Belə qəmli dayanma...
Zamanında dahi
Üzeyir bəy "ən böyük yaradıcı
xalqdı"- demişdi. Ancaq xalq mahnılarının ilkin
vaxtlarda yaradıcıları - müəllifləri olub.
Xalqın ürəkdən
sevib bəyəndiyi bu bəstəkar təyinə tuş gəlib:
xalq mahnıları. Hamısı da muğam ladları üzərindədir.
"Segah", "Şur", "Bayatı-Şiraz",
"Çahargah" və b. Məhz ona görə də
"Apardı sellər Saranı", "Aman ovçu",
"Bəh-bəh", "Xumar oldum",
"Şirvanın yolları", "Sona bülbüllər",
"Sarı gəlin" və s. melodiyaları unudulmur. Və
düzünə qalsa, "pasportuna" xalqın adı
yazılmış həmin mahnıların müəllifi
olub, müxtəlif səbəblərdən müəllifləri
unudulub. Bizim müasirimiz olan, on iki il əvvəl
dünyasını dəyişmiş Bəhram Nəsibovun həyat
verdiyi mahnılar kimi. Hərçənd rəhmətliyin
qoşduğu nəğmələri sovet dövründə,
bilavasitə dövlət nəzarətindəki yerlərdə
- televiziyada, konsert salonlarında tanınan müğənnilər
ifa edib. Bununla belə müəllifin adı çəkilməyib.
Sanki mahnı anonimdi, konkret yaradıcısı yoxdu. Hətta,
müəyyən hallarda onun əməyinin bəhrəsinə
"xalq mahnısı" yarlığı da
yapışdırıblar. Təəssüflər ki,
mahnılar Bəhram müəllimsiz günlərdə
"yetimlik" taleyi də yaşamalı olub. Ölkəmizin
müstəqilliyə çıxmasına baxmayaraq, bəstəkarın
əsərləri əsarətdən qurtula bilməyib. Elə
bil hansısa naməlum qüvvə sovet dövrünün qoruq-qaytağının
aradan götürülməsinə maraqlı deyil. Belə
olmasaydı, sağlığında bəstəkarlıq təhsilinin
yoxluğu üzündən mahnılarının sahibi olmaq
xoşbəxtliyini dadmayan bu insana hələ də müəlliflik
haqqı qaytarılmayıb. Amma yox, bədii şuranın,
senzuranın, sosrealizmin arxivə göndərildiyi, müstəqilliyin
dadını-tamını hiss elədiyimiz vaxtda Bəhram Nəsibovun
fiziki cəhətdən yoxluğu belə onun
yaratdıqlarına sayğılı, doğma münasibətimizin
yaranması, sənətçiyə mənəvi borcumuzun
qaytarılmasıyla nəticələnməyib.
Haqqında bəhs
etdiyimiz Bəhram Nəsibov kimiydi? 1942-ci ildə Füzuli
rayonunun Rəfədinli kəndində doğulub. Orta təhsilini
Füzulidə alıb. Ali təhsil arzusuyla Bakıya gəlmiş
Bəhramın yolunu tale o zamankı Teatr İnstitutuna
salmışdı. Musiqili komediya teatrı aktyoru olacaqdı Bəhram.
Ancaq qismət deyilmiş. Müəyyən səbəblərə
görə diplom müdafiəsinə az qalmış təhsiliylə,
aktyorluqla vidalaşmalı olur. Sonradan
ona edilən təkliflərə baxmayaraq,
imtahan verib diplomunu almaq fikrindən də vaz keçir. Bir neçə illik fasilədən sonra ona yaxşı
tanış olan institutun mədəni-maarif fakültəsinin tələbəsinə çevrilir.
Təhsilini tamamlayır,
hətta bir müddət institutda dərs də deyir. Həyatının əksər hissəsini o, azad yaradıcılığa
həsr edir. Dövlət musiqi kollektivlərinin demək olar heç birisində çalışmır.
Bütün bunlar Bəhram Nəsibovun yazıya köçən
ömürlüyündən fraqmentlərdir. Ancaq Bəhramın həyatı
daha dolğun və yaddaqalandı. Müəllimsiz-filansız
tar çalmağı
öyrənən, muğamı,
əruz janrını,
klassik ədəbiyyatı
yetərincə bilən,
gənc yaşlarından
son günlərinədək
mahnılar qoşmaq məharəti ilə seçilən bu insanın müəllif kimi imza atdığı "Deyin
hardadır?", "Qal,
sənə qurban",
"Ay dəli ceyran", "Yadigarındır",
"Qarabağ", "Səni
qəmli görəndə",
"Xatırla məni",
"Xatirəsən" və
s. mahnıları, xeyli sayda təsnifləri
yarandığı gündən
dillər əzbəridi.
Onun mahnıları
Tükəzban İsmayılova, Arif Babayev, Süleyman
Abdullayev, Teymur Mustafayev, Elmira Rəhimova, mərhum İslam
Rzayev, Nəzakət Məmmədova, Məmmədbağır
Bağırzadə və başqalarının repertuarında
xüsusi yer tutur. Bir faktsa çox maraqlıdı.
Adlarını çəkdiyimiz və burada qeyd etmədiyimiz
mahnı və təsniflərin əksəriyyətinin
sözlərini də Bəhram Nəsibov özü yazıb. "Şur", "Şahnaz", "Şüstər",
"Segah", "Bayatı-Şiraz", "Çahargah"
və b. muğamlarından məharətlə
bəhrələnən və
onların əsasında
mahnılar, təsniflər
bəstələyən sənətçi
özündən sonrakı
nəsil üçün
olduqca qiymətli miras qoyub. Onun yaratdığı əsərləri nəzərdən
keçirəndə və
istedadlı insan ürəyinin çırpıntılarını
duyur, hərarətini
hiss edirsən. Və onun tar,
sonralarsa dolanışıq
xatirinə gitara çalmağı nəinki
təəccüb doğurur,
əksinə təbii
görünür. Bəli,
haqsız söyləmədim
bu sözü. Milli bəstəkarlıq məktəbimizin ən görkəmli nümayəndələrinin
əksəriyyətinin yaradıcılğa
tar, kamança ifaçısı kimi başladığı faktını
yadınıza salın.
Milli musiqi alətlərində
çalmağı öyrənənlərin
muğamı dərindən
bilməsi təzə
fakt olmadığından
Bəhram Nəsibovun bəstələrinin sevilməsi
və uzunömürlük
qazanması məncə
adi qarşılanmalıdı.
Bəhram Nəsibova qarşı laqeydlik, soyuqqanlılıq buzu tam əriməyib, tilsim son həlqəsinəcən sınmayıb. Əlli
beş illik həyatında bəstəkar
kimi adının çəkilməməsinin acısını
"doyunca" yaşayıb,
ürəyi qubar bağlayan və nisgillə dünyadan köçən bəstəkarın
adı yenə biganəliyə tuş gəlib.
Mahnı və təsniflərin
ifası zamanı müəllifin adını çəkməyə
xəsislik edirlər. Ən acınacaqlılısı odur ki,
Bəhram Nəsibovun bəstələrinin əksəriyyəti
indiyədək rəsmən müəlliflik şəhadətnaməsi
almayıb. Buna müəyyən səbəb sovet dönəmində
sənədləşmə problemləri, sənətçinin
əsərlərinin notla yazılmaması və s. ilə
bağlıydı. Ancaq hazırda onun halal haqqının
öz yerini alması istiqamətində imkanlar yox deyil. Yetər
ki, mərhumun övladları və yaxın həmkarları nəsə
eləmək fikrinə düşsünlər. Bu mənəvi
haqqın bərpası bəstələrin nota
salınmasından keçir. Sonra Müəllif
Hüquqları Agentliyinin qapısını döymək asan
olacaq. Və bundan sonra ölməz mahnı və təsniflərin
yiyəsinin kimliyi hamıya əyaniləşəcək. Bununla
istedadlı bəstəkarın uzun illər pozulmuş
haqqını özünə qaytarmış olarıq. Bununla
bəstəkarın narahat ruhu şad olar, bizlər də mənən
dincələrik. Axı o bu günü çox
arzulamışdı. Noleydi, bircə deyəydilər, filan
mahnı, musiqisi və sözləri Bəhram Nəsibovundu...
Necə ki, bu
xatırlama da məhz onundu - Bəhram Nəsibovun...
P.S. Şükürlər ki, axır
vaxtlar mərhum bəstəkarın
yaradıcılığına diqqət bir qədər
artıb. Bu işdə İctimai TV-yə xüsusi çox
sağ ol düşür. Həmişəyaşar nəğmələri
nota köçürdüb, qeydiyyata aldıran, yaxınlarda
onları kitab və disk şəklində ictimaiyyətə
çatdırmaq istəyən sənətkarın
övladları da təşəkkürə layiqdi.
Seymur Elsevər
Mədəniyyət.-
2009.- 20 fevral.- S. 14.