fikirlər cəmlənib
sanki... Dünya, yer planeti, yaradılış, ölüm
haqqında bilgilər mükəmməlləşib. Ancaq bu o
demək deyil ki, Azərbaycanın klassik şeiri şəriət
şeiridir. Bizim ədəbiyyatımızda, eləcə də
aşıq yaradıcılığında şəriət
şeirləri vardır. Şəriət şeirləri
ayrıca bir janr kimi formalaşıb hətta. Lakin böyük ustadlar bununla kifayətlənməyib,
İslam düşüncəsini,
Quranın məalını
şeirin təkcə
mövzusuna deyil, onun ruhuna, intonasiyasına
hopdurublar. İrfan şeirləri bu cür yaranıb. İrfan elə bir mədəniyyətdir ki, ona yiyələndinsə,
səni sonacan tərk eləmir, qıza-qadına, hətta elə-elata, dağa-meşəyə, çaya
yazdığın şeirlərdə
belə özünü
büruzə verir.
Aşıq Ələsgər
adi bir qadının gözəlliyini təsvir etdiyi “Güləndam”
şeirində görün nə deyir:
Tovuz kimi şux bəzənib durubsan,
Ala gözə siyah sürmə vurubsan.
Sağ ol səni, yaxşı dövran qurubsan –
Bu dünyanın sonu puçdu, Güləndam.
Və ya məşhur
“Sarıköynək”ində böyük şövq və
istedadla uzun-uzadı təsvir etdiyi xanıma möhürbənddə
belə müraciət edir:
Tuti dilli, sərv boylu salatın,
Yoxdu mərhəməti bu səltənətin...
Göndər gəlsin Ələsgərin xələtin,
Eyləmə əməyin zay, Sarıköynək.
Bayaqdan təsvir etdiyim
gözəllik səltənətinin mərhəməti yoxdur.
Bir gün səni tərk edib gedəcək. Qalan bircə bu
şeir olacaq, ona görə göndər xələtimi gəlsin...
Və doğrudan da qalan bu şeir
oldu.
Aşıq Ələsgər
klassik aşıq şeirinin son və ən nəhəng
siması olduğu üçün, eyni zamanda özündən
əvvəlki bütün ustadların ən dəyərli
keyfiyyətlərini öz yaradıcılığında
inkişaf etdirdiyi üçün fikirlərimizi onun şeirləri
üzərində davam etdirək.
Əvvəlcə
aşıqların dilindən düşməyən bir
divaninin ilk misrasına nəzər salaq:
Ələstüdə bəli dedim, nə xoş
kamaldı yüküm!
İrfan fəlsəfəsinə
görə, hər kəs dünyaya gəlməmiş
Allahın hüzurunda ruh şəklində mövcud olub, həmin
vaxt hər kəsdən öz Rəbbini tanıması və
bu təqdirdə Rəbbin buyruqlarına tabe olması
haqqında sual edilib; bütün ruhların buna razılıq
edərək «bəli» cavabını iqrar etmişlər. Məhz
bu «bəli»nin əsasında Allahla hər kəs arasında əhd-peyman
bağlanılıb. Belə ki, biz insanlar könüllü
şəkildə Rəbbimizin əmrindən
çıxmamağa əhd-peyman bağlamışıq. Ona
görə də bu dünyada Rəbbimizə asi olarkən biz
öz əhd-peymanımızı pozmuş oluruq.
Aşıq Ələsgər
öz əhdinə sədaqətlidir və bütün
çətinliklərə rəğmən,
yaşadığı həyat üçün Tanrıya
şükür edir.
Təcnislərindən
bir bəndə baxaq.
Səba dost zülfünə şanə çəkəndə
Yayılar gərdənə ha bular, bular.
Hər kim ki, sidq ilə dilək diləsə
Əlbəttə, mətləbin ha bular, bular...
Əcəba, klassik divan
şeirinin - Füzulinin nəhəng bir gəmiyə (əruz
intonasiyası, izafətlər, çoxsaylı ərəb-fars
istilahları, simvollar, rəmzlər və s.) yükləyib
türk dilinin limanlarına gətirdiyi bu möhtəşəm
düşüncəni aşıqlar kiçik bir qayıqla
(anamızın danışdığı tərtəmiz dil və
heca şeiri) necə daşıya biliblər?
İlahi məntiq imanla
şərtlənir. Burada çox bilməkdən əfzəl
- çox inanmaqdır, bəsirətli olmaqdır. Bundan sonra sadəliyin
qədər gözəl
olursan.
Nütfəsindən əyri olan tez göstərər
isbatın,
Ot kökünün üstə bitər, hər meyvə
gözlər zatın.
Hərcayı hədyana sayar, naşı bilməz
qiymatın
Əhli-ürfan məclisində gövhər misaldı
yüküm.
Həqiqətən də
çox zaman, Aşıq Ələsgərin işlətdiyi
“gözəl”, “yar”, “dost”, “mey” və s. kimi simvolik ifadələri
hərfi mənada başa düşürlər. Halbuki,
aşıq özü onu başa düşmək
üçün oxucularına açıq konturlar
ötürür: “Həqiqətdə iki gözəl
sevmişəm, birisi Məhəmməd, birisi Əli...”
Bəli, Aşıq Ələsgəri
düzgün anlamırlar və nəhayətdə onun
haqqında yalnız qadınları və təbiəti təsvir
edən aşıq təsəvvürü yaradırlar. Bu,
sovetlər dönəmində məxsusi olaraq aparılan təbliğat
idi. Baxmayaraq ki, aşığın dinimizin sarı siminə
toxunan bir çox şeirlərini çap etmişdilər,
ancaq bu şeirləri, başa düşən insanlar yox dərəcəsində
idi. Aşıq Ələsgərin, ümumən
aşıqların yazdığı irfan şeirlərinin
oxucularını 30-cu illərdə məhv etmişdilər. Təsadüfi
deyil ki, Aşıq Ələsgər barəsində indinin
özündə belə çəkinmədən “o
savadsız idi” söyləyənlər və
yaradıcılığını bütünlüklə
folklora aid edənlər var. Halbuki, onun ciddi, hətta
böyük şair olduğunu görmək üçün
divanilərini oxumaq yetərlidir. Həmin divanilərdən bir
örnək təqdim etmək istərdik. Bu həm də
mövzumuzla səsləşən nümunədir.
Ələstüdə bəli deyən, sübhana
baş endirər,
Məhəmmədə nazil olan Qurana baş endirər.
Özü birdi, adı minbir, vəhdəhüəl-la-şərik
Əhli-mömin görə bilməz, pünhana baş
endirər.
Ölməyincə bu sevdadan çətin dönəm
usanam,
Həqiqətdə dərs almışam, təriqətdə
söz qanam.
Şahi-mərdan sayəsində elm içində
ümmanam,
Dəryaların qaydasıdır ümmana baş endirər.
Biçarə aşıq Ələsgər, olma elmə
nabələd,
Danışanda doğru danış, sözün
çıxmasın qələt.
Çox qazandın, az qazandın, beş arşın
ağdı xələt,
Var-dövlətə baş endirən, əfsanə
baş endirər.
Məncə, şərhə
heç bir ehtiyac yoxdur.
Ustadın “Aşıq
olub diyar-diyar gəzənin” misrası ilə başlanan “Gərəkdir”
rədifli ustadnaməsi isə İslamın hədəflərini
bütün aydınlığı ilə göz önünə
sərir. Yeri gəlmişkən qeyd edək ki, ustadnamələr
oxucu sayına görə irfan şeirlərini üstələsə
də, mövzu qapsamına və məna dərinliyinə
görə bu şeirlərə “uduzur”. Ustadnamə yer
şeiridir, metafizik qatı yoxdur, daha çox didaktikdir. Dədə
Ələsgərin sözügedən şeirində ustadnamə
ilə irfan şeirinin xüsusiyyyətləri ustadcasına
ümumiləşdirilmişdir. Odur ki, bu şeir çox məşhur
və anlaşıqlıdır. Ustada görə əsl
aşıq (aşiq) “şeytanı öldürüb, nəfsini
yandırmalıdır”. Hansı ki, peyğəmbərimiz bunu
cihadi-kəbir (böyük cihad) adlandırırdı.
Qurbaninin, Xəstə
Qasımın, Sarı Aşığın, Nəbatinin,
Vidadinin, Vaqifin, Ağ Aşığın, Aşıq
Alının, Bozalqanlı Hüseynin, Təhləli Novruzun
şeirlərindən dinimizin ən dərin qatlarına
baş vuran, yüzlərlə, minlərlə misal çəkmək
olar. Bu irfani məqamları saz havacatları mükəmməlcəsinə
tamamlayır. Möhtəşəm saz havalarından biri olan
“Ruhani”ni “Ürfani” adlandıranlar da vardır. Üstəlik,
sazın beş əsas kökündən biri “Ürfani”
köküdür.
Ancaq bəzən
aşıqlar söhbət əsnasında “saz şeytan əməlidir”
kimi qəribə ifadə işlədirlər. Həm də
çəkinmədən! Çünki bu ifadənin
altında duran əhvalatı gözəl bilirlər. Əhvalat belədir:
«Şeytan insanları
Allahın yolundan yayındırmaq üçün onların
ağlına müxtəlif şeylər salır. Bir gün
isə adamları tovlayır ki, tut ağacından çanaq,
qoz ağacından qol və aşıq düzəldin, polad
simləri qoşub ifa edin. İnsanlar deyiləni edir və
qeyri-adi bir melodiya alınır. İnsanlar ibadətdən
yayınıb bu səsin sehrinə düşürlər. Ancaq
az keçməmiş bu adamların içindən bir
ağıllısı çıxır və həmin alətin
çəkici melodiyaları üstündə Ulu Yaradanı mədh
edən nəğmələr oxumağa başlayır». Beləliklə,
məlun şeytan yenə peşman olur.
Peşmançılıq
həmişə şeytanın olsun...
Şərif A.
Mədəniyyət.-
2009.- 18 fevral.- S. 17.