Ədalət Ziyadxanovun böyük yaşına kiçik yazı

 

Fevralın 23-ü rejissor Ədalət Ziyadxanovun 63 yaşı tamam olur. Gərək ömrü mənalı yaşayasan ki, yaşının üstünə yaş gələndə sevinməyi bacarasan. Ədalət müəllim sevinməyi bacaranlardandır.

Ədalət müəllim 1946-cı ildə Bakıda- «Kubinka»da anadan olub. Uşaqlıqdan sənətə meyil edib. Müsahibələrinin birində bu barədə deyir: «Atam bizi balaca olarkən Akademik Dram Teatrına, operaya, sirk tamaşalarına aparardı. Sonralar məni musiqiyə qoydular. «Cücələrim» ansamblına… O vaxtkı «Oktyabr» rayonunun (indiki Yasamal) pionerlər evində tar çalırdım. Günlərin birində dram dərnəyinin məşğələsində Məmmədağa Dadaşov mənə yaxınlaşıb soruşdu: «Oğlum, xoşuna gəlir?» Dedim: «Vallah, hə!». Səhnədə oynadığımı evdə bilmirdilər. Həm də idmanla məşğul olurdum - sərbəst güləşlə. Hamı məəttəl qalırdı ki, idman hara, incəsənət hara. Lakin incəsənət məni daha çox cəzb elədiyindən bu sənətin dalınca getdim. Vaxtilə dərs verdiyim uşaqlar indi əməkdar, xalq artistidirlər. Şükufə Yusupova, Əjdər Həmidov tələbələrim olub».

Ədalət Ziyadxanov Bələdiyyə Teatrında quruluşçu rejissordur. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Sənətşünaslıq fakültəsində “ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyir. Onun tələbələrindən biri - Səbinə Mövsümova 3 il bundan əvvəl dünya tələbə ssenaristləri arasında keçirilən müsabiqədə 123 ölkə arasında 50 ssenaridən ən yaxşısı olub. Ssenari Xocalı faciəsi ilə əlaqədar yazılmışdı.

Niyə dərs dediyini isə bizlərə belə izah edirdi: «Deyirəm ki, bu məndə ehtiyacdır. Çünki mən içərimdə hardasa sufi əqidəsinə xidmət eləyən insanam. Sufilərin belə bir qaydası var ki, öz biliyini, bacarığını kiməsə ötürməlisən. Sufi əqidəli insanlar dünya varına, şan-şöhrətə, yalançı əqidəyə qulluq etmir. Sufi əqidəli insan həmişə ədalət axtarışında olur. Onun uğrunda mübarizə də eləyir. Lakin mən bu yaşımda elə bir əqidəyə gəlib çıxmışam ki, heç nəyə təəccüb eləmək lazım deyil. Həyat çox qəribədir. Deyirlər, mübarizə aparmaq lazımdır. Nə ilə mübarizə? Bilirsiniz, Migel de Servantes vaxtilə bir «Don Kixot» yazdı. O da indi dünyanın 10 ədəbi əsərindən biridir. Mənim ən böyük əsərim - ailəm, uşaqlarımdır. Mən övladlarımı yerbəyer eləmişəm. Savadlarını vermişəm».

İstedad başqa şeydir, vərdiş başqa şey. Ə.Ziyadxanovun səhnələşdirdiyi Aqşin Babayevin «Oğul» əsəri «Dərviş» mükafatına layiq görülüb. Onu da deyək ki, Ədalət müəllimin tamaşalarının çox hissəsi qızıl fonddadır. Mədəniyyət İncəsənət Universitetində oxuyarkən kino-dramaturgiya sənətindən bizə bir semestr dərs dedi. O, mənim yadımda «Ac həriflər» tamaşasında oynadığı obrazın dediyi bir sözlə qalmışdı. Tamaşada onun dostu yeməkxanaya borcunun «salı» günü ödəyəcəyinə söz verir. Ədalət müəllim söhbətdə dostuna kömək etmək üçün «luçşiy vtornik» deyir. Amma bildiyimiz kimi, «salı» türklərin, «vtornik» rusların çərşənbə axşamısıdır. Ədalət müəllim bizə - tələbələrinə hansısa tapşırığı verdi dedi ki, ikinci gün bunu müzakirə edərik. Ardınca mənim yadıma «Ac həriflər» tamaşası düşdü dedim ki, Ədalət müəllim, «luçşiy vtornik».

Ədalət müəllim güldü «Hə, luçşiy vtornik» dedi.

, Ədalət müəllim, «luçşiy» sən yaşa!

 

 

İntiqam Hacılı

 

Mədəniyyət.- 2009.- 20 fevral.- S. 11.