İslam dünyası Azərbaycana
böyük önəm verir
Gültəkin
Hacıyeva: «Ölkəmizin İslam Konfransı Təşkilatı
ilə münasibətlərinin dərinləşməsi
təqdirəlayiqdir»
İKT Azərbaycanın müstəqillik əldə
etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardandır.
Maraqlıdır, bu quruma üzv olduqdan sonra Azərbaycanın
ictimai həyatında, dünyadakı siyasi mövqeyində nə
dəyişdi? Ölkəmiz hansı üstünlükləri
əldə etdi?
Bu və digər suallarla millət vəkili Gültəkin
Hacıyevaya müraciət etdik.
- İlk öncə qeyd
etmək istəyirəm ki, 2009-cu ildə Bakının
İslam Mədəniyyətinin Paytaxtı elan olunması Azərbaycanın
İslam dünyasındakı artan nüfuzunun etirafı deməkdir
və bu, hər bir azərbaycanlı üçün
qürur mənbəyidir. Azərbaycan 1991-ci ildə öz
dövlət müstəqilliyini elan etdi, 1992-ci il martın 2-də
Birləşmiş Millətlər Təşkilatının
tam hüquqlu üzvünə çevrildi. Elə həmin ildən
etibarən ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlar
sırasında İslam Konfransı Təşkilatı da
vardı. Onu da qeyd etmək istəyirəm ki, İKT yeganə
beynəlxalq təşkilatlardandır ki, bu qurum çərçivəsində
istər bəyanatlar, istər rəsmi sənədlər səviyyəsində
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Azərbaycanın mövqeyi birmənalı olaraq
dəstəklənir. Eyni zamanda təşkilat Azərbaycanın
işğal olunmuş əraziləri ilə bağlı hər
zirvə toplantısında müəyyən sənədlər
qəbul edir, bəyanatlar verir və problemə münasibətini
açıq-aşkar ortaya qoyur.
- Bəzən cəmiyyətdə bu təşkilata
üzvlüklə və İslam dünyası ilə əlaqələrlə
bağlı kifayət qədər skeptik yanaşma olur. Bəziləri
«axı İslam dünyası nəyi həll edir, Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllində
İslam ölkələrindən nə uma bilər»- deyə
suallar verirlər. Necə hesab edirsiniz, belə
düşünənlər İslam dünyasının əhəmiyyətini
azaltmırlarmı?
- Müəyyən mənada
bu sualların əsası da var. Çünki bu gün
dünyanı idarə edən qüvvələr
sırasında, dünya siyasətinin qlobal oyunçuları
arasında bir İslam dövləti belə yoxdu. Lakin buna
baxmayaraq, İslam dünyasının əhəmiyyətini də
azaltmaq düzgün deyil. Birincisi, ona görə ki, Azərbaycan
dünyəvi dövlət olsa da ölkə vətəndaşlarının
əksəriyyəti İslam dininə sitayiş edir və
dinimiz dilimizlə birlikdə Azərbaycan mənəviyyatının
ayrılmaz tərkib hissəsidir. Hər bir millətin ruhunu
yaşadan başlıca iki komponentdən biri onun dilidirsə,
ikincisi dinidir. Bu baxımdan, Azərbaycanın İslam dünyası
ilə əlaqələrinin genişlənməsinə həm
təbii baxılmalıdır, həm də bu hal təqdir
edilməlidir. Digər tərəfdən, İslam ölkələrinin
müəyyən beynəlxalq formatda, xüsusilə
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
Azərbaycana verə biləcəyi dəstəyin çəkisini
də azaltmaq olmaz. Ən azı son ayların hadisələri
sübut etdi ki, Azərbaycan İslam dünyası ilə əlaqələri
möhkəmləndirməkdə çox düzgün
addım atıb. Mən bir neçə məqamı
xatırlatmaq istəyərdim. 2008-ci il martın 14-də Birləşmiş
Millətlər Təşkilatının Baş Assambleyasında
Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyətlə bağlı məsələ müzakirəyə
çıxarıldı. Burada Azərbaycanı dəstəkləyən
39 ölkənin böyük əksəriyyəti İslam
Konfransı Təşkilatına üzv olan ölkələr
idi. Bu ölkələrin hər biri beynəlxalq təşkilatlarda
bir səsə malikdir və hər bir ölkə Azərbaycana
bir səslə dəstək verə biləcəksə, bu,
onlarla səs deməkdir. Bu baxımdan Azərbaycanın
İslam Konfransı Təşkilatı ilə münasibətlərinin
dərinləşməsi çox təqdirəlayiq haldır.
- Məlum olduğu kimi, İslam Konfransı Təşkilatının
mədəniyyət bölməsi - İSESKO tərəfindən
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xoşməramlı
səfir seçilib. Bunu İslam ölkələri tərəfindən
ölkəmizə verilən dəyər kimi qiymətləndirmək
olarmı?
- Mehriban xanımın
YUNESKO ilə bərabər İSESKO-nun xoşməramlı səfiri
kimi dünyaya təqdimatı Azərbaycanın
özünün ən uğurlu təqdimatı deməkdir. Bu,
Azərbaycanın Qərb dəyərlərinə, Qərb mədəniyyətinə
inteqrasiyasının bir tərəfdən göstəricisidirsə,
digər tərəfdən, öz köklərinə, milli-mənəvi
dəyərlərinə bağlılığının təcəssümüdür.
Bu faktın özü Azərbaycanı sivilizasiyaların kəsişməsində
yerləşən bir ölkə kimi xüsusilə maraqlı
edir. Elm sahəsində məşhur bir kələm var, deyirlər,
ən dahi kəşflər müxtəlif elm sahələrinin
qovşağında yaranır. Bunu gündəlik həyatın
bütün sahələrinə, eyni zamanda mədəniyyətə,
siyasətə də tətbiq etmək olar. Ən böyük
mədəniyyətlər sivilizasiyaların
qovşağında yaranır. Bu baxımdan coğrafi
mövqeyinə görə mühüm bir bölgədə
yerləşən, Orta Asiya ilə Türkiyəni, İranla
Rusiyanı, geniş anlamda Şərqlə Qərbi bir-birinə
bağlayan Azərbaycan mədəniyyətlərin təmas xətti
kimi dünya üçün çox maraqlıdır. Ola
bilsin dünya Azərbaycanın bu anlamda əhəmiyyətini
hələ dərk edə bilməyib. Ancaq gec-tez Azərbaycan
dünyaya açılacaq və dünya Azərbaycanın bir
modern dövlət olaraq, eyni zamanda İslam dininə etiqad edən
insanların vətəni olaraq, Avropa dəyərlərini əxz
etmiş, Qərbə inteqrasiya edən nə qədər
unikal bir məkan olduğunu anlayacaq. O zaman Azərbaycanın
beynəlxalq aləmdə çəkisi sözsüz ki, daha
da artacaq.
- Deyirsiniz ki, İslam dini Azərbaycan insanının mənəviyyatının
təməlində duran sütunlardan biridir. Bu baxımdan biz
İslamı öz övladlarımıza öyrətməliyik.
Eyni zamanda dünyaya çıxış üçün Qərbə
inteqrasiya da lazımdır. İslam dini ilə Qərb dəyərləri
arasında ziddiyyətin mövcudluğunu deyənlər də
var. Sizcə, bu baxımdan biz hansı çətinliklərlə
üzləşə bilərik?
- Əslində Qərb
dəyərləri deyilən anlayış mahiyyət etibarilə
İslam dəyərləri ilə nəinki ziddiyyət təşkil
edir, əksinə, mən deyərdim ki, onların arasında
bir vəhdət var. İslam dini dünyəvi dinlərin ən
sonuncusudur və ən mükəmməlidir. Sonuncu din
olduğu üçün də özündən əvvəlki
bütün dünyəvi dinlərin, həm
xristianlığın, həm musəviliyin ən müsbət
tərəflərini özündə əks etdirir. İslam
dünya dinləri arasında ən tolerant və ən
böyük dözümlülük nümayiş etdirən
dindir. Bəlkə də İslamın bu
tolerantlığı onun qısa bir müddət ərzində
geniş arealda yayılmasının başlıca səbəbi
olmuşdur. İslam ailə dəyərlərinə, eyni
zamanda Qərbin başlıca dəyər olaraq
qabartdığı şəxsi azadlıqlara üstünlük
verən, mülkiyyət hüququnu müqəddəsləşdirən
bir dindir. Konstitusiyamıza görə, şəxsi mülkiyyət
toxunulmazdır. İslam dininə görə isə şəxsi
mülkiyyət müqəddəsdir. Və əgər nəzərə
alsaq ki, Avropa hüquqi məkanında insan
hüquqlarını qoruyan ən işlək mexanizm Avropa Məhkəməsidir,
bu məhkəməyə edilən müraciətlərin 70-80
faizi şəxsi əmlak hüquqlarının pozulması zəminindədir,
onda görərik ki, əslində İslam dininin prinsipləri
ilə Avropa hüququnun prinsipləri arasında nəinki
ziddiyyətlər var, əksinə, çox ciddi bir harmoniya
var. Bu baxımdan mən İslam dəyərləri dedikdə
Avropa üçün yad prinsipləri deyil, bu gün
dünyanın qəbul etdiyi mütərəqqi dəyərləri
nəzərdə tuturam. İslam mütərəqqi bir din
olduğu üçün bəşəri dəyərləri
dəstəkləyən bir dindir. Buna görə də mən
İslam dəyərləri ilə bu gün Qərb modeli
adlandırılan sistem arasında heç bir ziddiyyət
görmürəm. Əksinə, həm İslam mədəniyyətindən,
həm də Avropa mədəniyyətindən ən müsbət
məqamları əxz etməklə demokratik, sivil və
davamlı inkişaf edən bir cəmiyyət qurmaq
mümkündür. Mənə elə gəlir ki, Azərbaycan
bu cür cəmiyyəti qurmağa digər ölkələrdən
daha şanslıdır.
- Sizcə, İslamın düzgün
qavranılmamasının səbəbi nədir?
- Bunun ən
başlıca səbəbi bu dəyərlərin dünyaya
yanlış təqdimatıdır. Bu gün Avropa, xüsusilə
xristian dünyası İslam dinini az qala eksremizm və
terrorizm sözləri ilə eyniləşdirir. Hətta bir
çox avropalıların düşüncəsində, təsəvvüründə
İslam dünyası vəhşi dünya anlamındadır.
Bunun özü çox yanlış bir mövqedir. Terrorizm,
eksremizm İslamla daban-dabana ziddiyyət təşkil edən
anlayışlardır. İslamda
dözümlülüyün səviyyəsi heç bir dində
olmadığı qədər yüksəkdir. İslam dini
digər dinlərə etiqad edən insanlara çox tolerant
yanaşır. Ancaq bu gün dünyada İslam dininə
qarşı az qala ideoloji səviyyədə səlib
yürüşünün gerçəkləşdiyini etiraf
etməliyik və bunun da səbəbləri var. Bu səbəblər
bir çox hallarda süni və bəzən Qərbin
özünün uydurduğu səbəblərdir və müəyyən
maraqlara xidmət edir. Səbəblərin kökünə
varanda isə burda çox bəsit və primitiv reallıq
meydana gəlir. Dünyada olan təbii sərvətlərin
böyük bir hissəsi İslam ölkələrinin
payına düşür. Bu baxımdan həmin sərvətlər
üzərində ədalətli mübarizədə
sözsüz ki, bəzi hallarda Qərbin ən ciddi
dayağı İslam fanatizmi adlanan yanaşma olur. Dünyada məhdud
sayda olan sərvətlərin ədalətsiz
bölgüsü təbii ki, İslam ölkələrinin
xalqlarında adekvat reaksiya doğurur, revanşizm hisslərinin
alovlanmasına səbəb olur və əgər bu ölkələrdə
təhsilin səviyyəsinin çox aşağı
olduğunu və cəhalətin bu ölkələrin
ictimai-siyasi gündəminin predmeti olduğunu nəzərə
alsaq, aydındır ki, təhsilsiz, cəhalət içərisində
olan insanlar onlara məxsus olan və əllərindən
amansızlıqla alınan sərvətləri uğrunda
mübarizəyə başlayırlar. Bu zaman isə həmin sərvətləri
alan qüvvələrin dəstəyi ilə İslamazidd
yollara təhrik edilirlər. Bununla da həm öz gələcəklərini
təhlükə altına atırlar, həm ölkələrinin
inkişafı üçün ciddi maneələr
yaradırlar, həm də dünyada İslamın mütərəqqi
obrazına kölgə salırlar.
- Gültəkin xanım, bildiyimiz kimi, İslam mədəniyyəti
Azərbaycana ərəb işğalı ilə gəldi. Bu,
təsadüf edir IX əsrin birinci yarısına. İslam mədəniyyəti
Azərbaycan mədəniyyətinə hansı yenilikləri gətirdi?
- Ümumiyyətlə, Azərbaycan mədəniyyəti İslam mədəniyyəti ilə turk mədəniyyətinin çox uğurlu bir sintezindən yaranıb. Hələ İslamdan öncə Azərbaycan ərazisində zəngin bir mədəniyyət mövcud olub. Azərbaycan coğrafi yerinə görə qədimlərdən insan məskəni olub. Bu baxımdan Azərbaycanda mədəniyyətin tarixi çox qədimdir. Biz malik olduğumuz mədəniyyətin zənginliyindən, çoxşaxəliliyindən qürur duyuruq. Hər bir azərbaycanlı üçün müqəddəs sayılan Novruz bayramının mahiyyətinə nəzər salsaq, görərik ki, odun üstündən tullanmaq, öz xəstəliklərini, daxilində olan qara qüvvələrin təsirini odda yandırmaq, ümumiyyətlə, oda, Günəşə, Aya sitayiş, onları şəkərbura, paxlava kimi süfrələrimizdə yaşatmaq İslamdan öncəki mədəniyyətin izləridir. Bütün bunlarla yanaşı, İslam mədəniyyəti də bizim mədəniyyətin çox ciddi və mühüm tərkib komponentidir. İslam mədəniyyəti sözsüz ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında çox böyük rol oynadı. Qərb İslam qadınını hüquqsuz, cəhalətə sürüklənən bir qadın kimi təqdim edir. Əslində mən bu yanaşmanın tərəfdarı deyiləm. İslam dini cənnəti anaların ayaqları altında görən bir dindir. Onu da qeyd etmək istəyirəm ki, hələ İslamdan öncə türk mənəviyyətı həmişə qadına böyük dəyər verib və hətta dövlət idarəetməsində belə türk xaqanları ilə yanaşı, onların xanımlarının rolu bərabər olub. İslam dini bu rolu bir az da dərinləşdirdi. Eyni zamanda elmə, təhsilə verilən dəyər İslam mədəniyyətinin tərkib hissəsi kimi sonradan Azərbaycan mədəniyyətinin tərkib hissəsinə çevrilib. İslam dininə görə, alimin bir damla mürəkkəbi şəhidin qanından daha üstün tutulur. Bir gün elmlə məşğul olmaq 40 illik ibadətə bərabərdir. Həmçinin müəllimin haqqı övlad üzərində atanın haqqına bərabərdir. İslamda valideynə, böyüyə verilən qiymət böyükdür. Eyni zamanda İslamda qadın yüksək qiymətləndirilir. Bu baxımdan İslam dini bir çox məqamlarına görə Azərbaycan mədəniyyətini zənginləşdirdi və bütövlükdə Azərbaycan mənəviyyatı adlanan çox dərin, mükəmməl bir sistemin formalaşmasında türkçülük ideologiyası ilə bərabər həlledici rol oynadı.
- İslamın fanatikcəsinə təbliği çox
vaxt arzuolunmaz nəticələrə gətirib
çıxarır. Sizcə, indiki şəraitdə din necə
təbliğ edilməlidir ki, faciəvi sonluqlar olmasın?
- İslam açıq
dindir. Onun ifrat təqdimatı sağlam düşüncə
tərəfindən təqdir oluna bilməz. Bu baxımdan,
İslamın təhrifi halları ilə mübarizə
aparılmalıdır. Çünki bu kimi hallar cəmiyyətdə
xoşagəlməz tendensiyaların yaranmasına gətirib
çıxarır. Hər şeydə olduğu kimi, dində
də mötədillik daha məqsədəmüvafiqdir.
Düşünürəm ki, bu mənada cəmiyyətimiz də
ayıq-sayıq olmalıdır. Dinin ifrat təzahürləri
ilə mübarizə aparılmalıdır.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 18 fevral.- S. 15.