İran Kino Həftəsindən
Parsa Piruzfər: «Kinoya çəkilməyəndə,
teatrda oynamayanda şəkil çəkirəm, gildən
heykəl düzəltməklə məşğul oluram»
Ötən həftə mədəniyyət
aləmində İran Kino Həftəsi ilə əlamətdar
oldu. Paytaxt kinosevərləri səsi-sorağı festivallardan
gələn və məşhur rejissor isimlərilə
tanınan İran kinosundan nümunələr izlədilər.
Kino həftəsi çərçivəsində
İranın tanınmış aktyorlarından biri Parsa Piruzfər
Bakıda qonaq oldu. Onun fikirlərinin də izlənilən
filmlər qədər maraq doğuracağını bilərək
onunla müsahibəni oxucularımıza təqdim edirik.
1972-ci ildə Tehranda
anadan olan Parsa Piruzfər Tehran Universitetinin rəssamlıq
fakültəsində təhsil alıb. Teatra və kinoya olan
maraq onu təhsil aldığı dövrdə universitetin tələbə
və kukla teatrlarına aparır. Həmin illərdə Parsa
paralel olaraq, üç il dublyaj studiyasında
çalışır. Sonradan isə teatrda
çıxış edir, filmlərdə və seriallarda
çəkilir.
- Sizi İranın məşhur
aktyorlarından biri kimi təqdim etdilər. Belə gənc
yaşınızda məşhurlaşmağınızı nə
ilə əlaqələndirirsiz?
- İranda tanınmış
aktyorlar çoxdur. Bilmirəm. Düzü, özüm-özümü tərifləyə
bilmərəm.
- Bəlkə, buna sizin cəlbedici zahiri
görkəminiz səbəb olub?
- Ola bilər. Amma mən həmişə istəyirəm
ki, öz oyunumla uğur qazanım, nəinki zahiri görkəmimlə.
Mənə həvalə
olunan obrazların daxili hisslərini, ruhi aləmini çatdırmağa çalışıram.
- Tehran Universitetinin rəssamlıq fakültəsində
təhsil almısız.
Amma sonradan aktyorluq sənətinə
üz tutmusunuz...
- Şəkil çəkdiyimə
baxmayaraq, teatra, kinoya çox böyük marağım olub. Təhsil
aldığım illərdə bir ayağım universitetdə,
bir ayağım teatda olurdu. Mənimçün rəssamlıq
və aktyorluq eyni səviyyədə durur, hər ikisi həyatımın
vacib hissəsidir. Kinoya çəkilməyəndə, teatrda
oynamayanda şəkil çəkirəm, gildən heykəl
düzəltməklə məşğul oluram.
- İlk dəfə kinoya çəkilmək
təklifini nə vaxt almısınız?
- Birinci dəfə filmə
1994-cü ildə çəkilmişəm. Bu, Davuş
Mehrizinin «Pəri» filmi olub. Yeri
gəlmişkən, Bakıda
keçirilən İran
Kino Festivalına da Davuş Mehrizinin filmi ilə gəlmişəm.
- Əsasən hansı janra üstünlük verirsiz?
- Drama daha
çox üstünlük
verirəm. Əslinə baxanda, mənim
üçün filmin
keyfiyyəti, bədii
səviyyəsi böyük
əhəmiyyət kəsb
edir. Əgər mövzu, ideya
xoşuma gələrsə,
istənilən janrda oynayaram.
- Səhv etmirəmsə, kinoda əsasən
rejissor Masud Kimyəinin filmlərində çəkilmisiz...
- Elədir. Mən
onun «Etiraz», «Mersedes», «Ziyafət» filmlərində çəkilmişəm.
O, İranın tanınmış rejissorlarından biridir. Təklif etdiyi rolları ürəyimcə oldu və
təkliflərin hamısını qəbul etdim.
- Aktyorların çoxunun kumiri, idealı olur. Siz kimdən görüb-götürmüsüz?
- Bir nəfərin
adını çəkə bilmərəm. Bir çox
tanınmış aktyorları bəyənirəm, onların
ifasından bəhrələnirəm. Hər bir aktyorun oyun tərzindən
özünəməxsus xüsusiyyətlər var.
Çalışıram onların hər birindən nümunə
götürüm.
- Bəs adi həyatda aktyorluq peşəsi
sizə kömək edir, yoxsa mane olur?
- Mənə çox
kömək edir. Aktyor olmamışdan əvvəl mən
çox utancaq adam idim. Aktyorluq peşəsi mənə
özümə daha çox inanmağa kömək edib. Həyatda
elə vəziyyətlərim olub ki, aktyorluq mənə
psixoloji dərman, başqa sözlə stimul rolunu oynayıb. Məni
ruhdan düşməyə qoymayıb.
- İran kinorejissorlarının əksəriyyəti,
xüsusən də tanınmış rejissorlar, filmlərinə
qeyri-peşəkarları çəkməyə
üstünlük verirlər. Belə halda, sizinçün
hansısa tanınmış bir rejissorun filmində çəkilmək
şansı azalmır ki?
- Düzdür. Onlar
filmin daha təbii alınması üçün qeyri-peşəkarlardan
istifadə edirlər.
Əlbəttə, mən
həmin filmlərdə oynamaq istərdim. Çox istərdim
ki, rolumu elə real oynayım ki, mənim aktyor olduğum bilinməsin.
Desinlər ki, bu, elə ifa etdiyim peşənin sahibidir,
tapıb filmə çəkiblər. Rejissorların
qeyri-peşəkarları çəkməkdə məqsədləri
tamaşaçıya filmdə aktyor oyunun hiss etməməkdir.
Onlar filmə lazım olan həqiqi peşə sahiblərini dəvət
edirlər. Sanki bədii yox, sənədli bir film çəkirlər.
- Xarici ölkələrdə - Qərbdə
filmə çəkilmək istərdiniz?
Qərb, ya Şərq
ölkəsi olsun, çəkilərəm. Demək olmaz ki, Qərb
filmlərinin hamısı yüksək səviyyəlidir. Məsələn,
bir çox Qərb filmləri var ki, onları bəyənmirəm
və həmin filmlərdə çəkilmək istəməzdim.
- Siz həm kino, həm də teatr
aktyorusunuz. Teatr səhnəsi çəkiliş meydanından
fərqli vərdişlər tələb edir. Səhnə davranışları
kino çəkilişlərində
sizə mane olmur ki?
- Xeyr, heç bir problem yaratmır. Amma demək olar ki,
bütün aktyorlar tearda oynamaqdan daha böyük zövq
alırlar. Teatr səhnəsində aktyor
şahlıq edir.
- Belə başa düşdüm ki,
teatr sizi kinodan daha çox cəlb edir...
- Elədir. Əfsuslar
olsun ki, daha teatrda oynamıram. Dörd ildir bir serialda
oynadığım üçün başqa işlərə
vaxtım qalmır. Amma çox istəyirəm
ki, yenidən teatra qayıdım, yeni rollar ifa edim.
-
Festivalın açılışındakı
çıxışınızda siz Stanislavskinin adını
qeyd etdiniz. Onun nəzəriyyəsi ilə
tanışsınız?
- Mən Məhinə
Uskuinin tələbəsiyəm. O isə Stanislavskinin tələbəsi
olub. Ona görə də, Stanislavskinin teatr sistemindən xəbərdaram.
Xanım Uskui həm də Stanislavskinin bütün əsərlərinin
tərcüməçisidir. Mən də həmin əsərləri
oxumuşam. Öz oyun tərzimdə də Stanislavski nəzəriyyəsindən
istifadə etməyə çalışıram. Əgər
ifa etdiyim obraz realizmə yaxındırsa, realist oyundursa,
Stanislavskiyə müraciət edirəm. Çünki aktyor
oyununda gerçəklik barəsində ən yüksək
sözü o deyib.
- Bu gün İran teatrında hansı
meyillər özünü göstərir?
- Son on-on iki
ildə İran teatrları çox inkişaf ediblər. Çoxlu teatr qrupları yaranıb. Onlardan bəziləri
klassik formanı saxlayıb, bəziləri isə modern formada
fəaliyyət göstərirlər. İranda
böyük salonlu teatrlarla yanaşı, kiçik,
yığcam teatrlar da yaranıb. Hətta
bəzi yerlərdə 30 nəfərlik tamaşaçı
zalı olan teatrlar da var.
- Sizin özünüzə böyük
zalı olan teatrda, kamera teatrında oynamaq maraqlıdır?
- Bu, tamaşadan,
mövzudan və rejissorun yozumundan asılıdr. Elə
tamaşalar var ki, onların gözəlliyini
tamaşaçıya göstərmək, çatdırmaq
üçün böyük səhnə tələb olunur. Elə tamaşalar da var ki, kiçik
salonlu kamera teatrları daha uyğundur.
- Kamera teatrında aktyorla tamaşaçı arasındakı
məsafə minimuma enir. Səhnədə olarkən, tamaşaçıların
reaksiyası sizə
mane olmur ki?
- Yox, əksinə, tamaşaçıya
yaxın olduqca insanın əhval-ruhiyyəsi
daha da güclənir.
Aktyor tamaşaçıdan enerji
alır.
- Bəs, dramaturqlardan kimi sevirsiz, hansı sizə yaxındır?
- İsveç dramaturqu Fridrix Durenmaxtı, rus yazıçısı
Çexovu çox sevirəm. Dostayevskini də həmçinin.
Xüsusən də onun «Cinayət və cəza»sı mənim ən sevimli əsərlərimdəndir.
Mən nə vaxtsa bu əsərdəki Raskolnikov obrazını canlandırmaq istəyərdim.
Bir neçə il əvvəl
bu əsəri teatrçün hazırlayıb,
özüm də oynamaq istəyirdim. Amma məşqlərin yarısında fikirləşdim
ki, mən nə qədər iş görsəm də, bu əsərin
əzəmətini aşağı
salaram, zəiflədərəm.
Ona görə də, ümidsiz şəkildə
məşqləri yarımçıq
qoydum. «Cinayət
və cəza» çox böyük, dərin mənalı bir əsərdir. İki saatlıq tamaşa çərçivəsində əsərdəki çox
qiymətli fikirlər,
məqamlar kənarda qala bilər.
- Yəqin ki, sizin ifanız
birmənalı qəbul
olunmur. Tənqidə münasibətiniz necədir?
- Bizdə
jurnallarda, qəzetlərdə
tənqidi məqalələr
dərc edilir. Düzü, bəzən çox ədalətsiz tənqid olunur. Amma mən özüm-özümə
münasibətdə də
çox rəhimsizəm.
Özüm yalan dediyimi,
yaxşı oynamadığımı
etiraf etməyi bacarmasam, başqalarından
nə uma bilərəm?
- İranda
film, serial istehsalı xeyli
artıb, hətta rejissorluq ən nüfuzlu peşə sayılır. Bu göstəricini
necə əldə etmisiniz?
- İranda çox istedadlı insanlar, aktyorlar, rejissorlar bir-birini tapıb, kiçik qrup şəklində birləşirlər. Bu kiçik
qruplar çox az pulla
film çəkirlər. Əsas bu
sənətə olan həvəsdir, gördükləri
işdir. Bu qruplar
az büdcə
hesabına film çəkirlər,
tanınırlar, sonra
da dövlət onlara kömək edir.
- Bu, sizin Azərbaycana ilk gəlişinizdir.
Yəqin, hələ bizim filmlərlə
- Uşaq
vaxtı «Arşın
mal alan» və «O olmasın, bu olsun» filmlərini görmüşəm. Ümid edirəm,
digər filmlərinizi
də görməyə
imkan olacaq.
- Bir neçə
gün sonra ölkənizə qayıdacaqsınız.
Bakı sizə hansı təəssüratları bağışladı?
- Bakı
gözəl şəhərdir.
İnsanların hissləri isə
İran camaatına yaxındır. Ona görə də
burada heç bir qəriblik hiss etmirəm.
Aliyə.
Mədəniyyət.- 2009.- 20 fevral.- S. 11.