Heydər Əliyev Fondu Qarabağ həqiqətlərini dünyaya yayır

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il Azərbaycanın xarici ölkələrdə təmsil olunduğu 50-yə yaxın səfirlik, konsulluq və nümayəndəliklərin xətti ilə qeyd olunacaqdır. 

Xocalı soyqırımının ildönümünə həsr olunmuş anma mərasimlərinin ötən illərdə olduğu kimi Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Tbilisi və başqa şəhərlərdə silsilə tədbirlərlə keçirilməsi nəzərdə tutulur.

Anma mərasimlərində Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş olunacaqdır. Anma mərasimlərində fondun hazırladığı “Qarabağ həqiqətləri” toplusunun və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabının nümayişi də nəzərdə tutulur.

Qeyd edək ki, “Qarabağ həqiqətləri” bukletlər toplusu kiçik formatda, konkret şəkildə Qarabağın tarixi, münaqişənin başlanması, Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya almağa imkan verir. Toplu ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq indiyədək bir çox xarici ölkələrdə yayılmışdır. İngilis dilində hazırlanmış “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı isə oxuculara milli-tarixi abidələrimizə qarşı ermənilərin törətdiyi vandalizm aktları barədə ətraflı məlumat verir.

Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn bu kimi tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də xarici kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunurlar.

Ötən illərdə olduğu kimi, bu ildə də Xocalı soyqırımı ilə bağlı dünyanın bir sıra ölkələrində Heydər Əliyev Fondunun təbliğat materialları paylanacaqdır.

 

 

Mədəniyyət.- 2009.- 20 fevral.- S. 8.