Altıağac turizm məkanına çevrilir
Paşa Məmmədov: «Milli parkda turistlərin
qalması üçün xüsusi evlər tikiləcək»
Azərbaycanın regionlarında turizm
sahəsinin inkişaf etdirilməsi, bölgələrimizin
potensialının bu sahəyə yönləndirilməsi məqsədilə
həyata keçirilən tədbirlərdən biri də
qoruqların və parkların yaradılmasıdır. 2004-cü
ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Xızı və Siyəzən rayonlarının
inzibati ərazilərində yaradılan Altıağac Milli
Parkı eyni zamanda Böyük Qafqazın cənub-şərq
yamaclarının təbii landşaftlarının, flora və
fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii
komplekslərin mühafizəsinin gücləndirilməsi,
ekoloji monitorinqin həyata keçirilməsi, eləcə də
əhalinin ekoloji cəhətdən maarifləndirilməsi
üçün olduqca əhəmiyyətlidir. Park 2006-cı
ildən fəaliyyətə başlayıb. Milli parkın
direktoru Paşa Məmmədov qəzetimizə müsahibəsində
park haqqında geniş məlumat verməklə bərabər,
orada turistlərin qalması və ölkəmiz barədə
onların daha geniş bilgilərə malik olması
üçün görülən işlərdən
danışdı:
- Əvvəlcə onu
qeyd edim ki, Altıağac Milli Parkı 1990-cı ildə
yaradılmış Altıağac Dövlət Təbiət
Qoruğu və ona həmsərhəd olan Dövlət meşə
fondu torpaqlarının bazasında
formalaşdırılıb. 11035 hektar meşə
örtüyündən ibarət olan parkın ərazisindən
Ataçay və onun bir sıra kiçik qolları
keçir. Ataçay öz başlanğıcını
Dübrar dağının 1870 metr hündürlüyündən
ğötürərək, Xəzər dənizinə
tökülür.
Onu da bildirim ki,
Altıağac Milli Parkı 5 hissədən ibarətdir. Bunlardan
3-ü qorunur, bu ərazilərə giriş icazəlidir. Çünki
burada nadir bitki və heyvanat aləmi var və onların istifadəsi
qadağandır. 2-nə isə sərbəst daxil olmaq
mümkündür.
- Parkın ərazisində nadir bitki və
heyvanat aləmi olduğunu dediniz. Milli parkda hansı nəsli kəsilməkdə
olan və qorunan bitki və heyvan növləri var?
- Parkın ərazisində
hazırda 20-yə yaxın nadir ağac, 14-dən artıq isə
qorunan heyvan növü var. Bunlardan bəzilərinin
kökü, demək olar ki, kəsilmək üzrədir.
Parkın ərazisinin çox hissəsini meşələr əhatə
edir. Buradakı meşələri əmələ gətirən
əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi,
Şərq fıstığı, adi göyrüş,
itiyarpaqlı ağcaqayındır. Ərazidə yemişan,
böyürtkən, əzgil, qaratikan, itburnu kimi kol bitkiləri
üstünlük təşkil edir.
Heyvanat aləminə gəldikdə
isə, Altıağac Milli Parkının ərazisində məməlilərdən
cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot,
dovşan, tülkü, dələ, canavar quşlardan
qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl
qartalı, kəklik, qaratoyuq və b. növlərə rast gəlinir.
Burada adları Azərbaycanın “Qırmızı
Kitab”ına daxil edilmiş qartalkimilərin müxtəlif
növləri diqqəti daha çox cəlb edir.
- Maraqlıdır, nəsli kəsilməkdə
olan bitki və heyvan növlərinin artırılması
üçün hansısa tədbirlər
görürsünüzmü? Axı təkcə qorumaqla
onların məhv olmasının qarşısını almaq
mümkün deyil...
- Biz bunun
üçün bir sıra işlər görürük. Altıağac
Milli Parkının nəzdində Vəhşi Təbiətin
Bərpası Mərkəzi və Reabilitasiya Klinikası fəaliyyət
göstərir. Burada əhalidən alınmış bəzi
heyvan və quş balalarını böyüdüb meşəyə
buraxırıq. Ötən il 7 qartal, 1 canavar, avqust
ayının axırlarında 1 qu quşu, tülkü və
çaqqalı böyüdərək parka
buraxmışıq. Hazırda isə Reabilitasiya Mərkəzində
2 aylıq ayı balası bəslənilir, irilənəndən
sonra onu da meşəyə buraxacağıq.
- Bunları özünüz həyata
keçirirsiniz, yoxsa ətraf kəndlərin sakinləri
kömək edir? Ümumiyyətlə, nadir heyvan və bitki
növləri haqqında əhalini məlumatlandırmaq
üçün nə edirsiniz?
- Milli parkda 40-a yaxın əməkdaş çalışır.
Ötən ilin noyabrında Azərbaycan Turizm İnstitutunun əməkdaşları
ilə Altıağac Milli Parkının nəzdində
seminarlar təşkil etdik. Seminarların əsas məqsədi
parkın əməkdaşlarını və ətrafdakı
kəndlərin sakinlərini milli park və buradakı nadir
heyvan və bitki növləri haqqında məlumatlandırmaq
idi. Orta məktəblərin müəllim və şagirdlərinə
müxtəlif mövzularda seminarlar keçdik. Belə
seminarları davamlı olaraq təşkil etmək niyyətindəyik.
- Paşa müəllim, milli parkın ərazisində
turistlərin qalması üçün hansısa bir şərait
varmı?
- Bugünlərdə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən qərar verildi ki,
Altıağac Milli Parkının nəzdində turistlərin
qalıb istirahət etməsi üçün hər cür
şəraiti olan xüsusi evlər inşa edilsin. Hazırda
isə turistləri qarşılamaq üçün bizim
müvafiq şəraitimiz var. Qalmaq üçün isə
ancaq yaz, yay, payız mövsümündə istifadə edilə
biləcək çadır-palatkalar, yataq dəstləri təklif
edirik. Bundan əlavə, qonaqlarımıza gəzinti
üçün atlar, velosipedlər veririk. Eyni zamanda 4 cür
marşrutumuz və onları müşayiət edə biləcək
bələdçilərimiz var. Qiymətlərimiz də
müvafiqdir.
- İstirahət üçün
buranı seçən turistlər çoxmu olur?
- Ötən
il xeyli
sayda turist gəlmişdi. Əsasən də xarici turistlər.
Yerli qonaqlarımız da olur. Amma bu il hələ ki
mövsüm başlamadığından gələnlər elə
də çox deyil. Bizə əsasən yay aylarında daha
çox gələnlər olur. Qışda isə gələn
də azdır.
- Turizm şirkətləri ilə əlaqələriniz
hansı səviyyədədir? Onların Altıağaca turist gətirmək
marağı varmı?
- Bununla bağlı
heç bir turist şirkəti bizə müraciət etməyib.
Bu işdə bizə Altıağac Milli Parkının
direktor müavini Susann Görnert və Azərbaycan Turizm
İnstitutunun Tədqiqat və inkişaf şöbəsinin
aparıcı məsləhətçisi, ekologiya üzrə
xarici ekspert Gila Altmann köməklik göstərir.
- Məlumdur ki, turistləri gəzdirmək,
Altıağac haqqında məlumatlandırmaq
üçün hərtərəfli bilgiyə malik bələdçilər
lazımdır. Bu problemin öhdəsindən necə gəlirsiniz?
-
Bələdçilərimizi əsasən yerli əhalinin
arasından seçib götürmüşük. Hazırda
14 nəfər bələdçimiz var.
- Bəs dil məsələsini necə həll
edirsiniz? Axı xarici turistlərlə ünsiyyət
üçün bələdçilər ən azı ingilis
dilini normal bilməlidir?
- İngilis dilini bilən
bələdçimiz yoxdur. Amma rus dilini yaxşı bilirlər. Tərcüməçilər
vasitəsilə qonaqlarımızı yola verməyə
çalışırıq.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2009.- 20 fevral.- S. 9.