Şərqlə Qərb musiqisinin uğurlu dialoqu
Dövlət səviyyəsində təşkil
olunan musiqi tədbirlərindən çox-çox fərqlənən
bu konsert proqramı böyük rəmzi məna daşıyan
konsepsiya üzərində qurulmuşdu. Kiplinqin məşhur
bir kəlamına - «Şərq Şərqdir, Qərb isə
Qərb və onlar heç zaman kəsişməyəcəklər»
- zidd olaraq, dünyaşöhrətli bəstəkar, xalq
artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Firəngiz Əlizadənin layihəsi və rəhbərliyi
ilə hazırlanan musiqi proqramında Şərqlə Qərb
nəinki kəsişdi, hətta vahid bir dünya halında
qarşımızda canlandı.
Bu hadisənin məhz Azərbaycan
torpağında baş verməsində də dərin bir
qanunauyğunluq mövcuddur. Axı, Azərbaycan əsrlərdən
bəri Şərq və Qərb sivilizasiyalarını tarixi
İpək Yolu boyunca körpü kimi birləşdirib, ən
müxtəlif mədəni dəyərləri özündə
cəmləşdirən qeyri-adi bir məkandır. Bəlkə,
elə bunun nəticəsidir ki, müsəlman Şərqində
ilk demokratik respublikanın qurulmasından tutmuş, ilk dram əsərləri,
opera, Avropa anlamlı yazılı bəstəkarlıq ənənəsinin
yaranması da məhz ölkəmizin adı ilə
bağlıdır. Əlamətdardır ki, XX əsrin əvvəllərində
Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan bəstəkarları
Şərqlə Qərbin tamamilə fərqli musiqi ənənələrini
və təfəkkür tiplərini bir araya gətirərək,
mədəniyyətlərarası dialoqun ən parlaq nümunəsini
dünyaya bəyan etdilər. Muğam operaları, simfonik
muğamlar, milli alətlər üçün virtuoz konsertlər,
«muğamsayağı» və «aşıqsayağı»
üslubunda yazılmış çoxsaylı əsərlər
- bir sözlə, Avropa musiqi janrları ilə milli musiqi
formalarının sintezindən irəli gələn
mühüm tapıntılar və yüksək bədii kəşflər...
Təsadüfi deyil ki, hazırkı gündə də məhz
Azərbaycan bəstəkarı - YUNESKO-nun «Dünya artisti»
kimi tək-tək sənətkarlara nəsib olan fəxri
tituluna layiq görülmüş Firəngiz Əlizadə
Şərq dünyasının Avropada ən böyük
uğurlar əldə etmiş və dünyada ən çox
tanınmış bəstəkar nümayəndəsidir. Onun
düşünüb-daşındığı konsert
proqramında da yaradıcılığında olduğu kimi,
Azərbaycan musiqisinin rəngarəng və bənzərsiz
özəllikləri, axtarış və
tapıntıları beləcə qeyri-adi üslubda
tamaşaçılara təqdim olundu. Dəfələrlə
dinlədiyimiz və bəlkə də, hər notuna bələd
olduğumuz musiqi tamamilə yeni bir libasda və çərçivədə
göz önündə canlandı. Fasiləsiz, musiqi termini ilə
desək «attaca» üsulu ilə düzənlənmiş bu
sanballı konsert proqramı birnəfəsə qavranıldı.
İlk sədalardan tütəyin qərinələrdən
süzülüb gələn saf və kövrək
«Çobanbayatı» intonasiyaları dinləyicini uzaq
keçmişlərə apardı və bu ovqatı «Natiq»
ritm qrupunun arxaik ritmləri daha da gücləndirdi. Milli musiqi
arxaikası XX əsr milli bəstəkarlıq təfəkkürünün
incisi olan Fikrət Əmirovun «Kor ərəbin mahnısı»
ilə əvəzləndi. Alim Qasımovun təkrarolunmaz səsi
bizləri Ulu Tanrının əbədi eşq və məhəbbət
dünyasına qərq etdi. Beləcə bir konsert proqramı
çərçivəsində Firəngiz Əlizadə xalq
musiqimizin, zəngin muğamlarımızın və xalq
çalğı alətlərinin - tütək, ud, tar,
kamança, kanon, balaban, sazın hər birinin
ayrı-ayrılıqda ən cazibədar və virtuoz
imkanlarını bəstəkar təxəyyülünün
nadir sənət inciləri ilə bir araya gətirməyə
müvəffəq oldu. Səhnədə Avropa musiqi mədəniyyətinin
möcüzəsi sayılan simfonik orkestr və Azərbaycan
Xalq Çalğı Alətləri Orkestri - Şərq və
Qərbin məxsusi musiqi dünyalarını təcəssüm
etdirən iki fərqli səslər aləmi üz-üzə əyləşmişdi.
Bu, möhtəşəm bir yarış-dialoqa bənzəyirdi.
Milli və Avropa rəqs üslublarının da bu dialoqa
qatılması onu daha rəngarəng və dolğun
etmişdi.
Hər dəfə bir
milli alətin, habelə xanəndənin ifa etdiyi muğam
kadensiyasından sonra simfonik və xalq çalğı alətləri
orkestrləri növbə ilə F.Əmirovun «Azərbaycan
kapriççiosu»nu, Ü.Hacıbəylinin «Arşın
mal alan» operettasından qızların xorunu, F.Əlizadənin
«Qarabağnamə» operasından Ananın ariyasını,
S.Hacıbəyovun «Karvan» simfonik lövhəsini,
V.Adıgözəlovun «Qarabağ şikəstəsi» (solist -
Babək Niftəliyev) oratoriyasından bir hissəni, İ.Ştrausun
«Vyana meşəsinin nağılları» valsını,
C.Puççininin «Turandot» operasından Kalafın
ariyasını, H.Rzayevin «Çahargah» rapsodiyasını,
Q.Qarayevin «Yeddi gözəl» baletindən Valsı böyük
ruh yüksəkliyi ilə ifa etdi. Əsərlərin
düzümündə də ciddi bir məntiq duyulurdu. Bu, Azərbaycan
tarixinin və gerçəkliyinin musiqi salnaməsinə bənzəyirdi.
Bu salnamədə qəhrəmanlıqla, şücaət və
mübarizə ilə dolu şərəfli səhivələr,
acılı-ağrılı, faciəvi məqamlar da yetərincədir.
Bu baxımdan, proqramın dramaturji mərkəzində yer
almış «Qarabağnamə» operasından «Ana»nın son dərəcə
təsirli ariyası (solist - Qərinə Kərimova) vətənimizin
hələ də sızlayan və heç vaxt yaddan
çıxmayan Qarabağ yarasına güclü bir işarə
idi. Konsertə Avropa ölkələrindən
ifaçıların (Avstriyadan Anton Brukner kvarteti və
Litvadan opera solisti Vaydas Vişnyauskas) dəvət edilməsi və
onların da Ştrausun, Puççinin ən məşhur əsərlərinin
ifasına qatılması isə Bakını, nəinki
İslam mədəniyyətinin paytaxtı, habelə
bütün dünyaya açıq bir şəhər kimi təqdim
etdi. Onu da qeyd edək ki, Litva ifaçısının konsertə
dəvət olunması da rəmzi məna
daşıyırdı: bu ölkənin paytaxtı Vilnüs
şəhəri 2009-cu ildə Avropa mədəniyyətinin
paytaxtı seçilmişdir. Beləcə, əks qütbə
sırf şərqsayağı, daha doğrusu, Azərbaycan
tolerantlığı və qonaqpərvərliyi ruhunda
sayqı və ehtiram...
Nəhayət, orijinal
musiqi dialoqu sonda bütün iştirakçıların birgə
ifasında səslənən Ü.Hacıbəylinin
«Koroğlu» operasından ölməz uvertüra və möhtəşəm
final səhnəsi ilə başa çatdı. Adətən
bütün musiqi tədbirlərimizi açmaq missiyasını
dahiyanə surətdə «yerinə yetirən» «Koroğlu»
uvertürası ilk dəfə olaraq bütün səslənənlərin
yekunu, Qərb-Şərq musiqi sintezinin ən əzəmətli
və təkrarolunmaz tacı kimi qarşımızda
canlandı. Konsert boyu səslənən musiqi eyni zamanda nəhəng
ekranda təsirli və çox parlaq vizual görüntülərlə
müşayiət olunurdu.
Mübaliğəsiz demək
olar ki, həmin gün Heydər Əliyev Sarayında
gördüklərimiz və eşitdiklərimiz hafizələrdən
uzun müddət silinməyəcək. Bu, əslində dahi
Üzeyir bəyin 100 il bundan əvvəl musiqi dili ilə
aparmağa başladığı dialoqun təntənəsi
idi.
Lalə Hüseynova,
sənətşünaslıq namizədi,
BMA-nın dosenti
Mədəniyəət.- 2009.- 20 fevral.- S. 4.