Baş örtüyü
- kəlağayı
Azərbaycanda ulu əcdadlarımızın
yaratdıqları və məşğul olduqları xalq sənətkarlığı
nümunələri uzun əsrlərdən bəri qorunub
saxlanmış, daha da inkişaf etdirilmişdir. Onlardan biri də
qadınlar üçün hazırlanmış kəlağayılardır.
Kəlağayı - ipək
sapdan toxunmuş dördkünc formalı qadın baş
örtüyüdür. Azərbaycanın qərb zonasında
buna “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda
qədimdən məlumdur. Təbriz, Gəncə,
Şamaxı, Şəki, Naxçıvan şəhərlərində,
İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli
kəlağayılar hazırlanırdı. Mənbələrin
məlumatına görə hələ orta əsrlərdən
Gəncə və Basqal kəlağayıları xarici ölkələrə
də ixrac olunurdu.
Kəlağayının
yeləni (haşiyəsi), bəzən isə xonçası
(ortası) basmanaxış üsulu ilə həndəsi və
nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər
şərbaflıq mərkəzinin kəlağayıları
yeləndəki ornamentlərinə görə bir-birindən
seçilirdi.
Yaşlı və qoca
qadınlar kəlağayını çalma ,yaxud dingə
bağlayır, cavan qadınlar və qızlar isə örpək
kimi istifadə edirdilər. Qadınlar yas mərasimində
qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar
örtərdilər. Bu ənənə bu gün də davam
edir.
Yaxın Şərq və
Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar
ölçü və rəng cəhətdən müxtəlif
olur. Adətən yaşlı qadınlar tünd, geniş
ölçülü, gənc qadınlar isə ağ və əlvan
rəngli kiçik ölçülü kəlağayılar
örtürlər.
Basma naxış
üsulu ilə naxışlanan Şərq motivli haşiyəli
kəlağayılar ölkəmizin sərhədlərindən
kənarda belə şöhrət qazanmışdır. Şəki
və Basqal kəlağayıları sırasında “Şah
buta”, “ Saya buta” , Xırda buta çeşnilərindən daha
çox istifadə olunmuşdur . “Heyratı”, “Soğanı”,
“İstiotu “, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar
böyük şöhrət qazanmışdır. Bu ipək
məhsulları yerli sakinlərin, qonaqların və turistlərin
zövqünü oxşamış, bu sənət nümunələri
sərgilərdə, yarmarkalarda nümayiş etdirilmişdir.
Hazırda ölkəmizdə
kəlağayı toxuculuğu işini davam etdirən
sülalələr çoxdur. Şəki şəhərində
Şamilovlar nəsli bu sənətin mahir ustası
sayılır. Mərhum Şövkətziya Şamilovun
törəmələri indi bu sənəti uğurla davam
etdirirlər. Onun oğlu Əmiraslan, nəvəsi Rəşadın
xüsusi zövqlə toxuduqları kəlağayılar
hamı tərəfindən bəyənilir.
Azərbaycanda milli dəyərlərimizi
yaşadan zərif kəlağayı örtən
qadınlarımız çoxdur. Onlar bu örtüklərdə
daha cazibəli, daha füsunkar görünürlər.
Yeri gəlmişkən
qeyd edək ki, kəlağayı istehsalında müxtəlif
rəng cövhərlərindən istifadə olunur, müxtəlif
bitki növlərindən-sumaq, zirinc, narınc, cır alma, zəfəran,
qarağat və başqa bitkilərdən boyaqlar
hazırlanır.
Bəli, el sənətinin
zərif, rahat, qadınlara gözəllik gətirən, ismət
simvolu, cah-calal əlbəsəsi sayılan kəlağayılar
gəlin gedən qızlar üçün ən yaxşı
hədiyyə ola bilər.
Canalı MİRZƏLİYEV
Mədəniyyət.-
2009.- 18 fevral.- S. 14.