Əsəd Cahangir: «Son iyirmi il
ədəbiyyatda yeni mərhələyə keçiddir»
Müsahibimiz tənqidçi,
ədəbiyyatşünas, şair, “Körpü” ədəbi-tənqid
dərgisinin baş redaktoru, Prezident təqaüdçüsü
Əsəd Cahangirdir.
- Siz son on ildə ədəbi tənqidin
yönünü dəyişmiş bir imza sahibisiniz. Hətta
sizi sevməyənlər belə bu fikrə etiraz etmir. Tənqidçi
olaraq fəlsəfəniz nədir?
- Sufizm də,
ekzistensializm də demək olar - əsas odur ki, kitabdan öyrənməyəsən,
özün kəşf edəsən. Kitablar bu işdə
yardımçı rol oynaya bilər. Sokratik dillə desək,
ən böyük fəlsəfə ürəyimizdən gələn
səslərdir. Mənim fəlsəfəm vicdan fəlsəfəsidir.
- Yazılarınızda elmi baxışla yanaşı,
İslam fəlsəfəsi, düşüncəsi də
özünə yer alır.
- Elmin mahiyyəti dinin
hazır ilahi ehkamlar şəklində dediklərini insani təcrübədə
təsdiq etməkdir. Dinlə elmin qarşı-qarşıya
qoyulması - volteriançılıq on səkkizinci əsr
maarifçilərindən qalan və aradan
qaldırılması zəruri olan “elmi” xurafatdır. Volterin
büstlərini Yekaterina hələ 1789-cu ildə zirzəmilərə
atdırmışdı, indi isə 2009-cu ildir.
- Sizcə, ədəbiyyatımızın son on ilini onun
yeni mərhələsi kimi qiymətləndirmək olarmı?
- Son iyirmi il ədəbiyyatda
yeni mərhələyə keçiddir. Çünki yeni mərhələni
birmənalı təsdiq edən mətnlər hələ
yaranmayıb, buna sadəcə cəhdlər edilib. Yeni mərhələ,
olsun ki, bundan sonra yaranacaq.
- İlqar Fəhmi, Həmid Herisçi, Elçin
Hüseynbəyli, Rasim Qaraca, Qəşəm Nəcəfzadə,
Mübariz Cəfərli, Məqsəd Nur, Səlim
Babullaoğlu, Aqşin... Sizcə, bunlar,
diqqətəlayiq mətn
yarada bilməyiblər?
- Mən sizin
siyahınıza Yaşarın, Fəxri Uğurlunun, Şərif
Ağayarın, Zahir Əzəmətin də adlarını əlavə
edərdim. İlqar həm savadlı, həm də istedadlı
yazıçıdır, maraqla oxunur. Yaşı və
yazı təcrübəsi imkan verir ki, ədəbiyyat məşqlərini
bitirib böyük sənət meydanına çıxsın.
Amma hələ də özünün fərdi coğrafi
koordinatlarından çıxa bilmir. Mən onu Bakı yox, Azərbaycan
yazıçısı kimi görmək istərdim. Söhbət
ondan getmir ki, onun “Bakı tarixindən kollajlar” adlı kifayət
qədər maraqlı romanı var. İlqarın hətta
tarixi mövzularda yazdığı romanlarında da bir
“bakıçılıq” var - o, bəzən qəzvinli və
ya çənlibelli personajlarını da bakılı koloriti
ilə danışdırır, onlara yəqin ki,
özünün sevdiyi tipik Bakı mətbəxi yeməkləri
yedirdir. Amma bu da əsas deyil. İlqar bir nasir kimi böyümək
üçün qapalılığı ilə seçilən
Bakı-Abşeron monastırından çıxmalı,
özünü nəinki mənsub olduğu xalqın, hətta
dünyanın yazıçısı kimi hiss eləməlidir,
Orxan Pamuk Qars qəsrindən çıxdığı kimi. Onun buna imkanı var.
Həmid fenomenal zəka və intellektdir. Bundan geri
qalmayan istedadı da var.
Bəs niyə neçə illik fəaliyyəti istənilən nəticəni
vermir? Belə çıxır ki, ya Həmid
çox irəli gedib, ya da
biz çox geridə qalmışıq. Əslində
isə İlqar coğrafi koordinatlarından
çıxmadığı kimi, “dağıdıcı”
Həmid də özünün bioloji kodlarını yarıb çıxa bilmir - onun Trotski heyranlığı,
permanent inqilabçılığı, siyasi atavizminin sadə bir səbəbi
var - atasının vaxtilə siyasi fəaliyyətlə məşğul
olması. O öz-özü
ilə danışır,
Azərbaycan insanının
psixoloji dilini bilmir. Onun Nitşe və
ya Sellinsayağı nifrət təlqin edən novellalarına olan neqativ oxucu
reaksiyası məntiqidir
- təsir əks təsir doğurur. Həmidin daha ciddi problemi
isə canlı həyatı qoyub, öncə nəzəri kurallara əsaslanmasıdır.
Onun novellaları Hötenin
“Faust” əsərində Vaqnerin
şüşə içində
yaratdığı süni
adama - Homunkula bənzəyir. Nəzəri sxolastika onun bədii düşüncəsini
sarmaşıq kimi bürüyüb inkişaf
etməyə qoymur.
Vaxt isə keçir, bu gün sabah
“Nekroloq” müəllifinin
50 yaşı olacaq - baramaqurdu yuvasını qurub qurtaracaq, özünə nə qapı, nə də baca qoyacaq.
Və Həmid dünya ədəbiyyatı tarixinə
özü özünə
“Nekroloq” yazan yeganə müəllif kimi düşəcək.
Onun baramasından isə başqaları ipək çəkəcəklər (elə
indi də çəkirlər).
Aqşinin istedadı parlaqdır. Amma bu parlaqlığın parıltıya
çevrilmək təhlükəsi
var.
Onun bədii
təravəti ilə
yadda qalan, yeni imzadan xəbər
verən “Unutmaq sözünün şəkli”
kitabından sonra ikinci kitabı yerində addımlamaq təsiri bağışladı,
bayağı freydizmi,
yalançı nihilizmi
ilə birlikdə o, rəssam olaraq qaldı - nə özünə çatdı,
nə də sözünə. Əvəzində
antik tarixçilik sevdasına düşdü:
“Sizin eradan əvvəl”. Bu qədər
yekə adı olan kitab gərək
şeirdə yeni bir era açaydı, amma heç müəllifin özünün
də yeni qatlarını aça bilmədi. Aqşin otuz yaşına
iyirmi yaşlı gənc kimi gəldi. Onun şeirlərində müxtəlif mənbələrdən
gələn epiqonçu
dalğalar, xüsusən
də Həmidin təsiri açıq-aşkar
hiss olunur. Böyük sənətə
yol isə daxili nurlanmadan başlayır. Bu gün Aqşin özünün Qautamadan Buddaya çevrilmək yaşındadır. Amma daxili
devrim və yenidənqurmanın ifadəsi
hələ onda görünmür. Onun kürəyini
bir ağaca söykəyib, gözlərini
yumub düşünməyə
ciddi ehtiyacı var. Əvəzində ardıcıl
və olduqca uğursuz nəsr cəhdləri eləyir, özü ilə yox, cəmiyyətlə öcəşir. Bunu Buratinonun
gözəl sifətinə
qətiyyən yaraşmayan
yapma burnuna bənzətmək olar.
- Çox amansızsınız.
- Ədəbiyyat özü
amansızdır.
- Xüsusən də
ədəbiyyat tənqidçiləri.
Gəlin
yerdə qalan imzalara keçək.
- Şərif Ağayarda realizm duyğusu, sosial tematikaya, taleyüklü problemlərə
meyil var.Amma bu gün sadəcə
realizmlə ciddi ədəbiyyat yaratmaq olmaz. “Əhməd haradadır?” filmində Leylanın dediyi kimi, indi on doqquzuncu
əsr deyil. Hətta postmodernizm zənn etdiyi “Kərpickəsən
kişinin dastanı” hekayəsində də Şərif Mirzə Cəlil, yaxud Əli Vəliyev realizminin hüdudlarını
mahiyyətcə aşmır.
Nə sərlövhəni Nizamidən
götürmək, nə
Vaqif, yaxud Rəsul Rzadan sitat çəkmək hələ postmodernizm deyil. Postmodernist gərək özünəqədərki
ədəbi, tarixi, dini, mifoloji bilik xəzinəsini sinədəftər eləyib,
açarını da
qoya cibinə, Umberto Eko, yaxud Orxan
Pamuk kimi. Yalnız bundan sonra kimisə
“cibinə qoymaq” - dekonstruksiya etmək iddiasına düşə
bilər. Şərifin mənəm-mənəmlik iddiası
onun mənəvi inkişafı üçün
təhlükədir - istedad
və təkəbbür
bir araya sığmır. Bununla belə,
Şərifə inanıram.
Onun yeniliklərə açıq
və çevik təfəkkürü var. Amma
əksər yaşıdları
üçün səciyyəvi
olan ifratlardan qaça bilir. Ən başlıcası onda insani ağrını mətnə gətirmək
qabiliyyətini görürəm.
Ağrı isə ədəbiyyatın
anasıdır. Dünya ədəbiyyatının
ən müdhiş əsərləri - “Don Kixot”
da, “Cinayət və cəza” da öz müəlliflərinin
ağlasığmaz ağrılarından
doğulub. Şərif, əlbəttə ki, nə Servantes, nə də Dostoyevski olan deyil. Ət yeyən quş
dimdiyindən bilinir.
Şərifin “dimdiyi” qısa
və düzdür.
Amma əgər intellektual və mənəvi problemlərini
həll edə bilsə, Şərif Ağayar ola
bilər.
Yerdə qalanların da vəziyyəti təxminən
elə haqqında danışdıqlarımız kimidir. Yaşar neçə
illərdir ki, ilk hekayələr kitabı olan “Yeddi hekayə”nin üstündə oturub, ordan nə
çıxacaq hələ
bilinmir. Elçin Hüseynbəyli son beş-altı ildə bir-birinin ardınca beş-altı uğursuz
roman yazıb. Fəxri Uğurlu
antik dövr və orta çağdan
çıxıb çağdaş
tematika və müasir nəsr texnologiyasına gələ
bilmir. Mübariz
Cəfərli və Məqsəd Nurun modernist eksperimentlər içində
itib-batan uğurları
qaranlıq gecədə
arabir çaxıb keçən şimşəyə
oxşayır və sair...
- Siz ədəbiyyatın
müxtəlif sahələrində
uğur qazana bilərsiniz. Niyə məhz ədəbi
tənqidi seçmisiniz?
- Mən tənqidi
yox,
tənqid məni seçib. Ümumən, ağlım kəsəndən özümü
manej atı kimi hiss edirəm - müəyyən çevrədə
fırlanmaq zorundayam və ordan
çıxmaq mümkün deyil.
Amma bunu əsarət yox, sevdiyin birisinin iradəsini yerinə yetirmək zövqü sayıram. Və burda ən maraqlısı
bıkdırıcı dünyada
uğraşdığım gözlənilməzliklərdir. Odur ki, günü
sabah tamam başqa janrda yaza bilərəm.
- Bu gözlənilməzliklərdən biri də 40
yaşında birdən-birə poemalar yazmağınız oldu
- “O adam”, “Namaz”. İkinci poemanız Beynəlxalq Rumi poeziya
yarışmasında birincilik qazanıb.
- Bunların - birincinin
yaranmasına Çingiz Əlioğlu, ikinciyə isə Əlizadə
Nuri səbəb olub. Amma daha dərin səbəb, əslində,
görünmür. Özəlliklə, “Namaz”ı, sadəcə,
bədii mətn yox, alın yazım sayıram.
- Ötən ildən başladığınız
pedaqoji fəaliyyəti də alın yazınız saymaq olar?
- Heç gözləmədiyim
halda Azərbaycan Dillər Universitetinin xarici ölkələr
ədəbiyyatı kafedrasının müdiri Svetlana
xanım Cəbrayılovadan təklif aldım və bu təklifi
qəbul etməyimə peşman deyiləm.
- Müəllim üçün ən vacib keyfiyyət nədir?
- İlk növbədə
bilgi və onu ötürmək qabiliyyəti. Amma ən vacibi
ürəkdir - gərək tələbələrini mənəvi
övlad kimi sevəsən. Ürəyində bu sevgisi
olmayanlar auditoriyaya girməsə yaxşıdır.
- Sizcə, müasir ədəbiyyatı tənqidə
etibar etmək olarmı?
- Bizdə bir
yığın tənqidçikimilər və
üç-dörd tənqidçi var - Vaqif Yusifli, Tehran Əlişanoğlu,
Cavanşir Yusifli... Vaqif müəllim obyektivliyi ilə Tehrana,
məhsuldarlığı ilə Cavanşirə örnək
ola bilər. Tehran ədəbi prosesi diqqətlə izləyir.
Cavanşir milli ədəbiyyata çağdaş dünya
filoloji prosesi rakursundan baxması ilə maraqlıdır. Etibar
etmək məsələsinə gəlincə, vay o ədəbiyyatın
halına ki, onu yazıçının istedadı yox, tənqidin
direktivləri yaradır. Ədəbiyyatı tənqidə
etibar eləmək Platonun utopik dövlətində olduğu
kimi ideal bir faşizm demək olardı. Biz bu faşizmin astar
üzü olan sovetizmi birbaşa yaşamış adamlarıq.
Tənqidçi çoban, ədəbiyyat sürü deyil.
- Bəs, sizcə, onda tənqidin funksiyası nədir?
- Yazıçıya
özünüdərk, oxucuya isə seçim işində
kömək.
- Siz respublika prezidentinin fərmanı ilə təqaüd alan cavan
yazarlardan birisiniz. Sizcə, dövlət qayğısı bədii
yaradıcılığa nə dərəcədə stimul
verir?
- Məncə, bu
dövlətin ədəbiyyata - yazıçıya dəstəyidir.
Sovet dönəmindən fərqli olaraq, bunun siyasi-ideoloji tərəfi
yoxdur. Bugünkü qlobal dünyada Azərbaycan ədəbiyyatının
dünya ədəbi prosesinə inteqrasiyası problemi var və
dövlətin bu işdə dəstəyi vacibdir.
Sabutay
Mədəniyyət.- 2009.- 20 fevral.- S. 12.