Əlil kimsəsiz uşaqların rəsm əsərlərinin satış-sərgisi

 

Fevralın 14-də “Abşeron” rəsm qalereyasında “Birliyə doğru» - əlil və kimsəsiz uşaqlara qayğı ictimai birliyinin dəstəyi ilə əlil və kimsəsiz uşaqların rəsm əsərlərindən ibarət satış-sərgi keçirildi.

Satış-sərgiyə beş internat məktəbindən olan istedadlı uşaqların 70-dək əsəri çıxarılmışdı.

Əlil və kimsəsiz uşaqlar öz məharətlərini rəsm əsərlərində bir daha sübut etdilər. Hazırda valideyn himayəsindən və sevgisindən məhrum olmuş uşaqlara birliyin xətti ilə kompyuter və ingilis dili kursları keçirilir. Belə kursların təşkil olunmasında məqsəd, internat məktəblərində yaşayan şagirdlərə vacib olan biliklərin tədris edilməsidir.

Dörd aydan artıqdır ki, əlil və kimsəsiz uşaqlar üçün maarifləndirmə, əyləncə, onların cəmiyyətə inteqrasiyası sahəsində müxtəlif layihələrin reallaşdığını deyən ictimai birliyin təşkilat işləri üzrə rəhbəri Rəşad Mehdiyevin fikrincə öz fantaziyalarını kağız üzərinə köçürən uşaqlar arasında yaradıcı potensialı güclü olanlar da var.

5-13 yaşlı əlil və kimsəsiz uşaqların rəsm əsərlərinin satış-sərgisi böyük marağa səbəb olmuşdur. Bu istedadlı uşaqların rəsm əsərlərinə tamaşa etməyə gələn seyrçilər arasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, bəstəkar Aygün Səmədzadə, müğənnilərdən Ruhəngiz Allahverdiyeva, Təranə Mahmudova, habelə Gürcüstan, Norveç, ABŞ, Türkiyə səfirliklərinin nümayəndələri də var idi.

E.Süleymanova sərgi haqqında fikrini açıqladı: “Belə sərgilərin təşkil edilməsi çox əhəmiyyətlidir. Düzdür, dövlətimiz valideyn himayəsindən məhrum olanlara, əlillərə, ruhi xəstələrə öz qayğısını əsirgəmir. Ancaq bu məsələlərlə təkcə dövlət məşğul olmalı deyil, gərək bunlar bütün cəmiyyətin diqqət mərkəzində olsun. Bu sərgiyə dövlət məmurları, müxtəlif təşkilatları təmsil edən insanlar, QHT-lərdən və başqqa ictimai birliklərindən nümayəndələr gəlir. Bu da bir tərəfdən həmin insanların diqqətini əlil və kimsəsiz uçaqlara yönəldir, digər tərəfdən, sözügedən uşaqlarda qürur hissi, gələcəyə inam yaradır. Hamı insandır, nə qədər qəlbi daş insan olsa da əlil və kimsəsiz uşaqlara, onların yaratdığı əsərlərə baxanda ürəyində mərhəmət hissi baş qaldırar, istər-istəməz hər hansı bir köməklik etmək barədə düşünər. Bu baxımdan mən, belə sərgilərin tez-tez keçirilməsini alqışlayır və çox vacib sayıram”.

 Qeyd edək ki, sərgiyə gələnlər balaca rəssamların əsərlərini həvəslə alırdılar.

Bəstəkar Aygün Səmədzadə bir tablonun qarşısında dayanıb diqqətlə baxdıqdan sonra dedi: “Çox xoşuma gəlir, bu əsəri alıram”.

Günün axırınadək seyrçilər tərəfindən balaca rəssamların 25-ə qədər əl işləri alındı.

Sərgi təşkilatçılarının məlumatına görə, satış-sərgidən əldə olunan gəlir kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaqlar üçün rəsm kurslarının təşkilinə, əyani vəsaitlərin alınmasına sərf ediləcək.

 

 

Fərahim Şükürov

 

Mədəniyyət.- 2009.- 20 fevral.- S. 14.