Səttarın qanadları var...

 

Bu dəli dünyanın sevgisini mən,

Duyandan özüm də olmuşam dəli.

Qaranquş şəklində yaşasam nə qəm,

Amma insan ağlım yerində bəlli.

 

Deyirəm qaranquş olaydım, amma

Öz insan ağlımda qalaydım yenə

Gölgəsi də gözəldi bu gül ağacın

Alacəhrə nəğməsin oxuyan yerdə.

 

Öz insan ağlımı saxlasam da mən,

Qaranquş nəğməsi deyə bilmərəm.

Qaranquş nəğməsi söyləmək üçün,

Qaranquş ürəyi oldu sinəmdə.

 

Qaranquş ürəyi olsa sinəndə,

Rəssam təbiətli olarsan sən də.

Rəssam təbiətli adamlar kimi,

Uçarsam səmanın ənginliyində.  

 

Quş ürəyim yoxdu heç birimizdə,

Rəssamların qanadını görə bilmərik.

Səttar quş qanadı aça bilmişdi,

Susuz yer qoynunda gül bitirəndə.

 

* * *

Səttarın əllərində,

hamının qəlbində bir zümzümə var,

hamı bir nəğməni oxumur niyə?

Göyərçin səhərdən qonub budağa,

Qafqazlı dilində məhəbbət deyə.

 

Tanışdı dünyanın nəğmələri də,

Tanışdı quşların ruhları kimi.

Ən gözəl nəğməni oxuyan yerdə,

Ən gözəl şairin ruhu dincəldi.

 

* * *

 

Könül budaq olaydı,

O nur quş tək qonaydı

O budağa bir zaman

Nur üstə nür tək qonan.

Yarpaq-yarpaq solaydı,

Pislikləri dünyanın.

Çiçək-çiçək açılaydı,

Yaxşılıqlar dünyada.

Dünya kimə yar oldu,

Kimə ahu-zar oldu.

Kimin üçün dar oldu –

Bilmək olmaz dünyada

Onu bəlkə röyada

görə bilərsən, ancaq

ayılarkən quş kimi

qaranlıq bir budaqdan.

Uçarsan min ilin

 deyil,

bircə günün sürətiylə

Mümkün olmaz əsla

yenə,

bircə ana çatmağa?

 

 

Kəpənək tək uçarsan

 

Odu oda döndərən

qüvvəm olmasa da olar,

iblis olmaq istəmirəm

onsuz da.

Odu su tək söndürən

qüvvə olmaq istərdim,

çətin deyil, amma

peyğəmbər də olmasan

peyğəmbəri andıran

ürəyin olsun barı.

O səni bir quş kimi

budaqlardan

budaqlara qondurar,

Kəpənək tək uçarsan

gözlə qaş arasında.

Gözün kəpənək olar,

qaşın kəpənək olar.

Uçar-uçar, hey uçar,

Qəlbin ruh dünyasında

gözəllik rəmzi olar...

Əgər insan özünü

İlahiyə bağlasa,

hər şey sözsüz mümkün olar?!

 

 

Quş yuvasını axtarır

 

Quş qonduğu

budağı unutsa da,

yuvanı unutmur

Odur ki, ilk yuvasını  

axtara-axtara

budaqdan-budağa qonur.

Kaş insan da həyatda

belə olaydı,

şöhrətlənmiş adamların

son məzarı

Fəxri xiyaban yox,

İlk dəfə doğulduğu

doğma kəndi olaydı...

Məzarına öz doğma

ana kəndinin

yağışı yağaydı,

başı üstə öz ana kəndinin

buludu dolanaydı.

Quşun bir həqiqət yavrusu kimi

ruhu sakit olaydı,

budağına çox sakitcə qonaydı –

yuvasını sakitcə axtaraydı.

 

* * *

 

«Ağcaqanadı belə misal çəkməkdən çəkinməz Allah» (Quran ayəsi)

 

Həqiqəti anlamaq

asan olsaydı,

hamı müsəlman olardı.

Göy üzündən yağış deyil,

daş yağardı

bu günahlar qarşısında

Tanrının bizə

rəhmi olmasaydı,

bəxtimiz bir yarpaq kimi –

çiçək kimi solardı

budağında.

Həqiqəti duymaq –

anlamaq da belə,

Onu ürəkdən duymaq

asan olsaydı,

necə də gözəl olardı.

Ancaq bu heç də

çətin deyil dünyada,

həqiqəti duymaq

asandı inan,

bizi hər gecə namaza çağıran

Ağcaqanada baxsan?!

 

 

Elsevər Məsim

 

Mədəniyyət.- 2009.- 20 fevral.- S. 13.