Mesopotamiyadan daha qədim mədəniyyət
ocağı...
Qobustan
- açıq səma altında muzey
Azərbaycanı şöhrətləndirən təkcə
onun təbii sərvətləri - nefti, qazı deyildir. Bu
ölkə dünyada həm də özünün milli-mənəvi
dəyərləri - maddi-mədəni sərvətləri,
nadir abidələri, ulu tarixi ilə tanınır. İzləri
bəşər cəmiyyətinin ilkin dövrlərinə -
ibtidai icma quruluşuna gedib çıxan, insanlığın
özü qədər qədim olan, neçə-neçə
minilliklərin sirrini “daş yaddaşında” qoruyaraq zəmanəmizə
qədər yaşadan belə unikal abidələrdən biri də
Qobustan qayalarıdır. Qobustan Dövlət Tarixi Bədii
Qoruğu 2007-ci ildə YUNESKO-nun Dünya Mədəni İrs
Siyahısına daxil edilmişdir. Bu işdə YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
xüsusi xidməti olmuşdur.
Qobustan Azərbaycanın
paytaxtı Bakıdan 54 kilometr cənubda, Böyük Qafqaz
dağlarının Xəzər dənizinə qovuşan
daşlı-kəsəkli ətəklərində yerləşir
. Sahəsi 4000 hektardan artıq olan bu qoruğun əsas
eksponatları Böyükdaş, Kiçikdaş və
Çınqırdağ adlanan ərazilərdəki 4400-ə
yaxın qayaüstü rəsmlər - petroqliflərdir. Qoruq ərazisində
alimlər tərəfindən 6000-dən artıq
qayaüstü təsvir, 20 mağara və yaşayış
yeri, 40 kurqan aşkar edilmiş və öyrənilmişdir.
Təqribən 15000 il əvvələ
- Yuxarı paleolit dövrünə aid edilən Qobustan
qayaüstü rəsmləri dünyada bu tipli abidələr
arasında ən zənginidir. 1981-ci ildə Qobustana gələnə
qədər, bu qədim yaşayış məskəninə
şübhə ilə yanaşan norveçli alim və məşhur
səyyah - Tur Heyerdal qayalar üzərindəki Günəş
təsvirli gəmiləri görərkən son dərəcə
heyrətlənərək belə deyib: "Qobustan kökləri
çox qədimlərə gedib çıxan və hətta
Mesopotamiyadan daha qədim, dürüst tarixi indiyə qədər
məlum olmayan mədəniyyət ocağıdır”.
Yetmiş il əvvəlin tapıntısı
Bəşəriyyətin
ilkin dövrlərini, xüsusən Son Paleolit
dövrünü öyrənmək baxımından son dərəcə
qiymətli və əvəzsiz abidə olan Qobustanın elmi
surətdə araşdırılması 70 il bundan əvvəl-1939-cu
ildə, bu ərazidə elmi tədqiqat işlərinə
başlayan tarixçi-arxeoloq, Azərbaycanın qədim
dövr tarixinin araşdırıcısı İshaq Cəfərzadənin
adı ilə bağlıdır.
Sonralar Qobustanın
öyrənilməsində İshaq Cəfərzadə ilə
yanaşı, digər tarixçi-alimlərin də
böyük əməyi olmuşdur. Həyatlarının 35
ilini sərt Qobustan qayalıqlarının arasında
keçirmiş arxeoloqlar - Cəfərqulu Rüstəmov və
onun həyat yoldaşı alim Firuzə xanım Muradova da
qobustanşünaslığa misilsiz töhfələr
vermişlər. Bu iki tarixçi Qobustanda qədim insanlara məxsus
20 qayaüstı məskəni tədqiq etmiş. 40-a yaxın
kurqanda genişmiqyaslı arxeoloji qazıntı işləri
aparmış, üzərində təsvirlər olan 300 yeni
qaya və daş aşkar etmişlər. Buradakı hər
qaya parçasını, hər yazını və işarəni
illərlə tədqiq edən bu elm fədailərinin
araşdırmalarının nəticələri
dünyanın tarixçi-alimlərinin də diqqətini cəlb
etmiş, onları Azərbaycana gəlməyə, yerli alimlərlə
birgə qlobal əhəmiyyət daşıyan tarixi
araşdırmalar aparmağa ruhlandırmışdır.
Dünyaşöhrətli
Tur Heyerdal Qobustanın tədqiqində, bu unikal tarixi abidənin
müasir Avropa xalqlarının həyatındakı yeri və
rolu haqqında olduqca orijinal və maraqlı mülahizələr
irəli sürmüş, bu haqda dəyərli, qlobal elmi
sanbalı olan məqalələr və kitablar nəşr
etdirmişdir.
İstər azərbaycanlı
alimlər, istərsə də xarici tədqiqatçılar
Qobustanın qayaüstü rəsmləri barədə
yazdıqları əsərlərində belə bir yekdil nəticəyə
gəlmişlər ki, Qobustan petroqliflərinin ən qədim
hissəsi bəşəriyyətin inkişafının ilkin
çağlarında yaranmışdır. Bu rəsmlər
öz sadəliyinə və primitivliyinə baxmayaraq, ibtidai
insanın özünüifadə formasının ən nikbin
təzahürü kimi olduqca qiymətlidir. Bu petroqliflər həm
də informativ həyat mənzərəsidir. Qeyd etmək
lazımdır ki, Qobustan qayaları təkcə qədim insan
məskəni kimi deyil, həm də Azərbaycanın və
Azərbaycan xalqının ən qədim dövrlərə
aid tarixini öyrənmək baxımından da qiymətli və
zəngin tarixi mənbədir. Bu qayalarda regionun təqribən
15000 illik həyatını, tariximizin indiyədək
qaranlıq qalmış, az tədqiq olunmuş qatlarını
öyrənmək baxımından da olduqca qiymətli məlumatlar
vardır. Bu məlumatlar antik tarixdən başlayaraq Yuxarı
Paleolit dövrünü və orta əsrlərə qədərki
böyük bir zaman kəsiyini əhatə edir.
İkinci Cahan
savaşı ərəfəsində -1939-cu ildə
aşkarlanan Qobustan qayaüstü rəsmlərinin fundamental
elmi tədqiqi 1945-ci ildən sonra daha geniş və intensiv
xarakter almış, tarixçilərin bu sahədə
araşdırmaları yeni-yeni maraqlı tarixi faktları
üzə çıxarmışdır. Tədqiqatçı-alimlər
Qobustan petroqliflərinin “sirlərini” açmaq
üçün tarixin dərin qatlarına, bəşər cəmiyyətinin
ilkin çağlarındakı dövrlərə baş
vurduqca heyrətamiz nəticələr əldə etmiş, bu
ərazinin dünyada ən qədim insan məskənlərindən
biri olması faktı tamamilə və birmənalı şəkildə
öz təsdiqini tapmışdır.
Qobustanşünaslıq - qədim tariximizin yeni səhifəsi
Tur Heyerdalın qənaətinə
görə, bir sıra çağdaş Avropa
tayfalarının və xalqlarının, o cümlədən
Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə
Qobustan ərazisində yaşamış, lakin sonralar naməlum
səbəblər üzündən köç edərək
Avropaya getmişlər. Alimin Qobustanşünaslıq sahəsində
yeni və olduqca orijinal olan bu mülahizəsi çağdaş
Azərbaycan xalqı ilə Skandinaviya xalqları arasında
etnik, bioloji, antropoloji, tarixi, mədəni əlaqələrin
mövcud olmasından xəbər verir.
Öz fikirlərini
konkret faktlar, elmi-tarixi, maddi dəlillər əsasında
isbatlayan alim Qobustandakı qayaüstü rəsmlərin tam
oxşarının Skandinaviyadakı daş mağaralarda da
olduğunu söyləmişdir.
1981-1994-cu illərdə
bu qayaüstü rəsmləri tədqiq etmək
üçün Qobustana xüsusi səfərlər təşkil
edən Tur Heyerdal Xəzər sahillərini (sonralar su
yolları vasitəsilə şimala və cənuba doğru
yayılan) böyük bir sivilizasiyanın beşiyi hesab
etmişdir. Heyerdal öz ehtimallarını təkcə
Qobustandakı qamış qayıq təsvirlərinin əsrlərlə
sonra vikinqlər tərəfindən Norveç
mağaralarının divarlarında həkk edilmiş
apaloqları ilə üst-üstə düşməsi ilə
deyil, həmçinin orta əsrlərdə
yazılmış saqalarda (norman dastanlarında)
xatırlanması ilə sübuta yetirə bilmişdir. Qobustan
qayaüstü rəsmlərinə aid olan qayıq və
üzərindəki Günəş təsvirləri qədim
Azərbaycanın insan məskənləri ilə mədəni
irsə aid olan oxşar təsvirlərlə əks olunan
Mesopotamiyanın Şumer-Akkad sivilizasiyaları
arasındakı əlaqələrin əyani sübutudur.
Dünya tarixçilərinin
ümumi rəyinə görə Qobustanın qayaüstü rəsmləri
ibtidai insanların real gerçəkliyə və obyektiv aləmə
münasibətini, həyat tərzini, məişətini, mədəniyyətini,
ibtidai inanclarını öyrənmək baxımından da
maraqlıdır. Hazırda Qobustanda 6000-dən çox
petroqlif, yəni daş üzərində rəsm vardır. Bu
rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri,
kollektiv rəqslər, müxtəlif rəmzlər, o cümlədən
Günəşi əks edən solyar rəmzlər, bürclər,
digər fəza cismləri diqqəti cəlb edir. Qayaüstü
rəsmlıərdəki kişi və qadın təsvirləri
də elmi cəhətdən maraq doğurur. Maraqlıdır
ki, Qobustandakı bəzi qaya parçaları öz fiziki tərkibi
və geoloji xüsusiyyətlərinə görə digər
dünya daşlarından fərqlənir. Məsələn,
buradakı böyük qaya parçalarından biri
“Qavaldaş” adlanır. Onun səthinə zərblə
vurulduqda, qaval, dəf, nağara, təbil kimi səslənir. Elə
yerli əhali də onu məhz bu xüsusiyyətinə görə
“Qavaldaş” adlandırıb.
Qobustandakı
qayaüstü yazıların digər bir xüsusiyyəti də
bu yazıların Azərbaycanın digər qədim guşəsi
olan Naxçıvandakı “Gəmiqaya” yazıları ilə
oxşarlıq kəsb etməsidir. Bu mülahizə
Qobustanınm qayaüstü petroqliflərini tədqiq edən
filoloq-alim Əjdər Fərzəliyə məxsusdur. Onun qənaətinə
görə Gəmiqaya-Qobustan əlifbası mənşəcə
eyni struktura malikdir. Bu işarələrə Azərbaycanın
digər ərazilərindəki tarixi abidələr üzərində
də rast gəlindiyini bildirən filoloq-alim qədim Azərbaycan
əlifbasının eramızdan əvvəlki minilliklərdən
başlayaraq, eramızın I minilliyinin VIII - IX əsrlərinə
qədər işlənildiyini iddia edir.
Maraqlıdır ki,
Qobustandakı qayaüstü yazıların sırasında
tarixin digər dövrlərinə - qədim Roma
qoşunlarının Azərbaycan ərazilərinə gəldiyini
sübut edən dövrlərə aid məlumatlar da var. Məsələn,
Roma senturionları buradan yürüş zamanı ötərkən
latın dilində yazılmış qayaüstü yazı
miladi I əsrdə Roma legionerlərinin bu yerlərə gəldiyini
təsdiq edir. Tarixin «daşdan keçən» bu “daş sənədində”
Roma imperatoru Domitsian Sezar Avqust Germanikin adı həkk
olunmuşdur..
Dünyanın ən qədim təqvimi...
Qobustanın
qayaüstü rəsmləri müasir astronomiya
baxımından da maraqlıdır. Bəzi tədqiqatçıların
qənaətinə görə, qaya daşları üzərindəki
qayıq rəsmlərində burun hissəsindəki Günəş
təsvirləri qədim insanların gecə və
gündüz, yəni Günəşin çıxması və
batması kimi astronomik təbii hadisərlə bağlı
mifoloji təsəvvürlərdən doğmuşdur. Qədim
insanlar üçün təbiətin bu maraqlı və
möhtəşəm hadisəsi həqiqi möcüzə
olmuşdur. Faktlar göstərir ki, qədim insanlar minillərin
təcrübəsi ilə Günəşin səmada illik hərəkətini
müşahidə etmiş, onun üfüqdə batma və
qalxma nöqtələrinin dövri olaraq şimala və cənuba
sürüşməsini izləmiş, ilin mövsümlərini-fəsilləri
təyin etməyi öyrənmişlər. Bu mənada
Qobustanda maraq kəsb edən arxeoloji obyektlərin
araşdırılmasına ehtiyac vardır.
Astronom A.Rüstəmovun
qənaətinə görə, qədim insanlar Qobustandakı
bu qayadan demək olar ki, Günəş rəsədxanası,
yaxud “Günəş saatı” kimi istifadə etmişlər. Digər
maraqlı fakt isə odur ki, 1 nömrəli qaya
taxçası tavanının kölgəsi səhərlər
Günəş qalxarkən bir anlığa səmavi
qayığın rəsmi ilə üst-üstə
düşür. Mülahizələrə görə, ilin
uzunluğunu hesablamağı öyrənmiş qədim
insanlar saat, sutka, ay və mövsümi rüblərlə
bağlı təsəvvürə də malik olmuşlar. Qədim
qobustanlılar ili, hər biri 40 gündən ibarət olan 9
aya bölürlərmiş. Bunun bariz nümunəsini
qayaüstü rəsmlərdə açıq-aydın
görmək mümkündür. Bu yuxarı Neolit
dövrünün ən böyük kəşflərindən
olub bəşər cəmiyyətinin inkişafında
xüsusi əhəmiyyət kəsb etmişdir. Maraqlıdır
ki, 40 gündən ibarət vaxt vahidindən ilin qış
mövsümündə “çillə” adıyla istifadə
olunması günümüzədək gəlib
çıxmışdır.
Astronom A.Rüstəmov
qayaüstü rəsmləri tədqiq edərkən həmçinin
müəyyənləşdirib ki, Qobustan qayalarında
işıq-kölgə prinsipi ilə işləyən “Qnomon
təqvimi” dünyada bənzəri olmayan ən mükəmməl
təqvimlərdən biridir.
Cəlal Tağıyev
Mədəniyyət.-
2009.- 18 fevral.- S.11.