Eyyub Yaqubovla görüş keçirildi

 

Əbilov adına Mədəniyyət Mərkəzi Bakının ən qədim mədəniyyət ocaqlarından biridir. Burada vaxtaşırı müxtəlif tədbirlər, yubiley gecələri, adlı-sanlı ədəbiyyat və incəsənət ilə rəngarəng görüşlər keçirilir.

Belə maraqlı tədbirlərin biri ötən şənbə günü keçirildi. Bu dəfə mədəniyyət evinə gələnlər Azərbaycanın sevilib seçilən müğənnilərindən biri, əməkdar artist Eyyub Yaqubovun ifa edəcəyi mahnıların işığına toplaşmışdılar.

Tədbiri giriş sözü ilə açan mədəniyyət mərkəzinin bədii rəhbəri Mirəhməd Əhmədov qonaqları salamlayaraq, Eyyub Yaqubovun həyat və yaradıcılığı haqqında danışdı. Qeyd etdi ki, Eyyub Yaqubov sənətə erkən yaşlarında gəlib. 15 yaşı olanda onu xalq artisti Əlibaba Məmmədovun rəhbərlik etdiyi «Humayın» xalq çalğı ansamblına dəvət edirlər. Pasportu olmadığına görə onun işə götürülməsi çətin olur. Lakin oxuduğu mahnı hamının xoşuna gəlir. İstedadı nəzərə alıb yeniyetmə Əyyubu işə götürürlər. 1980-ci ildən bu günə kimi Eyyub Yaqubov radio televiziyada oxuduğu mahnıları ilə özünə böyük dinləyici tamaşaçı auditoriyası qazanır. Əslən bakılı olan E.Yaqubov oxuduğu mahnılarında Azərbaycanı, Bakını, Abşeronu, bu yerlərin təbiətini sevə-sevə tərənnüm edir. Bu dəfə o, öz ənənəsinə sadiq qalaraq görüşə gələnləri «Azəri yurdu» mahnısı ilə salamladı. Biri-birini əvəz edən bu ruhlu mahnılar tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.

Sonra söz qonaqlara verildi.

Xalq artisti Yaşar Nuri:

- Mən Eyyub Yaqubovu çoxdan tanıyıram, onun səhnə mədəniyyətinə söz ola bilməz. Eyyub böyük ürəyə malikdir. Məhz bu böyük ürəyi sayəsində xalqın sevimlisi olmuşdur. İfaçılığına qaldıqda isə onu deyə bilərəm ki, Eyyub oxuyanda mən həmin səsi görürəm. Bu, hər müğənniyə nəsib olan xoşbəxtlik deyil.

Bəstəkar Elçin İmanov:

- Eyyubla çoxdandır yaradıcılıq əlaqələrimiz var. Onunla işləmək asandır. Bəstəkarın ürəyindən keçənləri yaxşı duyur. Bəstələdiyim mahnıları Eyyub oxuyanda əziyyətimə heyfislənmirəm.

Bəstəkar Aygün Səmədzadə, şairə Kamilə Ağayeva da Eyyub Yaqubovla olan iş birliklərindən danışdılar.

Əməkdar artist Raziyyə Şirinova dedi ki, Eyyubun ifasını çox bəyənirəm. Odur ki, onun görüşünə həvəslə gəldim.

Sonra müğənni tamaşaçıları «Qarabağ» şikəstəsi ilə salamladı.

Tədbirdə Eyyub Yaqubov onun görüşünə gələnlərin arzuladığı mahnıları həvəslə ifa etdi.

Bu maraqlı, musiqili, nəğməli görüş C.Cabbarlının sözlərinə yazılmış «Ana» mahnısı ilə başa çatdı.

 

 

Fərahim Şükürov

 

Mədəniyyət.- 2009.- 20 fevral.- S. 5.