«Bakı şəhəri» foto və rəsmlərdə
Fevralın 18-də Muzey
Mərkəzində Bakıda «İslam Mədəniyyəti
Paytaxtı» ilinin açılışı münasibətilə
«Bakı şəhəri» adlı foto və rəsm sərgisi
oldu. İki hissədən ibarət sərgidə Bakıya həsr
edilmiş fotolar və rəsm əsərləri
nümayiş etdirilir.
Sərginin
açılışında Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, İSESKO-nun baş
direktoru Əbdüləziz Osman əl-Tuveycri, Türkiyə və
Gürcüstanın mədəniyyət nazirlərinin
müavinləri, xarici dövlətlərin Azərbaycandakı
səfirləri, eləcə də ölkəmizdəki bir
sıra beynəlxalq qurumların təmsilçiləri
iştirak edirdilər.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Bakının 2009-cu il İslam mədəniyyətinin
paytaxtı elan edilməsinin Azərbaycan xalqı
üçün böyük bir fəxr olduğunu dedi: «Qədim
tarixi keçmişə və müasir mədəniyyətə
malik şəhərimiz indiyədək olduğu kimi, bundan
sonra da sivilizasiyaların qovuşmasında - ölkələrin
mədəniyyətlərinin qarşılıqlı
inteqrasiyasında mühüm rol oynayacaq. Biz bu missiyanı
layiqincə davam etdirməklə mədəniyyətlərin,
sivilizasiyaların dialoqu sahəsindəki cəhdlərimizi
artıracağıq».
İslam Ölkələri
Elm, Təhsil və Mədəniyyət Təşkilatının
(İSESKO) baş direktoru Əbdüləziz Osman əl-Tuveycri
isə İslam mədəniyyətinin paytaxtı seçilən
Bakının bununla üzərinə böyük missiya
götürdüyünü dilə gətirdi: «Bu şəhər
olduqca qədim və həmçinin çox müasir şəhərdir.
Bir növ qədimliklə çağdaşlığı
sintezdə təqdim edən Bakının bu missiyanın
öhdəsindən layiqincə gələcəyinə əminəm».
Təşkilat rəhbəri,
həmçinin fərqli coğrafi məkanda yerləşən
Bakının İslam ölkələrinin bir-birinə
yaxınlaşmasına, bu dövlətlər arasında əlaqələrin
daha da genişlənməsinə təkan verəcəyinə
inamını da ifadə etdi. Sonra tədbir
iştirakçıları təşkil olunmuş sərgi ilə
tanış oldular. Sərgidə «Bakını necə
görürük» sualına iki cür cavab tapmaq olardı. Biri
Avropa fotoqrafının gözü ilə, digəri isə
öz vətəndaşlarımızın nöqteyi-nəzərindən.
Belə ki, şotlandiyali fotoqraf J.Rosie Colinin lentə
köçürdüyü Bakı şəhərinin
ayrı-ayrı tarixi və mədəniyyət abidələrinin
real mənzərəsini yaradan fotoşəkillər
maraqlı təəssürat yaratdı.
Bakını çox
sevən Coli paytaxt Bakının mənzərəsinin onu foto
sənətinə daha da həvəsləndirdiyini deyir: «Mən
əvvəlcə Bakını yalnız ağ və qara
fonlarda çəkirdim. Sonra qərara gəldim ki, insanlar bu
gözəllikləri günəş işığında və
rəngli fonlarda da görsünlər. Tarixən Azərbaycan
İslam ölkəsi olub. Lakin diqqətimi çəkən məqam
ölkənizin tolerantlığı ilə seçilməsidir.
Mən 16 ölkənin 30 şəhərində keçirəcəyim
sərgilərimdə Bakı gözəlliklərini mütləq
hər kəsə bəlli edəcəyəm».
Sərgidə həmçinin
Azərbaycanın yaşlı və gənc nəsil rəssamlarının
əl işləri də nümayiş olundu. Bu rəssamları
birləşdirən vahid nöqtə isə - Bakı idi. Sərgidə
yağlı boya ilə çəkilən 100-dən artıq
rəsm əsəri nümayiş olundu.
Həmidə
Mədəniyyət.- 2009.- 20 fevral.- S. 3.