Uşaq hüquqları
mövzusunda müsabiqənin
nəticələri açıqlandı
“Gənc Liderlər”
Uşaq Təşkilatının (GLUT) jurnalistlər
arasında uşaq hüquqları mövzusunda keçirdiyi
yazı müsabiqəsinin yekunlarına həsr olunmuş mətbuat
konfransında qaliblərin adları açıqlandı. Müsabiqə
yanvarın 15-dən fevralın 15-dək davam edib. Bu müddət
ərzində müsabiqəyə qəzet, internet portal və
televiziya reportajları daxil olmaqla, 13 material təqdim olunub. Müsabiqə
üzrə 6 mövzu: “Dağlıq Qarabağ münaqişəsi
uşaqların gözü ilə”, “Uşaq televiziyasının
əhəmiyyəti”, “Uşaq parlamentlərinin durumu”,
“Küçə uşaqlarının vəziyyəti”,
“Müəllim-şagird münasibətləri”, “Uşaqlar və
yol təhlükəsizliyi”, “Uşaqlar və internat təhlükəsizliyi”
müəyyənləşdirilib. Materiallar münsiflər heyətinin
üzvləri - «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid,
«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı,
«Olaylar» qəzetinin baş redaktoru Yunus Oğuz, «Üç
nöqtə» qəzetinin baş redaktoru Xoşqədəm
Baxşalıyeva, «Xalq cəbhəsi» qəzetinin baş
redaktoru Elçin Mirzəbəyli tərəfindən qiymətləndirilib.
Tədbirdə qaliblərin
adları açıqlandı və onlar diplomlarla təltif
olundu. Müsabiqənin nəticələrinə görə,
televiziya sujeti nominasiyasında birinci yeri İTV-nin
“Carçı” İnformasiya Departamentinin böyük redaktoru
Nicat Qafuroğlu, ikinci yeri AzTV-nin “Xəbərlər”
proqramının əməkdaşı Ruslan Həsənli
qazanıb. Yazılı mətbuat nominasiyasına görə
birinci yerə «Üç nöqtə» qəzetindən Xalid
Vahidoğlu, ikinci yerə «525-ci qəzet»dən Pərvanə
Sultanova, üçüncü yerə «Xalq cəbhəsi» qəzetindən
Nuranə Tofiqli layiq görülüb.
Tədbiri giriş sözü
ilə açan GLUT-un sədri Fərid Şahbazlı qalibləri
təbrik edib, diplomları təqdim etdi. Tədbirdə
uşaqlar da öz fikirlərini bildirib Xocalı
soyqırımı həftəsində fəal iştirak edəcəklərini
dedilər. «Xalq cəbhəsi» qəzetinin baş redaktoru
Elçin Mirzəbəyli bu mövzuda müsabiqələrin
tez-tez keçirilməsinin tərəfdarı olduğunu qeyd
etdi: “İlk növbədə həmkarlarıma təşəkkürümü
bildirirəm. Ona görə ki, onlar bu işə çox
sevgiylə yanaşdılar... Bu müsabiqənin keçirilməsində
əsas məqsəd jurnalistləri mükafatlandırmaq deyil,
uşaqların problemlərini üzə
çıxartmaqdır. Qalibləri təbrik edir, təşkilatçılara
isə uğurlar arzulayıram”.
Sonda İTV-nin əməkdaşının
hazırladığı televiziya sujeti təqdim
olundu.
ELMİN
Mədəniyyət.- 2009.- 20 fevral.- S. 5.