Misir mədəniyyətini
əks etdirən sərgi
Dünən Azərbaycan Memarlıq və
İnşaat Mühəndislər Universiteti Misir Mədəniyyət
Mərkəzi ilə birlikdə Misir mədəniyyətini əks
etdirən sərgi keçirdi.
Tədbiri giriş sözü ilə
açan universitetin beynəlxalq əlaqələr üzrə
prorektoru Nərgiz Abdullayeva bunu da qeyd etdi ki, Qahirə
Universiteti ilə 10 ilə yaxındır ki, sıx əməkdaşlıq
edirik. Tez-tez bizim müəllim və tələbələrimiz
onlara da bizim universitetə gedib-gəlirlər.
Misir dünya mədəniyyətinin
beşiyidir. Ona görə də Misir Mədəniyyət Mərkəzi
ilə əlaqə saxlayıb, bu gün burada belə bir sərgini
təşkil etmişik. Düşünürəm ki, bu sərgi
müəllim və tələbələrimizdə
böyük maraq doğuracaq.
Misir Mədəniyyət
Mərkəzinin direktoru, professor Adil Dərviş Misir Mədəniyyətinə
aid sərginin təşkilinə görə universitetin rəhbərliyinə
öz təşəkkürünü bildirdi. Qeyd etdi ki,
Bakının 2009-cu ildə İslam mədəniyyət
paytaxtı elan edilməsi misirlilər üçün də
böyük hadisədir. Natiq bu münasibətlə Azərbaycan
xalqını təbrik etdi.
Sözünə davam edən
doktor Adil Dərviş dedi ki, Misirdə lap qədim zamanlarda
universitetlər fəaliyyət göstərmişdir. Müasir
dövrdə də, ölkəmizdə çoxlu sayda ali məktəb
var. 17 dövlət, 16 özəl universitetdə 2 milyona qədər
tələbə təhsil alır. Dünyanın elə bir
ölkəsi yoxdur ki, Misirin ali məktəbləri ilə əlaqə
saxlamasın. Azərbaycan da həmin ölkələrin
sırasındadır. Bu gün Memarlıq və İnşaat
Mühəndisləri Universitetində bu sərgini təşkil
etməyimiz də təsadüfi deyil. Çünki bu
xalqların memarlığı da bir-birinə çox
oxşardır.
Universitetin rəqs
qrupunun çıxışlarından sonra sərginin
açılışı oldu. Tamaşaçılar Misirin ən
qədim dövründən bu gününə qədər
tarixi mərhələni əks etdirən sərgiyə maraqla
baxdılar.
F.Dünyamalıoğlu
Mədəniyyət.-
2009.- 20 fevral.- S. 5.