Azərbaycan teatrı - dünən, bu gün
Ayin və oyun
XXI əsrə
möcüzə kimi daxil olan incəsənət növlərindən
birincisi çox güman ki, teatr olacaq. Səbəbi aydın və
üzdədir: teatr incəsənətin canlı
növüdür və tamaşa «burada və indi» baş verən
aktdır - Oyun zamanla gizli bir müqavilədir. Deməli, teatr
zaman kimi ən nəhəng fəlsəfi məfhumla
ittifaqdadır. Bəlkə elə buna görə bütün
zamanların ən cazibədar və mistik məkanı
teatrdır. Ötən il peşəkar Azərbaycan teatrı
135 yaşını qeyd etdi. Xalqın milli oyun mədəniyyətinin
yaşı isə bundan on dəfələrlə çoxdur. Açıq
havada oynanılan mərasim tamaşaları, etno-mədəni
oyunlar, dini-mistik xarakterli şəbeh tamaşaları tarixi qədimlərə
gedib çıxan meydan teatrına aiddir. Meydan teatrının
bir başqa adı «Orta oyunu»dur. Meydan teatrında
oyunçuları dövrələmiş
tamaşaçılar oyuna qoşula bilir və tərəfə
çevrilmədən (klassik peşəkar teatr modeli
tamaşaçını tərəf kimi görür və
üzbəüz əyləşdirirdi)
tamaşaçı-oyunçu-tamaşaçı ünsiyyət
aktına qoşulurdu. Bu da bütün XX yüzil boyunca rejissorların,
teatr adamlarının axtardığı «tamaşaçı
ilə üzvi əlaqə» idi.
Dünyanın ən qədim
elmi qaynaqlarında türk dilində işlənən “oyun”,
«oyun babası” sözlərinə rast gəlinir. Oyun və
oyunbabası sözləri bu günümüzə «tamaşa»
və «rejissor» kimi transfer olunur. «Ayin»sə mərasim, ritual deməkdir.
Meydan teatrının bir
qolu olan mərasim tamaşalarına «Qodu-Qodu» (əkinə
ziyanlı leysan yağışlarının kəsilməsi
üçün xalq inancı əsasında oynanılan mərasim-tamaşa),
«Kəvsəc» (uzun çəkən və sərt keçən
qışı qorxutmaq üçün keçirilən
şənlik), «Güdül» (yağışı
çağırmaq məqsədi ilə keçirilən mərasim)
kimi oyun tamaşalar aiddir ki, bu ayin-tamaşalarda müxtəlif
obrazlar canlanırdı. Bunların içində indiyə qədər
oynanılan «Novruz» tamaşaları da xüsusi yer tutur. Yazı
və qışı obrazlaşdıran Kosa və Keçəl
xalqın sevimli qəhrəmanlarıdır.
Meydan teatrını
janrlara görə ayırsaq, İslamdan çox öncə
keçirilən yuğ mərasimləri (ölmüş igid
xatırlanır, onun həyatından qəhrəmanlıq səhnələri
oynanılır və ud çalıb ağı söylənilirdi),
İslamdan sonra oynanılan şəbeh tamaşaları (Şəbehlərdə
imam Hüseynin tərəfdarları ilə Yezidin adamları
arasındakı mübarizə təsvir olunur, imamların qətli
və şəhid olması təsvir olunurdu) faciə
janrında peşəkarlaşmış ilk tamaşalar idi. Məsxərələr,
qaravəllilər və başqa komik janrlı oyunlarda isə
maskalardan da istifadə olunurdu və bu tamaşaların bəlli
xarakterli qəhrəmanları vardı. Onlar komediya janrında
ilk tamaşalar idi.
135 yaşlı milli
teatr və yeniyetmə teatrlar
Mütəşəkkillik
və peşəkarlıq halına keçid dövründə
Azərbaycan teatrı Avropada və Rusiyada təhsil
almış yerli ziyalıların, maarifçilərin sayəsində
Avropa teatr modelini qəbul etdi və maarifçi missiyasında
peşəkarlaşdı. 1908-ci ildə Şərqdə ilk
opera olan «Leyli və Məcnun» yazıldı. Və elə əsrin
əvvəllərində, neft bumunun Bakını şöhrətləndirdiyi
bir zamanda, Bakı milyonçuları şəhərdə
gözəl teatr binaları tikdirdilər. Opera teatrı (indiki
Opera və Balet Teatrı), Tağıyev teatrı (indiki
Musiqili Komediya Teatrı) o illərin yadigarıdır. Peşəkarlığa
qədəm qoyduğu vaxtlardan (1873-cü ildən) ta sovet
hakimiyyətinin süqut tarixinədək teatrımız
klassik rus teatrının ənənələrini mənimsədi
və yalnız bəzi məqamlarda milli oyun
estetikasının cizgilərini göstərə bildi (Akademik
Milli Dram Teatrının, Musiqili Komediya Teatrının, Şəki
Dövlət Dram Teatrının və Kukla Teatrının
simasında). Yalnız ötən əsrin sonlarında teatr
prosesində (ictimai-siyasi proseslərə adekvat olaraq) yeni
istiqamətlər yarandı. Yeni istiqamətlər təzə
estetik meyarlar demək idi və bu istiqamətlərdə milli
oyun estetikasının ayrı-ayrı təzahürləri
yarandı. Məhz bu illərdə ölkədə yeni
teatrlar, janrlar yarandı ki, bu gün bu teatrlar yeniyetmə
yaşdadılar. Bunlardan biri paytaxtda yerləşən
Dövlət Pantomima Teatrıdır.
Teatr forması kimi
peşəkar pantomima XX əsrin əvvəllərində
Fransada yarandı. Pantomima (Phantomimos) yunan sözü olub, “hər
şeyi ifadə edə bilmək bacarığı”- deməkdir.
Peşəkar Azərbaycan
pantomiması 15 illik dövrü əhatə edir. Teatrımızın
tarixində ilk pantomim tamaşasını Bəxtiyar
Xanızadə 1993-cü ildə hazırladı - «Bir aktyor
üçün him-cim oyunu» (Semuel Bekket). Sonralar bu
tamaşanı «Ümid» adlandırdılar. Bu Azərbaycan
teatrı üçün yeni sənət hadisəsi, ilk
sözsüz tamaşa idi. 1994-cü ilin mayında «Dəli
yığıncağı» pantomim studiyası yarandı. Qısa
zaman içində Azərbaycan Teatr Xadimləri
İttifaqının və «Dəli
yığıncağı» pantomim studiyasının təşəbbüsü
ilə Bakıda «Him-cim» adlı I və II Beynəlxalq pantomim
festivalları keçirildi. Azərbaycan pantomiması «Gəldim
ki, olam qəmin hərifi» (Füzuli), «Zibillik pərvanələri»
(B.Xanızadə), «Kesa və Marito» (Akutaqava), «Kublar»,
«Dulusçu» tamaşaları, pantomima nömrələri ilə
bir çox beynəlxalq teatr festivallarında iştirak edib
mükafatlar qazanmışlar. Sözsüz ki, milli oyun mədəniyyətimizdə
pantomima janrının qaynaqları var. Hələ İslamdan
çox əvvəl Azərbaycanda kökü
şamanlıqla bağlı olan yuğ mərasimləri
keçirilib. Bu mərasimlərdə dünyadan getmiş
igidi xatırlayır, vəsf edir və ağlayırdılar.
Onlar mərhumun qəhrəmanlıqlarından pantomim
süjetlər göstərirdilər. Yuğçu rəqqasların
hərəkət elementləri sonralar «Lal oyunu» adlanan meydan
tamaşalarında təcəssüm taparaq bu dəfə yeni
mənalar kəsb etdi. «Lal oyunu» adından
göründüyü kimi, him-cimlə həm plastik, həm də
zərif bədən hərəkətləri ilə, söz
işlətmədən göstərilirmiş.
Milli teatr poetikasında
bədahətçiliyə əsaslanan «Hoqqa»
tamaşalarında klounluq, janqlyorluq, gözbağlıca və
s. birləşirdi. Bu tamaşalar jest və him-cimlə zəngin
olurdu. Hoqqabazlıq min cür kələkli, gülməli
ifaçılıq deməkdir. Hoqqabaz him-cim üslubuna xas
olan bütün işarələrlə danışmaq məharətini
də özündə birləşdirir. Bu,
bir növ yunan miflərinə bənzəyir.
«Kaftarküs», «Kor
döyüşü», «Kar toyu» oyun-tamaşalar da pantomimadan
ibarətdir. Əlbəttə, bunlar hələ professional
şəkildə deyildi və bu tamaşaları peşəkar
pantomimalarla müqayisə etmək yersizdir. Əslində «Lal
oyunu» primitiv, arxaik pantomimadır, təqribi plastik dəqiqliyə
malik etüddür, çünki burada başlıca məqsəd
süjeti hərəkətlərin vasitəsi ilə dinməzcə
«danışmaqdır», vəziyyəti bədənin köməyi
ilə məkanda aktuallaşdırmaqdır. Heç
şübhəsiz, pantomima da mətndir; vizual səhnə mətnidir.
Amma «Lal oyunu»ndan fərqli olaraq pantomima hiperboladır, xalis
şişirtmədir, qroteskdir, eyhamlar sənətidir».
Çağdaş
peşəkar Azərbaycan pantomiması milli poetik ənənələri,
xalq teatrı estetikasını, bu janrın yeni nailiyyətlərini
və özəl üslub xüsusiyyətlərini
özündə birləşdirir. Sirk klounadasını,
akrobatikanı, komediya aktyorluğunu özündə təcəssüm
etdirən meydan teatrından və bəzi başqa teatral mərasimlərdən
(məs. yuğ) kökünü götürən pantomima
janrı peşəkar formaya keçidində daha da
cilalandı və mükəmməl mövqe tutdu.
Çağdaş
pantomimada bəzi mövzuların ən müxtəlif səhnə
təfsirində ironiya, məsxərə və
qabardılmış kinayə var ki, bunlar da xalq oyun
poetikasında məsxərə tipli məqamlarla bol olan meydan
tamaşaları ilə üzvi əlaqəsi
bağlıdı.
Dövlət “Yuğ”
Teatrının «yuğ» kimi qədim türk ritualının
poetik sakral səciyyələrini özündə birləşdirməsi
ənənəvi teatr modelindən çıxış
üçün yeni bir forma yaratdı. Yuğ teatr
studiyası 1989-cu ildə Azərbaycan Akademik Milli Dram
Teatrının nəzdində yaradıldı. 1990-cı ilin
yanvarın 9-da teatr-studiya olaraq “Yuğ” ilk dəfə
tamaşaçılarla «Salam»laşdı. Bu ilk tamaşalarla
“Yuğ” Teatrının rəhbəri və rejissoru milli teatr
poetikasına təcrübi bir məqam kimi yanaşdı. Rejissorun
klassik əsərlərə verdiyi konseptual yozumlar məhz bu
poetikanın imkanlarıyla ortaya çıxırdı.
“Yuğ” Teatrında
teatrın estetik meyarlarına, psixosof poetikasının
prinsip-tələblərinə uyğun olaraq tamamilə
başqa istiqamətli aktyor ifa texnikası müəyyənləşdi.
Bu texnikanı iki əsas məsələ həll edirdi:
(yuğ mərasimlərindən gələn) etno-mədəni
kult (türk-azəri) və müasir, stilizə olunmuş
forma. Bunu uzaqları görmək üçün
bünövrə - pyedestal adlandırmaq mümkündü.
Teatrın poetika xüsusiyyətlərində yaradıcı
metod olaraq psixosofun rolu böyükdür. «Gəl gedək», «Səma»,
«Yuxu», «Dad», «Adam uşağı», «Bir, iki, bizimki», «Canımda
can» tamaşalarında “Yuğ” Teatrı
tamaşaçılarla üzbəüz zikr, vird məqamları
yaşadı.
Ötən əsrin
90-cı illərində yaranmış teatrlardan biri də
Bakı Kamera Teatrıdır. Yaradıcısı bir vaxtlar Rus
Dram Teatrında işləmiş rejissor Cənnət Səlimovadır.
Bakı Kamera Teatrının estetikası yığcam bir
realist-psixoloji ənənələrə köklənir. Forma etibarı ilə kamera teatrı sanki XXI yüz ilin klassik teatr
modelidir. Şəraitin bağışladığı
forma Bakı Kamera Teatrının estetikasını
tamamlayan ən maraqlı məqamdır; səhnə aşağıdadır
(qədim yunan teatrosundakı kimi), zal kiçik və yığcamdır.
Rejissor Cənnət Səlimova üçün
tamaşaçı çox
önəmlidir və
yuxarı başda oturan tamaşaçı barədə onun öz fikirləri var. Məsələn, belə:
«Tamaşaçı həmişə
haqlıdır». Tamaşaçını zala daxil olan
andan klassikaya və teatra böyük sevgi müşayiət edir.
Cənnət Səlimova klassik
rus teatrının ənənələrini böyük
məhəbbətlə teatra
ötürür. Kamera teatrının
ən səciyyəvi
xüsusiyyətləri bunlardır
- zövqlə seçilmiş
repertuar, formalaşmış
və oturuşmuş
truppa, üstəgəl
daimi tamaşaçı.
Bakı Kamera Teatrının ilk tamaşası Cənnət
Səlimovanın 1991-ci ildə
«Danabaş kəndinin
əhvalatları» (Cəlil
Məmmədquluzadə) povestinin
motivləri əsasında
hazırladığı «Məkkəyə
yol» tamaşası oldu. Bu tarixdən üzü
belə Bakı Kamera Teatrında milli və dünya
klassikası mükəmməl
quruluşlarla «möhkəmləndi»
- «Otello» (Şekspir),
«Sən məni atmazsan ki?»
(C.Steynbek), «Hekayəti-xırs
quldurbasan» (M.F.Axundov),
«Skapyenin kələkləri»
(Molyer), «Qodo həsrətində» (S.Bekket),
«Şeyx Sənan» (H.Cavid), «Aydın» (C.Cabbarlı).…
Dövlət Gənclər Teatrı da ötən əsrin 90-cı illərində
yaranıb. Yaradıcısı və keçmiş
bədii rəhbəri,
əvəllər Şəki
Dövlət Dram Teatrında
rejissor kimi məşhurlaşmış mərhum
Hüseynağa Atakişiyevin
tamaşaları sayəsində
şöhrətlənib və
özünə bəlli
bir truppa yığıb. Teatrı 18 illik
tarixində «Ölülər»
(C.Məmmədquluzadə), «Hamlet» (Şekspir), «Adamın Adamı» (Anar), «Herostratı unudun» (Qriqori Qorin) və digər yeni konseptual əsərlər kimi səciyyələndirilən tamaşalar
var.
Azərbaycanın bölgələrində, şəhərlərindəki
teatrlar mədəni mühitin tərkib hissəsi olmaqla bərabər, həm də bu şəhərlərin
qədim milli oyun mədəniyyətindən
xəbər verir. Naxçıvan
Dövlət Dram Teatrı,
Şəki Dövlət
Dram Teatrı, Gəncə
Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı
belələrindəndir. Bu teatrların paytaxt (mədəni mərkəz
kimi) teatrı ilə ayaqlaşmaq cəhdlərinin içində
bəzən çox spesifik bir məqamlar,
çalarlar özünü
göstərir.
Didərgin teatrlar(?) - absurd deyil, həqiqətdir
Paytaxtda müvəqqəti
sığınacaq tapmış
qaçqın teatrlarsa
- Şuşa Musiqili
Dram Teatrı, Füzuli
Dövlət Dram Teatrı,
İrəvan Dövlət
Dram Teatrı - illərdir
fəaliyyətlərini bərpa
etməklə məşğuldular
(bu teatrlar öz məkanlarından, tamaşaçılarından ayrı
düşdülər, teatr
kimi zərif bir «mədəni qurum» üçün adaptasiya və bərpa prosesinin çətinliyini anlatmağa
ehtiyac yoxdur). Bu teatrlar repertuarlarını
yerli müəlliflərin,
dünya klassik dramaturgiyasının əsasında
qurur, paytaxtın mədəni həyat ritmi ilə ayaqlaşmağa çalışırlar.
Aliyə
Mədəniyyət.- 2009.- 20 fevral.- S. 6.