Piano ilə təkbətək
F.Şopen həyatında bir dəfə də olsun
başqa alət üçün yazmadı
Parisdə F.Şopenin adı polyak
musiqisinin emblemidir. Baxmayaraq ki, atası Nikolay Şopen milliyyətcə
fransız idi, Fridrix canıyla, qanıyla polyak mədəniyyətinin
yetirməsi, polyak musiqisinin sütunuydu. Polyak xalqı
bütün tarixi, xarakterik cizgiləri, obrazı və
köklü sənəti ilə onun musiqisində ehtiva
olunurdu. Polyak milli rəqsləri Şopen klaviaturasının
təməliydi.
Bu rəqslər əsasında
yaratmışdı eyni janrları - mazurka, polonez, kuyavyak. Vətənpərvərliyin
ən ali məqamıdır bu. Polyak sənəti onun ürəyində
qövr eləyirdi - öz vəsiyyətilə nəşindən
ayrılıb Parisdən Varşavaya gətirilən, bu günəcən
Müqəddəs Xaç kilsəsində qorunan
çılğın ürəyi. Şopen geniş kütlənin
bəstəkarıdı - hamı anlayır onun lirik-psixoloji
ovqatlı nəğmələrini. A.Rubenşteynə görə
“fortepianonun canıydı” Şopen - ömrü boyu yalnız
piano üçün yazan bu dahi. Elə geniş ifadə vasitələri,
elə melodik boyalar tapırdı ki, bu alət həm orkestri,
həm zərb alətlərini əvəz edə bilirdi. Məhdudluq
Şopenə yad idi. “Polşa Motsartı”
adlandırırdılar Şopeni - tale və sənət
oxşarlıqları da buna əsas verirdi: kiçik
yaşlarından özünü büruzə verən talant,
ata-ana təkidi, tanınmış müəllimlərin
qayğısı, balaca ikən keçirilən böyük
konsertlər və nəhayət... vaxtsız ölüm!
Fevralın 22-i məşhur
bəstəkarın doğum günüdür. 1810-cu ildə
Varşava yaxınlığındakı Jelyazova Volya qəsəbəsində
doğulub. Beş yaşındaykən pianoda kiçik pyesləri
sərbəst çalırdı. On doqquz yaşında ali
musiqi məktəbini bitirərkən artıq
tanınmış bəstəkar idi. Tez-tez Vyanada konsertlərdə
olurdu, amma valideynlərinin və dostlarının
ayrılığına tab gətirə bilmirdi - Varşava
özünə çəkirdi onu. Bir müddət Parisdə
yaşamalı olan Şopen vətəndən gələn
inqilab havasını duyur, lakin yaxınları onun geri
qayıtmasını məsləhət görmürdü.
Üsyanın amansızcasına yatırılması isə bəstəkarı
sarsıdır, qəlbində təlatüm yaradır. Bu
dövrdə bəstələdiyi “İnqilabi etüd” (12 ¹li)
dalğalı dənizdə qopan tufanı, qaranlıqla
işığın mübarizəsindəki kontrastı
xatırladır, vətəncanlı bəstəkarın
qüssəsini, daxili əzablarını təzahür edir. Hər
gün izləyirdi hadisələrin gedişini. Hiddətlənirdi,
vətəninə çox acıyırdı.
Ömrünün qalan hissəsi ata vətəni Parisdə
keçir. Dünya ədəbi dühalarının bir
çoxu ilə ünsiyyət yaradır. Məşhurluq onu
maddi durumunun yaxşılaşmasına əsla təsir
göstərmir. Macar bəstəkarı F.Listin vasitəsilə
yazıçı J.Sandla tanış olur və bu
tanışlıq evlənmə ilə nəticələnir.
Lakin bu səadət uzun sürmür. Ayrılıq öz
sözünü deyir, xəstəlik onu üstələyir.
Qırx doqquz yaş bəstəkar ömrünün sonuncu
akkordları kimi səslənir.
Vəsiyyətinə görə Motsartın
”Rekviyem”i səsləndi dəfn günü, öz
yaratdıqlarından arqanda mi minor və si minor prelüdləri,
orkestrin ifasında isə si bemol minor sonatasından “Matəm
marşı”çalındı.
Azərbaycan
pianoçularına Şopen musiqisinin sadə dili, romantik əhval-ruhiyyəsi
olduqca doğmadır. Mazurkaların zəngin ritmi,
ehtirasla səslənən vurğuları, polonezlərin
döyüşvari təntənəsi, zəfər müjdəsini
andıran təqtləri, valsların bəzən lirik, bəzən
coşqun melodiyası, noktürnlərin gecə laylası tək
həzin axıcılığı, etüdlərin romantik fəndli
çılğın texnikası bizə milli musiqimiz qədər
doğmadır. Şopenəcən prelüd çoxhissəli
əsərlərin girişi kimi bəstələnirdi -
müstəqil yazılma və yaşama hüququna görə
isə bu janr məhz Şopenə borcludur. İyirmi dörd
prelüd - silsiləvi yenilik nümunələri. Bu gün
üç əsrin kandarında anırıq Şopeni - əslində
heç zaman unudulmayacaq dühanı.
Samirə
Səma
Mədəniyyət.- 2009.- 20 fevral.- S. 7.